Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1344/2025 11.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: alqı-satqı və podrat müqaviləsi üzrə mübahisələr. Şirvan şəhəri, 11 sentyabr 2025-ci il X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (arvadı) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(049)-1508/2025 saylı qətnaməsindən (hakim Anar Pənahov) Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyan olan 1.090 manat, hüquqi yardımla əlaqədar ödədiyi 320 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat pul vəsaitinin alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin iyul ayının ortalarında sosial şəbəkələrin birində ikinci əl satışı kimi qayınanasının evi üçün mebel görmüş və həmin vaxt da evlərində təmir işləri olduğundan təmir bitəndən sonra otağa yeni mebel almaq istədiyindən məlumatlı olduğundan həmin mebelləri almağını təklif etmişdir. Qeyd olunan əlaqə nömrəsi ilə əlaqə saxlamış və onunla danışan şəxs adının Elnur olduğunu və həmin mebellərin də Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində özünə məxsus obyektdə yerləşdiyini bildirmişdir. O, da növbəti gün onun dediyi ünvana gedib və aralarında olan razılaşmaya əsasən həmin mebellərə görə 850 manat, bundan əlavə də həmin mebellərin otaqda quraşdırılması üçün zövqünə uyğun əlavə materiallara tələbat olduğundan əlavə materiallara görə də 240 manat cavabdehə ödəməli idi və onun dediyi kimi şirkətin ustaları razılaşdığı gündə gəlib mebelləri quraşdıracaqdılar. O, cavabdehə qeyd olunan məbləği ödəyib (aralarında olan vatsap mesajlaşma şəbəkəsində səs yazılarında bunu etiraf edir) və evlərində təmir işləri getdiyindən 10-15 gün sonra həmin mebellərin ünvana çaldırılması barədə razılığa gəliblər. Təmir işləri bitəndən sonra onunla əlaqə saxlayıb mebellərin gətirilməsini xahiş edib. Bir neçə gün mebellərin gətirilməsini yubadıb və nəhayət 2-3 gün sonra həmin mebelləri yaşadıqları evin həyətində yerləşdiriblər. Quraşdırılma barədə soruşduqda isə ona əlaqə nömrəsi verib usta ilə əlaqə saxlamağını bildirmişdir. Usta ilə əlaqə saxlayandan sonra hər dəfəsində bir bəhanə gətirərək onu aldatmışdır. Nəhayət bir neçə gün keçəndən sonra usta səhər saatlarında onlara gələrək mebellərə baxış keçirmiş və bu qaydada quraşdırmağın qeyri-mümkün olduğunu bildirərək mebellərin yenidən sexə qaytarılaraq ölçü işlərinin aparılmasının zəruri olduğunu bildirmişdir. Bir neçə gün də gözlədikdən sonra mebellərin bir hissəsi ölçü işlərinin aparılması üçün sexə qaytarılmışdır. Elnurla yenə də əlaqə saxlayıb və ona bildirmişdir ki, həyətdə qalan digər mebellər də sexə gətiriləcək və ustanın dediyi kimi hazırlanıb usta tərəfindən quraşdırılacaq. Bir neçə gün də onu bu qaydada aldatmış və nəticə etibarilə nə aparılan mebellər qaytarılmış nə də ki, digər mebellər ölçü işləri üçün sexə aparılmışdır. Nəhayət Elnuru yığıb ona iradını bildirib və artıq mebelləri qaytarmaq istədiyini onun nəzərinə çatdırıb əvəzində də onun Elnura verdiyi 1.090 manat pulu tələb edib. O, isə əlindən nə gəlirsə, hara gəlirsə şikayət etməyini bildirmişdir. Bu günə kimi də, mebellər quraşdırılmayıb (hansı ki, artıq o, özü bu gün mebellərin daha quraşdırılmasını istəmir, artıq başqa şirkətdən yeni mebellər sifariş etmişdir və quraşdırılıb) nə də ki, verdiyi pul ona qaytarılmayıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdi ki, iddia ərizəsində qeyd edilənlər, yəni cavabdehin, iddiaçının qarşısında 1.090 manat pula dair öhdəliyinin yarandığı məhkəmə sübut kimi təqdim etdiyi CD diskdə olan iddiaçı ilə cavabdeh aralarında vhatsaph mesajlaşma şəbəkəsindəki səs yazılarından aydın görünür və sübut olunur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasına gəlmədiyindən onun mövqeyini öyrənmək mümkün olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 22 may 2025-cü il tarixli, 2(049)-1508/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh 1.090 manat manat, hüquqi yardım üçün ödənilmiş xərcə dair 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat, cəmi 1.322 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(049)-1508/2025 saylı qətnaməsinin ləğv edilərək İddiaçı Cavabdeh qarşı «pul tələbinə»dair iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlıq gətirmədən qətnamə qəbul etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi bu faktlarlar da hər hansı bir subutla təsdiq olunmur, lakin məhkəmə bununla bağlı heç bir araşdırma aparmadan onun yazdıqlarını sübut kimi qəbul etmişdir. Bildirilmişdir ki, işin faktiki halları İddiaçı dediyi kimi olmamışdır. Belə ki, İddiaçı cavabdehlə mebellə bağlı razılaşdıqdan sonra istədiyi mebeli bəyənib, 850 manat cavabdehin ona verdiyi mebelə görə ödəniş etmişdir. Lakin iddiaçı öz evini təmir etdirdiyi üçün ondan xahiş etmişdir ki, hələlik qoy mebel 3 gün qalsın, 3 gündən sonra deyərəm göndərərsiniz. Mebeli göndərəndə onun xahişi ilə mebeli quraşdırmaq üçün usta da göndərmişdir. Usta onun evində mebelin aşağı hissəsini quraşdırmış, lakin yuxarı hissəsi yerinə yerləşdirmək mümkün olmadığı üçün usta ona məsləhət görmüşdür ki, gərək mebelin yerləşməyən hissəsi kəsilərək yerinə otuzdurulmalıdır. O, da usta ilə razılaşmış və evinə getmiş, mebellər olduğu kimi İddiaçı evində qalmışdır. Səhəri gün ustanın xəstəsi olduğu üçün İddiaçı evinə gedə bilməmiş, 2 gün yubanmışdır. Bundan sonra İddiaçı cavabdehə zəng edərək bildirmişdir ki, “daha ona mebel lazım deyildir, gəl, pulumu ödə, mebelini apar”. O da demişdir ki, “eybi yoxdur, mebeli göndər, sənin pulunu verərəm”. O, isə nə mebelləri göndərməmiş, mebelə görə ona 850 manat ödəsə də, ondan 1090 manat pul tələb etmişdir. Hansı ki, iddiaçı mebelin üstü üçün materiala və mebelin qapılarını dəyişdirmək üçün əlavə bir materiala görə 240 manat pulu da cavabdehdən tələb etmişdir. Belə ki, iddiaçı ilə aralarında hər hansı yazılı formada alqı-satqı müqaviləsi mövcud deyildir, ancaq şifahi razılığa gəlmişik və o da həmin şifahi razılığın tələblərini layiqincə yerinə yetirmişdir. İddiaçı özü aramızda şifahi başlanmış müqavilənin şərtlərini pozduğu halda onun ona göndərdiyi mebelləri ona qaytarmır və qaytarmadığı mebellərin pulunu da indi ondan geri tələb edir. Qeyd etdiyi bu faktlar məhkəmə tərəfindən tam və obyektiv araşdırılmamış, yuxarıda qeyd etdiyi kimi məhkəmə iddia tələbini təmin etməyə nail olmaq üçün qəbul etdiyi qətnaməsində ancaq iddiaçının xeyrinə olan faktları və halları qeyd etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı vəkili Vəkil məhkəməyə etirazla müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1508/2025 nömrəli, 22 may 2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi (arvadı) X2 apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, mebellərin bir hissəsi avtomobillə onların evinə gətirilsə də bir qismi hələ də iddiaçgilin evindədir. Mebeli iddiaçıya 850 manata satmışlar. 240 manatı isə mebel üzərində əlavə işlər görülməsi üçün almışlar. Əgər iddiaçı razılaşsa mebeli aparıb quraşdıra bilərlər. Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, mebel dəstlərinin əksər hissəsi cavabdeh tərəfindən mantaj işləri aparılması üçün aparılmışdır. Onlara məxsus evdə isə bir iki kiçik şkaflar qalmışdır. Cavabdeh nə vaxt istəyirsə gəlib həmin mebel əşyalarını da apara bilər. Cavabdehin kartına cəmi 1090 manat pul köçürmüşdür. Hazırda mebelin cavabdeh tərəfindən gətirilərək quraşdırılmasına razı deyil. Pulunu tələb edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin nümayəndəsi X2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək «pul tələbinə» dair iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Buna görə də kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2-ci maddəsinə əsasən, satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 578.1.-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. İş materiallarında olan, iddiaçının nümayəndəsi tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş CD diskdə olan 8 dəqiqə 40 saniyəlik video materiala məhkəmə iclasında baxış keçirilərək, tədqiq edilən zaman müəyyən edildi ki, həmin video material mobil telefonun ekranından (video screen recorder) qeydə alınmışdır. Mobil telefonda olan “Vhatsapp” ani mesajlaşma sistemində iki şəxsin arasında səsli mesajlaşma aparılır. Videonu qeydə alan şəxsin səsli mesaj göndərdiyi digər şəxs (Elnur Masennik kimi qeydə alınmış) şəxslə aralarında mebel alqı-satqısı ilə əlaqədar danışıqlar aparılır. Qarşı tərəf mebelin satışı ilə əlaqədar ondan 850 manat və 240 manat, ümumilikdə 1.090 manat pul adığını və aralarında olan alış-veriş alınmadığında həmin vəsaiti ona geri qaytaracağını bildirir. İddiaçı ona satılan mebelin yarasız olduğunu bildirir, qarşı tərəf də mebein geri qaytarılmasına razılıq bildirir və sonrakı danışıqlardan belə müəyyən edilir ki, satılan mebel satıcı tərəfindən geri alınmışdır. İlk tərəf danışıqlarda qarşı tərəfə müxtəlif tarixlərdə həmin vəsaitin ona qaytarılmasını tələb edir, qarşı tərəf də pulu qaytaracağına dair vədlər verir. Video materialın sonunda qarşı tərəfin (Elnur Masennik) qeydə alındığı mobil nömrə görüntülənir. Həmin nömrə: ***-***-**-**-dir. “”Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, ***- ***-**-** mobil nömrəsi iş üzrə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, hazırki iddia tələbi üzrə İddiaçı tərəfindən 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon Vəkil bürosunun vəkili Vəkil ilə İddiaçı arasında bağlanmış “hüquqi yardımın göstərilməsi” haqqında xx.xx.2025-ci il tarixli müqavilədən,, EM-2425VK-10476/25 saylı orderdən və ödəniş qəbzindən görünür ki, tərəflər arasında hüquqi yardımla əlaqədar müqavilə bağlanaraq, həmin müqavilədə xidmət haqqı 320 manat göstərilmiş və İddiaçı tərəfindən həmin ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki halları kimi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mebelə dair alqı-satqı olmuşdur. İddiaçı tərəfindən cavabdehə həmin alqı-satqı ilə əlaqadar 1.090 manat pul vəsaiti ödənilmişdir. Sonradan iddiaçının etirazına əsasən cavabdeh ona satdığı mebelləri geri qaytarmışdır. Cavabdeh həmin alqı-satqı nəticəsində iddiaçıdan aldığı 1.090 manat pul vəsaitini ona qaytaracağını vəd etmişdir. Cavabdeh tərəfindən həmin pul vəsaitinin iddiaçıya geri qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili iddiaçı tərəfindən mebellərin tam qaytarılmamasıdır. Apellyasiya baxışında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının evinə gətirilmiş mebel dəstinin əksər hissəsi cavabdeh tərəfindən avtomobillə götürülərək öz sexinə aparılmışdır. İddiaçının evində isə bir iki mebel hissəsi qalmışdır. Cavabdehin həmin hissələrin də gəlib aparılmasına iddiaçı tərəfindən etiraz edilmir. Cavabdeh isə geri aparmış olduğu mebellərin yenidən gətirib iddiaçının evində quraşdırılmasını istəyir. İddiaçı isə buna qəti olaraq etiraz edir. Göründüyü kimi ikinci əl mebelin alınmasına və həmin mebellər üzərində müəyyən yaxşılaşdırma aparılması ilə bağlı 850 və 240 manat pul iddiaçı tərəfindən cavabdehə tam ödənilmiş, lakin cavabdeh tərəfindən mebellərdə olan çatışmamazlıqlar vaxtında aradan qaqldırılmamış və mebellər vaxtında gətirilərək iddiaçının evində quraşdırılmamışdır. Belə olan halda iddiaçı 1090 manat pulun qaytarılmasını cavabdehdən geri tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, şikayət təmin edilmədiyindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən iddia qiyməti beş min manatdan az olduğu üçün iş üzrə qətnamadən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 22 may 2025-cü il tarixli, 2(049)-1508/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1344/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1344/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver