Məhkəmə qərarları › İş №2(106)-1349/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1349/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1349/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-924/2024 saylı, 13 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat pulun, 60 manat dövlət rüsumunun və 50 manat xidmət haqqının, cəmi 4110 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh X2 adından ona verilən etibarnamə əsasında sonuncuya məxsus “VAZ-21074” markalı, **-GT-*** dövlət nömrə nişanı olan avtomobil üçün 05 sentyabr 2022-ci il tarixdə Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində iddiaçıya 13 iyul 2023-cü il tarixədək qüvvədə olan etibarnamə vermiş və qeyd edilən avtomobilə görə iddiaçıdan 4500 manat pul almışdır. 02 avqust 2023-cü il tarixdə etibarnamə almaq üçün Tural Zeynalovla “ASAN Xidmət” Mərkəzinin yaxınlığında görüşmüşlər. Həmin vaxt Tural Zeynalov demişdir ki, o, artıq etibarnamə verməyəcək. Bununla da Tural Zeynalov hal-hazıra kimi etibarnamə verməmişdir. İddiaçı da bundan sonra cavabdehdən avtomobilə görə ödədiyi pulu geri tələb etməyə başlamışdır. Cavabdeh isə iddiaçıdan aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(056)-924/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) iddia təmin edilməmişdir. Sabirabad Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(056)-924/2024 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində həmin qətnamənin tamamilə ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli avtomobilə mülkiyyət hüququnun ona verilməsi üçün mülkiyyətçi avtomobilə sahibliyi həqiqi hüquq əsasında ona verməli idi. Həmin avtomobilin mülkiyyətçisi isə Cavabdeh olmamışdır. Cavabdeh sahibi olmadığı avtomobili ona satmaqla əsassız varlanmışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı deyildir. Məhkəmə yalnız cavabdehin dediklərini araşdırmış, iddiaçının dediklərini isə araşdırmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli avtomobil halhazırda iddiaçıdadır. Lakin həmin avtomobildən təyinatı üzrə istifadə edə bilmir. Məhkəmənin qətnamədə göstərmiş olduğu nəticə işin faktiki hallarına uyğun gəlmir. Apellyasiya məhkəməsində aparılan icraat zamanı X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən İddiaçı çıxış edərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, o, avtomobili Cavabdeh etibarnamə əsasında almışdır. Qoca olduğundan cavabdehin ona verdiyi etibarnamənin 10 aylıq olduğuna fikir verməmişdir. 10 ay başa çatandan sonra avtomobilin həqiqi mülkiyyətçisi yeni etibarnamə vermir. Avtomobil də hazırda öz həyətindədir və pulunu qaytardıqdan sonra cavabdeh avtomobili apara bilər. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onun özü də mübahisəli avtomobili etibarnamə əsasında əldə etmişdir. Özünə verilən etibarnamənin sonuna 10 ay qaldığına görə o, iddiaçıya da etibarnaməni 10 ay müddətinə vermişdir. İddiaçı 10 ay ərzində həmin avtomobili öz adına qeydiyyata aldıra bilərdi. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs X4 məhkəmə iclasında iştirak etməmişdir. O, teleqramla məhkəməyə müraciət edərək, səhhətində problem olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddiaçının etibarnamə ilə bağlı verdiyi iddia ərizəsi ilə razılaşmadığını və əvvəllər etibarnamə verməyə razı olsa da, onu incitdikləri üçün etibarnamə verməkdən imtina etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarının 4-cü vərəqində olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-GT-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” markalı nəqliyyat vasitəsi 30 iyun 2021-ci ildə mülkiyyətçi X2 adına qeydə alınmışdır. İşdəki ƏN-Vİİİ 494088 seriya nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçisi X4 olan “VAZ-21074 minik” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda onu idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətləri etibar edilmişi etibar etmə əsasında Cavabdeh tərəfindən 10 ay 8 gün müddətinə, 13 iyul 2023-cü ilədək İddiaçı etibar edilmişdir. İş materiallarının 3-cü vərəqində surəti olan əlyazma qəbzdə “Sabirabad rayon sakini Cavabdeh İddiaçı 14 iyul 2022-ci il tarixdə 4500 manata “21074” markalı, dövlət nömrə nişanı **-GT-*** olan minik avtomobilini satmışam. Qeyd: Sabirabad “ASAN Xidmət” Mərkəzində notariat ofisi reyestr nömrəsi 4975. İmza. Tarix xx.xx.2023” yazılmış və imza icra edilmişdir. Sabirabad Rayon Məhkəməsi 13 may 2024-cü il tarixli, 2(056)-924/2024 saylı qətnaməsində iddia tələbinin təmin edilməməli olmasına dair gəldiyi nəticəni əsaslandırarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və mövqeyi ilə razılaşmır və bildirir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı iddiaçının subyektiv hüququnun olmaması əsasına istinad edərək təmin etməmiş olsa da, iddiaçının hazırkı tələbinin hüquqi əsası olan hər hansı bir mülki qanunvericilik normasına istinad etməmiş, iddiaçının məhz hansı maddə üzrə subyektiv hüququnun yaranmadığını əsaslandırmamışdır. Məhkəmə tərəfindən ümumiyyətlə maddi hüquq normalarının tətbiq edilməməsi hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflər faktiki olaraq etibarnamə vasitəsilə avtomobilin alğı-satqısını pərdələmək niyyətində olmuş, adına etibarnamə verilmiş şəxsin avtomobili öz mülkiyyətinə keçirməsi üçün müqavilə bağlamaq əvəzinə ona etibarnamə verilmişdir. Məhz bu çərçivədə cavabdeh tərəfindən iddiaçıya 10 ay 8 gün müddətinə etibarnamə verilmiş, iddiaçı tərəfindən isə cavabdehə müəyyən məbləğdə pul verilmişdir. İş materiallarının 3-cü vərəqində olan əlyazma qəbz avtomobilin 4500 manata satıldığını təsdiq edir. Lakin iddiaçının hazırkı əsas tələbi cəmi 4000 manatdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllənin 1091-ci və 1092-ci maddələri təşkil edir. Belə ki, nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında iddiaçı avtomobili əldə etmiş olsa da, sonradan həmin etibarnamə üzrə müvafiq hərəkətləri etməmiş, daha sonra avtomobilin əsl mülkiyyətçisi növbəti etibarnamənin verilməsindən imtina etmişdir. Bununla da hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə avtomobilə görə ödənişin edilməsi sonradan aradan qalxmış əsasa söykənmişdir. Avtomobilin əldə edilməsi üçün iddiaçı tərəfindən cavabdehə ən azı 4000 manat məbləğində pulun verilməsi işin müəyyən edilmiş halı olsa da, verilmiş etibarnamənin müddətinin başa çatması və avtomobilin mülkiyyətçisi tərəfindən növbəti etibarnamənin verilməsindən imtina edilməsi ilə faktiki olaraq cavabdeh iddiaçının hesabına 4000 manat məbləğində sonradan aradan qalxmış olan əsas hesabına varlanmışdır. Buna görə də bu cür əsassız varlanma nəticəsində əldə edilənlər cavabdeh tərəfindən Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Cavabdeh apellyasiya məhkəməsinin iclasında qeyd etmişdir ki, iddiaçı etibarnamənin qüvvədə olduğu müddət ərzində səlahiyyətlərindən istifadə edə bilərdi. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən avtomobilin iddiaçıya satılmasına dair qəbzin yazılması ilə iddiaçının yaşı da nəzərə alındığı təqdirdə avtomobilin onun mülkiyyətinə keçməsini hesab etməsi ağlabatandır və sonradan etibarnamənin müddətinin başa çatmasına görə yenidən ona etibarnamənin verilməməsi ilə o, ciddi əmlak itkisinə məruz qalmışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı saymır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, avtomobilə görə ödənilmiş 4000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə surəti olan 02 fevral 2024-cü il tarixli, 23245 nömrəli qəbzdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə surəti olan 02 fevral 2024-cü il tarixli, 18969 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Sabirabad rayon Vəkil Bürosunun hesabına 50 manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd edilən normaların tələblərini və təqdim edilən qəbzləri nəzərə alan məhkəmə kollegiyası bildirir ki, əsas hissədə iddia tələbi təmin edildiyindən, 60 manat dövlət rüsumuna və 50 manat xidmət haqqına dair hissədə də iddia tələbi təmin edilməli, həmin məbləğlər cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, 4000 manat məbləğində pul, 60 manat dövlət rüsumu və 50 manat xidmət haqqı olmaqla, cəmi 4110 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 402.1-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4110 manat olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(056)-924/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. 4000 manat məbləğində pul, 60 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 4110 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar