Məhkəmə qərarları › İş №2(106)-135/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-135/2023

02.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-135/2023 02.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X15 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2, həmçinin İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Saatlı rayon Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(055)-798/2022 saylı qətnaməsindən (hakim M.Sadıqov) İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-0223 (KOD:********) saylı dövlət aktına əsasən mülkiyyətə verilən 2.81 hektar torpaq sahəsi üzrə Abdulkərim Razakov ilə Cavabdeh1 arasında 28 sentyabr 2009-cu ildə Saatlı rayonu Notariat Kontorunda bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Saatlı rayonu Aqrar İslahat Komissiyasının 22 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə, JN-0223 (KOD:********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, onun, X4, Rəzakova (Əsədova) Elnarə Abdulkərim qızının, Rəzakova (Hümmet) Gülnarə Abdulkərim qızının və Abdulkərim Razakovun mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün, nəzərdə tutulan cizgidə göstərilən sərhəd daxilində 2.81 hektar torpaq sahəsi verilmişdir. 28 sentyabr 2009-cu ildə Saatlı rayonu Notariat Kontorunda Cavabdeh1 ilə Abdulkərim Razakov arasında 2.81 hektar torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Bildirir ki, onlar həmin alğı-satqıda iştirak etməmiş, notariat kontoruna getməmişlər. Belə olan halda 28 sentyabr 2009-cu ildə bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır.Odur ki, sözügedən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Saatlı Rayon məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Saatlı rayonu Aqrar İslahat Komissiyasının 22 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə, JN-0223 (KOD:********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, onun, X4, Rəzakova (Əsədova) Elnarə Abdulkərim qızının, Rəzakova (Hümmet) Gülnarə Abdulkərim qızının və Abdulkərim Razakovun mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün, nəzərdə tutulan cizgidə göstərilən sərhəd daxilində 2.81 hektar torpaq sahəsi verilmişdir. 28 sentyabr 2009-cu ildə Saatlı rayonu Notariat Kontorunda Cavabdeh1 ilə Abdulkərim Razakov arasında 2.81 hektar torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Bildirir ki, onlar həmin alğı-satqıda iştirak etməmiş, notariat kontoruna getməmişlər. Belə olan halda 28 sentyabr 2009-cu ildə bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Ona görədə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən digər İddiaçı3 nümayəndəsi Abdulkərim Razakov eyni məzmunlu izahat vermişdir. İşdən görünür ki cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər. Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(055)-798/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN-0223 (KOD:********) saylı dövlət aktına əsasən mülkiyyətə verilən 2.81 hektar torpaq sahəsi üzrə Abdulkərim Razakov ilə Cavabdeh1 arasında 28 sentyabr 2009-cu ildə Saatlı rayonu Notariat Kontorunda bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(055)-798/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin 13 sentyabr 2022-ci il tarixli 2(055)-798/2022 saylı qətnaməsi ilə hüquqları pozulmuşdur. Belə ki, Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(055)-798/2022 saylı qəttnaməsində nəticənin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Belə ki, Saatlı rayonu Aqrar İslahat Komissiyasının 22 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə, JN-0223 (KOD:********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, Saatlı rayonu Fətəlikənd kənd sakinləri X3, X5, Razakova (Əsədova) Elnarə Abdulkərim qızının, Razakova (Hümmet) Gülnarə Abdulkərim qızının və İddiaçı2 mülkiyyətlərinə kənd təsərrüfatı təyinatlı 2.81 (iki hektar səksən birsot) hektar torpaq sahəsi verilmişdir. jN-0223 (KOD:********) saylı dövlət aktı əsasında bizə verilmiş 2.81 (iki hektar səksən bir sot) hektar torpaq sahəsi ümumi birgə mülkiyyətimizdə olub. 28 sentyabr 2009-cu ildə Saatlı rayonu Notariat Kontorunda Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti məhəllə 528 ev A mənzil 33-də qeydiyyatda olan Cavabdeh1 ilə, atam Razakov Abdulkərim arasında JN-0223 (K00:********) saylı dövlət aktı ilə mülkiyyətimizə verilmiş ümumilikdə 2.80 hektar torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Bacılarım yəni İddiaçı1, İddiaçı3 həmin alqı-satqıda iştirak etməmişlər. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir. İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil da apellyasiya şikayətinin dəlillərinə oxşar olan izahat vermiş və qeyd edilən alqı-satqı müqaviləsini rəsmləşdirən Saatlı rayon Notariat Kontoru barəsində xüsusi qərar çıxarmaqla müvafiq prokurorluğa göndərilməsini xahişç etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh1 məhkəmədə iştirak etməmiş, digər cavabdeh Saatlı rayon notariat kontoru isə işə onların nümayəndəsinin iştirakı olmadsan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə Cavabdeh1 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir və kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan 28 sentyabr 2009-cu il tarixli torpağın alğı-satqısına dair müqavilənin surətindən görünür ki, Abdulkərim Razakov ona və ailə üzvlərinə məxsus olan Saatlı rayonu, Fətəlikənd kəndində yerləşən ümumilikdə 2,807099 hektar əkin məqsədli torpaq sahəsini 2800 manat pul müqabilində bütünlüklə Cavabdeh1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Fətəlikənd kəndində yerləşən 0.8971 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İş materialında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Fətəlikənd kəndində yerləşən1.91 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İş materialında olan və işə adiyyəti olan Şirvan Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(106)-449/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Abdulkərim Razakovun cavabdehlər Cavabdeh1 və Saatlı rayon notariat kontoruna qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(055)-1401/2021 saylı qətnaməsindən (hakim M.Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılaraq, Şirvan Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(106)-449/2022 saylı qətnaməsi ilə, iddaçı Abdulkərim Razakovun apellyasiya şikayəti təmin edilməmişdir. İş materialından görünür ki, iddaçı X8 Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(106)-449/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarı ilə, iddaçı Abdulkərim Razakov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(106)-449/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Saatlı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(055)-1401/2021 saylı qətnaməsindən də göründüyü kimi bundan əvvəl hazırkı iddiaçıların atası Abdulkərim Razakov eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş lakin iddiası təmin edilməmişdir. İddiaçı həmin qətnaməni həm apellyasiya, həm də kassasiya qaydasında mübahisələndirmiş lakin hər iki halda onun şikayətləri təmin edilməmişdir. Bundan başqa Saatlı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(055)-1401/2021 saylı qətnaməsindən apellyasiya qaydasında işə baxan məhgkəmə hazırkı iddiaçıları üçüncü şəxs qismində iş cəlb etmiş və onların da iştirakı ilə araşdırma apararaq Abdulkərim Razakovun apellyasiya şikayətini təmin etməmişdir. Göründüyü kimi hazırkı iddia tərəflər, predmet və əsaslar baxımından eynidir. Yəni JN-0223 (KOD:********) saylı dövlət aktına əsasən mülkiyyətə verilən 2.81 ha torpaq sahəsi barəsində Cavabdeh1 ilə Abdulkərim Razakov arasında 28 sentyabr 2009-cu ildə Saatlı rayon notariat kontorunda bağlanmış alğı-satqı müqaviləsi məhkəmə qaydasında mübahisələndirilmiş və bununla bağlı bütün instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmış Saatlı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(055)-1401/2021 saylı qətnaməsi mövcuddur. Belə olan halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən hazırkı qətnamənin məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İşin təhlili zamanı müəyyən edilir ki, iddiaçılar və onların digər ailə üzvləri ümumi birgə mülkiyyətlərində olan 2.81 ha torpaq sahəsini 28 sentyabr 2009-cu ildə bağlanmış və Saatlı rayon notariat kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında cavabdehə 2800 manata satmışlar. Torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ 28 fevral 2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, alğı-satqı müqaviləsi bağlandığı vaxtdan 12 il ərzində alıcı tərəfindən öz mülkiyyəti kimi fasiləsiz olaraq əkilib-becərilmiş, həmin müddət ərzində mülkiyyət sahibləri tərəfindən torpaqdan istifadəyə dair cavabdehə hər hansı bir formada maneə yaradılmamış, torpağı əkməyə belə cəhd etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinin əsasını təşkil edə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir, 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir, 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir, 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür, 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir, 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. 140-cı maddəsinə əsasən rReyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir, 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(055)-798/2022 saylı qətnaməsi iddiaçı X2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar