Məhkəmə qərarları › İş №2(106)-1357/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1357/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1357/2024 15.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiasına dair mülki iş üzrə Açar sözlər: subroqasiya qaydasında pul tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X8, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 23 may 2024-ci il tarixli, e-2(017)- 931/2024 saylı qətnaməsindən (hakim Sulduz Ləzimov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4700 manat sığorta ödənişinin və 67 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, 26 iyul 2017-ci il tarixli, PAZ**********№li avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilə sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən VAZ-21154 minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində Mingəçevir-Bəhrəmtəpə yolunun 121-ci km ərazisində **-BG-*** dövlət qeydiyyat nişanlı VAZ 21150 markalı avtomobili ilə toqquşmuşdur və Qazax rayonu, Ağköynək kəndində yaşayan X3 avtomobil ilə vuraraq az ağır zərər yetirmişdir. Baş vermiş hadisə ilə bağlı X5 yolunun 121-ci kv DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində İXM-nin 327.2-ci və 332.4-cü maddədələri ilə xx.xx.2018-ci il tarixli protokol yazılmışdır. VAZ 21150 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinə dəymiş zərərlə bağlı 3200 (üç min iki yüz) manat ödənişi verilmişdir. X1 dəymiş ziyanla bağlı 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi verilmişdir. Ona görə də, Cavabdeh 4700 (dörd min yeddi yüz) manat pul vəsaitinin və 67 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Hər hansı etiraz və yaxud da vəsatət məhkəməyə daxil olmamış, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 23 may 2024-ci il tarixli, e-2(017)-931/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4700 manat sığorta ödənişinin və 67 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işə baxan məhkəmə iddianı təmin edərkən əsasən düzgün olmayan nəticəyə gəlmiş, iddiaçının əsassız və şişirdilmiş şəkildə dediklərini sübut edən mötəbər sənədlərdən istifadə etməyərək formal xarakter daşıyan, sırf məhkəmə mövqeyinin qeyriobyektiv şəkildə ortalığa qoyması birmənalı şəkildə mülki qanunvericiliyinin tələblərinə zidd olaraq konstitusion hüquqları məhdudlaşdırmış, iddiaçı və əvvəlcədən hesab edir ki, mütəxəssislərlə və digər şəxslərlə təhrif edilmiş şəkildə sənədlərə məhkəmə izahatlarına don geyindirib istinad etməsi ədalətsiz qərar çıxarması ilə nəticələnmişdir. Eyni zamanda qeyd edir ki, məhkəmə qanunsuz olaraq iddiaçı tərəfdən təqdim edilmiş sübutlarda olan ziddiyyətləri müqayisə etməmiş, 7 ildən sonra pul tələbinə dair iddiaya baxmış, müəyyən təşəbbüslər irəli sürməyərək işin tam hərtərəfli ədalətli araşdırılmasını təmin etməmişdir. Bu barədə iddiaya qarşı etiraz ərizəsində və ekspertizaların keçirilməsi barədə vəsatətdə açıq və izahlı şəkildə göstərilmişdir. Hesab edir ki, məhkəmə işə səthi yanaşmaqla onun ziyanına qətnamə qəbul etmiş, onun və digər ailə üzvlərinizin konstitusion hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi 4767 manat pulun ödənilməsini, qaytarılmasını, tutulmasını müəyyən edərkən işin bütün hallarını o cümlədən hansı pul məbləğinin kim tərəfindən iddia irəli sürüb tələb etməsi nəzərə alınmamış, bununla bağlı xüsusatlar aydınlaşdırılmamış ,iddiaçının həm etirafını, eyni zamanda onun ifadəsində göstərdiyi günə neçə faiz pul ödəməsinin nə dərəcədə qanuna uyğunluğuna hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının qanunsuz olaraq varlanma ilə məşğul olmasına və dövlətə vergi ödəməyərək vergidən yayınmaqla ağla batmayan şəkildə insanları bu yollarla sosialiqtisadi cəhətdən maddi mənəvi çətinliklərə məruz qoymasına da düzgün yanaşmamışdır. Eyni zamanda kassa mədaxil və məxaric barədə araşdırmalar təşəbbüslər irəli sürməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 15 avqust 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinin tələblərinə əsasən yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq olunan hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. "İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MİP230076 saylı icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, “AUDİ A6” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən başlayaraq "xxxx"ASC-də 12 ay müddətinə sığortalanmışdır. İş materiallarında olan aktdan görünür ki, PAZ********** nömrəli müqaviləyə əsasən VAZ 21154 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. İş materiallarında olan 03 sentyabr 2018-ci il tarixli, 1939 saylı avtonəqliyyat vasitələrinin texniki ekspertizasının ekspert rəyinə əsasən VAZ 21150 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3200 manat zərər vurulmuşdur. İş materiallarında olan 31 oktyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, 3700 manat avtomobilin ehtiyyat hissələrinə dəymiş zərər məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkən X2 hesabına köçürülmüşdür. İş materiallarında olan 12 sentyabr 2018-ci il tarixli Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizasının ekspert rəyinə əsasən X1 Az Ağır zərər vurulmuşdur. İş materiallarında olan 31 oktyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, 3880/FY/CML-2915/2018-1 saylı sığorta aktına əsasən 1500 manat məbləğində şəxsin sağlamlığına dəymiş zərər məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkən X2 hesabına köçürülmüşdür. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə edilən VAZ-21154 minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində Mingəçevir-Bəhrəmtəpə yolunun 121 -ci km ərazisində Qazax rayonu, Ağköynək kəndində yaşayan X4 məxsus 25-BG- 843 dövlət qeydiyyat nişanlı VAZ 21150 markalı avtomobili ilə toqquşmuşdur və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ziyan dəymiş və zərərçəkənə cəmi 4700 manat sığorta ödənişi edilmişdir. Cavabdeh həmin ödənişdən ödəməkdən yayınmışdır. İşdə olan PAZ********** nömrəli sığorta müqaviləsinə əsasən VAZ 21154 markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. İşdə olan 08 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 67 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi subroqasiya qaydasında pul tələbinə dair iddianı təmin etmişdir. Qətnaməni cavabdeh mübahisələndirir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış və maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. 7 il müddət keçməsinə baxmayaraq, hazırda iddia qaldırılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, cavabdeh şikayətini əsaslandırmamışdır. Buna görə də, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Güründüyü kimi iddia tələbi 5000 manatdan yuxarı deyil. Buna görə də qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 23 may 2024-ci il tarixli, e-2(017)-931/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar