Məhkəmə qərarları › İş №2(106)-138/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-138/2023

25.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-138/2023 25.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X10 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Ərizəçi, hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs2 və onun nümayəndəsi Vəkil iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 2(50)-701/2010 saylı, 17 sentyabr 2010-cu il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonunun Bədəlan kəndində yerləşən mərhum X4 miras qalmış 0,10 hektar torpaq sahəsindən miras payının müəyyən edilib qəbul edilməsi, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi, tikdiyi 2 mərtəbəli 6 otaqlı yaşayış evinə mülkiyyət hüququnun tanınması və bu münasibətlərdən əmələ gələn hüquqların qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. Atası X2 rayonunun Bədəlan kəndində yaşamış və 1998-ci ildə vəfat etmişdir. Ərizəçinin atasının anası olan X11 25 iyul 2006-cı ildə vəfat etmişdir. X1 şəxsi mülkiyyətində onun və Maraqlı şəxs2 0,20 hektar torpaq sahəsi miras əmlak qalmışdır. Miras qoyan X5 vəfatından sonra onun əmlakı olan torpaq sahəsini vərəsələrdən ərizəçidən başqa heç biri faktiki olaraq qəbul etməmişdir. Atası Ərizəçi Şahmar oğlu miras qoyan X1 doğma oğlu olmaqla, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olaraq sağ olmamışdır. Ərizəçi isə miras qoyan X5 nəvəsidir. Ərizəçi qanun üzrə vərəsə kimi ölmüş valideyninə çatacaq payı qəbul edib miras əmlaka sahiblik etməklə həmin torpaq sahəsində özünə 2 mərtəbəli 6 otaqlı yaşayış evi tikmişdir. Bunlardan əlavə, ərizəçi həmin yaşayış evini hələ mərhum nənəsinin sağlığında tikmişdir. Həmin evdə mütəmadi olaraq öz ailəsi ilə yaşayır. Ərizəçi həmin tikintini qanuni layihə, smeta və lazımi icazə almadan tikmişdir. Lakin uzun müddətdir ki, həmin tikinti onun istifadəsində və sahibliyindədir. Ona görə də miras qoyan X6 məxsus olan torpaq sahəsindən qanun üzrə valideyninə çatası miras payı faktiki olaraq ərizəçidən başqa heç kim qəbul etməmişdir. Miras əmlak qalan vərəsələr tərəfindən qəbul edilməmiş və onların həmin torpaq sahəsinə heç bir tələbləri yoxdur. Vərəsəlik hüququ üzrə qanuni vərəsə kimi miras əmlak olan X6 məxsus olmuş 0,20 hektar torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktı müəyyən edilməli və bu münasibətlərdən əmələ gələn hüquqlar qeydə alınmalıdır. Ərizəçi qanuni vərəsə kimi miras əmlak olan 0,20 hektar torpaq sahəsinin 0,10 hektar hissəsini faktiki qəbul edib və onun istifadəsində olmaqla həmin torpaq sahəsində tikdiyi tikintiyə mülkiyyət hüququ məhkəmə qaydasında tanınmalıdır. Masallı Rayon Məhkəməsinin 2(50)-701/2010 saylı, 17 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Cahangir Nəsibov) ərizə təmin edilərək, Ərizəçi tərəfindən qanuni vərəsə kimi nənəsi X4 Masallı rayonu, Bədəlan kəndində miras qalmış 0,10 hektar həyətyanı torpaq sahəsinin qəbul edilməsi faktının müəyyən edilməsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-179A kod 80505039 saylı şəhadətnamədə dəyişikliklərin edilməsi, Ərizəçi 0,10 hektar torpaq sahəsində 2 mərtəbəli 6 otaqlı yaşayış evinə mülkiyyət hüququ tanınmaqla bərabər bu hüquqların qeydiyyata alınması qət edilmişdir. Qətnamədən hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs2 qanuni nümayəndəsi X29 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 2(50)-701/2010 saylı, 17 sentyabr 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialından göründüyü kimi, mirasa daxil olan torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla paylar müəyyən edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən ümumi birgə mülkiyyətdə olan mirasla bağlı vərəsəlik işi həll edilərkən ilk növbədə mərhumun mirasdakı payı müəyyən edilərək ayrılmalı, bu mümkün olmadıqda isə onun dəyəri müəyyən edilməli idi. Lakin hazırkı iş üzrə mərhumun ümumi birgə mülkiyyətdə olan əmlakdan payı, eləcə də həmin payın ayrılmasının mümkün olub-olmaması müəyyən edilməmiş, bu mümkün olmadığı təqdirdə dəyəri müəyyənləşdirilməmiş, nəticədə Mülki Məcəllənin 1152.1-ci maddəsinin tələbləri pozulmuşdur. İş materialından görünür ki, ərizəçi mərhum nənəsindən qalmış miras əmlaka hüququnun tanınmasını tələb etmiş və məhkəmə də onun bu hüququnu tanımışdır. Qanunvericiliyin tələbinə əsasən mərhum Gülnaz Mikayılovanın oğlu olan ərizəçinin atası Əlibala Mikayılov miras açılan vaxt sağ olmadığından ərizəçinin atasına çatası payı almaq hüququ var idi. X20 digər uşaqlarının da mirasdan eyni dərəcədə pay almaq hüquqları var idi. Bundan ötrü isə məhkəmə Gülnaz Mikayılovanın övladları olan digər birinci növbəli vərəsələri cəlb edərək onların mövqeyini müəyyən etməli idi. Lakin birinci instansiya məhkəməsi bunu etməyərək, mirasa bütünlüklə ərizəçinin hüquqlarını tanımaqla qanunvericiliyin tələblərini və digər birinci növbəli vərəsələrin hüquqlarını pozmuşdur. MM-in 1246-cı maddəsinin tələbinə əsasən, ərizəçi mirasın açıldığı, yəni mərhum Gülnaz Mikayılovanın vəfat etdiyi gündən altı ay ərzində mirası qəbul etməli idi. Lakin o, həmin müddətdə mirası qəbul etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Onun miras torpaq sahəsində tikdiyi evə gəlincə, əvvəla, həmin ev ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində inşa edilməklə həmin evin miras torpağa aid olub-olmaması müəmmalıdır. Bundan başqa, ev mərhumun sağlığında tikilmiş, ərizəçi isə Bakı şəhərində yaşamış və hazırda da Bakı şəhərində yaşayır. Yəni, sözügedən evi ərizəçi mərhumun sağlığında inşa etmiş, onun ölümündən sonra isə həmin torpaqdan istifadə etməmişdir. Bu isə mirasın faktiki qəbulu hesab edilmir. Mirasın faktiki qəbulu üçün ərizəçi mərhumun ölümündən sonra ondan qalmış mirası faktiki idarə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Lakin nə o, bu barədə sübut təqdim etmiş, nə də məhkəmə bu barədə hər hansı sübuta istinad etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi mərhum Gülnaz Mikayılovanın vərəsələrinin dairəsini müəyyənləşdirməmiş, onları prosesə cəlb etməmiş, onların mirası qəbul edib-etməmələrini, mirasdan pay istəyib-istəməmələrini müəyyənləşdirmədən bütünlüklə miras əmlaka ərizəçiyə mülkiyyət hüququ tanımış, nəticədə digər birinci növbəli vərəsələrin mirasla bağlı hüquqlarının pozulmasına dair məsələni onların iştirakı olmadan həll etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi mərhumun vərəsələrinin dairəsini müəyyənləşdirməmiş, ərizəçinin mərhumun ölümündən sonra onun əmlakını idarə etməsini araşdırmamışdır. Halbuki, bu xüsusat da nəticəyə təsir göstərirdi. Birinci instansiya məhkəməsi ərizəçinin Gülnaz Mikayılovanın mirasını qəbul etməsi qənaətinə gəlsə də, qətnamədə bunun nədə ifadə edilməsini əsaslandırmamış və ərizəçinin həmin əmlakı qəbul etməsinə dair sübutların nədən ibarət olmasını qeyd etməmişdir. Bundan başqa, məhkəmə ümumi birgə mülkiyyətdən miras əmlakı müəyyənləşdirməmişdir. Halbuki işdən görünür ki, mərhumun adına ayrıca əmlak mövcud olmamışdır. Onun adına olan torpaq isə ümumi birgə mülkiyyətdə olmuşdur ki, həmin əmlakdan da mərhumun payı müəyyən edilməmiş, həmin payın naturada ayrılmasının mümkünlüyü yoxlanılmamış, dəyəri müəyyənləşdirilməmişdir. Apellyasiya məhkəməsinin iclasında hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi Vəkil çıxış edərək apellyasiya şikayətini müdafiə etdiklərini bildirdi. İlk öncə o bildirdi ki, Maraqlı şəxs2 qəyyum təyin edilərkən səhvə yol verilmişdir. Belə ki, onun sadəcə olaraq nitqində və eşitmə qabiliyyətində fiziki qüsurları olsa da, onun fəaliyyət qabiliyyəti məhdudlaşdırılmamışdır. Buna baxmayaraq, Masallı RİHB 27 avqust 2018-ci il tarixli sərəncamla ona X23 qəyyum təyin etmiş, lakin 09 dekabr 2022-ci il tarixli sərəncamla qəyyumluq ləğv edilmişdir. Apellyasiya şikayəti qəyyumluğun qüvvədə olduğu zaman Maraqlı şəxs2 adından onun qəyyumu tərəfindən verilmiş, Maraqlı şəxs2 apellyasiya şikayətinin əsaslı olduğunu hesab edir və onu müdafiə edir. Bundan başqa, o qeyd etdi ki, birinci instansiya məhkəməsi işə hüquqi əhəmiyyətli faktın təsdiqi kimi xüsusi icraat qaydasında baxmışdır. Mülki Prosessual Məcəlləyə əsasən ərizəçi ilk növbədə notariat orqanına müraciət etməli olsa da, bunu etməmişdir. Birinci instansiya məhkəməsi də ərizəçinin nənəsi X4 miras qalmış əmlak üzrə vərəsələrin dairəsini müəyyənləşdirməmişdir. Bununla da, nümayəndəsi olduğu Maraqlı şəxs2, eləcə də digər vərəsələrin hüquqları pozulmuş, onların payları bilinməmişdir. Maraqlı şəxs2 isə məhkəmədə işə baxılmasından xəbərsiz olduğundan hüquqlarını müdafiə edə bilməmişdir. Nənəsinin ölümündən sonra ərizəçinin özü mübahisəli evdə yaşamamış, yəni ərizəçinin mirası qəbul etmə faktı ilə bağlı heç bir sübut yoxdur. O, apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(50)-701/2010 saylı, 17 sentyabr 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Ərizəçi çıxış edərək bildirdi ki, iş materiallarında 2011-ci ildə aparılmış bölgü planı vardır. Ərizəçi verilmiş suallara cavab olaraq qeyd etdi ki, digər vərəsələrin heç birinin iddiası olmadığından və məhkəmə də onları dəvət etmədiyindən heç kim cəlb olunmadan qətnamə çıxarılmışdır. Mübahisəli ev hazırda da Maraqlı şəxs2 istifadəsindədir və onu heç kim həmin evdən çıxarmır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və məhkəmə iclasında iştirak edən şəxsləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. İşdəki Torpağın mülkiyyətə verilməsinə dair JN-179, KOD 80505039 saylı şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tarixli, 42 saylı qərarı ilə Masallı rayonunun Aşurlu kəndində yerləşən 0,20 hektar torpaq sahəsi X5 və Maraqlı şəxs2 mülkiyyətinə verilmişdir. İşdəki Masallı rayon Qeydiyyat şöbəsinin 12 may 2010-cu il tarixli, 204582 nömrəli arayışından görünür ki, X11 25 iyul 2006-cı ildə ölmüşdür. İşdəki Masallı rayon Qeydiyyat şöbəsinin 24 iyun 2010-cu il tarixli, 570928 nömrəli arayışından görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Maraqlı şəxs2 atası X8, anası X7r. İşdəki Masallı RİHB-nin Bədəlan kənd ərazisi üzrə nümayəndəsinin 01 iyun 2010cu il tarixli, 1913 nömrəli arayışından görünür ki, mərhum X5 aşağıda göstərilən vərəsələri olmuşdur: oğlu X13 (vəfat edib), qızı X14 (vəfat edib), oğlu X24, qızı X9, oğlu, X17, oğlu X18 (vəfat edib), qızı Maraqlı şəxs2. İşdəki Masallı RİHB-nin 27 avqust 2018-ci il tarixli, 199 nömrəli sərəncamından görünür ki, fəaliyyət qabiliyyəti olmayan xx.xx.1951-ci il təvəllüdlü Maraqlı şəxs2 X19 qəyyumluğuna verilmişdir. İşdəki Masallı RİHB-nin 09 dekabr 2022-ci il tarixli, 300 nömrəli sərəncamından görünür ki, Masallı RİHB-nin xx.xx.2018-ci il tarixli, 199 nömrəli sərəncamı ləğv edilmişdir. İşdəki elektron sistemdən sorğulanmış məlumatdan görünür ki, fəaliyyət qabiliyyəti olmayan şəxslərin reyestrində Maraqlı şəxs2 barəsində məlumat yoxdur. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-in 307.2.6-cı maddəsinə əsasən, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. İşin müəyyən edilmiş hallarından görünür ki, X5 qanun üzrə vərəsələrindən olan Maraqlı şəxs2 birinci instansiya məhkəməsində ərizəyə baxılarkən iş üzrə icraata cəlb edilməmiş, onun və eyni zamanda, X5 digər birinci növbəli vərəsələrinin cəlb edilərək mövqeləri müəyyən edilməmişdir. Eyni zamanda, Maraqlı şəxs2 ərizəçi tərəfindən 0,10 hektar həyətyanı torpaq sahəsinin qəbul edilməsinə, Torpağın mülkiyyətə verilməsinə dair JN-179A kod 80505039 saylı şəhadətnamədə dəyişikliklərin edilməsinə, Ərizəçi 0,10 hektar torpaq sahəsində 2 mərtəbəli 6 otaqlı yaşayış evinə mülkiyyət hüququ tanınmaqla bunun qeydiyyata alınmasına razılıq verməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə qanunvericiliyin tələblərini və digər birinci növbəli vərəsələrin hüquqlarını pozmuşdur. Bu səbəbdən də ərizəçi üçün tanınmış hüquqlar isə sonradan qətnamə ilə hüquq və vəzifələrinə toxunulmuş Maraqlı şəxs2 tərəfindən mübahisələndirilmişdir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni 25 iyul 2006-cı il tarixində vəfat etmiş X5 maraqlı şəxs olan varislərini işdə iştirak etməyə cəlb etmədən, çağırıb dindirmədən, onların ərizəyə münasibətlərini öyrənmədən həll etmişdir ki, bu da düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Odur ki, hüquq haqqında mübahisənin aşkar edilməsi nəzərə alınaraq, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, ərizə tamamilə baxılmamış saxlanılmalı, apellyasiya şikayəti qismən təmin edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, Mülki Prosessual Məcəllənin 260.4cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 259.0.10, 263, 264, 384.0.5, 385.1.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(50)-701/2010 saylı, 17 sentyabr 2010-cu il tarixli qətnaməsi tamamilə ləğv edilsin. Ərizəçi “mirasdan payın müəyyən edilməsi, qəbul edilməsi, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi və bu münasibətlərdən əmələ gələn hüquqların qeydə alınması barədə” ərizəsi tamamilə baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar