Məhkəmə qərarları › İş №2(106)-1385/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1385/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1385/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlundan və X1 ibarət məhkəmə tərkibində, X3 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 53 saylı notariat ofisi) daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1775/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə (əvvəlki "xxxx" İKB ASC) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 194,1 m2 olan fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1775/2023 saylı qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddianın təmin edilməsi, İddiaçı ASC ilə (əvvəlki "xxxx" İKB ASC) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 194,1 m2 olan fərdi yaşayış evi boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir.Cavabdeh apellyasiya şikayəti verərək onun təmin edilərək, qətnamənin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə özbaşına, ciddi şəkildə nöqsanlara yol verilməklə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən o, heç bir öhdəliyini pozmayaraq hər ay müqavilədə də qeyd edildiyi kimi 1500 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəmişdir və indiyə kimi etdiyi ödənişlərin bütün qəbzləri ondadır və apellyasiya şikayətinə əlavə edir. O, müqavilədə də göstərildiyi kimi bank qarşısında götürdüyü bütün öhdəlikləri vaxtında, hətta vaxtından əvvəl yerinə yetirmişdir və İddiaçı ASC-yə heç bir borcu qalmamışdır. Belə ki, o, Cəlilabad rayonu Məmmədrzalı kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayır. Dəfələrlə bankda ödəniş üçün olmasına baxmayaraq, ona nə rəsmi nə də şifahi şəkildə cavab verilmişdir və ona qarşı Cəlilabad Rayon Məhkəməsinə iddia qaldırılması ilə bildirilməmişdir. Halbuki o, xx.xx.2021-ci il tarixdən “Yelo Bank ASC”-yə ödəniş üçün getmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (yaxud nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1775/2023 saylı qətnaməsi ləğv edilməli, İddiaçı ASC-nin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 53 saylı notariat kontoru) daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik hüququ şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 194,10 kv m. olan fərdi yaşayış evi İddiaçı ASC-nin adına **********69-10301 reyestr nömrəsilə xüsusi mülkiyyət hüququ əsasında 25 fevral 2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ASC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 194,1 m2 olan fərdi yaşayış evini 80000 manata Cavabdeh satmışdır. İşdə olan xx.xx.2021-ciil tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndindən görünür ki, alıcı Cavabdeh ilkin olaraq 25000 manat məbləği satıcı İddiaçı ASC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməyi, qalan 55000 manat məbləği 35 ay müddətinə, hər ay 1500 manat, 36-cı ay 2500 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndindən görünür ki, tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilənin ləğvinə dair təklifdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsinə dair təkliflə bağlı 10 gün müddətində rəsmi şəkildə cavab verilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh həmin təklifə rəsmi şəkildə cavab verməmişdir. MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını hərtərəfli və tam tədqiq edərək, iddiaçının izahatını dinləyərək, qanunvericilik normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mülki işə mahiyyəti üzrə baxarkən qanunverciliyin tələblərini pozmuş və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək işi icraata götürmüşdür. Bu baxımdan, kollegiya qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan çıxarışdan müəyyən edilir ki, cavabdeh Əzimzadə X2 rayonu Şorbaçı Ərazi Dairəsi Məmmədrzalı kəndi ünvanında qeydiyyatdadır. Lakin mübahisə predmeti olan fərdi yaşayış evi Abşeron rayonunda yerləşir. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan da müəyyən edildiyi kimi, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilsə də, hazırkı halda “evin boşaldılması” tələbi müstəsna aidiyyət qaydalarının təsir dairəsinə düşdüyündən, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu Cəlilabad Rayon Məhkəməsinə deyil, mübahisə predmeti olan əmlakın yerləşdiyi yer üzrə Abşeron Rayon Məhkəməsinə verilməydi. Belə olan halda kollegiya hesab edir ki, ərazi aidiyyəti qaydaları pozulduğu üçün işə Cəlilabad Rayon Məhkəməsində baxıla bilməzdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında plenum izah edir ki, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Bundan başqa plenum qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Buna görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1775/2023 saylı qətnaməsi ləğv edilməli, İddiaçı ASC-nin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 53 saylı notariat kontoru) daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh edilənlərə əsasən və MPM-in 35, 36, 40, 45-ci və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(073)-1775/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 53 saylı notariat kontoru) daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar