Məhkəmə qərarları › İş №2(106)-1387/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1387/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1387/2024 06.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması" tələbinə dair iddiaı üzrə Sabirabad Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(056)- 504/2023 saylı qətnaməsindən (hakim N.Bağırov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması" tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, “John Deere JD 9970” markalı **-AB-*** qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq ödənilmiş 20810 manat sığorta ödənişi məbləğinin və 152.43 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli AZ/MİH/20/0155 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin kompleks (kasko) sığortası” şəhadətnaməsi üzrə “John Deere JD 9970” markalı **-AB-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC-də sığorta təminatı almışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “John Deere JD 9970” markalı, pambıqyığan kombayn **-AB-*** nəqliyyat vasitəsi ilə Hacıqabul - Horadiz avtomagistralının giriş hissəsində pambıq sahəsindən çıxarkən, pambıqla tam dolu yükü bunkerdən boşalmadan çıxarmış və yükün ağırlığı nəticəsində həmin kombayn aşaraq ciddi zərərə məruz qalmışdır. X6 xx.xx.2020-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında iş üzrə protokoluna əsasən qəzanın baş verməsi səbəbi kimi “John Deere JD 9970” markalı kombaynın pambıq sahəsindən yükü boşalmadan çıxarması və yükün ağırlığından sürücünün idarəetməni itirməsi qeyd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-193/2022 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx"ASC-dən “John Deere JD 9970” markalı,**-AB- *** dövlət qeydiyyat nişanlı pambıqyığan kombayna dəymiş zərərlə bağlı 20810 manat məbləğində slğorta ödənişi tutularaq "xxxx" MMC-yə ödənilməsi qət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(056)-504/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, 20810 manat sığorta ödənişi məbləğinin və 152.43 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “AzSığorta" ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində göstərilir ki, X6 xx.xx.2020-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında iş üzrə protokola əsasən “John Deere JD 9970” markalı, pambığyığan kombayn pambıq sahəsindən yükü boşalmadan çıxarmış və yükün ağırlığı sürücünün idarəetməni itirməsinə səbəb olmuşdur. Həmin protokolda təqsirli bilinmişdir. Amma həmin pörotokol bügünə kimi ona təqdim edilməyib, xəbərsiz olmuşdur. Bununla bağlı X8 müraciət etmişdir ki, həmin protokol rəsmi qaydada ona verilsin. Həmin protokola əsasən qanunsuz və əsassız olaraq təqsirli sayılmışdır. Buna görə də işə sübut kimi əlavə edilmiş protokoldan şikayət verəcək. Məhkəmə qanunsuz, əsassız tərtib edilmiş protokolu sübut kimi qiymətləndirmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hal-hazırki vaxtadək idarə etdiyi kombaynın aşması ilə əlaqədar baş vermiş yol nəqliyyat hidsəsinə görə inzibati məsuliyyətə cəlb olunmasına dair qərardan şikayət verməmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş "xxxx" MMC məhkəmədə nümayəndəsi nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən "JOHN DEERE JD9970 (pambıqyığan)" markalı, 2018-ci il buraxılışlı, **-AB-*** qeydiyyat nömrəli kombayn "xxxx" ASC-nə məxsusdur; AZ/MİH/20/-155 nömrəli "Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığorta şəhadətnaməsi"nə əsasən "xxxx" MMC-nin sahibliyində olan, "JOHN DEERE JD9970 (pambıqyığan)" markalı, **-AB-*** qeydiyyat nömrəli kombayn xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixinədək sığorta təminatına alınmışdır; AP № ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2020-ci ildə saat 19:45-də **-AB-*** qeydiyyat nişanlı kombaynı yol vərəqi əsasında idarə edən Cavabdeh, kombaynı pambıq sahəsindən yük yerini boşaltmadan çıxarmış, yükün ağırlığı sürücünün idarəetməni itirməsinə səbəb olmuş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh TP4021688 saylı xx.xx.2020-ci il tarixli qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 40 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Sabirabad rayon Polis Şöbəsinin xx.xx.2024 tarixli rəsmi məlumatına əsasən Cavabdeh törətdiyi qayda pozuntusu ilə əlaqədar şöbəyə heç bir müraciəti daxil olmamışdır; İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-nə qarşı sığorta ödənişinin verilməsi" tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-193/2022 saylı qətnaməsinə əsasən AZ/MİH/20/-155 nömrəli "Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığorta şəhadətnaməsi"nə əsasən sığorta təminatına alınan "JOHN DEERE JD9970 (pambıqyığan)" markalı, **-AB-*** qeydiyyat nömrəli kombayna görə cavabdeh "xxxx" ASC-dən 20810 manat məbləğində sığorta ödənişinin tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1 - Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3 - Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 82.4 - Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; Maddə 88 - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; Maddə 218.3 - Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsi : Maddə 21.1 və 21.2 - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 936.1 və 936.2 - Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 1096.1 və 1096.2 - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1108.1 - Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Maddə 1114.1 - Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Əmək Məcəlləsinin 199-cu maddəsinin c bəndinə əsasən inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda, işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Əvvəla ona görə ki, cavabdehin inzibati xəta pozuntusuna yol verməsində təqsirli bilinməsinə dair qərar qüvvədədir, hal-hazırki vaxtadək mübahisələndirilməmişdir. Bundan başqa cavabdeh yol nəqliyyat hadisəsi baş verən zaman "xxxx" MMC-nin sahibliyində olan kombaynı yol vərəqi əsasında idarə edən şəxs olmaqla, sonuncu şirkətin işçisi olmuşdur. Cavabdeh işçi olaraq təqsirli bilindiyi inzibati xəta ilə işəgötürənin əmlakına vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyan şəxsdir. "xxxx" MMC-nin sahibliyində olan kombayn hazırki iş üzrə iddiaçı təşkilatda(sığortaçı) sığorta təminatına alındığından, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən sığortaçıdan əmlaka yetirilən zərərə görə 20810 manat məbləğində sığorta ödənişi tutulduğundan, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi, sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçdiyindən, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(056)-504/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar