Məhkəmə qərarları › İş №2(106)-1398/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1398/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1398/2023 25.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)339/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia əizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4300 manat pul vəsaitinin və 63 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4363 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə həmkəndlidir və münasibətləri normal olmuşdur. 2022-ci ilin yanvar ayında o, cavabdehdən 4500 manat dəyərində olan QAZ 3110 markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobili dəyərini hər ay hissə-hissə ödəmək şərti ilə almışdır. İlkin ödəniş olaraq o, cavabdehə 500 manat ödəniş etmiş və qalan məbləği hər ayın 2-si 300 manat olmaqla ödəməyi öz aralarında razılaşmışlar. Bu müddət ərzində o, cavabdehə 4300 manat məbləğində pul vəsaitini ödəmiş, 200 manat isə borcu qalmışdır. Bu hal Sabirabad RPŞ-də aparılan Təhqiqat araşdırması zamanı cavabdehin öz etirafı ilə təsdiq edilir. xx.xx.2022-ci il tarixdə o, səhər saatlarında həyətyanı sahəsində əkdiyi kənd təsərrüfatı məhsullarını toplayaraq bazara satmaq məqsədilə aparan zaman yolda onu Sabirabad RPŞnin DYPB-nin əməkdaşları saxlatdırmış və Cavabdeh tərəfindən ərizə ilə Polis Şöbəsinə şikayət olunduğunu və avtomobilin dayanacağa yerləşdiriləcəyini bildirmişlər. Bundan sonra o, cavabdehə zəng edib nə baş verdiyi barədə soruşmaq istəmiş, lakin cavabdeh ona cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdehdən aldığı avtomobil hansısa salona aid olmuşdur. Avtomobil cavabdehə geri qaytarıldığı üçün 4300 manat pulu geri tələb etmək fikrinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində göstərmişdir ki, iddiaçının tələbi yalandır. Belə ki, 2022-ci ildə Asiflə özünə məxsus **-MS-*** nişanlı, QAZ-31 markalı maşını hər ay 300 manat verməklə razılaşmış, müəyyən vaxta qədər ödəniş etmişdir. O da həmin pulu aralarında razılaşdıqları kimi Asifdən alıb Əhmədin maşın servisindən götürdüyü maşına ödəyirdi. Lakin Asif 2 ay pulu ödəmədiyinə görə gecikdiyinə görə Əhməd salon maşını servis gəlib götürüb apardı. Asiflə danışıb razılaşdığı müqaviləni pozduğuna görə əlavə sevisə 700 manat, 450 manat da yenə gecikməyə görə əlavə pul ödəmişdir. Asifin günahı ucbatından ümumilikdə 1150 manat pulu məcbur özü ödəmişdir. Asifin ona verdiyi pul cəmi 2800 manat olub. Qalan hissəsi gecikməyə görə cərimə kimi ödənilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)339/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: S.Allahverdiyev), iddianın təmin edilməsi, Cavabdeh 4300 (dörd min üç yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 63 (altmış üç) manat olmaqla, ümumilikdə 4363 (dörd min üç yüz altmış üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443, 448, 600 və 601-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Davudov X1 Rayon Məhkəməsinin 2(056)339/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zaman apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)339/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyasına teleqram ünvanlayaraq xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmədən ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin 2(056)339/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)339/2023 saylı, 13 aprel 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Məmmədzadə Abuşovun xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh təhqiqata verdiyi ifadəsində iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək iddiaçıdan avtomobilin alqı-satqısı üçün 4300 manat pul aldığını etiraf etmiş, gecikmələrə görə Asifin ona 1700 manat borcu yarandığını, Asif həmin pulu ödəmədiyi, həmçinin salon onu sıxdığı üçün maşının Asifdən alınması ilə bağlı şikayət ərizəsi yazdığını bildirmişdir. Birinci instansiya məhkəməsi zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında QAZ 3110 markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin hissə hissə ödənilməklə, cəmi 4500 manat pul qarşılığında alqı-satqısına dair şifahi müqavilə bağlanmış, cavabdeh qeyd edilən avtomobili müqavilə şərtlərinə uyğun olaraq iddiaçının sahibliyinə və istifadəsinə vermişdir. Razılaşmadan sonra iddiaçı tərəfindən Cavabdeh hissəhissə olmaqla 4300 manat pul ödənilmiş, sonradan cavabdeh avtomobilin tam dəyərinin ödənilib bitməsinə cüzi məbləğ (200 manat) qalmış həmin avtomobilin saxlanılıb ona qaytarılması ilə əlaqədar polis orqanına ərizə ilə müraciət etmiş, cavabdehin müraciəti əsasında həmin avtomobil saxlanılaraq iddiaçıdan alınıb cavabdehin sahibliyinə geri qaytarılmışdır. Bundan sonra iddiaçı cavabdehə ödənilmiş pul vəsaitinin geri qaytarılmasının təmin edilməsi üçün polis orqanına müraciət etmiş, araşdırma zamanı mübahisənin mülki xarakter daşıması ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, izahatı alınarkən cavabdeh iddiaçıdan 4300 manat pulu almasını etiraf etsə də, avtomobillə bağlı salona yaranmış 1700 manat pula görə öz təbirincə deyilsə salonun onu sıxması ilə bağlı polis orqanına avtomaşının saxlanması ilə əlaqədar müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, tərəflər əşyanın nisyə (dəyərinin hissə-hissə ödənilməsi) ilə əlaqədar müqavilənin bağlanmış sayılması üçün tərəflər müqavilənin mühüm şərtlərinə riayət etmiş, yəni əşyanın qiymətini, ödəniş qaydasını, məbləği və müddəti aralarında razılaşdırmaqla müəyyən etmişlər. Həmçinin cavabdeh, yəni satıcının iddiaçının, yəni alıcının ona satmış olduğu əşyanın dəyərinin vaxtında ödənilməməsi ilə əlaqədar əşyanın ödənilməsi ilə bağlı hazırki iddiaçıya qarşı hər hansı tələb irəli sürməmişdir. Əksinə, iddiaçı razılaşdıqları dəyərin böyük əksəriyyətini ödəmiş, müqavilənin tam icra edilmiş hesab edilməsi üçün qalıq qalan cüzi məbləğdə pulu ödəməyə imkan etməmiş cavabdeh ona qarşı hər hansı pul tələbi irəli sürmədən avtomobilin iddiaçıdan alınıb onun istifadəsinə qaytarılması ilə bağlı polis orqanına müraciət etmiş və avtomobili iddiaçının sahiblik və istifadəsindən geri almışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdehin avtomobili iddiaçıdan almasının əsası kimi göstərmiş olduğu salonun onu sıxması barədə mövqeyi isə avtomobilin iddiaçının sahibliyindən öz sahibliyinə geri qaytarılmasının təmin edilməsinin donu kimi onun tərəfindən ifadə edilməyə çalışılmış, hətta bu mövqeyini möhkəmlətmək üçün iddiaçının gecikmələr nəticəsində salona yaranmış 1700 manat pulun ödənilməsini təmin edəcəyi halda salonla razılaşa biləcəyini göstərmişdir. Lakin tərəflər arasında avtomobilin konkret dəyəri barədə (4500 manat pul) razılaşma olmuş, iddiaçı cavabdehin üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icrası ilə bağlı hazırki müqavilə üzrə üzərinə hər hansı öhdəlik götürməmiş, iddiaçı müqavilədən irəli gələn öhdəliklərinin böyük əksəriyyətinin icrasını təmin etmiş, lakin cavabdeh müqavilə öhdəliklərinə tam əməl etməyərək satmış olduğu əşyanı müqavilə şərtlərinə zidd olmaqla pozub iddiaçıdan geri almış, bununla da müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bununla da, iddiaçı əmlakdan məhrum olmuş, cavabdeh isə heç bir hüquqi əsas olmadan əsassız varlanmışdır. Belə olan halda iddiaçı haqlı olaraq cavabdehin qanunsuz sahibliyində olan (pulunu) əmlakını qaytarmalıdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən öhdəlik olaraq gecikdirilmiş 1700 manat məbləği nəzərə almayaraq həmin hissəsi öhdəliyin hissəsi kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, tərəflər əşyanın nisyə (dəyərinin hissə-hissə ödənilməsi) ilə əlaqədar müqavilənin bağlanmış sayılması üçün tərəflər müqavilənin mühüm şərtlərinə riayət etmiş, yəni əşyanın qiymətini, ödəniş qaydasını, məbləği və müddəti aralarında razılaşdırmaqla müəyyən etmişlər. İddiaçı öz üzərinə cavabdehin üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icrası ilə bağlı hazırki müqavilə üzrə hər hansı bir öhdəlik götürməmişdir. Belə olan halda cavabdeh tərəfindən üçüncü şəxslərə ödənilmiş pul tərəflər arasında olan müqavilənin tərkib hissəsi kimi qəbul və iddiaçı tərəfindən yerinə yetirilməmiş öhdəlik kimi qəbul edilə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əməl etməklə qanuni və ədalətli qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar Sabirabad Rayon Məhkəməsinin 2(056)339/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Sabirabad Rayon Məhkəməsinin 2(056)339/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, cavabdehə münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4300 manat, yəni beş min manatdan az olduğundan qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)339/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar