Məhkəmə qərarları › İş №2(106)-1408/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1408/2023

23.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1408/2023 23.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Masallı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(050)-1456/2023 saylı qətnaməsindən (hakim F.Əliyev) İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 27 fevral 2023-cü il tarixli, Rl 280584 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1038,41 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi Masallı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(050)-1456/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti nəzərdən keçirlərkən məlum oldu ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. İddiaçı apellyasiya şikayətindən görünür ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, bunu etməmiş və apellyasiya şikayətlərini iş materiallarına tikərək göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Masallı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(050)-1456/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Masallı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(050)-1456/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verdilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İddiaçı verdiyi apellyasiya şikayəti MPM-in 363.1, 363.1.5-ci maddələrinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar