Məhkəmə qərarları › İş №2(106)-1426/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1426/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1426/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X9 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(049)-783/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 52000 manat, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 250 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2015-ci ildən tanıyır. Belə ki, bir vaxtlar Kürdəmir süd emalı zavodunun südlə təmin edilməsi üçün Cavabdeh Lənkəran rayonu Şağlaser kəndində yerləşən süd məntəqəsindən süd almışdır. Təxminən bir neçə il Cavabdehlə birlikdə işlədikdən sonra fəaliyyətini dayandırmışdır. Cavabdeh 2020-ci ilin sentyabr ayında Bakı şəhərində işlədiyi iş yerinə gələrək onunla görüşmüş və Şahlardan nə səbəbə əvvəlki işi ilə məşğul olmadığını soruşduqda, o, pulunun olmadığını, ona pul verməyini, bu halda Lənkəran rayonu Şağlaser kəndində yerləşən süd məntəqəsini işlədə biləcəyini və oradan əldə etdiyi qazancı birlikdə böləcəklərini, həmçinin 6 ay ərzində qoyacaq olduğu pulu götürə biləcəyini bildirmişdir. Bundan sonra ofisdə Cavabdeh 14500 manat pul vermişdir. Şahlar hər ay təxminən 3000-5000 manat məbləğində əldə etdiyi qazancın məbləğini kağıza yazaraq, şəklini ona “Whatsapp”la göndərsə də, daha böyük sərmayə ilə biznesi bir az da böyütdüyünü və bununla da qazanclarının daha da artıq olacağını bildirərək, əldə olunan qazancı da yenidən işə qoyduğunu bildirərək, ona hər hansı bir ödəniş etməmişdir. 2021-ci ilin iyun ayından artıq Cavabdeh ona da pul göndərməsini təkid etmiş, lakin o, yenə də müxtəlif bəhanələrlə pul göndərməmişdir. Artıq aralarında narazılıqlar yaranmağa başlamış və o, 2022-ci ilin may ayında Lənkəran rayonu Şağlaser kəndinə gələrək, Cavabdeh, qardaşı Ağalar və atası Nümayəndələ görüşərək, aralarındakı yazışmalara əsasən Şahların ona 55000 manat borcunun olduğunu bildirmiş və pulu onlardan tələb etmişdir. Onlar da razılaşmış və ona hər ay 3000 manat pul göndərməklə, bütün borcu ödəyəcəklərini bildirmişlər. İlk ay sözlərini tutaraq xx.xx.2022-ci il tarixdə ona 3000 manat pul göndərmişlər. Lakin bundan sonra Şahlar yenə müxtəlif bəhanələrlə ona olan borcunu ödəməmişdir. O, neçə illik münasibətlərini nəzərə alaraq, cavabdehin sözlərinə inanaraq heç bir yerə bu barədə müraciət etməmişdir. Ancaq cavabdehin onu daim aldatdığını və pulunu qaytarmaq istəmədiyini görmüşdür. Ona görə də, Lənkəran şəhər-rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə ərizəsi əsasında aparılmış araşdırmalar nəticəsində işin mülki xarakterli olması qərara alındığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-783/2024 saylı 23 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nicat Ağabəyov) iddia qismən təmin edilərək Cavabdeh 11500 manat məbləğində pul alınaraq X6 ödənilməsi, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 124.5 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya verilməsi, ödənilmiş dövlət rüsumunun 125.5 manat hissəsinin isə iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbindən də göründüyü kimi, Cavabdeh 2020-ci ilin sentyabr ayında iddiaçının Bakı şəhərində işlədiyi iş yerinə gələrək onunla görüşmüş və Şahlardan nə səbəbə əvvəlki işi ilə məşğul olmadığını soruşduqda, o, pulunun olmadığını, iddiaçının ona pul verməyini, bu halda Lənkəran rayonu Şağlasel kəndində yerləşən süd məntəqəsini işlədə biləcəyini və oradan əldə etdiyi qazancı birlikdə böləcəklərini, həmçinin iddiaçının 6 ay ərzində qoyacaq olduğu pulu götürə biləcəyini bildirmişdir. Bundan sonra iddiaçı ofisdə Cavabdeh 14500 manat pul vermiş, Şahlar hər ay təxminən 3000-5000 manat məbləğində əldə etdiyi qazancın məbləğini kağıza yazaraq, şəklini ona “WhatsApp”la göndərsə də, daha böyük sərmayə ilə biznesi bir az da böyütdüyünü və bununla da qazanclarının daha da artıq olacağını bildirərək, əldə olunan qazancı da yenidən işə qoyduğunu bildirərək, iddiaçıya hər hansı bir ödəniş etməmişdir. 2021-ci ilin iyun ayından artıq Şahlara ona da pul göndərməsini təkid etmiş, lakin Şahlar yenə də müxtəlif bəhanələrlə ona pul göndərməmişdir. Artıq aralarında narazılıqlar yaranmağa başlamış və o, 2022-ci ilin may ayında Lənkəran rayonu Şağlasel kəndinə gələrək, Cavabdeh, qardaşı Ağalar və atası Nümayəndələ görüşərək, artıq aralarındakı yazışmalara əsasən Şahların ona 55000 manat borcunun olduğunu bildirmiş və pulunu onlardan tələb etmişdir. Onlar da razılaşmış və ona hər ay 3000 manat pul göndərməklə, bütün borcu ödəyəcəklərini bildirmişlər. İlk ay sözlərini tutaraq xx.xx.2022-ci il tarixdə iddiaçıya 3000 manat pul göndərmiş, lakin bundan sonra Şahlar yenə müxtəlif bəhanələrlə ona olan borcunu ödəməmişdir. İddiaçının nümayəndəsi Vəkil1 ərizə verərək işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(049)- 783/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan: X4 müraciəti əsasında Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsində toplanmış HK-1- 3242 nömrəli yoxlama materialı üzrə qəbul edilmiş 04 sentyabr 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh P.Hamiddən borc aldığı 14500 manat puldan 3000 manatı ona qaytardığını, P.Hamid də Cavabdeh verdiyi 14500 manatdan 3000 manatının qaytarıldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, X2 adına olan “Leobank” bankına məxsus kart hesabına 3000 manat vəsait köçürülmüşdür. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş maddi daşıyıcıda (fleşkart) olan səs qeydlərindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh X4 ona verdiyi X2 adına olan “Leobank” bankına məxsus kart hesabına 3000 manat vəsait köçürmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmasından ötrü 250 manat məbləğ dövlət rüsumu köçürmüşdür. MYİ seriyalı 0****** №-li Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə görə xx.xx.1981-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Hamid Poshtkouhiyə xx.xx.2022-ci il tarixdə verilmiş icazənin müddəti xx.xx.2025-ci ilədək etibarlıdır. X3 ilə "xxxx" MMC arasında bağlanmış 28 mart 2022-ci il tarixli 87444 saylı girov müqaviləsi əsasında 86.5 (səksən altı tam onda beş) qram 4251 manat dəyərində qızılzinət əşyaları 28 mart 2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsinin təminatı kimi girov qoyulmuşdur. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022ci il tarixli bildirişlərdən görünür ki, “X15 Olmayan Kredit Təşkilatı” MMC ilə cavabdeh arasında bağlanmış 28 mart 2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsi əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün borcunun yarandığı, girovun satılacağı və hərracın yeri barədə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli **********4 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 35 manat dövlət rüsumu ödəmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Beləliklə, apellyasiya şikayətində göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Qeyd edilməlidir ki, iddiaçı öz ərizəsində olduğu kimi apellyasiya şikayətində də cavabdehlə aralarında birlikdə qazanc əldə etmək üçün iş birliyinin və nəticədə cavabdehin ona tələb edilən borcunun mövcudluğu barədə dəlil irəli sürsə də, bunu təsdiq edəcək hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Onların arasındakı “Whatsapp” əlaqəsi zamanı atılmış yazılar, fotoşəkillər və s. hazırkı dəlilin əsaslı olması üçün kifayət deyildir. Belə ki, həmin hallar digər sübutlarla, yaxud cavabdehin etirafı ilə də təsdiqini tapmır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən bütün tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Kollegiya bildirir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 783/2024 saylı 23 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün konkret əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Poshtkouhi Hamid tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(049)-783/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar