Məhkəmə qərarları › İş №2(106)-143/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-143/2023

18.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-143/2023 18.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1948/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsi tərəfindən yazılmış 673,62 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşı olsa da, Lənkəran rayonunun Seydəkəran kəndində mərhum atasına məxsus evdə tək yaşayır. "xxxx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin əməkdaşlarının apardıqları araşdırmalar düzgün deyil. Belə ki, həmin idarə tərəfindən iddiaçıya 673,62 manat cərimə yazılmışdır. İddiaçının yaşadığı evdə elektrik enerjisi ilə işləyən heç bir vasitə - nə televizor, nə soyuducu, nə kondisioner, nə gidrafon, nə ütü, nə paltaryuyan, nə qabyuyan, nə də ki elektriklə işləyən hər hansı başqa vasitə yoxdur. İddiaçının evinin bir otağında yaşayış vardır və həmin otaqda sadəcə olaraq bir ədəd ampul (lampuçka) vardır. İddiaçının evi kart sayğacı ilə təmin olunmuşdur və hər ay o, 1-2 manatlıq işıq istifadə edir. Lakin həmin ay kartında problem olduğuna görə karta pul yükləyə bilməmişdir. Qaranlıqda qalmamaq üçün cəmi bir dəfə kənar qoşulma etmiş, elə həmin gün də işıq idarəsinin əməkdaşları gəlib akt yazaraq onu 673,72 manat məbləğində cərimə etmişlər. İddiaçı işıq idarəsinin işçilərinə evində elektrik enerjisi ilə işləyən heç bir məişət texnikasının olmadığını bildirsə də, onlar iddiaçıya əhəmiyyət vermədən barəsində cərimə tətbiq etmişlər. Bir ədəd ampul (lampuçka) üçün 673,72 manat cərimənin yazılması isə əsassızdır. Həmin ampul (lampuçka) cəmi 20 vattlıqdır. Ona görə də borcun silinməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1948/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-1948/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq iddia tələbinin təmin edilməsini, bu mümkün olmadığı təqdirdə isə iddia tələbinin qismən təmin edilib cərimə borcunun qanunauyğun şəkildə azaldılaraq minimuma endirilməsi (abonent saldosuna və iddiaçının yaşamına uyğun hesablanması) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmə prosesinin gedişində o, məhkəməyə vəsatət verərək, gəlib onun yaşadığı şəraitlə və yaşadığı evdə hər hansı elektrik avadanlığının olub-olmaması ilə tanış olmasını xahiş etsə də, işə baxan hakim onun vəsatətini təmin etməmişdir. İddiaçının bu vəsatəti verməkdə məqsədi və sübut etmək istədiyi o olmuşdur ki, cərimə həddindən artıq çox yazılmışdır. Belə ki, iddia ərizəsində də qeyd etdiyi kimi, onun evində elektrik enerjisi ilə işləyən təkcə yaşadığı otaqdakı ampuldur (lampuçkadır). Həm də abonent haqqında məlumata nəzər salınsa görünər ki, iddiaçının ay ərzində maksimum işlətdiyi elektrik enerjisinin sərfiyyat məbləği 3-5 manat arası olmuşdur. İddiaçı etdiyi əməli etiraf edərək bildirir ki, elektrik enerjisi yükləmək üçün olan kartında problem olduğuna görə karta pul yükləyə bilməmiş və qaranlıqda qalmamaq üçün bir dəfə bir neçə saatlığa kənar qoşulma etmişdir ki, həmin anda da cavabdehin əməkdaşları gəlib onun bu əməlini ifşa etmişlər. İddiaçı sadəcə ona yazılmış cərimənin məbləği ilə razı deyil. Məhkəmə heç bir maddi sübuta əsaslanmamışdır. Məhkəmə iclasında həmin qanunsuz aktı tərtib etmiş elektrik şəbəkəsinin əməkdaşı şahid qismində dindirilmişdir. Qətnamədə iddiaçının aktı mübahisələndirmədiyi yazılmışdır. İddiaçı sadəcə cərimənin onun yaşadığı şəraitə görə, istifadə etdiyi elektrik avadanlığına və aylıq sərf etdiyi elektrik sərfiyyatına uyğun yazılmadığını bildirmişdir. Belə halda isə aktın mübahisələndirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddiaçıya kömək etmək üçün ən azından iddianı qismən təmin edərək, cəriməni azaltmalı idi. Lakin bunu etməmişdir. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, onun sayğacdan kənar X1 etməsi gizli yolla olmamış, o, bunu açıq şəkildə etmişdir. Lakin aktla ona hesablanmış cərimə məbləği onun istifadə etdiyi elektrik enerjisindən hədsiz çoxdur. Belə ki, onun evində cəmi bir ampul (lampuçka) yanır və hər hansı digər elektriklə işləyən məişət avadanlığı yoxdur. Bu cür istifadə üçün isə ayda təxminən 3-5 manat məbləğində ödəniş edir. Hesablanmış cərimə borcunu ödəməyə maddi imkanı çatmır. Apellyasiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki "xxxx" ASC-nin Cənub RETS İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, R255523 nömrəli aktın surətindən görünür ki, “X1 Qaydaları”na uyğun olaraq abonent İddiaçı elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar X1 etməsi məlum olmuşdur. İşdəki "xxxx" ASC-nin Cənub RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş 01 aprel 2022ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, satış sahəsi üzrə tələb 673,62 manat məbləğində hesablanmışdır. İşdəki abonent İddiaçı abunə haqqında məlumatından görünür ki, R255523 nömrəli akt əsasında abonentə xx.xx.2022-ci il tarixində cəmi 673,62 manat məbləğində cərimə yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (bundan sonra – Qaydalar) 8.17-1-ci maddəsinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci maddəsinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş materialları və iddiaçının özünün etirafı ilə müəyyən edilir ki, iddiaçı sayğacdan kənar X1 etmişdir. "xxxx" ASC-nin Cənub RETSİ tərəfindən isə məhz bu fakt aşkar olunaraq R255523 nömrəli, xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş, həmin akt əsasında isə borc hesablanaraq cəmi 673,62 manat məbləğində müəyyən edilmişdir. Borcun hesablanması zamanı “X1 Qaydaları”nın qeyd edilən tələbləri gözlənilmişdir. Belə ki, iddiaçının iştirakı ilə fakt barədə akt tərtib edilmiş, akt enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən imzalansa da, istehlakçı aktı imzalamaqdan imtina etmiş, bu barədə aktda müvafiq qeyd aparılmışdır. İddiaçı aktın qanuniliyini mübahisələndirməmiş, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin aktla razılaşmışdır. Lakin hesablanmış məbləğin həqiqəti əks etdirmədiyini, onun evində 1 ədəd ampuldan (lampuçkadan) başqa, hər hansı elektrik enerjisi ilə işləyən vasitənin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının silinməsini tələb etdiyi borc mahiyyət etibarilə akt əsasında hesablanmış cərimə xarakteri daşımış, Qaydaların 8.17-1-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanmışdır. Göründüyü kimi, Qaydalarda bu cür hallarda istehlakçının adətən istifadə etdiyi elektrik enerjisinin dəyəri əhəmiyyət kəsb etmir. Odur ki, iddiaçının yaşadığı şəraitlə və onun evində hər hansı elektrik avadanlığının olub-olmaması ilə tanış olmanın zəruriliyi, eləcə də, adətən 3-5 manat dəyərində X1 etməsi barədə apellyasiya şikayətində qeyd edilənlər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas kimi çıxış edə bilməz. Bundan başqa, iddiaçı apellyasiya şikayətində aktı tərtib etmiş əməkdaşın məhkəmədə şahid qismində dindirildiyini bildirsə də, bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 384.0.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1948/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1948/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar