Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1450/2025 12.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi hakim), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli 2(018)-1459/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktın etibarsız sayılması və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2(018)-1459/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız sayılması və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2(018)1459/2025 nömrəli qərardadının ləğv olunması və mülki işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 2(018)-1459/2025 saylı qərardadı ilə İddiaçı şikayətinin təmin edilməməsi, Astara Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2(018)-1459/2025 nömrəli qərardadından İddiaçı verdiyi şikayət 7 gün müddətində 2(018)- 1459/2025 nömrəli mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Astara Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli 2(018)-1459/2025 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilməlidir. Astara Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2(018)-1459/2025 saylı qərardadından görünür ki, məhkəmə iddia ərizəsini geri qaytararkən aşağıdakı əsaslara istinad etmişdir: “İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı iddia ərizəsində onun əbunə koduna yazılmış cərimənin silinməsini xahiş etsə də, iş materiallarından görünür ki, həmin аbunə kodu və istehlakçı X2r. Bundan başqa İddiaçı həmin iddianın onun tərəfindən verilməsi üçün iddia ərizəsinə mərhum X1 vərəsəsi olması barədə sənədi əlavə etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.” Kollegiya qeyd edir ki, iddia qaldırmaq və məhkəməyə müraciət etmək hüququ məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla, iddia ərizəsinin geri qaytarılmasının əsasları Mülki Prosessual Məcəllə ilə imperativ qaydada müəyyən edilmişdir. Hazırkı halda birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən istinad etdiyi hallar MPM-in 152-ci maddəsində nəzərdə tutulmayıb və həmin normanın məqsədlərinə uyğun gəlmir. Belə ki, İddiaçı mərhum X1 vərəsəsi olub-olmamasının müəyyənləşdirilməsi iddianın mahiyyətinə dair meyar olmaqla, iddia ərizəsinin geri qaytarılması üçün nə birbaşa, nə də dolayı əsas təşkil etmir. Qanunvericinin iddia ərizəsinin geri qaytarılma əsaslarını müəyyənləşdirməkdə məqsədi məhkəmənin icraata qəbul mərhələsində yalnız formal prosedurların, yəni prosessual tələblərə riayət olunub-olunmamasının yoxlanılmasını təmin etməkdir. Bu mərhələdə iddiaçının hüquqi mövqeyi və ya iddiasının əsaslılığı qiymətləndirilmir. Buna görə də birinci instansiya məhkəməsinin iddia ərizəsini qaytarmaq üçün əsas kimi göstərdiyi “iddiaçının vərəsə olubolmaması” məsələsi icraata qəbul mərhələsinin predmeti deyildir və yalnız işin mahiyyəti üzrə baxılarkən araşdırıla və hüquqi qiymət verilə bilər. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hüquq normasını düzgün tətbiq etməmiş və təfsirində səhvə yol verməklə, iş üzrə əsassız nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, iddianın əsassız şəkildə geri qaytarılması tərəfin məhkəməyə müraciət hüququnun məhdudlaşdırılmasına və həmin hüququn həyata keçirilməsinə maneələrin yaradılmasına səbəb olur. Bundan əlavə, MPM-in 167.1-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə işi məhkəmədə baxılmağa hazırlayarkən müəyyən hərəkətləri yerinə yetirir. Həmin maddənin 167.1.2ci bəndinə görə, tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamaq, zəruri hallarda təqdim edilmiş materiallarla bağlı izahat vermək, habelə iş üçün əhəmiyyət kəsb edən sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması başa çatanadək təqdim etmək təklif olunur. Kollegiya qeyd edir ki, bu normadan irəli gələn təminatlara uyğun olaraq, birinci instansiya məhkəməsi qərardadında göstərilən halları məhz məhkəmə iclasında araşdırmalıdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2(018)-1459/2025 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2(018)-1459/2025 qərardadı ləğv edilsin. İş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1450/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1450/2025
12.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver