Məhkəmə qərarları › İş №2(106)-1452/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1452/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1452/2023 29.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvаn Аpеllyаsiyа Məhkəməsinin Mülki Kоllеgiyаsının hаkimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi İmranov Orxan Fərman oğlunun katibliyi ilə, İddiaçı2 Cavabdeh oğuna qarşı “əldən çıxmış fayda” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(057)421/2023 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq müəyyən etdi; İŞİN HALLARİ: İddiaçı1 Cavabdeh qarşı "kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 72 ay mülkiyyətində olan evdən yaşadığı dövrdə 25200 (iyirmi beş min iki yüz) manat kirayə haqqı olaraq pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən onu əsl İddiaçı2 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı kirayə haqqının ödənilməsi tələbi üzrə iddiaçı əsl İddiaçı2 ilə əvəz edilmişdir. Salyan Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(057)421/2023 saylı qətnaməsi ilə (hakim Ənnağı Məmmədli) İddiaçı2 Cavabdeh qarşı əldən çıxmış gəlir tələbinə dair iddiası təmin edilməmişdir. Salyan Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(057)421/2023 saylı qətnaməsindən İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən İddiaçı2 tərəfindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinə əsasən Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayətləri öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron imza ilə imzalanmamış və elektron kabinet vasitəsilə verilməmişdir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almadan apellyasiya şikayətini mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi Salyan Rayon Məhkəməsi (hakim Ənnağı Məmmədli) apellyasiya şikayətinin MPM-in 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363.1.5, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Salyan Rayon Məhkəməsinin 2(057)-421/2023 saylı, 31 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və icraata qəbul edilməsindən imtina edilsin. Mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Salyan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar