Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1461/2024 05.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X1 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1625/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(073)-1625/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Qalib Paşayev) iddia təmin edilərək, Cavabdeh 11700 manat pulun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı2 verilməsi qət edilmişdir. Cavabdeh tərəf ilk dəfə 14 noyabr 2022-ci ildə Cəlilabad Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(073)-1625/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(073)-1625/2022 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(073)- 1625/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. 30 mart 2023-cü ildə cavabdeh tərəf yenidən Cəlilabad Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(073)-1625/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(073)-1625/2022 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(073)- 1625/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, 07 mart 2024-cü ildə Cavabdeh yenidən Cəlilabad Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(073)-1625/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(073)-1625 saylı qətnaməsinin ləğv edilməsini və onun xeyrinə 11400 manat pulun onun tərəfindən ödənilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(073)-1625/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(073)-1625/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti Cavabdeh münasibətdə bərpa edilmişdir. Mülki iş materialları Cəlilabad Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli məktubu ilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, iş materialları 01 avqust 2024cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını və bunun üçün elektron imza vasitələrindən istifadə edilməsini imperativ qayda kimi müəyyən etmişdir. Hazırda qətnaməsindən apellyasiya şikayətinin verildiyi Cəlilabad Rayon Məhkəməsində də “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmaqdadır. Qeyd edilən normaların tələblərindən isə göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayəti bu qaydaya riayət olunmadan verilmiş, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, elektron imza ilə imzalanmamışdır. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin həmin tələblərə uyğun olmadığına əhəmiyyət vermədən, onu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Hazırkı apellyasiya şikayətində isə apellyator öz tələbini dəqiq göstərməmiş, hazırkı iş üzrə Cəlilabad Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə 12 sentyabr 2022-ci il tarixli, 2(073)-1625/2022 saylı olsa da, cavabdeh apellyasiya şikayətində 15 sentyabr 2022-ci il tarixli, 2(073)-1625 saylı qətnamənin ləğv edilməsini xahiş etmiş, bununla da ləğv edilməsini tələb etdiyi qətnamənin qəbul edilməsi tarixini yanlış göstərmişdir. MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmçinin, cavabdeh apellyasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində pozulduğunu iddia etdiyi hər hansı maddi hüquq normasını göstərməmiş, sadəcə prosessual hüquq normalarını göstərmişdir. Cavabdeh apellyasiya şikayətinin digər hissələrində göstərmiş olsa da, “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində apellyasiya şikayətini düzgün formada əsaslandırmamış, sadəcə maddələrin nömrələrini yazmaqla kifayətlənmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə, apellyasiya şikayətinin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. Belə ki, Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarının 120-ci vərəqində olan ödəniş qəbzindən görünür ki, 10 noyabr 2022-ci il tarixində icra edilmiş 15 manat məbləğində dövlət rüsumu Şirvan Apellyasiya Məhkəməsinə deyil, Cəlilabad Rayon Məhkəməsinə ödənilmişdir. Odur ki, həmin dövlət rüsumunun hazırkı apellyasiya şikayətinin verilməsi üçün ödənilməsi müəyyən edilmir. MPM-in 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. MPM-in 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1625/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1461/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1461/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver