Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1481/2024 23.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin iddiası qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli, 10KL/20-1 saylı əlavə kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20460 manat, faiz borcu üzrə 1256.11 manat, cərimə borcu üzrə 4.08 manat, cəmi 21720.19 (iyirmi bir min yeddi yüz iyirmi manat on doqquz qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" KB ASC-yə verilməsi, tələb ipoteka ilə yüklü edilmiş Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlaklar açıq hərracdan satılması və satışdanəldə olunan vəsait hesabına xx.xx.2021-ci il tarixli, 10KL/20-1 saylı əlavə kredit müqaviləsi üzrə X1 "xxxx" KB ASC-yə yaranmış cəmi 21720.19 (iyirmi bir min yeddi yüz iyirmi manat on doqquz qəpik) manat borcu ödənilməsi, ipoteka predmeti olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 25000 (iyirmi beş min) manat müəyyən edilməsi, ipoteka predmeti olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 Həmid oğlu və Cavabdeh2 həmin evdən çıxarılması qət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsi icraya yönəldilmiş, icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti və apellyasiya müddətinin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh1 müddətin bərpa edilməsinə dair vəsatətində qətnamənin 21 fevral 2023cü il tarixdə qəbul olunmasına baxmayaraq, həmin qətnaməni 29 may 2024-cü il tarixdə aldığını, bu səbəbdən şikayət vermə müddətinin üzrlü səbəbdən ötürüldüyü və bu halı əsas götürərək müddətin bərpa edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (hakim V.Cəbrayılov) 09 iyul 2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 prosessual müddətin bərpası haqqında vəsatəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-27/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, qətnamə poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına çatdırılmış, ona təkrarən xx.xx.2024-cü il tarixdə məktubla göndərilmişdir. Qərardaddan Cavabdeh1 şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Cavabdeh şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin cavabdehə çatdırılıb-çatdırılmamasını müəyyən etməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 16 avqust 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı qarşı tərəfin yazılı etirazı və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Kollegiya şikayətin dəlillərini və iş üzrə materialları nəzərdən keçirib, aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməlidir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi poçt vasitəsi ilə cavabdehin ünvanına 02 aprel 2023-cü il tarixdə çatdırılmış və məktubun çatdırılması barədə poçt xəbərnaməsini “Ə.Nəsirov” adlı şəxs imzalamışdır. Cavabdeh1 27 may 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin ona təqdim edilmədiyini bildirmiş və Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsinin surətinin ona verilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli məktubu ilə Cavabdeh1 Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsinin surətinin poçt vasitəsi ilə 24 fevral 2023-cü il tarixdə ona təqdim olunduğu bildirilmiş və təkrarən qətnamənin surəti cavabdehin ünvanına göndərilmişdir. 01 iyul 2024-cü il tarixdə Cavabdeh1 qətnamədən apellyasiya şikayəti və həmin qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. MPM-in 385-ci maddəsinə əsasən: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının ləğvi üçün əsasdır. MPM-in 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.5-ci maddəsinin tələbinə görə, həmin Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarında məhkəmə sənədinin (qətnaməsinin) kimə təqdim edilməsi bəlli deyil, belə ki, məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadından başqa, adını, atasının adını, ünvan sahibinə münasibətini göstərməli olduğu halda bunları tam göstərməmişdir. Cavabdeh ərizəsində və şikayətində bildirir ki, qətnamə ona və onun ailə üzvlərinin heç birinə çatdırılmamışdır, “Ə.Nəsirov” adında ailə üzvü yoxdur və həmin şəxsin kim olması ona məlum deyildir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin çatdırılması, yaxud kimə təqdim edilməsi iş materiallarından müəyyən edilmir. Halbuki, bu halı sübuta yetirmək məhkəmənin üzərindədir. Birinci instansiya məhkəməsində məhkəmə sənədinin çatdırılması barədə poçt qəbzindəki imzanın kimə (cavabdehə, ailə üzvünə və s.) məxsus olması, nəticə etibarı ilə məhkəmə sənədinin təqdim edilib-edilməməsi məsələsi araşdırılmamışdır. Kollegiyanın qənaətinə görə, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Cəlilabad Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərardadından şikayətə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxarkən məhkəmə qətnamənin surətinin Cavabdeh1 və ya onun ailə üzlərindən birinə təqdim edilib-edilməməsini araşdırmalı, təqdim edildiyi halda kimə və nə vaxt təqdim edilməsi məsələsinə və bundan sonra müddətin ötürülüb-ötürülməməsinə qiymət verməlidir. Bu zaman icra işi üzrə sənədlərdən də (cavabdehin qətnamədən hansı vaxtdan məlumatlı olub-olmaması faktından) istifadə oluna bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdeh1 şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(073)-27/2023 saylı qərardadı ləğv edilsin və Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(073)-27/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəyə baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1481/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1481/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver