Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1500/2024 26.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X2 Kompleksi” MMC-nin cavabdeh X4 oğluna qarşı pul tələbinə dair mülki işi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı "X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin (hakim T.Quliyev) 29 may 2024-cü il tarixli, e-2(036)-693/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı «X2 Kompleksi» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, «X2 Kompleksi» MMC-nin “X3 və Tədarükü” filialı və Cavabdeh arasında bağlanmış alqı-stqı müqaviləsinə əsasən cavabdehdən əsas borca görə 10800 manat, cərimə borcuna görə 2160 manat və ödənilmiş dövlət rüsumuna görə isə 129 manat olmaqla, cəmi 13089 manat məbləğində pulun alınaraq «X2 Kompleksi» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X2 Kompleksi» MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 256 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 39869.56 manat məbləğində avans vəsaitlər almış və müxtəlif xidmətlər qəbul etmişdir. Müqavilənin şərtinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verilməli olan xam pambığın qalan dəyərini müqavilədə göstərilmiş müddətə almalı olduğu halda, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməmiş, yaranmış borcdan yalnız 29069.43 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Nəticədə cavabdehin iddiaçıya 10800 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı «X2 Kompleksi» MMC-nin nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə rəsmi məlumat verməmişdir. Buna görə də onun mövqeyini müəyyən etmək mümkün olmamışdır. İmişli Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, e-2(036)-693/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, iddiaçı «X2 Kompleksi» MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 256 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli, 256 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdehdən 10800 manat məbləğində əsas borc, 200 manat məbləğində cərimə və dövlət rüsumu olaraq ödənilmiş 129 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı «X2 Kompleksi» MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, göstərmişdir ki, iddiaçı ilə aralarında olan müqavilənin şərtlərini iddiaçı pozmuşdur. Belə ki, iddiaçı müqavildə nəzərdə tutulmuş dərman vasitələrini vaxtında ona vermədiyi üçün o, həmin dərman vasitələrini vaxtında bitkiyə verə bilməmiş və nəticədə də məhsuldarlıq çox aşağı səviyədə olmuşdur. O, həmin vaxtı gedib bu barədə MMC-nin müdiriyyətinə öz etirazını bildirmiş və orada ona bildirmişlər ki, komissiya təşkil edib məsələni araşdıracaqlar və əgər o haqlıysa borc üzərindən silinəcəkdir, lakin heç bir araşdırma aparılmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, əgər iddaçı lazım olan dərman vasitələrini müqavilədə nəzərdə tutulduğu kimi vaxtı-vaxtında ona versəydi onda məhsuldarlıq da yüksək olardı və hazırkı problem yaranmazdı. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı və cavabdeh tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Qeyd olunan Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1 -ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1 -ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan «X2 Kompleksi» MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 256 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdehə istifadəsində olan 40 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib Alıcının mülkiyyətinə verməyi öz öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş göstərilən xidmətlər, anbardan buraxılan mal-material və bank hesabına köçürülən avans vəsaitlərin açıqlama cədvəli haqqında arayışla 23280 manat cəm nağd avans, 9085.06 manat xidməti avans, 7504.50 manat verilmiş məhsul avans olmaqla, 39869.56 manat məbləğində ümumi avans verildiyi, təhvil verilmiş xam pambıq 36490.32 kq, ödənilmiş avans borc 29069.43 manat, qalıq avans borc 10800.13 manat olduğu müəyyən edilir. İşdə olan 21 dekabr 2023-cü il tarixli üzləşmə aktı ilə müyyən olur ki, cavabdehin 10800.13 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 256 saylı müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə 20 faiz cərimə ödəməyi öz öhdəsinə götürmüşdür, buna uyğun olaraq cərimə məbləği 2160 manat təşkil edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Belə ki, iş materialları ilə müəyyən olur ki, «X2 Kompleksi» MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 256 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 39869.56 manat məbləğində avans vəsaitlər almış və müxtəlif xidmətlər qəbul etmişdir. Müqavilənin şərtinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrəborcunu bağladıqdan sonra, təhvil verilməli olan xam pambığın qalan dəyərini müqavilədə göstərilmiş müddətə almalı olduğu halda, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməmişdir. Göründüyü kimi nəticədə xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdehin cəmiyyət qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Hazırda cavabdehin Cəmiyyətə əsas borca görə 10800 manat və cərimə borcuna görə 2160 manat məbləğində borcu qalmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmişdir. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf buna əsas ola biləcək müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia üzrə mübahisələndirilən üzrə iddianın qiyməti 10000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar dövlət rüsumu cavabdeh tərəfin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, e-2(036)-693/2024 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1500/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1500/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver