Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1507/2023 27.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddiası üzrə İmişli Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(036)- 1315/2023 saylı qətnaməsindən (hakim Nümayəndə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi ilə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, 40010412 nömrəli 28 may 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 479.49 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun, 0.40 manat bank xidmət haqqının tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40010412 saylı 28 may 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 577.49 manat dəyərində nisyə aldığı mala görə 98 manat ilkin ödəniş etmiş, qalıq 479.49 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “Ferrum Kapital" QSC ilə "xxxx" MMC arasnda imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 479.49 manat məbləğində tələb hüququ “Ferrum Kapital" QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-ya keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasnda bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü bəndinə görə satıcı alıcıya təhvil - təslim aktnda (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmiş nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satcıya ödəyir. Tərəflər arasnda bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.8-cı bəndinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmş borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bu günə 479.49 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 284-5.1 və 284-5.2-ci maddələrinə müvafiq olaraq iddia ərizəsinin surəti 17 mart 2023-cü il tarixli bildirişlə cavabehə göndərilmişdi. 3 aprel 2023-cü il tarixdə cavabdeh "xxxx" MMC ilə aralarında 28 may 2022-ci il tarixdə bağlanmış 40010412 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun 0 manat təşkil etməsinə dair sonuncu tərəfindən 30 mart 2023-cü il tarixdə verilən arayışı birinci instansiya məhkəməsinə təqdim etmişdir. İmişli Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(036)-1315/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasya şikayəti verərək ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia əzirəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırımş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş arayışda cavabdehin "xxxx" MMC-yə borcunun olmadığı göstərillir. Birinci instansiya məhkəməsi 17 aprel 2023 saylı qətnaməni qəbul edərkən Mülki Məcəllənin 193, 194.2, 195, 199.2, 655, 657.4-cü maddələrinin şərtlərini pozmuşdur. Belə ki, "xxxx" MMC Cavabdeh qarşı olan tələb hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir və İddiaçı QSC Cavabdeh aid olan borc məbləğini "xxxx" MMC-yə ödəmişdir. Qeyd olunan halı sonuncular arasında bağlanmış faktorinq müqaviləsi və ona əlavə edilmiş R-xx/xx-0219 saylı saziş təsdiq edir. Bu səbəbdən "xxxx" MMC-də borclunun öhdəliyinin olmaması normal haldır. Əlavə olaraq "xxxx" MMC tələb hüququnu güzəşt etdiyinə görə, qeyd olunan tələb ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmək səlahiyyətində deyil. Bu səbəbdən sonuncu tərəfindən verilmiş arayışın sübut kimi qəbul edilməsi Mülki Məcəllənin 193.2-ci maddəsinə uyğun deyil. İmişli Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilən zaman Mülki Məcəllənin 194.2-ci maddəsi nəzərə alınmamışdır. Belə ki, "xxxx" MMC müqavilə üzrə tələbi güzəşt etdiyi üçün kreditor hesab olunmur. Bu səbəbdən qeyd olunan mülki iş üzrə heç bir maliyyə arayışı vermək səlahiyyətinə malik deyildir. Kreditor İddiaçı QSC olduğu üçün maliyyə arayışı və digər sənədlər onun tərəfindən verilməlidir. Buna görə "xxxx" MMC tərəfindən verilmiş arayış qeyd olunan mübahisə üzrə sübut hesab oluna bilməz. İmişli Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilən zaman Mülki Məcəllənin 195-ci maddəsi nəzərə alınmamışdır. Belə ki, borclu Cavabdeh tələbin güzəşti barədə bildiriş müqavilə bağlanan vaxtda (22 may 2022) təqdim edilmiş və borclu bildirişi almasını öz imzası ilə təsdiq etmişdir. Bu səbəbdən malda yaranmış hər hansı dəyişiklik barədə İddiaçı QSC-yə məlumat verilməli idi. Lakin borclu müqavilə üzrə aldığı malın qaytarılması barədə İddiaçı QSC-yə heç bir məlumat verməmişdir. İmişli Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilən zaman Mülki Məcəllənin 655-ci maddəsi nəzərə alınmamışdır. Belə ki, borclu Cavabdeh tərəfindən alınan malın "xxxx" MMC-yə qaytarılması məhkəmə tərfindən araşdırılmamışdır. İddiaçı QSC tərəfindən qeyd olunan müqavilə üzrə "xxxx" MMC-yə pul məbləğinin ödənilməsinə baxmayaraq, müqavilə üzrə malın təhvil-təslim aktını imzaladıqdan sonra qaytarması və bu barədə nə borclu Cavabdeh, nədə "xxxx" MMC tərəfindən İddiaçı QSC-yə heç bir məlumat verilməməsi, qeyd olunan müqavilənin yalnız görüntü üçün bağlandığı təəssüratını yaradır. İddiaçı QSC faktorinq müqaviləsinə əsaən "xxxx" MMC-yə 40010412 saylı 28 may 2022-ci il tarixli müqavilədə qeyd olunmuş məbləği tam olaraq ödəmişdir. Bu səbəbdən müqavilə üzrə Cavabdeh pul məbləğinin tutulması ilə bağlı iddiası qanuni və əsaslıdır. 40010412 saylı 28 may 2022 tarixli müqavilə üzrə borclu Cavabdeh borcun güzəşti barədə bildiriş təqdim olunmuş və qeyd olunan bildirişdə borcun İddiaçı QSC yə güzəşt olunduğu, ödənişlərin hansı formada həyata keçirilməsi aydın olaraq göstərilmişdir. Bu səbəbdən malın qaytarılması barədə məlumat da İddiaçı QSC yə verilməli idi. Lakin İmişli Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilən zaman göstərilmiş normaların heç biri nəzərə alınmamışdır. İmişli Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilən zaman həmin dövrdə borcludan malların qaytarılmasını təsdiq edən heç bir təhvil-təslim aktı tələb edilməmişdir. Yalnız "xxxx" MMC tərəfindən verilmiş arayış əsasında qərar qəbul edilmişdir. Bu isə malın həqiqətən geri qaytarılmasını sual altında qoyur. Əlavə olaraq alınmış malın qaytarılması səbəbi də məhkəmə tərəfindən araşdırılmamışdır. Bu isə müqavilənin görüntü yaratmaq və müqaviləni güzəşt etməklə İddiaçı QSC-dən pul almaq niyyəti ilə bağlandığına dəlalət edir. Qeyd olunanlara əsasən hesab edirlər ki, İmişli Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 394-1.3-cü maddəsinə müvafiq olaraq apellyasiya şikayətinə işdə olan sənədlər əsasında tərəflərin iştirakı olmadan, yazılı icraat qaydasında baxmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan prosessual hüquq normalarını tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 479.49 anat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli bildirişdən və qaimədən görünür ki, yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin 02 mart 2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin əsas məbləğ üzrə borcu 479.49 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 30 mart 2023-cü il tarixli arayışda qeyd olunur ki, Cavabdeh ilə aralarında 28 may 2022-ci ildə 40010412 saylı “nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi (Samsunq Galaxy A23(A235)4GB/64GB Orange) məhsuldan imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə borc məbləği azaldılmışdır. Hazırda 40010412 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borcu 0 manat təşkil edir. İddiaçıda 40010412 saylı müqavilə üzrə borcalanın adında olan 479.49 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür, 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir, Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir, 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür, 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər, 587.2-cü maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanun; 7-ci maddənin 1-ci hissəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir, 7-ci maddənin 2-ci hissəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İşin müəyyən olunan hallarına əsasən cavabdeh (alıcı) "xxxx" MMC (satıcı) ilə 28 may 2022-ci ildə bağladığı əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 577.49 manat təşkil edən bir ədəd “Samsunq Galaxy A23(A235)4GB/64GB Orange) markalı məişət avadanlığının 98 manat ilkin, qalıq dəyərinin isə hər ay 40 manat ödənişlər etməklə 12 ay müddətində ödənilməsi şərtləri daxilində satılması barədə razılığa gəlmişlər. Həmin tarixdə alıcı tərəfindən ilkin ödəniş edilmiş və məişət avadanlığı satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Eyni zamanda 28 may 2022-ci il tarixli bildirişlə satıcı tərəfindən müqavilədən irəli gələn pul tələbinin bütövlükdə İddiaçı QSC-yə (iddiaçı) güzəşt edildiyi, növbəti ödənişlərin hər ay İddiaçı QSC-yə ödənilməli olması alıcıya (cavabdehə) izah olunmuşdur. Lakin sonradan alıcı maldan imtina edərək satıcaya qaytarmışdır. İş materialları ilə satılan malın hansı əsaslarla qaytarıldığını müəyyən etmək mümkün olmasa da, satıcı tərəfindən malın geri qəbul edilməsi işin mübahisəsiz halıdır. Həmçinin satıcı mala görə faktor tərəfindən ona ödənilmiş 40010412 saylı müqavilə üzrə borcalanın adına olan 479.49 manat artıq borc qalığının öhdəlik olaraq ona aid olduğunu verdiyi arayışında təsdiq etmişdir. Kollegiya hesab edir ki, əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə alıcı aldığı malda qüsur və ya saxtalaşdırma aşkar etdiyi halda satıcıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malik olduğundan, satıcı isə istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə borclu olduğundan və bu proses artıq baş tutduğundan, iddiaçı olan faktor cavabdeh olan alıcıdan satıcaya qaytarılmış malın qalıq dəyərinin ödənilməsini tələb edə bilməz. Belə olan halda isə faktor satıcıya qaytarılan mala görə ödədiyi vəsaiti satıcıdan tələb etmək hüququnu özündə saxlamış olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı QSC-nin apellyasya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(036)-1315/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1507/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1507/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver