Məhkəmə qərarları › İş №2(106)-1511/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1511/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1511/2023 05.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(036)-106/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə, saat 17-00 radələrində Cavabdeh idarə etdiyi «Vaz 21063» minik markalı 30-BJ282 dövlət qeydiyyat nişanlı avtomobilin İmişli şəhəri ərazisində «Mitsubishi L 200» minik markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş sığorta hadisəsinə görə 3693,20 manat məbləğində sığorta ödənişi edildiyini göstərərək həmin məbləğin və 57,0 manat dövlət rüsumunun alınıb cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(036)-106/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 2859,0 (iki min səkkiz yüz əlli doqquz) manatın və ödənilmiş dövlət rüsumuna görə 48,59 (qırx səkkiz manat, əlli doqquz qəpik) manatın alınıb İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına keçirilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh tutularaq, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab № AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh İmişli Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(036)-106/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. İmişli Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinetə yüklənərək elektron imza ilə deyil, adi qaydada birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Yəni, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) tərtib edilmiş nüsxələrini iş materiallarına əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İmişli Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(036)-106/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar