Məhkəmə qərarları › İş №2(106)-1531/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1531/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1531/2025 23.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: subroqasiya qaydasında vurulmuş ziyan tələbi. Şirvan şəhəri, 23 oktyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X8, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə Lerik rayon Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2(048)- 29/2025 saylı qətnaməsindən (hakim Rövşən Xəlilov) İddiaçı ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5231,28 (beş min iki yüz otuz bir manat iyirmi səkkiz qəpik) manat sığorta ödənişi məbləğinin və 72,32 (yetmiş iki manat otuz iki qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC mülkiyyətində оlan «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 dövlət nömrə nişanlı avtоmоbilini xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tariхinədək bəzi hadisələrdən, о cümlədən yоlnəqliyyat hadisələrindən iddiaçı–"xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamışdır. Sığоrtalıya CSH200141757 nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2021-ci il yanvarın 20-də Cavabdeh idarə etdiyi “CHEVROLET NİVA” markalı, 99–SZ–229 dövlət nömrə nişanlı avtоmоbillə Lənkəran Lerik yolunun 54-cü km-də «MİTSUBİSHİ L200» markalı, 99–PN– 315 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Lerik DYPŞ-i tərəfindən xx.xx.2021-ci il tarixində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Lerik DYPŞ-in xx.xx.2021-ci il tarxili, TP4149029 nömrəliinzibati xəta haqqında tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən verilmiş Mİ-108177 nömrəli iş kartına əsasən hadisə nəticəsində «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 dövlət nömrə nişanlı avtomobilə 10531,28 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 10531,28 manat məbləği "xxxx" MMC-yə ödəmişdir. Cavabdeh idarə etdiyi “CHEVROLET NİVA” markalı, 99–SZ–229 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığından sonuncu tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixində "xxxx" ASC-yə 5000 manat sığorta ödənişi etmişdir. Beləliklədə, cavabdehin hazırda borcu 5 231,28 manat təşkil edir (10531,28 manat (zərər məbləği) – 5000 manat ("xxxx" ASC-nin ödədiyi vəsait) – 300 manat (CSH200141757 nömrəli sığorta şəhadətnaməsində nəzərdə tutulan şərtsiz azadolma məbləği) = 5 231,28 manat). Sığоrtalı CSH 78568 nömrəli sığоrta aktının V bəndində cavabdеhə qarşı subroqasiya tələbi hüququnun iddiaçıya vеrildiyini təsdiq еtmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin etiraz ərizəsiylə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə məhkəmə zərərin qiymətləndirilməsi ilə bağlı qərardad çıxarmış və iş üzrə zərər müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavadeh Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbini qəbul etmədiyini, göstərilmiş məbləğin şişirdilmiş və ziyanın 2000 manatdan artıq olmadığını bildirmişdir. Lerik rayon Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2(048)-29/2025 saylı qətnaməsi ilə İddia qismən təmin edilmiş, Cavabdeh 2335 (iki min üç yüz otuz beş) manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumunun 43,35 (qırx üç manat otuz beş qəpik) manat hissəsi məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və İddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsinə görə 36,16 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sığorta hadisəsinin baş verməsi, baş verdiyi sığorta hadisəsi nəticəsində iddiaçının maliyyə itkisinə məruz qalması işin mübahisələndirilməyən hallarıdır. İşin mübahisələndirilən halı isə sığorta ödənişinin məbləğindən ibarətdir. Sığortalı «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 dövlət nömrə nişanlı avtоmоbil "xxxx" şirkətindən alınmışdır. Həmin şirkət isə Mitsubishi-nin rəsmi nümayəndəsidir və avtomobil satışından başqa, servis xidmətləri də göstərir. «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 dövlət nömrə nişanlı avtomobilin rəsmi zəmanətin olduğunu nəzərə alaraq avtоmоbil "xxxx" şirkətində təmir olunmuş və bunun sübutu kimi 519948 nömrəli elektron qaimə iş materillarına əlavə edilmişdir. Bundan əlavə «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 dövlət nömrə nişanlı avtomobilin rəsmi zəmanətin olduğu haqda "xxxx" Şirkətinin məktubu iş materillarına əlavə edilmişdir. Əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində hüququ pozulmuş şəxs pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin (real zərər) ödənilməsini tələb etmək hüququna malikdir. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Bu baxımdan Lerik rayon Məhkəməsinin “X5” MMC-nin rəyini məhkəmə tərəfindən daha mötəbər və əsaslı hesab ediməsi kimi nəticəyə gəlməsi maddi və prosessual normalarının düzgün tətbiq edilməməsidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etmiş və onun dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddialarının tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti iddiaçıya münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM-1114.1) “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lerik rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən görünür ki, «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 dövlət nömrə nişanlı avtоmоbilini xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tariхinədək bəzi hadisələrdən, о cümlədən yоlnəqliyyat hadisələrindən iddiaçı–"xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamışdır. İş materiallarında olan CSH78568 saylı sığorta aktından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “CHEVROLET NİVA” markalı, 99–SZ–229 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi sığorta hadisəsinə görə "xxxx" ASC tərəfindən «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 dövlət nömrə nişanlı avtоmоbilə dəymiş ziyana görə 10231,28 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən hazırlanmış xx.xx.2021- ci il tarixli №519948 nömrəli elektron qaimənin surətindən görünür ki, «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 qeydiyyat nişanlı avtomobilin bərpası və təmiri üçün ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri 10531,28 manat təşkil edir. İş materiallarında olan “X5” MMC tərəfindən verilmiş 11 iyul 2025-ci il tarixli, AQM/İ 73-1606/2025 saylı ekspert rəyindən görünür ki, «MİTSUBİSHİ L200» markalı, 99–PN– 315 qeydiyyat nişanlı avtomobilin bərpası və təmiri üçün ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri 7635 manat təşkil edir. İş materiallarında olan Lerik Rayonu YPX Baş İnspektor Polis X1 tərəfindən hazırlanmış xx.xx.2021-ci il tarixli TP4149029 nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi iddia qismən təmin edilmiş qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlilləri əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində hüququ pozulmuş şəxs pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin (real zərər) ödənilməsini tələb etmək hüququna malik olmasından, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulmasından, bu baxımdan Lerik rayon Məhkəməsinin “X5” MMC-nin rəyini məhkəmə tərəfindən daha mötəbər və əsaslı hesab ediməsi kimi nəticəyə gəlməsindən ibarətdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qiymətləndirmə mərkəzinin təqdim etdiyi zərər aktına nəzər yetirdikdə məlum olur ki, nəqliyyat vasitəsinə dəymiş zərər onların təmir zamanı çəkdikləri xərcdən kəskin fərqlənir. Tərəflərindən bu hal araşdırılaraq aydınlaşdırılmışdır. Belə ki, zərər məbləğinin kəskin fərqlənməsinə səbəb yeni alınmış (5 il zəmanəti bitməmiş və servis təminatı olan) avtonəqliyyat vasitəsinin zəmanət üzrə servisində təmir olunması zamanı ödənilmiş ƏDV və ehtiyyat hissələrinin orjinal ehtiyyat hissələri ilə əvəz edilməsi olmuşdur. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Göründüyü kimi, cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində sığotalı nəqliyyat vasitəsinə zərər dəymişdir. Onlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə ilkin olaraq qanunvericiliyin tələbinə əsasən dəymiş zərər məbləği müəyyən edilərək zərərçəkənə tərtib olunmuş zərər aktında qeyd olunan zərər məbləğinin ödənilməsi təklif edilmiş, lakin, zərərçəkən təqdim olunan zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmiş və təmir olunmuşdur. Təmir mərkəzi tərəfindən təqdim olunmuş elektron qaimədə göstərilmiş təmir xərcləri köçürülmə vasitəsi ilə ödənilmişdir. Cavabdeh tərəfindən vurulmuş zərər onlar tərəfindən tam həcmdə qarşılanmış və nəqliyyat vasitəsi hadisədən öncəki vəziyyətinə çatdırılmışdır. Zərərçəkmiş nəqliyyat vasitəsinin tam həcmdə hadisədən əvvəlki vəziyyətə çatdırılması üçün ümumilikdə tərəflərindən 10531,28 manat xərc çəkilmişdir. Bununla da qanunvericiliklə üzərlərinə qoyulmuş öhdəliyin icrası tam həcmdə həyata keçirilmişdir. Lakin, cavabdehin hüquqa zidd hərəkəti ilə sığortalı əmlakı zədələməklə, korlamaqla və s. yolla zərəçəkənin maddi və qeyri-maddi nemətlərinə qəsd olunmuş, bu da öz növbəsində mənfi xarakterli əmlak nəticələrinə səbəb olmuşdur. Həmin nəticələri aradan qaldırmaq və pozulmuş hüquqları bərpa etmək zərərvuran tərəfindən zərərin əvəzinin tam həcmdə ödənilməsi yolu ilə aradan qaldırılmalıdır. Məhz zərərin zərərvuran şəxsin hesabına kompensasiya olunması mülkiyyətçinin zərər vurduğu ana kimi mövcud olan vəziyyətinin bərpa edilməsini təmin edir. Bu halda, zərərvuranın zərərçəkənə dəymiş zərəri tam qarşılamalı olduğundan, ümumilikdə təmir xərcləri də, (ƏDV daxil olmaqla) zərərvuran tərəfindən tam həcmdə ödənilməli idi. Lakin hazırkı iş üzrə qiymətləndirici bu halları nəzərə almamışdır. Belə çıxır ki, zərərçəkmiş nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsini özü öz evində təmir etdirməli idi ki, əlavə xərclər ödəməsin. Belə ki, zərərçəkən nəqliyyat vasitəsini təmir edən təmir mərkəzi vergi orqanında qeydiyyatdan keçmiş, əldə etdiyi gəlirə münasibətdə vergi verən tərəfdir. Təbii ki, bu zaman göstərdiyi xidmətə görə əlavə olaraq ƏDV-ni tələb etmək hüququdur. Bununla da, zərərvuran qanunvericiliyin tələbinə əsasən zərərçəkənin pozulmuş əmlak hüquqlarını bərpa etmək üçün çəkilən bütün xərcləri ödəməlidir.Təsvir etdikləri hallara münasibətdə isə zərərçəkənin hüquqları dolayısı ilə sığortaçıya keçdiyindən tələb etmək hüququ sığorta şirkətinin hüququ olduğundan çəkilmiş xərcdə bütünlükdə sığorta şirkətinə qaytarılmalıdır. Göründüyü kimi dəymiş zərərin qiymətləndirilməsi məhz sığorta şirkətinin üzərinə öhdəlik olaraq qoyulmuşdur. Qiymətləndirmə zamanı hər hansı ekspertiza rəyinin alınmasından söz getmir. Beləliklə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Lənkəran Lerik yolunun 54-cü kilometrliyində Cavabdeh idarə etdiyi “CHEVROLET NİVA” markalı, 99–SZ– 229 dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASC tərəfindən CSH200141757 saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Hadisə ilə əlaqədar Lerik Rayonu YPX-nin xx.xx.2021-ci il tarixli TP4149029 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir.Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə CSH78568 saylı sığorta aktı tərtib edilməklə "MİTSUBİSHİ L200" markalı, 99–PN–315 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üzə 10531,28 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.Diamond Motors” MMC tərəfindən hazırlanmış xx.xx.2021-ci il tarixli №519948 nömrəli elektron qaimənin surətindən görünür ki, «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 qeydiyyat nişanlı avtomobilin bərpası və təmiri üçün ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri 10531,28 manat təşkil edir. Lakin X5” MMC tərəfindən verilmiş 11 iyul 2025-ci il tarixli, AQM/İ saylı ekspert rəyindən görünür ki, «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 qeydiyyat nişanlı avtomobilin bərpası və təmiri üçün ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri 7635 manat təşkil edir. Cavabdeh idarə etdiyi “CHEVROLET NİVA” markalı, 99–SZ–229 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığından sonuncu tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixində "xxxx" ASC-yə 5000 manat sığorta ödənişi etmişdir. Beləliklədə, cavabdehin hazırda borcu 2335 manat təşkil edir (7635 manat (zərər məbləği) – 5000 manat ("xxxx" ASC-nin ödədiyi vəsait) – 300 manat (CSH200141757 nömrəli sığorta şəhadətnaməsində nəzərdə tutulan şərtsiz azadolma məbləği) = 2335 manat). Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az (52xx.xx-2335= 2896.28 manat) olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik rayon Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2(048)-29/2025 saylı qətnaməsi İddiaçı ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayəti verilə bilinməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar