Məhkəmə qərarları › İş №2(106)-1546/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1546/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1546/2023 04.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(036)-550/2023 saylı qətnaməsindən (hakim Ü.Qənbərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında "pul" tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, 09 sentyabr 2021-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən 1590 manat gecikdirilmiş borcun, 127.2 mnanat cərimənin və 37.58 manakt ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında 09 sentyabr 2021-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ümumi dəyəri 1690 manat olan malı qəbul edib, razılaşdırılmış formada ödəniş cədvəlinə uyğun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçəmsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə müvafiq olaraq cavabdehə iddia ərizəsinin surəti, hüquq və vəzifələrinin izahı barədə rəsmi bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etiraz verilməmişdir. İmişli Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(036)-550/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin qətnaməsi ilə hüquqları pozulmuşdur. Aşağıda qeyd olunanlarla sözügedən qətnamənin qanunsuz və əsassız olması aydın şəkildə görünür. Onlar artesian suyundan istifadə edirdi. İddiaçı 2021-ci ildə gətirib həyətinə su təmizləyici qurğu qoyub dedi ki, bu qurğu artesian üçündür, təmiz su içəcəksiniz. Onlara 50 manat ilkin ödəniş etdirdi. Səhəri gün gördü ki, filtirdən iy gəlir, suyu içə bilmədilər. 2 gün sonra iddiaçının telefon nömrəsinə zəng edib dedi ki, aparat yararsızdır, suyundan istifadə etmək mümkün deyil, acı dadı verir, gəlin götürün. Dedilər gəlib filtri dəyişərik. Gəlmədilər. Gəlib aparatlarını götürmək əvəzinə, cərimə hesablayıb məhkəmədən qətnamə alıblar. Müqavilənin şərtlərini iddiaçı pozub, quraşdırdığı su aparatı suyu təmizləməyib. İddiaçının günahından keyfiyyətli su əldə edə bilməmişdir. Bu səbəbdən də hesab edir ki, qətnamə ləğv edilməlidir. Odur ki, həmin qətnamədən apellyasiya şikayəti verir. Müki Məcəllənin 581 və 587-ci maddələrləki hüquqları pozulub. Həmin maddi hüquq normasına əsasən satıcı alıcıya keyfiyyəti alğısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsini konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: Alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Məhkəmə iddiaçı tərəfindən satılmış su aparatının keyfiyyətsiz olmasını araşdırmayıb, bu hala hüquqi qiymət verməmişdir. Məhkəmə MPM-nin tələlərini pozaraq iddia ərizəsinin surətini ona göndərməmiş, iddia tələbi ilə tanış olmaq, etiraz və sübutlarını təqdim etmək hüququndan məhrum etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şikayətin dəlilləri nəzərə alınaraq Mülki Prosessual Məcəllənin 394-1.3-cü maddəsinə müvafiq olaraq 11 sentyabr 2023-cü il tarixli qərardadla işə məhkəmənin öz təşəbbüsü ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmədə iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin əsassəz olduğunu bildirib, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mövqeyini onunla əsaslandırdı ki, cavabdehin ünvanına quraşdırılmış su təmizləyici qurğu qüsurlu olsaydı, cavabdeh bu barədə baş ofisə məlumat verməli və qüsurların aradan qaldırılmasını tələb etməli idi. Lakin cavabdeh tərəfindən şirkətə bununla bağlı hər hansı bir yazılı müraciət daxil olmamışdır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmişdir və gəməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmamasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli KG-Bab3/2021 nömrəli Müqavilənin surətinə əsasən, Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 1690.00 manat dəyərində Kazimoff markalı su təmizləyici nisyə almışdır. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli KG-Bab3/2021 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 1590.00 manat əsasə borc, 127.20 manat cərimə hesablanmşdır. Müqavilənin 2.1-ci bəndinə əsasən malın adı, kəmiyyət və keyfiyyət göstəriciləri, komlektliliyi, çeşidi və digər rekvizitləri təhvil-təslim aktı ilə müəyyən edilir. Müqavilənin 2.6-cı bəndinə əsasən alıcı malı qəbul edərkən təhvil aktını imzalamaqla, təhvil aldığı malların keyfiyyətli, bu müqavilənin şərtlərinə uyğun, yeni (əvvəllər istifadə olunmamış) və qablaşdırılmış formada olmasını, satıcı tərəfindən istismar təlimatı və ya texniki pasportunda göstərilmiş komplektlilikdə təhvil verildiyini təsdiq edir. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı satıcıya mallara görə 1690 manat ödəyəcəkdir. Müqavilənin 5.1-ci bəndinə əsasən satıcı təhvil verdiyi malların keyfiyyəti və fasiləsiz istismarı üçün yalnız alıcıya veriləcək zəmanət talonundakı şərtlər əsasında zəmanət verir. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı bu müqaviləni imzaladıqdan və müvafiq zəmanət talonu ilə tanış olduqdan sonra gələcəkdə zəmanət şərtləri ilə bağlı satıcıya heçbir pretenziya irəli sürməyəcəyini bəyan edir. Müqavilənin 5.4-cü bəndinə əsasən satıcı qüsurlu mal satarkən alıcı qarşısında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7ci maddəsində (Qüsuru olan mal satılarkən istehlakçının hüquqları) nəzərdə tutulan məsuliyyəti daşıdığını bəyan edir. Müqavilənin 5.5-ci bəndinə əsasən mal o zaman qüsurlu formada satılmış hesab olunur ki, alıcı malı qəbul edərkən onda qüsurlar aşkar etmiş və bu barədə satıcıya yazılı məlumat vermişdir. Belə bir məlumat olmadıqda, qəbul edilmiş mal qüsurlu hesab edilmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir, 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə 09 sentyabr 2021-ci il tarixdə bağlamış olduğu “alğı-satqı” müqaviləsi üzrə almış olduğu malların dəyərini razılaşdırılmış qaydada ödəmək öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehə qarşı irəli sürdüyü öhdəliklərinin icrasından ibarət tələbi yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tam əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən satıcı təhvil verdiyi malların keyfiyyəti və fasiləsiz istismarı üçün yalnız alıcıya veriləcək zəmanət talonundakı şərtlər əsasında zəmanət verdiyindən, alıcının zəmanət talonunda nəzərdə tutulmayan hallara istinad etməsi əsaslı hesab oluna bilməz. Digər tərəfdən alıcı tərəfindən şikayətin dəlilləri ilə bağlı sübutlar verilməmiş, bununla bağlı satıcıya müqavilədə nəzərdə tutulan qaydada yazılı müraciət edilməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(036)-550/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar