Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1554/2025 22.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiası üzrə İmişli Rayon Məhkəməsinin e-2(036)-1483/2025 saylı, 21 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, MSK6314009 saylı və xx.xx.2023-cü il tarixli, MSK6314903-O saylı borc müqavilələrinə əsasən 2798 (iki min yeddi yüz doxsan səkkiz) manat əsas borcun və 58 (əlli səkkiz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MSK6314009 saylı borc müqaviləsinə əsasən, cavabdeh aldığı 1649 manat məbləğində məişət avadanlığına görə 65 manat ilkin ödəniş etmiş, qalıq məbləği 18 ay müddətində hər ay 88 manat olmaqla və xx.xx.2023-cü il tarixli, MSK6314903-O saylı borc müqaviləsinə əsasən cavabdeh aldığı 2250 manat məbləğində məişət avadanlığına görə 108 manat ilkin ödəniş etmiş, qalıq məbləği 18 ay müddətində hər ay 119 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2798 manat əsas borcu qalmışdır. Ona görə də, Cavabdeh xx.xx.2022-ci il tarixli, MSK6314009 saylı və xx.xx.2023-cü il tarixli, MSK6314903-O saylı borc müqavilələrinə əsasən 2798 (iki min yeddi yüz doxsan səkkiz) manat əsas borc və 58 (əlli səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi, 2856 (iki min səkkiz yüz əlli altı) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(036)-1483/2025 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, xx.xx.2022-ci il tarixli, MSK6314009 saylı və xx.xx.2023-cü il tarixli, MSK6314903-O saylı borc müqavilələrinə əsasən, 2798 (iki min yeddi yüz doxsan səkkiz) manat əsas borc və 58 (əlli səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2856 (iki min səkkiz yüz əlli altı) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçıya iddia ərizəsində qeyd edilmiş məbləğ qədər borcu yoxdur. O, ödəniş qrafikinə əsasən hər ay ödənişlərini etmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə yalnız iddiaçının təqdim etdiyi əsassız sübutlar əsasına qeyri-qanuni qətnamə qəbul etmişdir. Belə ki, o, iddiaçıya olan borcunun çox hissəsini ödəmişdir və bu barədə əlində sübutları vardır. Məhkəmə prosesdə onun iştirakını təmin etmədiyi üçün o, müdafiə hüququndan istifadə edə bilməmişdir. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalıdır. Məhkəmə heç bir araşdırma aparmadan yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında qeyri-qanuni qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 394-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MSK6314009 saylı borc müqaviləsinə əsasən, cavabdeh aldığı 1649 manat məbləğində məişət avadanlığına görə 65 manat ilkin ödəniş etmiş, qalıq məbləği 18 ay müddətində hər ay 88 manat olmaqla və xx.xx.2023-cü il tarixli, MSK6314903-O saylı borc müqaviləsinə əsasən cavabdeh aldığı 2250 manat məbləğində məişət avadanlığına görə 108 manat ilkin ödəniş etmiş, qalıq məbləği 18 ay müddətində hər ay 119 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun iddiaçıya borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirakının təmin edilmədiyini və müdafiə hüququndan istifadə edə bilmədiyini bildirsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.5.1-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehin şəxsiyyət vəsiqəsində göstərilmiş yaşayış yeri üzrə ünvanına məhkəmə bildirişi göndərmişdir. İş materiallarının 24-cü vərəqində mövcud olan poçt xəbərnaməsindən aydın olur ki, cavabdeh bildirişi şəxsən qəbul etmiş və iş üzrə məhkəmə mübahisəsindən məlumatlı olmuşdur. Buna baxmayaraq, cavabdeh nə etirazlarını, nə də həmin etirazları əsaslandıran hər hansı sübutu birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Belə olan halda, cavabdehin müdafiə hüququnun pozulduğu barədə dəlilləri əsassız hesab edilməlidir. Cavabdeh apellyasiya şikayətində iddia ərizəsində göstərilmiş borc məbləği ilə razı olmadığını göstərsə də, məbləğin şişirdilməsi və ya hesablanmasının düzgün aparılmaması barədə məhkəməyə hər hansı konkret dəlil və ya sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yalnız ümumi qaydada narazılıq bildirmək mübahisəli məbləğin yenidən hesablanması və ya məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas vermir. Buna görə də Kollegiya işə prosessual qənaət və məhkəmə icraatının səmərəliliyi prinsiplərinə uyğun olaraq ekspertiza təyin edilməsini zəruri hesab etmir. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.8-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə, Məhkəmə kollegiyası tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Qeyd edilən müddəaları hazırkı işin halları üzrə tətbiq edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin e-2(036)-1483/2025 saylı, 21 may 2025-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1554/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1554/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver