Məhkəmə qərarları › İş №2(106)-1559/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1559/2024

05.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1559/2024 05.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Ağcabədi Regional "Asan Xidmət” Mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı və çıxarışı ləğvi X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(017)-855/2024 saylı qətnaməsindən (hakim Rəşad Nuriyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Ağcabədi Regional "Asan Xidmət” Mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş Zeynalov Məmməd (Mamed) Burzu oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli 2V-175 saylı, xx.xx.2022-ci il tarixli, 2V-514 və 2V- 515 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********53-10301, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddialarını onunla əsaslandırmışdır ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ona qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Ağcabədi rayonu İmamqulubəyli kəndində 0,1643 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 142,80 kv.m fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə edilən pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir. Lakin, onun ümumiyyətlə miras əmlakın bölünməsi ilə bağlı heç bir məlumatı olmamış və sonradan ona məlum olmuşdur ki, xeyli saxta hüquq müəyyənedici sənədlər mövcuddur. Belə ki, o arxiv idarəsinə müraciət edərkən onun təsərrüfatbaşına kitabında adının qeyd edilmədiyi bildirilmişdir. Lakin, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının İmamqulubəyli kənd inzibati dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, o X13 məxsus təsərrüfatda olmuşdur və oradan ayrılması ilə bağlı heç bir sənəd mövcud deyildir. Daha sonra Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müraciət edərkən ona məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə X3, xx.xx.2022-ci il tarixdə X5 vərəsəlik hüququ haqqında şəhadətnamələr mövcuddur. Qeyd olunan miras əmlaka o və həyat yoldaşı sahiblik etmişlər. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(017)-855/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə xx.xx.2015-ci il tarixdə vəfat etmiş X7 qalan miras əmlakı ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti istənilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə X3, xx.xx.2022-ci il tarixdə X5 vərəsəlik hüququ haqqında şəhadətnamələr mövcuddur. Qeyd olunan miras əmlakına faktik olaraq o, və həyat yoldaşı X1 etmişdir, buna baxmayaraq birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamış, onun hüquqlarını kobudcasına pozan məhkəmə qətnaməsi qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Cavabdeh2 adından ailə üzvləri məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişlər. Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə məktub göndərərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, apellyasiya baxışına gəlməmişdir. Lakin İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən iş üzrə aşagıdakı sənədlər tədqiq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 074A saylı, KOD 60806028 nömrəli "Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X11, X4, Cavabdeh6, X15 və X12 ümumi birgə mülkiyyətinə Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisində 0,21 ha torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş **********099 reyestr nömrəli, xx.xx.2015- ci il tarixli çıxarışdan görünür ki, Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən 1,9298 ha torpaq sahəsinə hüquq sahibi kimi X8, Cavabdeh2, İddiaçı, Cavabdeh6, Cavabdeh7, X12 və Cavabdeh5 adları qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 03 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(017)-1375/2021 saylı qətnaməsinin surətindən görünür ki, X13 Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının İmamqulubəyli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 oktyabr 2015-ci il tarixli, AZ-İ saylı ölüm haqqında şəhadətnaməsindəki X17 qeydinin X13 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(017)-1375/2021 saylı qətnaməsinin surətindən görünür ki, Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisində fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,21 ha həyətyanı torpaq sahəsi ilə əlaqədar 15 dekabr 1998-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş JN 074 saylı, KOD 60806028 nömrəli "Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnaməsindəki Cavabdeh2 Sərixan qızı qeydinin Cavabdeh2, X23 qeydinin Cavabdeh7 və mərhum X20 qeydinin X16 məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(017)-123/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı və X14 tərəfindən Ağcabədi rayonu İmamqulubəyli kəndində 0,21 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələr cavabdehlər İddiaçı və X9 qadağan edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş **********53-10301 reyestr nönrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən 142,80 kv.m sahədən ibarət fərdi yaşayaş evində hüquq sahibi kimi Cavabdeh2, X11, Cavabdeh6, Cavabdeh7 və X12 adları qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 02 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş X11 vərəsələri Cavabdeh2, İddiaçı, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş X11 vərəsələri Cavabdeh2, İddiaçı, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, X21, Cavabdeh5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına (Cavabdeh2 10/35 pay, Cavabdeh3 2/35 pay, X10 2/35 pay, X18 2/35 pay, Cavabdeh4 1/35 pay, Cavabdeh5 1/35 pay, İddiaçı 1/35 pay, Cavabdeh6 8/35 pay və Cavabdeh7 8/35 pay) mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Şirvan Apelliyasiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(106)-199/2024 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023- cü il tarixli, 2(017)- 79/2023 saylı qətnaməsindən verdiyi pelliyasiya şikayəti təmin edilməmiş və Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(0l7)-79/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 22 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, JN 074A saylı, KOD 60806028 nömrəli "Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X11, X4, Cavabdeh6, X15 və X12 ümumi birgə mülkiyyətinə Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisində 0,21 ha torpaq sahəsi verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş **********099 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışda Ağcabədi rayon İmamqulubəyli kəndi ərazisində yerləşən 1,9298 ha torpaq sahəsinə hüquq sahibi kimi X8, Cavabdeh2, İddiaçı, Cavabdeh6, Cavabdeh7, X12 və Cavabdeh5 adları qeyd edilmişdir. X17 03 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(017)-1375/2021 saylı qətnaməsi ilə X13 Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının İmamqulubəyli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 oktyabr 2015-ci il tarixli, AZ-İ saylı ölüm haqqında şəhadətnamədəki X17 qeydinin X13 məxsus olması faktının müəyyən edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş **********53-10301 reyestr nönrəli, xx.xx.2022-ci il tarixli çıxarış alınmış, həmin çıxarışda Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən 142,80 kv.m sahədən ibarət fərdi yaşayaş evində hüquq sahibi kimi Cavabdeh2, X11, Cavabdeh6, Cavabdeh7 və X12 adları qeyd edilmişdir. Həmin çıxarışa əsasən 02 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmış, həmin şəhadətnamədə 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş X11 vərəsələri Cavabdeh2, İddiaçı, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 qeyd edilmişdir. Həmçinin 23 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmış və həmin şəhadətnamədə 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş X11 vərəsələri Cavabdeh2, İddiaçı, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, X21, Cavabdeh5 qeyd edilmişdir. Bundan sonra, Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi ilə Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına (Cavabdeh2 10/35 pay, Cavabdeh3 2/35 pay, X10 2/35 pay, X18 2/35 pay, Cavabdeh4 1/35 pay, Cavabdeh5 1/35 pay, İddiaçı 1/35 pay, Cavabdeh6 8/35 pay və Cavabdeh7 8/35 pay) mütənasib surətdə bölüşdürülməsi qət edilmiş və həmin qətnamə Şirvan Apelliyasiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(106)-199/2024 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, mirasın qəbuluna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin alınması zamanı heç bir qanun pozuntusuna yol verilməmiş və həmçinin də Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi ilə həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında əldə edilmiş miras əmlakın açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Kollegiya əlavə olaraq bildirir ki, iddiaçı 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş atası Zeynalov Məmməd (Mamed) Burzu oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli 2V-175 saylı, xx.xx.2022-ci il tarixli, 2V-514 və 2V- 515 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələri mübahisələndirir. Göründüyü kimi mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamələrdən biri xx.xx.2018-ci, digəri isə xx.xx.2022-ci il tarixində verilmişdir. İşdə olan notariat sənədlərindən, həmçinin işdə olan qətnamələrdən müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi vərəsəlik hüququ haqqında şəhadətnamələrinin mövcudluğundan ən azından Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi üzrə mülki iş üzrə araşdırma aparılan zaman məlumatı olmuşdur. Belə ki, bəhsi keçən qətnamə ilə Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına (Cavabdeh2 10/35 pay, Cavabdeh3 2/35 pay, X10 2/35 pay, X18 2/35 pay, Cavabdeh4 1/35 pay, Cavabdeh5 1/35 pay, İddiaçı 1/35 pay, Cavabdeh6 8/35 pay və Cavabdeh7 8/35 pay) mütənasib surətdə bölüşdürülməsi qət edilmiş və hazırkı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apelliyasiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(106)-199/2024 saylı qətnaməsi ilə Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, MM-nin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair İcmal Məktubda da göstərildiyi kimi MM-nin 1272-ci maddəsində nəzərdə tutulan müddətlər kəsici müddətlərə aiddir. Göründüyü kimi iddiaçı xx.xx.2018-ci, digəri isə xx.xx.2022-ci il tarixində verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin mövcudluğundan ən azından 2023-cü ilin əvvəllərindən məlumatlı olmuş, lakin mübahisə olduğunu bildiyi gündən iki ay ərzində həmin şəhadətnamələri mübahisələndirməmiş, bununla da 2 aylıq kəsici iddia müddətini ötürmüşdür. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(017)-855/2024 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar