Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1595/2023 27.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3161/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X2 tərəfindən yazılmış R-043984 nömrəli aktın etibarsız hesab edilərək həmin akt əsasında yazılmış 762 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu, Şağlakücə kəndində ata evində yaşayır. Həmin ev və elektrik sayğacı atası X1 adınadır. Əvvəllər həmin evdə 2 ailə yaşadıqları üçün iddiaçının özünə aid yaşayış yerinə də ayrıca sayğac qoyulmuşdur. Atası 2014-cü ildə vəfat etdikdən sonra da iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Evlərində 2 sayğac olduğu üçün o özünə aid sayğacdan istifadə etmiş və hər ay da ödənişlərini etmişdir. Atasına məxsus hissədə isə yaşayış olmadığı üçün yalnız qapıda gecələr bəzən 1 lampa yanmışdır. Bəzən də iddiaçının sayğacına aid həyət lampasını yandırdıqda onu heç istifadə etmirdilər. Lakin Lənkəran işıq idarəsinin işçiləri həmin sayğacın aylıq sərfiyyatının az olmasını əsas gətirərək kənar xəttdən istifadə etməsi ilə bağlı şübhə etdiklərini bildirərək xx.xx.2021-ci ildə R-043984 nömrəli akt yazaraq onu 762 manat cərimə etmişlər. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Amma həmin aktda nə iddiaçının, nə də ki hal şahidlərinin imzası yoxdur. Bu səbəbdən də o, həmin aktın etibarsız sayılması və yazılmış cərimənin silinməsi üçün məhkəməyə müraciət edir. Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(049)-3161/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Rəşad Məmmədov) İddiaçı "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, yəni iddianın (aktın etibarsızlığının) nə ilə sübuta yetirildiyini iddia ərizəsinin özündə göstərməmişdir. Halbuki, MPM-in 149.2.3-cü maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperativ şəkildə müəyyən olunmuşdur. Bundan başqa, iddiaçı iddia ərizəsində tələb etdiyi əmlakların qiymətləri ilə bağlı sübutları da iddia ərizəsinə əlavə etməmişdir. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(049)-3161/2023 saylı qərardadını ləğv etməklə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbində aktın heç bir əsası və sübutu olmadan, həmçinin ondan xəbərsiz yazıldığını, əlavə olaraq da yazılmış aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın həmin vaxt qüvvədə olmuş 8.33-cü bəndinin tələbləri pozulmaqla, yəni iddiaçının və hal şahidlərinin iştirakı təmin edilmədən yazıldığından qanunvericiliyin tələbinə əsasən onun etibarsız hesab edilməsi və həmin akt əsasında yazılmış 762 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. O, qərardadda göstərilən əsas səbəb kimi – “İddiaçı istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, yəni iddianın (aktın etibarsızlığının) nə ilə sübuta yetirildiyini iddia ərizəsinin özündə göstərməmişdir” cümləsi ilə razı deyil. Çünki yuxarıda da qeyd etdiyi kimi, aktın etibarsızlığına səbəb kimi həmin aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın həmin vaxt qüvvədə olmuş 8.33cü bəndinin tələbləri pozulmaqla tərtib edildiyini (iddiaçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib edildiyini) göstərmişdir. Digər hal isə həmin qərardadda “Bundan başqa, iddiaçı iddia ərizəsində tələb etdiyi əmlakların qiymətləri ilə bağlı sübutları da iddia ərizəsinə əlavə etməmişdir” cümləsi ilə bağlıdır. İddiaçı iddia ərizəsinə “Qoşma” hissəsində “Elektrik sayğacına dair saldo” sənədini də əlavə etmişdir ki, həmin sənəddə yazılmış akt və həmin akta hesablanmış cərimə məbləği dəqiqliklə qeyd edilmişdir. Bütün bu halların iddia ərizəsində qeyd edilməsinə və sübutların əlavə edilməsinə baxmayaraq, Lənkəran Rayon Məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Lənkəran Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(049)-3161/2023 saylı qərardadı ilə İddiaçı "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması haqqında Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, MPM-in 149.2-149.4-cü maddələrinin məzmunundan da göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3161/2023 saylı, 21 avqust 2023-cü il və 06 sentyabr 2023-cü il tarixli qərardadları ləğv edilməli, iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(049)-3161/2023 saylı qərardadından göründüyü ki, məhkəmə iddia ərizəsini 2 əsasa istinad edərək geri qaytarmışdır: 1) istinad edilən fakt və halları təsdiq edən sübutların siyahısının, yəni iddianın (aktın etibarsızlığının) nə ilə sübuta yetirildiyinin iddia ərizəsinin özündə göstərilməməsi; 2) iddia ərizəsində tələb edilən əmlakların qiymətləri ilə bağlı sübutların iddia ərizəsinə əlavə edilməməsi. İddiaçı istinad etdiyi sübutların bir neçəsinə iddia ərizəsinin məzmununda istinad etmiş, xx.xx.2021-ci il tarixli, R-043984 nömrəli aktın tərtib edildiyini bildirmiş, həmin aktın hansı səbəbdən etibarsız hesab edilməli olduğunu qeyd etmiş, ona akt əsasında 762 manat cərimə yazıldığını göstərərək, buna dair abunə haqqında cədvəli əlavə etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində bütün sübutların siyahısı sadalanmasa da, fakt və hallara istinad edilmiş, həmin halları təsdiq edən sübutlar göstərilərək iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, MPM-in 149.2.3-cü maddəsində qeyd edilmiş iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməsinə dair tələb hərfi mənada anlaşılmamalı, həmin sübutlara ayrılıqda istinad edilərək göstərilməsi də iddia ərizəsinin forma və məzmun ilə bağlı tələblərinə uyğun hesab edilməlidir. Bundan başqa, iddiaçı tərəfindən akt əsasında onun abonent hesabına yazılmış 762 manat cərimənin silinməsi də tələb edilmiş, həmin məbləğin təsdiq edilməsi üçün iş materiallarının 9-11-ci vərəqlərində olan abunə haqqında cədvəl iddia ərizəsinə əlavə edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması üçün istinad etdiyi ikinci hal da əsaslı sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla, prosessual hüquq normalarını pozmuşdur. Odur ki, şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3161/2023 saylı, 21 avqust 2023-cü il və 06 sentyabr 2023-cü il tarixli qərardadları ləğv edilməli, iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 361, 363, 385.1, 397, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3161/2023 saylı, 21 avqust 2023-cü il və 06 sentyabr 2023-cü il tarixli qərardadları ləğv edilsin. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1595/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1595/2023
27.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver