Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-162/2023 28.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun iştirakı ilə, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi) Astara rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə 0.06 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 1550A Kod 80112028 şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə Astara Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(018)-814/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi (bundan sonra - 10 saylı Lənkəran Ərazi İdarəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(018)-814/2022 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi) Astara rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə 0.06 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 1550A Kod 80112028 şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, Astara rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə Astara rayonu Şiyəkəran kənd ərazisində verilmiş 0,06 hektar torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair qeyd edilmiş, JN 1550A Kod 80112028 saylı şəhadətnaməsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi və mülkiyyət hüququ əsasında adına dövlət reyestrində qeydə alınması qət edilmişdir. Maraqlı şəxs 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Astara Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(018)-814/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılması xahiş edilmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizəsi onunla əsaslandırılmışdır ki, ona Astara rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə 0.06 hektar torpaq sahəsi verilmişdir. Bu barədə JN 1550A, Kod 80112028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Lakin həmin şəhadətnamədə səhvən onun adı “Cəbiyev Fəyaz Zeydulla oğlu” kimi qeyd edilmişdir. Nəticədə onun JN 1550A, Kod 80112028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən torpaq sahəsindən istifadə və mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı şəxs 10 saylı Lənkəran Ərazi İdarəsinin apellyasiya şikayəti onunla onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsi 28 iyul 2022-ci il tarixli 2(018)-814/2022 saylı qətnamə çıxararkən maddi və prossesual hüquq normalarını pozaraq qeyri-obyektiv qətnamə qəbul etmiş, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamışdır. Astara Rayon Məhkəməsi qəbul etdiyi 28 iyul 2022-ci il tarixli 2(018)- 814/2022 saylı qətnaməsində ilk növbədə hazırkı iş üzrə ərizəçi tərəfindən mübahisələndirilən ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-1550A nömrəli torpağın mülkiyyətə verilməsinə dair “şəhadətnamə”nin həmin şəxsə məxsus olması barədə (hüquqi əhəmiyyətli faktın tanınmasına münasibətdə) iddia tələbinə baxılmalı olduğu halda, nədənsə iddia predmetindən kənara çıxılmış, hüquqi əhəmiyyətli faktla yanaşı həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə iddiaçının adına dövlət reyestrində qeydə alınması qət edilmişdir. “Həvalə edilən” maraqlı şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi inzibati orqandır. Lakin işə baxılarkən Astara Rayon Məhkəməsi tərəfindən əsas iddia predmetindən kənara çıxılmış, JN-1550A nömrəli həmin hüquqmüəyyənedici sənəd üzrə hüquqi əhəmiyyəti fakt tanınmış, eyni zamanda ərizəçinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması qət edilmişdir. iş üzrə ərizəçinin tam mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-1550A nömrəli şəhadətnamə üzrə göstərilən torpaq sahəsi müayinə edilmiş və məlum olmuşdur ki, vətəndaşın faktiki istifadəsində olan həmin ərazi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş DWG (xəritə) baza məlumatlarına əsasən JN-1166 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə Ərizəçi qardaşı Zeydulla Cəbiyev üçün (6 nəfərdən ibarət ailə üzvü) ayrılmış torpaq sahəsi ilə (bir planşet üzrə 3500,00 kv.m) üst-üstə düşür. Eyni zamanda məlum olmuşdur ki, hazırki iş üzrə iddiaçının faktiki istifadəsində olan həmin torpaq sahəsinin 50-60 metrlik aralıq məsafəsində onun digər qardaşı Barat Cəbiyevə məxsus fərdi yaşayış evi vardır və bu səbəbdən torpaq sahəsi ilə bağlı qardaşlar arasında mübahisə mövcuddur. JN-1166 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının arxiv nüsxəsi mövcuddur, həmin aktla bağlı qeydiyyat kitabında, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş DWG (xəritə) və DBF (siyahı) baza məlumatlarında müvafiq qeydlər aparılmışdır. Astara rayonunun Şiyəkəran kəndində yerləşən 0,06 ha torpaq sahəsi JN-1550A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında iş üzrə iddiaçı Ərizəçi (əslində həmin şəhadətnamədə iddiaçının ata adı Zeydulla kimi qeyd olunmuşdur) üçün ayrılmış və həmin şəhadətnamənin arxiv nüsxəsi mövcud deyildir, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş DWG (xəritə) və DBF (siyahı) baza məlumatlarında müvafiq qeydlər aparılmışdır. Həmin kənd üzrə şəhadətnamələrin qeydiyyat kitabı isə Ərazi İdarəsinə təhvil verilməmişdir. JN-1550A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə ayrılmış torpaq sahəsi ilə Ərizəçi faktiki istifadəsində olan torpaq sahəsi arasında DWG (xəritə) baza məlumatlarına əsasən təxminən 350-400 metrlik aralıq məsafə vardır. Həmin ərazi DWG (xəritə) baza məlumatlarına əsasən bələdiyyənin ehtiyat fondu (BEF) torpaqları kimi qeyd edilmişdir. Buna görə də, Astara Rayon Məhkəməsinin 2(018)-814/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Ərizəçi 14 fevral 2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də apellyasiya şikayətinin təmin edilmədən, Astara Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(018)-814/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxs 10 saylı Lənkəran Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Astara Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(018)-814/2022 saylı qətnaməsi ”mülkiyyət hüququ əsasında adına dövlət reyestrində qeydə alınması” hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 29 may 1958-ci il tarixdə Astara rayonu Hamoşam kəndində anadan olmuşdur. İşdə olan JN 1550A, Kod 80112028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı əsasında Astara rayonu Şiyəkəran kəndində Cəbiyev Fəyaz Zeydulla oğlunun mülkiyyətinə 0,06 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cəbiyev Fəyaz Bəhman oğlunun JN 1550A Kod 80112028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbi barədə iddiasının təmin olunması haqqında Astara Rayon Məhkəməsinin 07 oktyabr 2019cu il tarixli 2(018)-938/2019 saylı qətnaməsi ləğv edilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, Ərizəçi Astara rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə 0.06 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 1550A Kod 80112028 şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməsi hissədə Astara Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(018)-814/2022 saylı qətnaməsi tam qanuni və əsaslıdır. Belə ki, həmin faktı təsdiq edən sənədlərin başqa qaydada əldə edilməsinin mümkünsüzlüyü iş üzrə sübutlarla təsdiqini tapmışdır. Habelə, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətində Cəbiyev Fəyaz Bəhman oğlunun adına olan JN 1550A, Kod 80112028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi haqqında Astara Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli 2(018)-938/2019 saylı qətnaməsinin mövcudluğu barədə dəlilinə dair qeyd edilməlidir ki, həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və buna görə də, adıçəkilən Şəhadətnamə hazırda qüvvədədir. Bundan əlavə, kollegiya apellyasiya şikayətinin digər dəlili olan birinci instansiya məhkəməsinin iddia predmetindən kənara çıxaraq hüquqi əhəmiyyətli faktla yanaşı həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə ərizəçinin adına dövlət reyestrində qeydə alınması hissədə qeyd edir ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, iş materiallarından və Astara Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(018)-814/2022 saylı qətnaməsindən aşkar görünür ki, birinci instansiya məhkəməsi həqiqətən də hüquqi əhəmiyyəti olan fakt olaraq hüquq müəyyənedici sənəd - JN 1550A, Kod 80112028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Cəbiyev Fəyaz Bəhman oğluna məxsus olması faktını müəyyən etməklə bərabər, iddia tələbindən kənara çıxaraq, yəni qanunda göstərilən hər hansı müstəsna hal olmadığı halda mülkiyyət hüququ əsasında onun adına dövlət reyestrində qeydə alınmasını da qət etmişdir. Bu səbəbdən də, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin adıçəkilən dəlili həmin hissədə qətnamənin ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin Astara rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə Astara rayonu Şiyəkəran kənd ərazisində verilmiş 0,06 hektar torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair qeyd edilmiş, JN 1550A, Kod 80112028 saylı şəhadətnaməsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməklə “mülkiyyət hüququ əsasında adına dövlət reyestrində qeydə alınması”nın qət edilməsinə dair hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Ona görə də, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(018)- 814/2022 saylı qətnaməsi qismən - “mülkiyyət hüququ əsasında adına dövlət reyestrində qeydə alınsın” hissədə ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 78.1, 89.1, 217.2, 372, 376.2, 385.1.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(018)-814/2022 saylı qətnaməsi qismən - “mülkiyyət hüququ əsasında adına dövlət reyestrində qeydə alınsın” hissədə ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-162/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-162/2023
28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver