Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1623/2024 09.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran oğlunun katibliyi, iddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin sədri X2, müstəqil tələb irəli sürən üçüncü şəxs X4, onun nümayəndəsi Nümayəndə2, Cavabdeh, onun nümayəndəsi Nümayəndə3 iştirakları ilə, iddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(064)- 11/2024 saylı qətnaməsindən (hakim E.İsmayılov) cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsi Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən bələdiyyə fonduna aid gediş-gəliş yolu üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Füzuli rayonu, Qarabağ kəndində müvəqqəti məskunlaşmış Cavabdeh yaşadığı Qarabağ kəndi ərazisində evinin qarşı tərəfində bələdiyyə fonduna aid olan gediş-gəliş yolunun ərazisinə çıxaraq qanunsuz tikinti işləri aparmış və gediş-gəlişə mane olmuşdur. Bununla əlaqədar olaraq ona dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə olmamış, zəbt etdiyi ərazini boşaltmamışdır. Odur ki, bələdiyyə iclas keçirmiş və belə bir nəticəyə gəlmişdir ki, məhkəməyə müraciət olunsun. Ona görə də, qanuni maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X7 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması” tələbi ilə müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə qarışaraq, Füzuli rayonu, Qarabağ kəndində yerləşən, faktiki istifadə etdiyi yaşayış evinə gedən yolda cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürməklə işə qarışan üçüncü şəxs X7 iddiasını onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə məcburi köçkün kimi Füzuli rayonunun Qarabağ kəndində müvəqqəti məskunlaşmışdır. Cavabdeh da həmin kənddə onlarla qonşuluqda yaşayır. Cavabdeh evinin qarşısında, bələdiyyə fonduna məxsus torpaqda əlavə tikili inşa edərək onun evinə olan gediş-gəliş yolunu bağlamışdır. Artıq neçə aydır ki, qonşunun çəpərini sökərək onun həyətindən çətinliklə də olsa evinə gedə bilir. Dəfələrlə cavabdehdən evinə gedən yolun açılmasını xahiş etsə də, cavabdeh onun xahişlərinə məhəl qoymamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin sədri İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 iddiasında göstərilən xüsusatları bir daha təsdiq edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, onun apardığı tikinti iddiaçıya məxsus torpaq sahəsinin ərazi hüdudlarının daxilində deyil. Füzuli Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(064)-11/2024 saylı qətnaməsi ilə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin olunaraq, Cavabdeh tərəfindən Füzuli rayonu, Qarabağ kəndində inşa edilmiş qanunsuz tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza qarşısında işin tərəflərin hüquq və azadlıqlarının müəyyən edilldiyi qaydada suallar deyil, mahiyyəti həll etməyən suallar qoyulmaqla, işin əsl mahiyyəti üzrə qərar çıxarılmamaqla, cavabdehin hüquqları kobud surətdə pozulmuşdur. Birinci instansiya məhkəməsi işi araşdırarkən ən yüksək hüquq normasını pozmaqla, yekun nəticəyə gəlmişdir. Belə ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi daxilində inşa edilmiş tikilinin tamamilə sökülməsini qət etmişdir. Halbuki iş materillarında olan istər ekspert rəyində, istərsə də mütəxəssis rəyində cavabdehin 0.96 ha torpaq sahəsindən istifadəsi göstərilmişdir. Məhkəmə tərəfindən cavabdehin torpaq sahəsinə daxil olması müəyyən edilsədə, tikilinin məhz hansı hissəsinin həmin sahəyə düşməsi dəqiqləşdirlməmişdir. Məhkəmə bu hissədə ətraflı araşdırma aparsaydı tikilinin bəlkədə həmi sahəyə düşmədiyi məyyən olunardı. Yəni cavabdehin istifadə etdiyi torpaq sahəsinin miqdarı ilə tikilinin hansı hissədə torpaq sahəsinə daxil olması məfhumları aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi tikilinin sökülməsi məsələsini həll edərkən birinci növbədə həmin tikilinin yerləşdiyi torpaq sahəsi ilə cavabdehin mülki hüquq bağlılığı müəyyən edilməli idi. Həmin torpaq sahəsi uzun illərdir ki, cavabdehin sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsi 2007-ci ildən öncədən, yəni Bələdiyyələr yaradılmamamışdan əvvəl cavabdehin istifadə və sahibliyində olmuşdur və həmin torpaq səhəsi üzərində cavabdehin gözlənilən mülkiyyət və icarə hüququ mövcuddur. İş materillarındandan göründüyü kimi həmin torpaq sahəsinin satılması və ya icarəsi ilə bağlı Füzuli rayonu Əhmədbəyli kənd bələdiyyəsinin heç bir təklifi olmamış və cavabdeh uzun illərdir həmin torpaq sahəsində istifadə ilə bağlı mübahisə yaratmamışdır. Bundan başqa iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxsin ümumiyyətlə hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, iş materiallarında iddiaçı Əhmədbəyli kənd bələdiyyəsinə məxsus çıxarış mövcud olsa da, üçüncü şəxsin belə bir iddianı qaldımaq üçün subyektiv hüququnu təsdiqləyəcək mülkiyyət sənədi məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə yekun nəticəyə gələrkən 3-cü şəxsində iddiasını təmin etmişdir. Məhkəmə tikilini tamamilə sökməklə cavabdehin mülkiyyət hüququnu pozmuşdur. Belə ki, həmin tikilinin hansı hissəsinin cavabdehin mülkiyytəində olan torpaq sahəsi hüdudlarına düşməsi aydınlaşdırılmamışdır. Göründüyü kimi hazırki iş üzrə sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, iddiaçı verdiyi tələbində yalnız özünə məxsus hüquq və mənafelərinin müdafiəsi və təsdiq edilməsi üçün məhkəməyə müracitə edə bilərdi. Məhkəmə işi araşdırarkən hazırki iddia ptedmetinin üçüncü şəxsin hansı hissədə hüquqlarını pozmasını araşdırmamışdır. Üçüncü şəxsin ümumiyyətlə istifadə etdiyi torpaq sahəsini hansı əsaslarla istifadə etməsi, həmin sahəyə dair dövlət tərəfindən onun mülkiyyət hüququnun qorunub-qorunmamsı aydınlaşdırlmamışdır. İddianın üçüncü şəxsə münasibətdə hansı əsasla təmin edilməsi başadüşülən deyildir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya şikayətini qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə vermişdir. Belə ki, məhkəmə qətnaməsi cavabdehin ünvanına məhkəmə tərəfindən rəsmi göndərilmişdir. Həmçinin bu məsələ ilə bağlı dəfələrlə icra hərəkətləri aparılmış, Cavabdeh icra və probasiya orqanı tərəfindən rəsmi xəbərdarlıqlar edilmiş və o, həyata keçirilən icra tədbirlərində iştirak etmişdir. Cavabdeh bu apellyasiya şikayətini qanuni məhkəmə qətnaməsinin icra olunmasına mane olmaq üçün vermişdir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X7 apellyasiya şikayətinə qarşı yazılı etiraza əlavə təqdim etmiş və bildirmişdir ki, Cavabdeh ilkin olaraq məhkəməyə müraciət etdiyi ərizəsində məhkəməni yanlış yönləndirmək və qanunsuz tikili apardığı ərazinin onun yaşayış ünvanında olduğunu bildirmək üçün yaşayış yeri kimi Füzuli rayon Qarabağ kəndini göstərmişdir. Sonradan əslində aldığı və xəbəri olduğu qətnamənin ona gəlib çatmamması barədə məhkəməni yanlış yönləndirmək üçün yaşayış yerinin Füzuli rayon Şpartı adlanan ərazi olduğunu bildirmişdir. Beləliklə Cavabdeh əslində xeyli müddət əvvəl aldığı qətnamədən müddəti ölürməklə şikayət vermiş, icra və probasiya şöbəsi isə qanunsuz olaraq işin icraatını dayandırmışdır. Həmçinin Cavabdeh onların rəsmi məlumatlarının, konkret olaraq torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi qanunsuz olaraq və imzalar saxtalaşdırılaraq əldə etdiyinə görə Füzuli rayon Prokurorluğuna və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. X3 X5 (TEKUİS) əsasən Cavabdeh Füzuli rayon Qarabağ kəndi ərazisində tikdiyi qanunsuz yarım tikilinin yerləşdiyi torpaq sahəsi Füzuli rayonu Əhmədbəyli kənd bələdiyyəsinin mülkiyyətində olan, ümumi istifadədə olan torpaq sahəsidir. Beləliklə Cavabdeh qanunsuz və əssasız olaraq apellyasiya şikayəti verməklə Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsinin icrasına qəsdən mane olur, bu işdə Füzuli rayon icra və probasiya şöbəsinin rəisi ilə Cavabdeh yaxın münasibətləri olduğuna görə ona kömək edir. Hətta şöbənin rəisi Cavabdeh hüquqi yardım göstərilməsinə köməklik edir. İndiyə qədər onların işinin icra olunmamasının səbəbkarı icra və probasiya şöbəsinin digər tərəfə kömək etməsidir. Füzuli rayon icra və probasiya şöbəsi tərəfindən hər dəfə simvolik günlər təyin edilmiş, lakin işin real icrası üçün hər hansı konkret addımlar atılmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Sabir onun doğma qardaşıdır, həmin torpaq sahəsini əvvəllə ümumi yer kimi istifadə etmişlər. Orada tikinti işləri aparanda Sabir ona xeyir-dua vermişdir. Orada 4 metr enində, 5 metr uzununda qaraj kimi istifadə olunan yer tikmişdir. Həmin sahəyə 2 yerdən maşın yolu və piyada yolu var. Əgər qardaşı desəydi ki, tikmə, tikməzdi. Ora xərc çəkmişdir, öz evi olan 0.9 ha torpaq sahəsinə də sənədi yoxdur, məburi köçkün kimi məskunlaşmışdır. Tikili apardığı torpaq sahəsinə də bələdiyyə sənədi almamışdır. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı Füzuli rayon Əhmədbəyli bələdiyyəsinin sədri X6 bələdiyyənin iddiadan imtina etdiyini bildirib, bununla bağlı ərizə təqdim etdi. Bələdiyyə sədri mövqeyini onunla əsaslandırdı ki, əslində mübahisə tərəfləri Sabir və Şəmsəddin qardaşlarıdır. Səhərisi günü barışacaqlar, ona görə bələdiyyə sədri olaraq iddianı müdafiə etmir. Məhkəmədə müstəqil tələb irəli sürən üçüncü şəxs X7, onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, bələdiyyə sədrinin iddiadan imtinasının qəbul olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddiaların rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirir. Ona görə də, məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi və həmin rəy əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli ekspert rəyindən görünür ki, Füzuli rayonu, Qarabağ kənd ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi mövcud baza məlumatlarının toplandığı TEKUİS-ə əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla Füzuli Rayonu Əhmədbəyli Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsidir. Qeyd edilən ərazidə yerləşən, cabadeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin yerləşdiyi 0.96 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 27.2. Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Torpaq Məcəlləsi : Maddə 5 . Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri ;
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması ;
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla, gediş-gəliş yolu kimi istifadə olunan ümumi istifdədə olan torpaq sahəsi olmasını, cavabdehin heç-bir qanuni əsas olmadan həmin yolu zəbt edərək üzərində qaraj tikilisi tikməsini, bununla bələdiyyə ərazisində yaşayan və yoldan istifadə edən, o cümlədən müstəqil tələblər irəli sürməklə işə qarışan üçüncü şəxsin hüquqlarını pozmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə yuxarıda sadalanan maddi hüquq normalarının pozuntusuna yol verməmişdir. Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv oluna bilməz. Kollegiya həmçinin bələdiyyə sədrinin tələbdən imtinasına tənqidi yanaşaraq hesab edir ki, bələdiyyə ictimai mənafelərdən çıxış edərək bələdiyyə üzvlərinin ümumi yığıncağında qəbul edilmiş qərar əsasında hazırki iddianı verdiyindən, bələdiyyə sədrinin təkbaşına həm bələdiyyə üzvlərinin ümumi yığıncağının qərarı olmadan, həmdə ictimai mənafe təmin olunmadan tələbdən imtina etmək kimi hüququ yoxdur, imtina qəbul edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1n apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(064)-11/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov