Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1634/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Açar sözlər: aktın etibarsız hesab edilməsi və borcun silinməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5, (sədrlik edən, məruzəçi) Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(018)-765/2024 saylı qətnaməsindən (hakim İlqar Məmmədov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa nəzarət idarəsi tərəfindən tərtib olunmuş 06 mart 2024-cü il tarixdə, 331814 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1067,51 manat ziyanın (borcun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, Astara rayonu Ərçivan kəndində yaşayır. Yaşadıqları evə Azərişıq ASC-nin Astara şəbəkəsi tərəfindən smart kart tipli elektrik sayğac quraşdırılmışdır. O hər dəfə öncədən sayğac kartına ödəniş etməklə işıqdan istifadə etmişdir. Bu ilin mart ayının sonlarından başlayaraq hər dəfə karta pul yükləyəndə ödədiyi məbləğin yarısını kartdan silməyə başlamışlar. Bu barədə kəndin nəzarətçisinə bildirəndə, nəzarətçi bundan xəbəri olmadığını bildirmişdir. Astara şəbəkəsinə müraciət edəndə isə ona bu ilin mart ayında evində kənar xətt olduğu üçün barəsində 331814 nömrəli akt yazıldığı və həmin cəriməni ödəməsə evə gələn işığı da dayandıracaqlarını bildirmişlər. Evində heç vaxt kənar xətt olmadığı üçün həmin aktı qanunsuz hesab edir, onun nə vaxtı yazıldığını, evində hansı kənar xətti aşkar etdiklərini soruşsada idarədən heç nə bilmədiklərini deməklə ona cavab verməkdən imtina etmişlər. Evində heç vaxtı kənar xətt olmamış, sayğac da kart sistemi olduğu üçün öncədən ödəniş etməklə işıqdan istifadə etməmişdir. Həmin aktın yazılmasından məlumatı olmamış, aktın nə vaxt və hansı pozuntuya görə yazılması da ona məlum deyildir. Akt yazılarkən abonentin orada iştirakının təmin edilməsi lazım olduğu halda, onun iştirakı olmamışdır. O məhkəmədən cavabdeh Azərişıq ASC əməkdaşları tərəfindən yazılmış RN: 331814 nömrəli aktın etibarsız sayılması və həmin akt əsasında yazılmış 1067.51 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət edərək, 331814 saylı aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məlumat üçün bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən E.E.İ.Q-nın tələblərinə uyğun olaraq abonent kodu **********00030 olan İddiaçı elektrik təsərrüfatına baxış keçirən zaman E.E.İ.Q-nın pozulması faktları aşkar edilmiş, yəni abonent sayğacın giriş xəttini zədələyən birbaşa elektrik enerjisindən istifadə etmişdir. Odur ki, İddiaçı iddiası əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(018)-765/2024 saylı qətnaməsi iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Məhkəmə Elektrik enerjisindən istifadə Qaydalarının 8.17-ci bəndinə istinad etməli olduğu halda bunu etməmşdir. Qaydaların 8.17-2-ci bəndinin tələbinə görə isə kənar xətt aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi abonentin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Barəsində yazılmış qanunsuz akt qaydaların yuxarıda qeyd edilən tələbləri pozulmaqla tərtib edildiyindən, həmçinin pozuntuya dair hər hansı sübut (foto vəya video) olmadığı üçün bu akt etibarsız sayılmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdehin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə göndərmişdir. Ərizəsində qeyd etmişdir ki, yaşı ilə əlaqədar olaraq səhhətindəki problemlər üzündən uzun yol getmək onun üçün həddindən artıq çətindir. Bu səbəbdən də xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bir daha tam məsuliyyətimlə qeyd edərək və möhtərəm məhkəmə kollegiyasının diqqətinə çatdırmağı özünə borc bilir ki, onun evində heç vaxtı kənar xətt və ya qanunsuz qoşulma olmayıb. Əgər cavabdeh tərəf tərtib etdiyi aktda iddia etdikləri sayğacdan kənar xətlə bağlı ən kiçik bir sübut təqdim edə bilsəydi o, ümumiyyətlə heç məhkəməyə müraciət etməzdi. O, heç bir qanunsuzluğa yol vermədiyi üçün bu yaşında ona qarşı haqsız yerə yazılan aktı qəbul edə bilmir. Elektrijk enerjisindən istifadə qaydalarının 8.17-2 bəndinin tələbinə görə isə akt tərtib edilən zaman aşkar edilən pozuntu mütləq foto və video görüntü vasitəsi ilə sübut edilməlidir. Cavabdehin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamış və bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarının 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinin 2-ci abzasına əsasən mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1 -ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X3 etibarnamədə nəzərdə tutulan səlahiyyətlər və "xxxx" ASC-ni təmsil etmək etibar edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1954-cü il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin, Astara Elektrik şəbəkəsinin rəisi tərəfindən təsdiq edilmiş və əməkdaşları tərəfindən imzalanmış, 06 mart 2024-cü il tarixdə, 331814 saylı aktdan görünür ki, abonent kodu **********00030 olan istehlakçı İddiaçı elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, abonent sayğacın giriş xəttini zədələyən birbaşa elektrik enerjisindən istifadə edir. Naqilin en kəsiyinin ölçüsü 6mm-lik iki damarlı aliminum. İş materialına əlavə edilmiş, abunə haqqında sənəddən görünür ki, abonent kodu **********00030 olan istehlakçı İddiaçı 318 (üç yüz on səkkiz) manat ödədikdən sonra, 739 (yeddi yüz otuz doqquz) manat 26 (iyirmi altı) qəpik borcu qalmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh ASC tərəfindən iddiaçının elektrik enerjisindən qanunsuz istifadə etdiyi müəyyən edildiyi halda X2 Qaydalarının tələbinə əsasən akt tərtib edilir, əgər istehlakçı akt tərtib edilən zaman orada iştirak etmədikdə videoçəkiliş aparılır. Cavabdeh tərəf akt tərtib edən zaman X2 Qaydalarının tələblərinə əməl etməmişdir və bununla da aktın qanuniliyi şübhə altında qalır. Sayğaca müdaxilə, habelə qaz xəttinə və ya elektrik şəbəkəsinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlardan irəli gələn mübahisələrə baxarkən qanunvericiliyin tətbiqi təcrübəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icmal məktubunda qeyd edilmişdir ki, artıq 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdən, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisini talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Odur ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 2022-ci il mayın 1dən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 2024-cü ilin yanvarın 1dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə və ya elektrik şəbəkəsinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar üzrə mübahisələrə baxarkən “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunlarının və mülki prosessual qanunvericiliyin imperativ göstərişlərinə riayət edilməsi tövsiyə olunur. Lakin Akt xx.xx.2024-cü ildə tərtib edilsədə iddiaçının barəsində hər hansı inzibati xəta və ya cinayət məsuliyyəti barədə qərar cavabdeh tərəfindən iş materiallarına əlavə edilməmişdir. Bundan başqa cavabdeh tərəfindən sayğacdan kənar xəttin mövcudluğu barədə hər hansı fotoşəkillər və ya video görüntü əldə edilərək məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab edir. Qeyd edilənlərə əsasən də, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın dəyəri 5000 manatdan azdır, buna görə də çıxarılmış qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 386, 392, 393 və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(018)-765/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa nəzarət idarəsi tərəfindən tərtib olunmuş 06 mart 2024-cü il tarixli, 331814 nömrəli aktına əsasən hesablanmış 1067,51 (bir min altmış yeddi manat əlli bir qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1634/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1634/2024
23.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver