Məhkəmə qərarları › İş №2(106)-1642/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1642/2024

07.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1642/2024 07.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəmir yolunun mühafizə zonasında qanunsuz inşa edilmiş tikilinin sökülərək ərazidən çıxarılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(049)-36/2024 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 oktyabr 2024-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia tələbi ilə məhkəməyə müraciət edərək, Göyəbaşan-Lənkəran mənzilinin 152-ci km pk 2-3-də hərəkət artımı istiqamətinin sağ tərəfində dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikili Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC-nin balansında olan Göyəbaşan-Lənkəran mənzilinin 152-ci km pk 2-3-də hərəkət artımı istiqamətinin sağ tərəfində dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 29 metr təşkil etdiyi halda Cavabdeh tərəfindən 10 metr məsafədə tikinti işləri aparılmışdır. Bununla bağlı "xxxx" QSC-nin aidiyyəti işçilərinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə aktlar tərtib olunmuş, qanunsuz tikilinin sökülməsi üçün Cavabdeh xəbərdarlıq edilmiş və ona dəmir yolunun mühafizə zonasında tikinti aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikili sökülməmişdir. Bu səbəbdən "xxxx" QSC hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumnat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(049)-36/2024 saylı qətnaməsi ilə (X9) iddianın qismən təmin edilməsi, Göyəbaşan-Lənkəran mənzilinin 152-ci km pk 2-3-də hərəkət artımı istiqamətinin sağ tərəfində dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikilinin sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Sözügedən obyektin Cavabdeh heç bir aidiyyatı yoxdur. Lənkəran şəhəri, Heydər Əliyev prospektinə olan həmin torpaq sahəsi üzün müddətdir ki, mənim istifadəmdə olmaqla həmin torpaq sahəsində ərizəmə əsasən Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 29 dekabr 2017-ci iltarixli xx/xx/2016 nömrəli sərəncamı ilə ictimai iaşə obyektinin tikintisinə icazə verilmişdir. (Sərəncam şikayətə əlavə edilir.) Mən də sözügedən torpaq sahəsində tikintialtı sahəsi 162,4 kv.metr ölçüdə iki mərtəbədən ibarət ictimai iaşə obyekti tikdirmişəm. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 17 iyul 2020-ci il tarixdə EL-181\2020 nömrəli qeydiyyat nömrəsi ilə lisenziya verilmişdir. (Lisenziya şikayətə əlvə edilir.) Nəzərinizə çatdırmaq istəyirəm ki, tərəfimdən həmin ictimai iaşə obyekti digər şəxsə icarəyə verilmişdir. Yaxın günlərdə təsadüfən obyektə mütəxəsislərin gəlib ölçü apardıqlarını və məhkəmənin icraatında mülki iş olduğunu bildiyimdən 14 may 2024-cü il tarixdə məhkəməyə gələrək rəsmi ərizə ilə müraciət edib həmin obyektin Cavabdeh heç bir aidiyyatının olmadığını, həmin obyektin mənim istifadəmdə və mülkiyyətimdə olduğunu qeyd edərək mənim cavabdeh kimi işə cəlb edilməyimi xahiş etdim. Ərizəm iş materiallarına əlavə edilsə də, işin sonrakı mərhələsində nə iş üzrə cavabdeh qismində cəlb edildim, nədəki, məhkəmə iclaslarına çağrılmadım. Nəticədə tamamilə aidiyyatı olmayan bir şəxsə qarşı verilən iddia təmin edildi. Bütün bunlardan ünvanıma 10 iyul 2024-cü il tarixli 2(049)-36/2024 nömrəli qətnamə gəldikdən sonra xəbərdar oldum. Hesab edirəm ki, həmin qətnamə mənim hüquqlarıma toxunur. Bu səbəbdən qanunvericiliyin tələblərinə əsasən şikayət vermək hüququmdan hazırkı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edirəm. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Üçüncü şəxs X6 apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(049)-36/2024 saylı qətnaməsininin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayəti üzrə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 apelyasiya icraatı zamanı şifahi formada apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(049)-36/2024 saylı qətnaməsininin dəyişdirilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs X5 və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, cavabdeh bu barədə məlumat verməmiş, cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və cavabdeh məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Üçüncü şəxs X6 isə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, kollegiya məhkəmə iclasının cavabdehin və üçüncü şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayətlərinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(049)-36/2024 saylı qətnaməsininin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini, mübahisə predmeti olan tikilinin özbaşına tikili olmaqla dəmir yolunun mühafizə zonasının hüqudları daxilində yerləşməsi və bu hissədə iddianın əsaslı olması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə düzgün olmayan nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında yaranan hüququ münasibətinin mahiyyətindən müəyyən olunur ki, iddiaçı Göyəbaşan-Lənkəran mənzilinin 152-ci km pk 2-3-də hərəkət artımı istiqamətinin sağ tərəfində dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 152.1,157.2,152.5,158.1,158.2,238,180.1, Torpaq məcəlləsinin 111-ci maddələri təşkil edir. İddiaçının iddia tələbini mahiyyətindən müəyyən edilir ki, "xxxx" QSC-nin balansında olan Göyəbaşan-Lənkəran mənzilinin 152-ci km pk 2-3-də hərəkət artımı istiqamətinin sağ tərəfində dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 29 metr təşkil etdiyi halda Cavabdeh tərəfindən 10 metr məsafədə tikinti işləri aparılmışdır. Bununla bağlı "xxxx" QSC-nin aidiyyəti işçilərinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə aktlar tərtib olunmuş, qanunsuz tikilinin sökülməsi üçün Cavabdeh xəbərdarlıq edilmiş və ona dəmir yolunun mühafizə zonasında tikinti aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikili sökülməmişdir. Bu səbəbdən "xxxx" QSC hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə olunmuş 29 dekabr 2017-ci il tarixli 10-44/216 Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamından görünür ki, Lənkəran rayonu, İstisu qəsəbə sakini X5 Lənkəran şəhəri, Heydər Əliyev prospekti ərazisində tikinti altı sahəsi 162.4 kvm olan iki mərtəbəli ictimai iaşə obyektinin tikintisinə icazə verilmişdir. X1 birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, sözügüdən tikili faktiki olaraq onun mülkiyyətində və istifadəsindədir. Ona görə də cavabdeh qismində cəlb edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən X6 apelyasiya şikayətinin dəlillərində haqlı olaraq göstərmişdir ki, Lənkəran şəhəri, Heydər Əliyev prospektinə olan həmin torpaq sahəsi üzün müddətdir ki, onun istifadəmdə olmaqla həmin torpaq sahəsində ərizəsinə əsasən Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 29 dekabr 2017-ci iltarixli xx/xx/2016 nömrəli sərəncamı ilə ictimai iaşə obyektinin tikintisinə icazə verilmişdir. O da sözügedən torpaq sahəsində tikinti sahəsi 162,4 kv.metr ölçüdə iki mərtəbədən ibarət ictimai iaşə obyekti tikdirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 17 iyul 2020-ci il tarixdə EL-181\2020 nömrəli qeydiyyat nömrəsi ilə lisenziya verilmişdir. Buna baxmayaraq "xxxx" QSC yanlış olaraq tikilinin Cavabdeh məxsus olmasını iddia edərək cavabdeh kimi sonuncunu göstərmişdir. Halbuki işin müəyyən edilən hallarına görə üçüncü şəxs X2 hüququ ilə məxsus olan ictimai iaşə obyekti, prosesə cavabdeh kimi cəlb edilmiş tikiliyə aidiyyəti olmayan Cavabdeh hesabına sökülməsi qərara alınmışdır. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırkı işdəki tələb əslində X5 yönələn tələbdir, Cavabdeh münasibətdə iddianın təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə mübahisəli obyektin sökülməsini qət edərkən yeganə əsası ondan ibarət olmuşdur ki, həmin obyekt Göyəbaşan-Lənkəran mənzilinin 152-ci km pk 2-3-də hərəkət artımı istiqamətinin sağ tərəfində dəmir yolunun mühafizə zolağında Cavabdeh tərəfindən tikilməsi olmuşdur. Düzdür müvafiq ekspert rəyi ilə də həmin obyektin dəmir yolunun mühafizə zolağında inşa edilməsi öz təsdiqini tapmışdır. Lakin Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 29 dekabr 2017-ci iltarixli xx/xx/2016 nömrəli sərəncamından da görünür ki, həmin obyektin tikilməsi üçün X5 icazə verilmişdir. Göstərilən ictimai işaşə obyektinin cavabdehin hesabına sökülməsindən o halda söhbət gedə bilərdi ki, tikili əmlak kompleksinin mülkiyyətçisinin razılığı alınmadan cavabdeh tərəfindən inşa edilmiş olsun. Lakin, yuxarıda qeyd olunduğu kimi tikili dəmir yolununu mühafizə zonasında yerləşsə də həmin tikilinin tikilməsi üçün sərəncam cavabdehə deyil üçüncü şəxsə verilmiş, ona görə də X6 cavabdeh qismində cəlb edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsində aparılmış icraatın nəticələrindən müəyyən edilir ki, məhkəmə Cavabdeh iddiaya cavab verməli olmayan şəxs olmasını görmüş, lakin bu haldan xəbərdar olmasına baxmayaraq prosessual qanunvericiliyin tələblərinə əməl etmədən, cavabdehi əsl cavabdehlə əvəz etməyi iddiaçıya təklif etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehin iştirakı ilə davam etdirmiş, nəticədə də əsl cavabdehin məhkəmə müdafiəsi hüququnu pozmaqla onun iştirakı olmadan faktiki halları müəyyən etmiş iddia tələbini əsaslı saymışdır. Azərbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Prosessual hüquq normasının mənasından da göründüyü kimi, qanunverici hətta birinci instansiya məhkəməsində əsl olmayan tərəfin iştirakı olmadan aparılmış hər hansı bir prosessual hərəkətin nəticələrini də tanımadan, əsl tərəf əvəz edildikdən sonra mülki icraatın yenidən başlanmalı olmasını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyasında əsl cavabdehin əvəz edilməsinin iddiaçıya təklif edilməsi və bu barədə qərar qəbul edilməsi onun birinci instansiya məhkəməsində özünü müdafiə - iddiaya qarşı etiraz vermək, qarşılıqlı iddia vermək, məhkəmə aktını mübahisələndirmək və.s hüququnun pozulması nəticələndiyi üçün qanunsuzdur. Beləliklə məhkəmə kollegiyasının yuxarıda qeyd olunan iddiaçının xahişi ilə bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini Cavabdeh yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı əsl cavabdehin əvəz edilməsi təklifi ilə razılaşmadığı təqdirdə, Cavabdeh qarşı yönəldilmiş iddia tələbləri yalnız bir əsasa görə, iddiaya cavab verməli olmayan şəxs olması əsası ilə təmin olunmamalı idi. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, yalnız yuxarıda qeyd edilən əsasa görə - iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi əsasına görə təmin olunmamalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(049)-36/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəmir yolunun mühafizə zonasında qanunsuz inşa edilmiş tikilinin sökülərək ərazidən çıxarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 386, 387, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(049)-36/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəmir yolunun mühafizə zonasında qanunsuz inşa edilmiş tikilinin sökülərək ərazidən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində (ekspertiza xərci) pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar