Məhkəmə qərarları › İş №2(106)-1670/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1670/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1670/2023 31.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2(064)-1494/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Füzuli Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2(064)-1494/2023 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməmiş və iddiaçı "xxxx" ASC Füzuli Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2(064)-1494/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" ASC-nin iddiası onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X6 4141” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri Ziya Bünyadov pr. ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə, “Toyota Corolla” markalı ** MO *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı ilk olaraq Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “X6 4141” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrində (manevr etmə qaydalarının pozulması) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Lakin daha sonra cəmiyyət tərəfindən araşdırma aparılmış və təqsirkar şəxsin X1 deyil, Cavabdeh olduğu müəyyən edilmişdir. Bununla bağlı Bakı şəhər DYPİ tərəfindən xx.xx.2022-ci il tarixli yeni qərar qəbul edilmişdir. Həmin qərarda “X6 4141” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Hüseynov X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində (məsafəsinin düzgün seçilməsi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Odur ki, cəmiyyətin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi “Toyota Corolla” markalı ** MO *** dövlət nömrə nişanlı avtomobilə 1.790 manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS222535 saylı xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 1790 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “X6 4141” markalı ** BE *** dövlət qeydiyyat nişanlıavtomobili müvafiq etibarnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Mülki Məcəllənin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASCdə PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 05 sentyabr 2022-ci il tarixdə idarə etdiyi “X6 4141” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Ziya Bünyadov pr. ilə hərəkət edən zaman manevr etmə qaydasını pozmuş və nəticədə “Toyota Corolla” markalı ** MO *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş 20 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən “X6 4141” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Hüseynov X2 Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı ** MO *** dövlət nömrə nişanlı avtomobilə 1790 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta şəhadətnaməsinə, 16 sentyabr 2022-ci il tarixli İAS222535 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 1790 manat sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İş materiallarından aydın olur ki, Cavabdeh yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsini törədərkən “X6 4141” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Bu fakt iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququnun yaranması əsası olsa da, birinci instansiya məhkəməsi iddaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranmasını əsassız olaraq müəyyən etməmişdir. Qanunun normalarının mahiyyətindən bir daha aydın olur ki, Cavabdeh yolnəqliyyat hadisəsi baş verərkən avtonəqliyyat vasitəsini idarəetmə hüququna malik olmamışdır. Birinci instansiya məhkəməsi isə bu halı qətiyyən nəzərə almamış, şəxsin etibarnamə olmadan ona məxsus olmayan avtonəqliyyat vasitəsini idarə etməsi halının sığortaçının subroqasiya hüququnun yaranma əsası olaraq qəbul etməmişdir. Nəticədə iddiaçıya münasibətdə qeyri-obyektiv, qərəzli mövqe tutaraq əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh xx.xx.2022-ci ildə “X6 4141” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobili sahibinin iradəsinə zidd şəkildə götürülmədiyini və buna görə də, həmin şəxsin avtomobildən istifadə etmək hüququ olmayan hesab edilmədiyini qeyd edir. Lakin məhkəmə qətnaməsində Cavabdeh həmin avtomobildən sahibinin iradəsinə zidd olmadan istifadəsini təsdiq edən hər hansı qanuni sənəd göstərməmişdir. Məhkəmə qeyd edilən faktı sadəcə cavabdehin sürücülük vəsiqəsinin olduğu ilə əsaslandırmışdır. Lakin təkcə sürücülük vəsiqəsinin mövcudluğu istənilən avtomobili idarəetməyə əsas vermir. Bu ziddiyyətli məsələnin aradan qaldırılması üçün Azərbaycan Respublikasının KM Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli qərarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olduğu qeyd olunur. Mövcud mübahisə üzrə birinci instansiya məhkəməsi iş üzrə hüquqi əhəmiyyət kəsb edən faktiki halları nəzərə almamış, mülki hüquq pozuntusuna məsuliyyət daşımanın hüquqi əsası olaraq inzibati məsuliyyətə cəlb etmə faktının zəruriliyinə istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Füzuli Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2(064)- 1494/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, 05 sentyabr 2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X6 4141” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobil hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə, “Toyota Corolla” markalı ** MO *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarla “X6 4141” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimələnmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi zamanı “Toyota Corolla” markalı, ** MO *** dövlət nömrə nişanlı avtomobilə 1.790 manat maddi zərər dəymiş və bu məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Göründüyü kimi, Cavabdeh hadisə vaxtı icbari qaydada sığortalanmış “X6 4141” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. İddiaçı hesab etmişdir ki, belə olan halda onun cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” 24 iyun 2011-ci il tarixli № 165-İVQ Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. MPM-in 76.1-ci və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, iş üzrə düzgün nəticəyə gəlmək üçün əhəmiyyət kəsb edən işin bütün faktiki halları araşdırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsi icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edir. İddiaçı həmin normada sadalanan əsaslardan birinin konkret hazırkı hala uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququ olmaması halıdır. Həmin normada deyilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (maddə: 25.1.3). Cavabdehin avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də, sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Nəzərə alınmalıdır ki, sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə tamamilə fərqli anlayışlarıdır. Belə ki, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də, etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də, İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilmişdir. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xidtməti ilə məşğul olan şəxsləri də buna aid etmək olar. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin, yaxud digər qanuni sahibin avtomobildə olubolmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır. Bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər və buna dair qanunvericilikdə qadağanedici norma yoxdur. Hazırkı işdə də qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə cavabdeh tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, sığorta şirkətinin hazırkı halda avtomaşını idarə edən şəxsdən və avtomobilin mülkiyyətçisindən ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır. Beləliklə, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin iş üzrə 07 sentyabr 2023-cü il tarixli 2(064)- 1494/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2(064)-1494/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2(064)-1494/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar