Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1671/2023 16.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X16 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinə, üçüncü şəxs X5 qarşı Lerik Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə üçüncü şəxs X8 arasında bağlanmış 30 dekabr 1986-cı il tarixli kommunal mənzilə verilən kirayə (icarə) müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 saylı qətnaməsindən üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinə, üçüncü şəxs X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinin üçüncü şəxs X8 arasında 30 dekabr 1986-cı il tarixdə bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66.30 kv.m olan 14 nömrəli 3 otaqlı kommunal mənzilə verilən kirayə (icarə) müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1950-ci il tarixdə Lerik rayonu, Orand kəndində anadan olmuşdur.1974-cü il tarixdə, Nəriman Nərimanov adına Tibb İnistitunun həkim-pediatr ixtisasını bitirmişdir. xx.xx.1974-cü il tarixdə Nəbiyeva (Əliyeva) Gülşən Kamran qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. 1974-cü il tarixdə Səhiyyə Nazirliyinin müvafiq Əmri ilə təyinatla Lerik rayonun X10 həkim pediator ştatı üzrə işə qəbul olunmuşdur. 10 ildən artıq Lerik rayonunda, yaşayış sahəsi ev almaqdan ötrü növbəyə durmuşlar. Lerik rayonu XDS İcrayyə Komitəsinin 28 noyabr 1984-cü il tarixli, 16 saylı iclas protokolunun 5/247 saylı Çıxarışa əsasən iddiaçıya ünvan 2ənzil ünvanında yəni 3-cü blok 2-ci mərtəbədə sahəsi 66.30 kv.m olan 3 otaqlı mənzil verilmişdir. Həmin mənzildə 1987-ci il tarixə qədər həyat yoldaşı X9 ilə birlikdə yaşamışlar. Sonra isə həyat yoldaşı ilə birlikdə yeni iş yeri ilə əlaqədar Bakı şəhərinə getmişdir. Həyat yoldaşı Lerik qəsəbəsi H.Aslanov küçəsi ev 7, mənzil 14 ünvanında pasport qeydiyyatında olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçdüyündən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 66.30 kv.m olan evi qardaşı X5 müvəqqəti yaşamaq üçün vermişdir. X13 bir müddət sözü gedən mənzildə yaşadığdan sonra 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhəri Zeytun Bağları ünvanına köçmüşdür. Lerik rayon XDS İcrayyə Komitəsinin 28 noyabr 1984-cü il tarixli, Çıxarışına əsaslanaraq ona məxsus olan ünvan 6 ünvanındakı, mülkiyyətini özəlləşdirmək üçün 04 sentyabr 2020-ci il tarixdə nümayəndəsi X6 tərəfindən Lerik Mənzil İstismarı Müəssisəsinə müraciət etmişdir. Lerik Rayon İcra Hakimiyyətinin, Lerik Mənzil İstismar Müəssisəsinin rəisi Fədail Hacıyevin 14 sentyabr 2020-ci il tarixli, 34 saylı, cavab məktubu ilə Lerik Rayon İcra Hakimiyyətinin 16 aprel 1997-ci il tarixli, 148 saylı orderi, ilə həmin evin Lerik şəhəri, Həzi Aslanov küçəsi ev 7, 14 nömrəli mənzilin 3-cü şəxs X5 verilməsi qeyd edilmişdir. O, həmin vaxt hüquqlarının pozulduğunu bilmiş, məhkəməyə müraciət etmişdır. Ona Lerik Rayon XDS İcrayyə Komitəsinin 28 noyabr 1984-cü il tarixli, 2 saylı iclas qərarı nəzərə alınaraq Lerik şəhəri, H.Aslanov küçəsi ev 7-də 2-ci mərtəbə, sahəsi 66.30 kv.m olan 3 otaqlı 14 nömrəli mənzil verilmişdir. Bir müddət həmin mənzildə yaşadığdan sonra ailəsi ilə Bakı şəhərinə köçmüş, həmin mənzili qardaşı Əlövsətə müvəqqəti yaşamaq üçün vermişdir. Həmin mənzildə qardaşı Əlövsət yaşadığı dövrdə Lerik Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə 30 dekabr 1986-cı il tarixdə kirayə (icarə) müqaviləsi bağlamış, sonra isə onun orada yaşamamasından istifadə edərək Lerik Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Lerik Rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində ona məxsus olan ev 16 aprel 1997-ci il tarixli, 148 saylı order ilə X4 adına verilmişdir. Bir müddət qardaşı Əlövsət həmin sözü gedən mənzildə yaşadıqdan sonra 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və heç bir kirayə haqqı ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi X11 məhkəmə iclası zamanı bildirmişdir ki, iddiaçının iddia etdiyi Lerik şəhəri, Həzi Aslanov küçəsi ev 7, 14 nömrəli mənzil İddiaçı məxsus olmuşdur. İddiaçı həmin mənzildə yaşamadığından ünvan 3, 14 nömrəli mənzil 30 dekabr 1986-cı il tarixli müqaviləyə əsasən X1 vereilmişdir. 16 aprel 1997-ci il tarixdə 3-cü şəxs X8 ilə Lerik Rayon İcra Hakimiyyəti müqavilə bağlayaraq Həmin mənzilə Əlövsət Lətifova order verilmişdir. X8 bir müddət orda yaşadığdan sonra 2004-cü ildə ailəsi ilə birlikdə oradan köçmüş həmin vaxtdan heç bir icarə haqqı ödəməmişdir. Ona görə də mənzil məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3-cü şəxs X8 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzil Lerik rayon XDS icrayyə Komitəsi xx.xx.1984-cü il tarixli 16 saylı iclas protokoluna əsasən qardaşı İddiaçı həmin mübahisəli ev verilmişdir. Lakin qardaşı 1987-ci ilə qədər həmin evdə mərhum arvadı Gülarə ilə yaşadığdan sonra Bakı şəhərinə köçmüşlər. Onlar gedəndə həmin mübahisəli evi ona müvəqqəti yaşmaq üçün vermişlər. O, ailəsi ilə birlikdə həmin mübahisəli evdə 2004-cü ilə qədər yaşamışdır. Həmin ev sahibsiz qalmasın deyə həmin müddətdə Lerik-Mənzil Kommunal Təsərrüfat birliyi ilə onun arasında xx.xx.1986-cı il tarixdə mənzil kirayə müqaviləsi bağlanmışdır. Lerik Rayon icra Hakimiyyəti tərəfindən ona həmin mübahisəli evə dair 16 aprel 1997-ci il tarixdə order verilmişdir. Daha sonra o, ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Lakin köçdüyü tarixdən kirayə haqqım verməsə də mübahisəli evlə həmişə əlaqəsi olmuşdur. Ona görədə bütün bunları nəzərə alaraq məhkəmədən iddanın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 saylı qətnaməsi ilə (sədrlik edən A.Kiçibəyov) Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinin üçüncü şəxs X8 arasında 30 dekabr 1986-cı il tarixdə bağlanmış ünvan 1, ümumi sahəsi 66.30 kv.m olan 14 nömrəli 3 otaqlı kommunal mənzilə verilən kirayə (icarə) müqaviləsinin etibarsız hesab edilməsi qət edilməklə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxsin verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə iddia tələbi faktiki olaraq üçüncü şəxsə qarşı yönəldiyi üçün cavabdeh kimi Lətifov Əlövsət göstərilməli idi, iddiaçı cavabdeh kimi Lerik Mənzil Kommunal Təsərrüfatı Birliyini göstərmiş və cavabdeh iddiaçı ilə sövdələşərək iddianı qəbul etmişdir. Əgər iddiaçı 1987-ci ildə köçmüşdürsə 30 dekabr 1986-cı il tarixdə üçüncü şəxslə müqavilə necə bağlana bilərdi. Apellyasiya şikayətinin dəlillərinə görə qardaşı olan iddiaçı ilə birlikdə mübahisəli mənzildə yaşamasına baxmayaraq onu da mənzili boşaltmağa məcbur etməyə çalışmışlar, lakin mənzil növbəsində olduğu üçün 30 dekabr 1986-cı il tarixli müqavilə ilə mənzil ailəsinin müvəqqəti istifadəsinə verilmişdir. 30 dekabr 1986-cı il tarixli müqavilə 1997-ci ilin aprel ayında mənzil onun ailəsinə verildiyi tarixdən qüvvəsini itirmişdir və 24 il əvvəl qüvvəsini itirmiş müqavilənin etibarsız hesab edilməsinin əhəmiyyəti yoxdur, order verildikdən sonra mənzildə order və yeni kirayə müqaviləsi əsasında yaşamışdır. Belə olduğu halda əgər order ona qeyri-qanuni verilmişdirsə, order etibarsız hesab edilə bilərdi. Həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin 2-ci hissəsinə əsasən orderin etibarsız hesab edilməsi haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilərdi. Apellyasiya şikayətinin dəlillərinə görə qətnamədə göstərilir ki, guya 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür, həmin vaxtdan Lerik Mənzil İstismar Müəssiəsinə heç bir kirayə haqqı ödəməmişdir, bu xüsusatı məhkəmədə təsdiq etməsi yalandır. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı mülkiyyətçi və istifadəçi deyil, vaxtilə 1984-cü ildə mənzil iddiaçının ailəsinin istifadəsinə verilsə də, başqa ünvana köçdüyü vaxtdan həmin hüququnu itirmişdir. İddiaçının mübahisəli mənzilə hər hansı hüququ olmadığı üçün onun həmin mənzil barədə iddia qaldırmaq hüququ yoxdur, əsl olmayan iddiaçı əsl iddiaçı ilə əvəz edilməyib, ona görə də iddia təmin edilməli deyildi, üçüncü şəxs əsl cavabdeh kimi tanınmalı olduğu halda tanınmamışdır. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçının mübahisəli mənzilə qanuni hüququ olmadığı və olmayan hüququnu müdafiə etmək səlahiyyəti olmadığı üçün məhkəmənin onun hüququnu tanıması və iddia tələbini təmin etməsi işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsində təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərlə bağlı üçüncü şəxsin prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmədiyi üçün və bir dəfə məhkəmə iclasında iştirak etdiyi üçün kommunal xərclərinin 2017-ci ilə qədər ödənişi barədə mədaxil qəbzlərini məhkəməyə təqdim edə bilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Zeynalov, M.Həsənov, Z.Allahyarov) 03 mart 2022-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 saylı qətnaməsi üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. e) Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər E.Şamayev, E.Vəliyeva, Ə.Xıdırov) 30 avqust 2023-cü il tarixli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(106)-444/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. f) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, onun izahatları birinci instansiya məhkəməsi zamanı təhrif olunmuşdur. Göstərmişdir ki, Nadir onun qardaşıdır. Qeyd edilən mənzil 1984-cü ildə Nadirə kirayə müqaviləsi əsasında onun və ailəsinin yaşaması üçün verilmişdir. Lakin Nadir və ailəsi həmin mənzildə 1985-ci ilə kimi yaşamışdır. Həmin vaxtdan Nadir ailəsi ilə birlikdə Rusiyanın Rostov şəhərinə köçmüş və orada təxminən 5 il yaşamışdır. Nadir 5 ildən sonra qayıdaraq gəlib Lənkəran rayonunun GöyŞaban kəndində həkim işləmişdir. Həmin kənddə 3-4 il işlədikdən sonra daimi köçərək Bakı şəhərində yaşamağa başlamış və hazırda da Bakı şəhərində yaşayır. Həmin vaxtdan sonra Nadir 1 gündə olsun mübahisəli mənzildə yaşamamışdır. Bildirmişdir ki, Nadir həmin mübahisəli evdən çıxıb getdikdən sonra təxminən 1985-ci ildən sonra 38 ildir ki, həmin mənzildə yaşayır. Belə ki, 1986-ci ilin 30 dekabrında onunla MİS arasında əvvəlcə kirayə müqaviləsi, 1997-ci ildə isə ona mənzildə yaşamağa görə order verilmişdir. İndiyədək həmin mübahisəli mənzildə order əsasında yaşayır. Özünün Bakı şəhərində evi olsda həmin evdə övladları yaşayır. Özü isə daimi olaraq qeyd edilən mübahisəli evdə yaşayır. Qeyd etmişdir ki, vaxtı ilə ona verilmiş mübahisə predmeti olan xx.xx.1986-ci il icarə müqaviləsi 1997-ci ildə ləğv edilmiş və əvəzində ona həmin evdə yaşaması üçün order verilmişdir. Bütün bunlara görə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı və cavabdehə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda üçüncü apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmiş, kassasiya instansiyası məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv edərək, yeni apellyasiya baxışına qaytarmışdır. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin üçüncü şəxsə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan SSR-nin 1965-ci il tarixli Mülki Məcəlləsinin 42-ci maddəsinə əsasən əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət şdilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin təiəbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 44-cü maddəsinə görə Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin etibarsızlığına səbəb olur. Etibarsız əqd üzrə tərəflərdən hər biri, əqd üzrə alınmış bütün şeyləri digər tərəfə qaytarmağa borcludur, alınmış şeyləri eyni ilə qaytarmaq mümkün olmadıqda, qanunda əqdin etibarsızlığının sair nəticələri nəzərdə tutulmamışsa, onların dəyərini pulla ödəməlidir. Həmçinin həmin Məcəllənin 45-ci maddəsinə görə Əgər əqd açıqdan-açığa sosialist dövləti və cəmiyyətinin mənafeyinə zidd məqsədlə bağlanmışdırsa, hər iki tərəfin hərəkətində qəsd olduqda - əqd onlar tərəfindən icra edilmiş olduqda - əqd üzrə aldıqlarının hamısı dövlət mədaxilinə keçirilir, əqdi tərəflərdən biri icra etmişsə, digər tərəfin aldığının hamısı dövlət mədaxilinə keçirilir. Azərbaycan SSR-nin 1965-ci il tarixli Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək uçun ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ vo ictimaitəşkilatların kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 78-ci maddəsinə görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə. SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin ikinci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası Ə.Lətifovun izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Lerik rayonu XDS İcraiyyə Komitəsinin 28 noyabr 1984-cü il tarixli, 16 saylı iclas protokolunun 5/247 saylı qərarı ilə Lerik qəsəbəsində (hazırda şəhərində) yeni istifadəyə verilmiş 16 ailəlik kommunal evinin bölüşdürülməsi barədə rayon XDS İcraiyyə Komitəsi yanında mənzil məsələləri üzrə komissiyanın 27 noyabr 1984-cü il tarixli 2 saylı iclas qərarı nəzərə alınmaqla, İddiaçı 3-cü blok, 2-ci mərtəbədə sahəsi 66,30 kv.m. olan 3 otaqlı, 14 nömrəli mənzil verilmişdir. X2 Nadir Balağa oğlunun qardaşıdır. 30 dekabr 1986-cı il tarixli müqavilə ilə Lerik rayon Mənzil Kommunal Müəssisələri Kombinatı tərəfindən Lerik şəhəri, Həzi Aslanov küçəsindəki 7 saylı binanın 14 saylı mənzili X4 istifadəsinə verilmişdir. Həmçinin Lerik rayon İcra Hakimiyyəti başçısının 16 aprel 1997-ci il tarixli, 695 saylı sərəncamı ilə həmin mənzilə dair X4 adına 148 saylı order verilmişdir. İddiaçının tələbi cavabdehlə üçüncü şəxs arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab olunması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr ilk olaraq iddiaçının iddia tələbi irəli sürməkdə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verməlidir. Belə ki, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında izah olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Üçüncü şəxs apellyasiya şikayətində iddiaçının bu tələbi irəli sürməyə subyektiv hüququna malik olmasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hazırkı tələblə çıxış etməkdə sübyektiv hüquqa malik olmamışdır. Çünki xx.xx.1986-ci il icarə müqaviləsi Lerik rayon Mənzil Kommunal Müəssisələri Kombinatı ilə X8 arasında bağlanmışdır. İşdən də göründüyü kimi tərəflərin mübahisəli hüquq münasibətlərinin 1986-cı ildə yaranması işin mübahisəsiz halıdır. İddiaçı məhz 30 dekabr 1986-cı il tarixli müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir. Belə olan halda, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən mübahisəyə həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq olunmalıdır. Lakin iddianı təmin edən birinci instansiyası məhkəməsi Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəlləsinin və 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəalarına istinad edərək mübahisəni həll etmişdir. Halbuki, Azərbaycan Respublikasının mübahisəli hüquq münasibətləri yarandığı dövrdə (01 oktyabr 2009-cu il tarixədək) qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin ikinci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Hazırkı işin hallarından mübahisəsiz müəyyən olunur ki, iddiaçı mübahisəli evdə 1987- ci ilədək yaşamış, sonradan isə ailəsi ilə birlikdə başqa yaşayış məntəqəsinə (iddiaçının deməsinə görə Bakı şəhərinə, cavabdehin deməsinə görə isə Rusiya Federasiyasına) köçmüşdür. Belə ki, iddiaçı üçüncü şəxsin deməsinə görə 1985-ci, özünün deməsinə görə isə 1987-ci ildə qeyd edilən mənzili tərk edərək Bakı şəhərinə (Rusiyaya) getmiş və 2020-ci ildə mübahisəli mənzili özəlləşdirmək üçün Lerik Mənzil İstismarı Müəssisəsinə müraciət etmişdir. Lakin ona həmin mənzilin Əlövsət Lətifova veridiyi bildirilmişdir. Göründüyü kimi iddiaçı mübahisəli mənzili 1987-ci ildən 2020-ci ilədək olan dövrdə 33 il əvvəl daimi olaraq tərk etmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının 1987-ci ildə deyil, üçüncü şəxsin deməsinə görə 1985-ci ildə Rusiyaya getməsini bildirməsidir. Kollegiya üçüncü şəxsin bu arqumentini əsaslı hesab edir. Belə ki, Lerik rayon Mənzil Kommunal Müəssisələri Kombinatı ilə iddiaçı arasında qeyd olunan mübahisəli mənzillə icarə müqaviəsi olduğu halda xx.xx.1986-cı ildə Əlövsət Lətifov arasında icarə müqaviləsi bağlana bilməzdir. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi müqavilənin etibarsızlığından ibarət iddia tələbini təmin etsə də, etibarsızlığı qanunvericiliyin hər hansı maddəsi ilə əsaslandırmamışlar. Halbuki, əqdlərin etibarsızlığının müxtəlif əsasları 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 42-54-cü maddələrində nəzərdə tutulmuşdur. Bundan əlavə, nəzərə alınmalıdır ki, mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirilməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Məcəllənin 78-ci maddəsinin birinci hissəsinə əsasən isə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasının bildiyi və bilməli olduğu gündən əmələ gəlir. Göründüyü kimi, hazırda qüvvədə olan mülki qanunvericilikdən fərqli olaraq, mübahisəyə tətbiq edilməli olan köhnə Mülki Məcəllə ilə iddia müddətlərinin məhkəmə tərəfindən tərəflərin iradəsindən asılı olmayaraq tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı 30 dekabr 1986-cı il tarixdə bağlanmış müqavilənin etibarlılığını 01 sentyabr 2021-ci il tarixə, yəni təxminən 35 ildən sonra mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı üçüncü şəxsin deməsinə görə 1985-ci, özünün deməsinə görə isə 1987-ci ildə qeyd edilən mənzili tərk edərək Bakı şəhərinə (Rusiyaya) getmiş və 2020-ci ildə mübahisəli mənzili özəlləşdirmək üçün Lerik Mənzil İstismarı Müəssisəsinə müraciət etmişdir. Lakin ona həmin mənzilin Əlövsət Lətifova veridiyi bildirilmişdir. Göründüyü kimi iddiaçı mübahisəli mənzili 1987-ci ildən 2020-ci ilədək olan dövrdə 33 il əvvəl daimi olaraq tərk etmişdir. Daha sonra qeyd olunmalıdır ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərindən biri onun mübahisə üzrə cavabdeh qismində tanınmaması olmuşdur. Həqiqətən, iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi müqavilə Lerik rayon Mənzil Kommunal Müəssisələri Kombinatı (hazırda Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyi) və X8 arasında bağlanılsa da, iddia üzrə cavabdeh qismində yalnız icarəyə verən cəlb olunmuş, icarəçi isə iddia ərizəsində üçüncü şəxs qismində qeyd olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddianın təmin edilməsinin əsaslarından biri kimi, cavabdehin iddianı etiraf etməsinə istinad etmişdir. Halbuki, bu etirafı müqavilə tərəflərindən biri olan Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinin qanuni təmsilçisi tərəfindən ifadə olunmuşdur. Müqavilənin digər tərəfi olmuş üçüncü şəxs işdə cavabdeh qismində iştirak etmədiyi üçün onun iddiaya münasibəti (etirazı) nəzərə alınmamışdır. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Buna görə də, üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Lerik Mənzil- Kommunal Təsərrüfat Birliyinə, üçüncü şəxs X5 qarşı Lerik Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə üçüncü şəxs X8 arasında bağlanmış 30 dekabr 1986-cı il tarixli kommunal mənzilə verilən kirayə (icarə) müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinə, üçüncü şəxs X5 qarşı Lerik Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə üçüncü şəxs X8 arasında bağlanmış 30 dekabr 1986-cı il tarixli kommunal mənzilə verilən kirayə (icarə) müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Apellyasiya və kassasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutulub X5 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1671/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1671/2023
16.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver