Məhkəmə qərarları › İş №2(106)-1675/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1675/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1675/2023 12.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-210/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək “Toyota Camry” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4500 AZN sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 65.40 manat məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-210/2023 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia təmin edilərək Cavabdeh 4500 manat və ödənilmiş dövlət rüsumuna görə 65.40 manatın alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-210/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Sığorta Şirkəti ASC iddiasını onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “VAZ 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Toyota Camry” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmiş, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sonuncu avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Toyota Camry” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilə 4500 manat məbləğdə ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 094192 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “Toyota Camry” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 4500 manat məbləğdə ödəniş həyata keçirmişdir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması İmişli rayon DYPŞ-nin inzibati tənbehvermə haqqında qərarında öz əksini tapmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 15-00 radələrində idarə etdiyi “VAZ 21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri S.Fətəliyev küçəsi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən sürət həddini aşmamışdır. Həmin vaxt X1 idarə etdiyi “Toyota Camry” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobil İmişli Şəkər zavodu qarşısında yolun kənarında dayanmış və qəflətən yola çıxaraq onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində onun təqsiri olmamışdır. O, polisdə iki dəfə ekspertiza aparılması barədə məsələ qaldırmasına baxmayaraq ekspert rəyinin verilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Çünki polis əməkdaşları hadisə yerini düzgün müayinə etməmiş, ekspertə zəruri məlumatları verə bilməmişlər. İş üzrə məhkəmə-avtotexniki və məhkəmə-texniki-mühasibatlıq ekspertizaları təyin edilib qəzanın təqsirkarı və avtomobilə dəymiş ziyanın dəqiq məbləği barədə rəy alınmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş sığorta şirkətinə zərər vurulmasına səbəb olan hərəkəti onun etməsi sübut edilməmişdir. Onun hadisə yerindən yayınmaması və sərxoş olmaması barədə İmişli RPŞ-nin qərarı nəzərə alınmamışdır. Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-210/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, xx.xx.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar əsasında 100 manat məbləğində cərimə olunmuş, həmin cərimə ödənildikdən sonra sözügedən qərar ləğv edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC isə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, iş üzrə İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-210/2023 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan İmişli RPŞ TB-nin xx.xx.2021-ci il tarixli MK-1/2417 saylı Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində idarə etdiyi “VAZ 21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri S.Fətəliyev küçəsi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol verilən maksimum sürət həddini aşmış və yolda manevr etmə qaydalarını pozaraq İmişli Şəkər zavodu qarşısında geriyə dönmə əməliyyatı həyata keçirən X1 idarə etdiyi “Toyota Camry” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə sol arxa yan hissədən toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Habelə Cinayət işinin başlanmasının rədd edilməsi barədə həmin qərardan görünür ki, əsaslı sübutlar müəyyən edilmədiyi üçün yol hərəkət qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınması faktı öz təsdiqini tapmamışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Kollegiya qeyd edir ki, “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, cavabdehin hadisə yerində yayınması və nəticədə ona qarşı subroqasiya hüququnun yaranması sübuta yetirilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində idarə etdiyi “VAZ 21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri S.Fətəliyev küçəsi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkət qaydalarını pozmuş, lakin onun yolnəqliyyat hadisəsi yerindən yayınması faktı öz təsdiqini tapmamışdır. Habelə işə əlavə edilmiş İmişli rayon polis şöbəsinin 11 dekabr 2023-cü il tarixli 2417/23v saylı məktubundan da görünür ki, Cavabdeh İXM-in 327.6 və 327.1-ci maddələri ilə İnzibati tənbeh vermə haqqında qərar xx.xx.2021-ci il tarixli qərarla ləğv edilmişdir. Yuxarıda göstərildiyi kimi adıçəkilən xx.xx.2021-ci il tarixli qərara görə isə Cavabdeh yolnəqliyyat hadisəsi yerindən yayınması faktı öz təsdiqini tapmır. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmayaraq, işə əhəmiyyəti olan yeni halların aydınlaşdırılması və ya əlavə sübutların tədqiq edilməsi barədə hər hansı tədbir görməmişdir. Habelə işdə olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərara və Cavabdeh izahatına digər sübutlarla yanaşı lazımi hüquqi qiymət verməmişdir. Halbuki, MPM-in 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-210/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-210/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar