Məhkəmə qərarları › İş №2(106)-1688/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1688/2023

30.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1688/2023 30.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı iştirakı ilə mülki iş üzrə qətnamədən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ‘‘Azəriqaz” isehsalat birliyinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın ləğv olunması və akt əsasında hesablanmış 4160,60 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarlılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 117-də yaşayır. Onunla müqavilə bağlanılaraq,həmin evə sayğac qoyulmuşdur. Ötən müddət ərzində o, sayğacın göstəricilərinə uyğun olaraq hesablanmış borcunu vaxtaşırı poçt vasitəsi ilə ödəmişdir. Qaz sayğacının göstəricisinə əsasən 350 manat borcu olmuşdur.Bundan sonra sayğac smart tipli qaz sayğacı ilə dəyişdirilmişdir. 2022-ci ilin dekabr ayında evinə bildirişlə xəbərdarlıq daxil olmuş və həmin bildirişdə onun Qaz İstismar İdarəsinə 4160,60 manat borcunun olduğu qeyd edilmişdir. O,daha sonra Qaz İstismar İdarəsinə getmiş, oradan bildirmişlər ki, yaşadığı evin qaz xəttinə müdaxilə olunduğuna görə ona akt əsasında cərimə yazılmışdır. O bildirmişdir ki, tərəfindən heç vaxt qaz sayğacına müdaxilə edilməmiş və müdaxilə olunubsa da, bundan xəbəri yoxdur. Qaz İstismar İdarəsində olduğu zaman idarənin əməkdaşları ona xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt və aktla birlikdə foto şəkil təqdim etmişlər. Onların təqdim etdikləri aktda təbii qazdan qeyri-qanuni istifadə edildiyi göstərilmişdir. Sayğaca müdaxilə olunmasından xəbəri olmadığını bir daha qeyd etmişdir. Cavabdehin nümayəndələri həmin aktda qeyd olunan müdaxilənin iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bundan əlavə, həmin sayğac ona məxsus evin sərhədlərindən kənarda yerləşir və bütün günü həmin sayğaca nəzrət etmək və onu toxunulmaz saxlamaq mümkün deyildir. Həmçinin qeyd edir ki, məhkəməyə təqddim olunmuş qaz xəttinə müdaxiləni təsdiq edən fotoşəkildə görünən qaz xətti onun dörd il əvvəl vəfat etmiş mərhum qardaşı Mirmöhsüm İsmayılovun yaşadığı mənzilə gedən qaz xəttidir. Bu isə onun kənar xətdə qoşulmuş qaz sayğacından istifadə etməsi kimi qiymətləndirilib, məsuliyyətə səbəb ola bilməz. Ona görə də, məhkəmədən iddianın təmin olunmasını və barəsində tərtib olunmuş aktın ləğv edilərək hesablanmış borcun silinməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Salyan Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(057)1253/2023 saylı qətnaməsi ilə (hakim A.Səmədov) iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 4147,20 manat məbləğdən 2073.60 manatı silinmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə iş üzrə tam və hər tərəfli araşdırma aparmamış, subutları müqayisəli formada təhlil etməmiş, onun tərəfindən məhkəməyə təqdim etmiş sübutlara obyektiv qiymət verməmiş, birtərəfli qaydada araşdırma apararaq cavabdeh təşkilatın xeyrinə qətnamə çıxarmışdır. Göstərilənlərə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(057)-1253/2023 saylı qətnaməsinin ləğv edilərək,iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasında İddiaçı Salyan Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(057)- 1253/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh İB-nin nümayəndəsi üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Qəbul olunmuş qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri həddində Salyan Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(057)1253/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 -ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1 -ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1 -ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

Hüquqi məsələlər:

Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutlara əsasən iddia tələbini qismən təmin etmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin 23 avqust 2023cü il tarixli, 2(057)1253/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, mülki işin materiallarında olan 22 dekabr 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı tərəfindən 34560 kub metr təbii qaz itirilmişdir. Mülki işin materiallarında olan abonent nömrəsi **********00000 olan İddiaçı adına olan qaz sərfiyyatına dair saldosundan görünür ki, abonentin qalıq akt üzrə 4147,20 manat borcu vardır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin olunmasına dair nəticəyə gələrkən öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı "Qazdan istifadə Qaydaları”nın tələblərini pozaraq qaz sağacından kənar xətt çəkməklə qanunsuz olaraq qazdan istifadə etmiş və həmin hal qanunamüvafiq qaydada sənədləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə 25 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 218 saylı Qərarın 6.5-3-cü bəndinə edilmiş dəyişiklikliyə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Ona görə də iddiaçıya hesablanmış qaz sərfiyyatına görə itirmiş məbləğ 24 saat üçün deyil, 12 saat hesablanmalıdır. Həmin əsasa görə cavabdeh təşkilat iddiaçıdan 4147,20 manat məbləğin yarısını, yəni 2073,60 manatı tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi 2073,60 manat hissədə təmin olunması əsaslıdır. İddiaçı apellaysiya şikayətinin dəlillərində qeyd edir ki, məhkəmə iddianı qismən təmin edərkən iş üzrə tam və hər tərəfli araşdırma aparmamış, təqdim etdiyi sübutları müqayisəli formada təhlil etməmişdir. Halbuki sübutlar müqayisəli tədqiq edildikdən sonra qiymətləndirilməlidir Kollegiya iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə, razılşamır. Belə ki, iş materiallarında iddiaçının məhkəməyə təqdim etdiyi 22 dekabr 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı yaşadığı Salyan rayonu Ə. Qasımzadə küçəsi ev 117-də sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə etmiş və nəticədə təbii qazdan istifadə qaydalarını pozmuşdur. İddiaçı M. İsmayılov məhkəməyə təqdim etdiyi iddia ərizəsində, həmçinin məhkəmə baxışı iclası zamanı verdiyi izahatında göstərmişdir ki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş, həmin müdaxilə olmuşsa onun bu müdaxilədən xəbəri yoxdur. Eyni zamanda iddia edir ki, cavabdeh aktda qeyd olunanların, yəni müdaxilənin onun tərəfindən edilməsini təsdiq edən sübutarı məhkəməyə təqdim etməlidir. Həmçinin qeyd edir ki, məhkəməyə təqdim olunmuş qaz xəttinə müdaxiləni təsdiq edən fotoşəkildə görünən qaz xətti onun dörd il əvvəl vəfat etmiş mərhum qardaşı Mirmöhsüm İsmayılovun yaşadığı mənzilə gedən qaz xəttidir. Göründyü kimi iddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsini və həmin akt əsasında hesablanmış borcun silinməsini tələb etsə də, tərtib olunan aktda müdaxilənin olması faktını qəbul edir, lakin həmin müdaxilənin onun tərəfindən olunmasının cavabdehin və ya məhkəmənin sübut edə bilmədiyi halda ona hesablanmış borcu qanunsuz sayır. Cavabdehin həm iddia tələbində həm də, apellyasiya şikayətinin dəlillərində aktın tərtib olunmasına əsas verən qaz sayğacına müdaxilənin, yəni kənar xəttlə qoşulmanın onun tərəfindən edilməməsinə (iddiaçı qaz xəttinə kənar qoşulmanın onun mərhum qardaşı Mirmöhsün İsamyılovun yaşadığı evə aid olmasını bildirsə də, tərtib olunmuş aktda qaz xəttinə kənar qoşulmanın onun evinə gedən qaz xəttinə aid olması sübut olunur.) baxmayaraq, təbii qazdan istifadə etməsini bildirməsi, onu deməyə əsas verir ki, iddiaçının tərtib olunmuş akta etirazının heç bir əhəmiyyəti yoxdur. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. İddiaçının yaşayış evinə gedən təbii qazın sayğacına müdaxilənin olması və həmin müdaxilənin məhz onun tərəfindən edilməsinin sübut olunmaması, tərtib olunmuş aktın qanunsuz olması kimi qəbul edilə və işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmaması kimi qiymətlənlirilə bilməz. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “iddiaçıya hesablanmış qaz sərfiyyatına görə itirmiş məbləğ 24 saat üçün deyil, 12 saat hesablanmalıdır. Həmin əsasa görə cavabdeh təşkilat iddiaçıdan 4147,20 manat məbləğin yarısını, yəni 2073,60 manatı tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi 2073,60 manat hissədə təmin olunması daha əsaslıdır.” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(057)1253/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qətetdi:

Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(057)1253/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar