Məhkəmə qərarları › İş №2(106)-1696/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1696/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1696/2025 20.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" lizinq şirkəti QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-2708/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Lizinq Şirkəti QSC 2017-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il tarixli NVD 1272/8xx-xx/2010 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əlavə olaraq "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış, xx.xx.2013-cü il tarixli “Öhdəliyin ötürülməsi haqqında” əlavə razılaşma üzrə öhdəliklərin yerinə yetirlilməməsi nəticəsində dəymiş ziyana görə 3495,13 ABŞ dolları əsas borc, 691 ABŞ dolları faiz borcu, 811 ABŞ dolları dəbbə pulu və 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulub "xxxx" Lizinq Şirkəti QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış, xx.xx.2010-cu il tarixli NVD 1272/8xx-xx/2010 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə öhdəliyin ötürülməsi haqqında xx.xx.2013-cü il tarixli əlavə razılaşmaya əsasən "xxxx" Lizinq Şirkəti QSC buraxılış ili 2006 olan, ** PC *** dövlət qeydiyyat nişanlı “Porshe Cayenne” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək onu cavabdehin müvəqqəti istifadəsinə vermişdir. Həmin razılaşmaya əsasən Cavabdeh1 34131 ABŞ dolları borcu illik 24% hesablanmaqla, 30 ay müddətinə "xxxx" Lizinq Şirkəti QSC-nə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən o, lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 ödəniş cədvəlində göstərilmiş məbləği hər ay ödəməli olduğu halda, müqavilənin şərtini pozaraq həmin məbləğləri ödəməmiş və bununla da öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan sonra xx.xx.2014-cü il tarixdə lizinq obyekti Cavabdeh1 tərəfindən könüllü olaraq "xxxx" Lizinq Şirkəti QSC-nə təhvil verilmişdir. Nəticədə Cavabdeh1 xx.xx.2014-cü il tarixə, yəni lizinq obyekti təhvil verilən tarixə 3495,13 ABŞ dolları əsas borc, 691 ABŞ dolları faiz borcu, 811 ABŞ dolları dəbbə pulu borcu yaranmışdır. "xxxx" Lizinq Şirkəti QSC tərəfindən cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış borc ödənilməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə göndərdiyi etiraz ərizəsində qeyd etmişdir ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış “Öhdəliyin ötürülməsi haqqında” xx.xx.2013-cü il tarixli əlavə razılaşmaya əsasən lizinq alan Cavabdeh1 30 ay müddətində hər ay 1523,95 ABŞ dolları ödəniş etməli idi. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən iddiaçı təşkilatın hesabına sonuncu dəfə xx.xx.2014-cü il tarixdə ödəniş edilmişdir. İşdə olan materiallara əsasən hazırki iş üzrə iddia müddətinin tətbiqi zərurəti vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Lakin iş materiallarından da göründüyü kimi, tərəflər arasında müqaviləyə xx.xx.2014-cü il tarixdə xitam verilmişdir. Bu müddətdən sonra cavabdeh tərəfindən hər hansı ödəniş də olmamışdır. İddiaçı tərəfindən məhkəməyə 2017-ci ilin oktyabr ayının sonunda müraciət olunmuşdur. Yəni iddia müddətinin bitməsindən təxminən 3 ay sonra iddia tələbi irəli sürülmüşdür. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddiaçı məhkəməyə müraciət еtmək üçün qanunla müəyyən edilmiş iddia müddətini keçirdiyindən hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsassızdır. Ona görə də iddia müddətinin keçməsi əsası ilə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(049)-231/2018 saylı qiyabi qətnaməsi ilə (hakim F.Soltanov) iddia təmin edilmişdir. Cavabdeh1 buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə, həmçinin, qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-231/2018 saylı qərardadı ilə iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə qətnaməsinə etiraz vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatət təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-231/2018 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə Cavabdeh1 tərəfindən ərizə vermək üçün buraxılmış prosessual müddət bərpa edilməsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-231/2018 saylı qərardadı ilə Cavabdeh1 ərizəsi təmin edilmiş, iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)- 231/2018 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-2708/2025 saylı qətnaməsi ilə (hakim K.Süleymanov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" lizinq şirkəti QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2010-cu il tarixli, NVD 1272/8xx-xx/2010 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2013-cü il tarixli əlavə razılaşma üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməsi və iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 124 manat ekspertiza xərcinin dövlət büdcəsinə aid edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli NVD 1272/8xx-xx/2010 nömrəli daxili maliyyə lizinq müqaviləsindən müəyyən edilir ki, buraxılış ili 2006 olan, ** PC *** dövlət qeydiyyat nişanlı “Porshe Cayenne” markalı minik avtomobili müqaviləyə əsasən müəyyən edilmiş haqq müqabilində "xxxx" Lizinq Şirkəti QSC tərəfindən X4 adlı şəxsin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Həmin şəxs lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, öhdəliyin köçürülməsi haqqında xx.xx.2010-cu il tarixli 1272/810 nömrəli müqavilədən müəyyən edilir ki, xx.xx.2010-cu il tarixli NVD 1272/8xxxx/2010 nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə X1 aid öhdəliklər tərəflərin razılaşması ilə həmin tarixdə X2 adlı şəxsə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş, öhdəliyin ötürülməsi haqqında xx.xx.2013-cü il tarixli 1272/810 nömrəli əlavə razılaşmadan və lizinq ödənişi cədvəlindən müəyyən edilir ki, xx.xx.2010-cu il tarixli NVD 1272/8xx-xx/2010 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş əlavə razılaşmaya əsasən "xxxx" Lizinq Şirkəti QSC buraxılış ili 2006 olan, ** PC *** dövlət qeydiyyat nişanlı “Porshe Cayenne” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. Həmin razılaşmaya əsasən Cavabdeh1 34131 ABŞ dolları borcu illik 24% hesablanmaqla, 30 ay müddətinə "xxxx" Lizinq Şirkəti QSC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, lizinq obyekti olan “Porshe Cayenne” markalı minik avtomobili həmin tarixdə Cavabdeh1 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1272/810 nömrəli əlavə razılaşma üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə onunla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, lizinq obyekti olan “Porshe Cayenne” markalı minik avtomobili həmin tarixdə Cavabdeh1 tərəfindən "xxxx" Lizinq Şirkəti QSC-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2014-cü il tarixə, yəni Cavabdeh1 lizinq obyektini təhvil verdiyi tarixə əlavə razılaşma üzrə 3495,13 ABŞ dolları əsas borc, 691 ABŞ dolları faiz borcu, 811 ABŞ dolları dəbbə pulu borcu hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli bildirişdən və ona aid reyestrdən müəyyən edilir ki, xx.xx.2010-cu il tarixli NVD 1272/8xx-xx/2010 nömrəli daxili maliyyə lizinqi müqaviləsi və həmin müqaviləyə xx.xx.2013-cü il tarixdə edilmiş əlavə razılaşma üzrə öhdəliklərin icrası ilə bağlı cavabdehlərə xx.xx.2017-ci il tarixdə xəbərdarlıq göndərilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, müqavilə tərəfi müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqda, müqavilənin digər tərəfinin müqavilə müddətinin bitməsini gözləmədən həmin müqaviləni məhkəmədən kənar, birtərəfli qaydada ləğv etmək hüququ yaranır. Hazırki işdə müqavilə tərəfləri arasında bağlanmış əlavə razılaşmanın müddəti 30 ay, yəni xx.xx.2016-ci il tarixədək müəyyən edilsə də, cavabdehin xx.xx.2014-cü il tarixdə lizinq obyektini lizinq verənə qaytarması və lizinq verənin də lizinq obyektini qəbul etməsi ilə onlar öz aralarında bağlanmış müqaviləni öz iradə ifadələri ilə ləğv etmişlər. Avtomobilin konkret olaraq həmin tarixdə qaytarıldığını tərəflər özləri də təsdiq edirlər. Bununla da, həmin tarixdən sonra tərəflərin müqavilə öhdəliklərinə xitam verilmişdir. Bundan sonra müqavilənin ləğvindən sonrakı müddət üçün tərəflərin bir-birinə qarşı müqavilə öhdəlikləri qalmamış, yalnız həmin tarixə qədərki, yəni müqavilənin qüvvədə olduğu müddətdə yaranmış öhdəliklərdən meydana gələn tələb hüququ qalmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırda cavabdehlərdən xx.xx.2014-cü il tarixdə lizinq obyektinin lizinq verənə qaytarılması anınadək hesablanmış məbləğlərin ödənilməsini tələb edir. Həmin məbləğlərin gecikdirilməsi və ödənilməməsinə münasibətdə iddiaçının tələb hüquqları isə əlavə razılaşmanın müddətinin bitməli olduğu xx.xx.2016-ci il tarixdə deyil, xx.xx.2014-cü il tarixdə, yəni lizinq obyektini lizinq verənə qaytarılması anınadək artıq pozulmuş idi. Bu səbəbdən iddiaçının hazırki tələb üzrə hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gün ən geci həmin müqavilənin ləğv edildiyi xx.xx.2014-cü il tarixi, yəni lizinq obyektinin qaytarıldığı tarix olaraq müəyyən edilir. Həmin vaxtdan sonra keçən 3 illik müddət ərzində lizinq alanın, yəni cavabdehin əlavə razılaşma üzrə hər hansı məbləğ ödəməklə borcu etiraf etməsini göstərən hərəkətlər etməsi, həmçinin, iddiaçının həmin müddət ərzində qanunla müəyyənləşdirilmiş qaydada məhkəməyə müraciət etməsi, bununla da iddia müddətinin axımının kəsilməsi halları da aşkar edilməmişdir. İddiaçı yalnız xx.xx.2017-ci il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki tələb müqavilədən irəli gələn və vaxtaşırı icra edilməli olan öhdəliklər sırasına aid olduğundan, qanunvericiliyə əsasən bu növ tələblər üzrə iddia müddəti üç il müəyyən edildiyindən qeyd olunan tələbin irəli sürülməsi müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin vaxtdan 3 aya yaxın müddət keçdikdən sonra - xx.xx.2017-ci il tarixdə (iddia ərizəsinin tarixi xx.xx.2017-ci il) qeyd olunan tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayaraq həmin müddəti keçirməklə hazırki tələblə məhkəməyə müraciət etdiyindən məhkəmə iddiaçının iddia tələbində, habelə, cavabdehin etiraz ərizəsinə yazılı münasibətində göstərdiyi xüsusatları hazırki iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməsi üçün yetərli əsas hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Qeyd olunan hüquq normasının məzmununa görə məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddia müddəti digər cavabdehə, yəni Cavabdeh1 öhdəliklərinə görə zamin olmuş şəxs Cavabdeh2 münasibətdə də keçmişdir. Həmin əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddia tələbinin xx.xx.2010-cu il tarixli, NVD 1272/8xx-xx/2010 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2013-cü il tarixli əlavə razılaşma üzrə öhdəliklərin yerinə yetirlilməməsi nəticəsində dəymiş ziyana görə cavabdehlərdən 3495,13 ABŞ dolları əsas borc, 691 ABŞ dolları faiz borcu və 811 ABŞ dolları dəbbə pulu tutulmasına dair hissəsi iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 373.3, 375.2, 376, 377.1, 377.2, 380.1, 421.2,421.3, 424.1, 424.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərar, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərar, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə səhvən iddia müddətinin başlanması anını lizinq obyektinin qaytarıldığı 2014-cü ildən etibarən hesablamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, lizinq obyekti 2014-cü il tarixində qaytarılsa belə öhdəliyə xitam verilməmiş, cavabadehlərin icra olunmamış borc öhdəliyi qalmış və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəti xx.xx.2016-ci il tarixində bitmişdir. Həmin müqavilə üzrə öhdəliyin icrası müddəti müəyyənləşdirildiyindən, iddia müddətinin axımının başlanğıcı icra müddətinin bitdiyi tarixdən başlanmalıdır. Cavabdeh1 ilə imzalanmış müqavilənin icra müddəti isə 2016-cı ilin iyun ayında bitmişdir. Göründüyü kimi, öhdəliyin icra müddətinin bitdiyi 2016-cı ilin iyun ayından iddia müddətinin axımı başlanmış, müqavilə tələbləri üzrə nəzərdə tutulan 3 illik müddət bitməmiş-2017-ci ilin oktyabrında məhkəmədə iddia qaldırılmışdır. Beləliklə, məhkəmənin iddia müddətinin ötürülməsi qənaətinə gəlməsi yanlış olmuşdur. 377.1-ci maddə müqavilədən kənar öhdəliklər üzrə iddia müddətinin axımının nə zaman başlandığını müəyyən edir. Müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımı isə 377.2-ci maddə ilə tənzimlənir. Odur ki, hazırkı iş üzrə iddia müddətinin axımının başlanğıcı öhdəliyin icra müddətinin bitdiyi 2016-ci ildən hesablanmalıdır. Apellyasiya şikayətinin təmin olunması, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(049)-2708/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan 06 sentyabr 2010-cu il tarixli, NVD 1272/810- 09/2010 saylı daxili maliyyə lizinq müqaviləsinə 1 saylı Əlavədən görünür ki, lizinq alan Cavabdeh1 30 ay müddətində hər ay 1523,95 ABŞ dolları olmaqla təşkilata qaytarmalı idi. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən iddiaçı təşkilatın hesabına sonuncu dəfə 03 iyul 2014-cü il tarixdə olmaqla ödəniş etmişdir. iddia tələbindən və işdə olan materiallara əsasən, iddia müddətinin tətbiqi zərurəti vardır. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Lakin iş materiallarından da göründüyü kimi, Lizing obyekti təhvil verilmiş və tərəflər arasında müqaviləyə xx.xx.2014-cü il tarixdə xitam verilmişdir. Bu müddətdən sonra cavabdeh tərəfindən hər hansı ödənişin olması da vurğulanmamışdır. İddiaçı tərəfindən məhkəməyə 2017-ci ilin oktyabr ayının sonu müraciət olunmuşdur. Yəni iddia müddətinin bitməsindən təxminən 3 ay sonra iddia tələbi irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqların bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respubliksası Mülki Məcəlləsinin 377-ci maddəsinin müddəalarına əsasən, öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. Mülki Məcəllənin iddia müddətinin axımının başlanması ilə bağlı ümumi qaydanın müəyyən olunduğu 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi, qanunverici əmlak və şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə bağlı tələb hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə əlaqələndirilmişdir. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respubliksası Mülki Məcəlləsinin 375.1.-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. "xxxx" Lizinq Şirkəti QSC məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq "xxxx" Lizinq Şirkəti QSC-ilə Cavabdeh1 arasında bağlanmış 06 sentyabr 2010-cu il tarixli, NVD 1272/810- 09/2010 saylı daxili maliyyə lizinq müqaviləsi və həmin müqaviləyə xx.xx.2013-cü il tarixli "Öhdəliyin ötürülməsi haqqında" Əlavə Razılaşma üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyan üzrə 3495,13 ABŞ dolları, faiz məbləği üzrə 691 ABŞ dolları, cərimə məbləği üzrə 811 ABŞ dolları, və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub «Unileasing" Lizinq Şirkəti QSC-nin xeyrinə ödənilməsi tələbi iddia müddətininin bitməsi səbəbindən apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Birinci instansiya məhkəməsi qətnaməsində Mülki Məcəllənin 373.3-cü maddəsi olan vaxtaşırı öhdəliklə əlaqədar maddəyə istinad etmişdir. Lakin hesab edir ki, bu mövqe düzgün deyildir və onlar Mülki Məcəllənin 373.2-ci maddəsinin tətbiq edilməsi, yəni müqavilələrdən gələn iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar qətnamənin qəbul edilməsi üçün apellyasiya şikayəti vermişdirlər. Konstitusiya Məhkəməsinin 2013-cü il tarixli qərarındada müqavilələrdən gələn öhdəliklərlə bağlı iddia müddətinin tətbiq olunmasına dair mövqe vardır. 2016-cı ildə iddia qaldırmamaqlarının səbəbi o idi ki, Unibank lizinq vermirdi. O vaxtı iddianı lizinq şirkəti qaldıra bilirdi. Lakin 2022-ci il tarixində tələb üçüncü şəxsə güzəştə getdiyinə görə onlar iddia qaldırmışdırlar. Cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. 748-1.12.4-cü maddəsinə görə isə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-2708/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tuturOna görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 2708/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı "xxxx" Lizinq Şirkəti QSC 2017-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il tarixli NVD 1272/8xx-xx/2010 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əlavə olaraq "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış, xx.xx.2013-cü il tarixli “Öhdəliyin ötürülməsi haqqında” əlavə razılaşma üzrə öhdəliklərin yerinə yetirlilməməsi nəticəsində dəymiş ziyana görə 3495,13 ABŞ dolları əsas borc, 691 ABŞ dolları faiz borcu, 811 ABŞ dolları dəbbə pulu və 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulub "xxxx" Lizinq Şirkəti QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə tərkibi iddia tələbinin əsasını və apellyasiya şikayətinin dəlillərini ətraflı araşdıraraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. 748-1.12.4-cü maddəsinə görə isə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, xx.xx.2010-cu il tarixli NVD 1272/8xx-xx/2010 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş əlavə razılaşmaya əsasən "xxxx" Lizinq Şirkəti QSC buraxılış ili 2006 olan, ** PC *** dövlət qeydiyyat nişanlı “Porshe Cayenne” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. Həmin razılaşmaya əsasən Cavabdeh1 34131 ABŞ dolları borcu illik 24% hesablanmaqla, 30 ay müddətinə "xxxx" Lizinq Şirkəti QSC-nə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra lizinq obyekti olan “Porshe Cayenne” markalı minik avtomobili Cavabdeh1 təhvil verilmişdir. xx.xx.2013-cü il tarixli əlavə razılaşma üzrə Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə Cavabdeh2 zamin olaraq onunla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh1 bir müddət aylıq ödənişləri etmiş, lakin sonradan ödənişlərdə gecikmələr yaranmışdır. Lizinq obyekti olan “Porshe Cayenne” markalı minik avtomobili xx.xx.2014-cü il tarixdə Cavabdeh1 tərəfindən "xxxx" Lizinq Şirkəti QSC-nə təhvil verilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə (iddia ərizəsinin tarixi xx.xx.2017-ci il) məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış “Öhdəliyin ötürülməsi haqqında” xx.xx.2013-cü il tarixli əlavə razılaşmaya əsasən lizinq alan Cavabdeh1 30 ay müddətində hər ay 1523,95 ABŞ dolları ödəniş etməli idi. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən iddiaçı təşkilatın hesabına sonuncu dəfə xx.xx.2014-cü il tarixdə ödəniş edilmişdir. İşdə olan materiallara əsasən hazırki iş üzrə iddia müddətinin tətbiqi zərurəti vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Lakin iş materiallarından da göründüyü kimi, tərəflər arasında müqaviləyə xx.xx.2014-cü il tarixdə xitam verilmişdir. Bu müddətdən sonra cavabdeh tərəfindən hər hansı ödəniş də olmamışdır. İddiaçı tərəfindən məhkəməyə 2017-ci ilin oktyabr ayının sonunda müraciət olunmuşdur. Yəni iddia müddətinin bitməsindən təxminən 3 ay sonra iddia tələbi irəli sürülmüşdür. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddiaçı məhkəməyə müraciət еtmək üçün qanunla müəyyən edilmiş iddia müddətini keçirdiyindən hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsassızdır. Ona görə də iddia müddətinin keçməsi əsası ilə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" lizinq şirkəti QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə maddi ziyanın ödənilməsi” tələbini rədd etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, lizinq obyekti 2014-cü il tarixində qaytarılsa belə öhdəliyə xitam verilməmiş, cavabadehlərin icra olunmamış borc öhdəliyi qalmış və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəti xx.xx.2016-ci il tarixində bitmişdir. Həmin müqavilə üzrə öhdəliyin icrası müddəti müəyyənləşdirildiyindən, iddia müddətinin axımının başlanğıcı icra müddətinin bitdiyi tarixdən başlanmalıdır. Cavabdeh1 ilə imzalanmış müqavilənin icra müddəti isə 2016-cı ilin iyun ayında bitmişdir. Göründüyü kimi, öhdəliyin icra müddətinin bitdiyi 2016-cı ilin iyun ayından iddia müddətinin axımı başlanmış, müqavilə tələbləri üzrə nəzərdə tutulan 3 illik müddət bitməmiş-2017-ci ilin oktyabrında məhkəmədə iddia qaldırılmışdır. Beləliklə, məhkəmənin iddia müddətinin ötürülməsi qənaətinə gəlməsi yanlış olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Belə ki, mövcud xx.xx.2010-cu il tarixli NVD 1272/8xx-xx/2010 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə xx.xx.2013-cü il tarixli əlavə razılaşma bağlanılmış və qeyd olunan razılaşmanın müddəti 30 ay müddətinə bağlanmaqla, razılaşma üzrə öhdəliyin icrası vaxtı xx.xx.2016-cı il tarixə kimi müəyyənləşdirilmişdir. Lakin iş materiallarından da görünür ki, Cavabdeh1 əlavə razılaşma üzrə öhdəliklərini lazımi qaydada və sonadək yerinə yetirə bilməmiş, xx.xx.2014-cü il tarixdə isə lizinq obyektini aktla iddiaçıya təhvil vermişdir. Göründüyü kimi, hazırki tələb müqavilədən irəli gələn və vaxtaşırı icra edilməli olan öhdəliklər sırasına aid olduğundan, öhdəliyin icra müddətinin bitdiyi xx.xx.2014-cü il tarixdə iddia müddətinin axımı başlanmış, xx.xx.2017-ci il tarixdə bitmişdir. Lakin iddiaçı tərəf nəzərdə tutulan 3 illik müddət bitdikdən sonra xx.xx.2017-ci il tarixdə, 3 aya yaxın müddət keçdikdən sonra qeyd olunan tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmənin iddia müddətinin ötürülməsi qənaətinə gəlməsi doğru olmuşdur. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə tərkibi hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Həmçinin hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Məhkəmə tərkibi hesab edir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli əlavə razılaşma ilə bağlanmış daxili maliyyə lizinqi münasibətlərinə xx.xx.2014-cü il tarixində lizinq obyektinin “Porshe Cayenne” markalı nəqliyyat vasitəsinin lizinq alan tərəfindən lizinq verənə qaytarılması ilə faktiki olaraq xitam verilməsi baş vermişdir. Belə ki, müqavilə öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında müqavilənin digər tərəfinin müqavilə münasibətlərinə birtərəfli qaydada son qoymaq hüququ yarana bilər. Tərəflərin davranışından-lizinq alanın lizinq obyektini geri qaytarması və lizinq verənin həmin obyekti qəbul etməsi faktından görünür ki, tərəflər müqavilə üzrə hüquq və vəzifələrin davam etdirilməsində maraqlı olmamış, bununla da müqavilə münasibətlərinə qarşılıqlı iradə ifadəsi ilə xitam vermişlər. Hazırkı işdə lizinq obyektinin geri qaytarılması və lizinq verənin onu qəbul etməsi göstərilən hüququn faktiki icrası olmuş, nəticədə müqavilənin qüvvəsi həmin tarixdənxx.xx.2014-cü ildən etibarən sona çatmış hesab edilməlidir. Bu baxımdan, müqavilə münasibətlərinə xitam verildikdən sonra tərəflərin bir-birinə qarşı yalnız xitam anınadək yaranmış və icra edilməmiş öhdəliklər üzrə tələb hüququ mövcud olmuşdur. Məhz bu səbəbdən iddiaçının hüququnun pozulduğu gün kimi müqavilənin nəzərdə tutulmuş müddətinin bitdiyi xx.xx.2016-cı il deyil, faktiki olaraq müqavilənin ləğv olunduğu xx.xx.2014cü il müəyyən edilməlidir. İddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayaraq həmin müddəti keçirməklə hazırki tələblə məhkəməyə müraciət etdiyindən iddia tələbi və apellyasiya şikayətində qeyd edilən xüsusatlar hazırki iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməsi üçün yetərli əsas hesab edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Qeyd olunan hüquq normasının məzmununa görə məhkəmə tərkibi hesab edir ki, hazırki iş üzrə iddia müddəti digər cavabdehə, yəni Cavabdeh1 öhdəliklərinə görə zamin olmuş şəxs Cavabdeh2 münasibətdə də keçmişdir. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" lizinq şirkəti QSC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(049)-2708/2025 saylı qətnaməsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" lizinq şirkəti QSC) apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" lizinq şirkəti QSC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-2708/2025 saylı qətnaməsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" lizinq şirkəti QSC-nin) apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar