Məhkəmə qərarları › İş №2(106)-17/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-17/2023

23.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-17/2023 23.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindəki payların naturada müəyyən edilib, bölünüb verilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli 2(036)-958/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindəki payların naturada müəyyən edilib, bölünüb verilməsi tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə birgə mülkiyyətlərində olmaqla İmişli şəhərində yerləşən 0.27 ha torpaq sahəsindən paylarının naturada müəyyən edilib, bölünüb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsində göstərilmişdir ki, torpaq islahatı aparılan zaman ailə üzvlərinə, yəni iddiaçılar İddiaçı3, İddiaçı1, nənələri Fərəcova Zərnişan Qaqa qızına, əmiləri Fərəcov Əlihüseyn Köntö oğluna, ataları Fərəcov Fuad Köntö oğluna, əmisi oğlu Fərəcov Elşad Əlihüseyn oğluna, əmiləri Cavabdeh1, Cavabdeh3, bibiləri Cavabdeh2 İmişli şəhərində JN-1300A Kod 90701004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0.27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Nənələri Fərəcova Zərnişan Qara qızı, əmiləri Fərəcov Əlihyseyn Köntö oğlu, əmisi oğlı Fərəcov Elşad Köntö oğlu və ataları Fərəcov Fuad Köntö oğlu vəfat etmişlər. Mərhum ataları Fərəcov Fuad Köntö oğlunun torpaq payını faktiki olaraq anaları İddiaçı2 qəbul etmişdir. Vərəsəlik şəhadətnaməsinin verilməsindən ötrü notariata müraciət etsələr də, notarius demişdir ki, nikahları olduğuna görə atanızın payı ananızındır, lakin mübahisə olduğu üçün məhkəməyə müraciət edilməlidir. İmişli Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli 2(036)-958/2018 saylı qətnaməsi ilə iddia təmin olunaraq, 18 may 2010-cu il tarixdə vəfat etmiş Fərəcov Fuad Köntö oğlundan miras qalmış JN 130 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən planda yeri göstərilmiş İmişli şəhərində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsinin 1/9 hissəsinin 1-ci növbədə vərəsələr sırasından İddiaçı3, İddiaçı1 və İddiaçı2 arasında üç bərabər hissəyə ( 1/27 hissə üzrə) bölünməsi, JN 130 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilmiş İmişli şəhərində yerləşən 0.27 ha həyətyanı sahəsinin 4/9 hissəsi naturada ayrılıb iddiaçılar, İddiaçı3, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş edilmişdir. Cavabdeh1 apellyasiya şikayətində göstərilmişdir ki, qətnaməni almamışdır, yalnız icra məmurları onu 2019-cu ilin avqust ayında bu məsələdən xəbərdar ediblər. 2019-cu ilin avqust ayınadək belə bir iddianın verilməsindən, məhkəmədə baxılmalarından tam xəbərsiz olmuşlar. Onlara məhkəmənin vaxtı barədə heç vaxt rəsmi və ya qeyri-rəsmi bildiriş, məlumat və ya digər xəbərdarlıq verilməmişdir. İmişli Rayon Məhkəməsinin 25 may 2019-cu il tarixli 2(036-)958/2018 saylı qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, həmin həyətdə torpaq sahəsinə dair şəhadətnamədə doqquz nəfər ailə üzvlərinin adı var. Digər halda bacıları da varisdirlər və bacılarının adı həmin şəhadətnamədə olmasa da, onlar da, miras əmlakdan pay almaq hüququna malikdirlər. Lakin məhkəmənin vaxtı barədə heç bir məlumatları olmadığından, onlar miras əmlakdan vərəsəlik hüququ üzrə pay almaq barədə sənədlərini məhkəməyə təqdim edə bilməmişlər. Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilərək, İmişli Rayon Məhkəməsinin 2(036)- 958/2018 saylı 25 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindəki payların naturada müəyyən edilib, bölünüb verilməsi tələbinə dair iddia rədd edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 20 manat ekspertiza xərcinin iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 birgə qaydada alınaraq dövlət büdcəsinə keçirilməsi və iş üzrə mütəxəsis rəyinin verilməsinə görə 82.2 manatın iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 birgə qaydada alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməsi, apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətində göstərilmişdir ki, apelyasiya məhkəməsi işə baxan zaman heç bir araşdırma aparmamış, əraziyə yerli baxış keçirmədən, işin baxılması barədə iddiaçılara heç bir məlumat verilmədən qanunsuz qətnamə qəbul etmişdir. 2) iddia tələbində həyətdə olan fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına münasib olaraq naturada bölgüsü ilə bağlı tələb olmadığı halda, hakim iddia tələbindən kənara çıxaraq cavabdehlərə sərf edən ekspert rəyini almaq üçün ekspert qarşısında suallar qoymuş və onların tələbini həmin əsasla rədd etmişdir. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-206/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni məhkəmə baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin adıçəkilən qərarında qeyd edilmişdir ki, işə baxan apellyasiya Məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəyinə, mülkiyyətin müdafiəsinə dair Konstitutsiya normalarına, eləcə də Mülki Məcəllənin 220, 221 və 213-cü maddələrinə istinad etməklə iddianı rədd etmişdir. Lakin məhkəmə qətnaməsi ziddiyyətlidir. Belə ki, qətnamənin əsaslandırma hissəsində iddianın hansı əsasla rədd edilməsi aydın deyil. Həmin hissədə payın naturada ayrılmasının qeyri-mümkün olması göstərilmiş (torpaq sahəsində inşa edilmiş evin bölgüsü aparılmadığı üçün) və eyni zamanda, iddiaçıların payın ayrılması ilə bağlı ardıcıllığı gözləməli olduqları qeyd edilmiş, Konstitusiya Məhkəməsinin müvafiq qərarına istinad edilmişdir. Hazırkı mübahisə ilə bağı düzgün qənaətə gəlmək üçün məhkəmələrə lazım gəlirdi ki, iş üçün əhəmiyyət kəsb edən halları ardıcıllıqla aydınlaşdırsanlar. O cümlədən: 1-ci, məhkəmələr müəyyən etməli idilər ki, mübahisəli torpaq sahəsi hal-hazırda kimlərə məxsusdur. 2-ci, həmin torpaq sahəsi hansı mülkiyyət növünə-ümumi mülkiyyət və yaxud paylı mülkiyyətdə olan torpaq sahəsidir. 3-cü, torpaq sahəsinin hüquqi vəziyyətini təsdiq edən və işdə yeganə sübut olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan şəxslərdən neçə nəfər vəfat etmişdir. Çünki iddiaçılar özləri ərizələrində həmin şəxslərdən bir neçəsinin vəfat etməsini təsdiq edirlər. İddiaçıların deməsinə görə nənələri Fərəcova Zərnişan Qara qızı, əmiləri Fərəcov Əlihüsen Köntö oğlu, əmisi oğlu Fərəcov Elşad Köntö oğlu və ataları Fərəcov Fuad Köntö oğlu vəfat etmişlər. Mərhum ataları Fərəcov Fuad Köntö oğlunun torpaq payını faktiki olaraq anaları İddiaçı2 qəbul etmişdir. Qeyd olunan sənədlə torpaq sahəsinin kimlərə və mülkiyyətin hansı növündə məxsus olmasına dair qiymətləndirmə aparılmamışdır. 4-cü, məhkəmə müəyyən etməli idi ki, iddiaçılar ölən şəxslərin miras əmlaklarına iddia edirlər, ya yox?. Çünki bundan asılı olaraq miras qoyanların mirasının kimlər tərəfindən qəbul edilməsi məsələsi araşdırılaraq paylar müəyyən edilməli idi. Əgər iddiaçılar miras qoyanların paylarına iddialı deyillərsə, bununla bağlı dəqiqləşmə aparılmalı və tələb dəqiqləşdirilməli idi. Ona görə ki, iddia tələbində ümumi olaraq “0.27 ha torpaq sahəsində paylarının naturada müəyyən edilib verilməsi” tələb olunurdu. Belə qeyridəqiq iddia ərizəsi icraata qəbul edildiyi üçün məhkəmə gedişi zamanı tələbin dəqiqləşdirilməsinə zərurət yaranırdı. Təsadüfi deyil ki, iddiaçılar apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyinə etiraz edərək kassasiya şikayətində qeyd edirlər ki, onların tələbi torpaq sahəsində inşa edilmiş və cavabdehlərin istifadəsində olan evə yönəlməyib, vəfat edənlərin mirasına yönəlməyib, torpaq sahəsindən onlara çatan payın ayrılması barədədir. Belə dəqiqləşmə, tələbin düzgün qanuni əsasının tapılmasına xidmət etmiş olar. Hər bir iş üzrə iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün dörd sualı cavablandırmaq lazımdır; Kim kimdən, nə və nəyə əsasən tələb edir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan dəqiqləşmə aparılmadan tələbin qanuni əsasını tapmaq və nəticə etibarı ilə mübahisəni düzgün həll etmək mümkün olmayacaq. 5-ci, qeyd olunan dəqiqləşmə aparıldıqdan, yəni iddiaçıların tələbi aydın olduqdan və iddiaçıların torpaq sahəsində payları müəyyən edildikdən sonra həmin sahənin naturada ayrılmasının mümkünlüyü məsələsi müzakirə edilməlidir. 6-cı, payların naturada ayrılması məsələsinə baxarkən tərəflərin mənafeyi nəzərə alınmaqla qiymətləndirmə aparıla bilər. O cümlədən, iddiaçıların torpaq sahəsində olan evlərə və tikililərə iddialarının olub-olmaması mövqeyindən çıxış edərək, payların naturada ayrılması ilə bağlı qiymətləndirmə aparıla bilərdi. İddiaçılar ancaq boş torpaq sahəsindən öz paylarını tələb edirlərsə, iş üzrə keçirilmiş ekspertiza zamanı suallar məhz həmin torpaq sahələri hesabına onların payının ayrılmasının mümkünlüyü ilə bağlı olmalı idi. Çünki iddiaçılar evə və tikililərə iddialı deyillərsə, deməli bu hal əslində cavabdehlərin üstün mənafeyini qoruyur. Hər bir halda həmin məsələ dəqiqləşdirilməli idi. İstisna deyil ki, tikililər daxil olmaqla torpaq sahəsinin bölünməsi cavabdehlərin mənafeyinə daha uyğun olsun (məsələn evlər köhnə, istifadəyə yaransız ola bilər, dəyərsiz ola bilər, sökülməsi daha çox vəsait tələb edə bilər, boş torpaq sahəsinin ayrılması daha dəyərli görünər və.s.). İşin halları yuxarıda qeyd olunan ardıcıllıqla araşdırıldıqdan və qanunda nəzərdə tutulan qaydada (MPM-in 88-ci maddəsinə uyğun) qiymətləndirildikdən sonra mübahisə ilə bağlı yekun qərarın əsaslı olması təmin edilmiş olar. Apellyasiya Məhkəməsi iddianı rədd edərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 220-ci maddəsinə istinad etmişdir. Həmin norma əslində paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsini tənzimləyir və 1-ci mərhələ kimi payın naturada ayrılmasını nəzərdə tutur. İddiaçılar da məhz payın ayrılmasını tələb edirlər və ona görə paylı mülkiyyətin ayrılması mərhələlərinə riayət olunması ilə bağlı Konstitusiya Məhkəməsinin müvafiq qərarının hazırkı işdə tətbiqi yersizdir. Çünki iddiaçıların tələbi ancaq paylarının naturada ayrılması ilə bağlıdır və növbəti mərhələ ilə bağlı tələbləri yoxdur. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 28 mart 2023-cü il tarixli məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Onlar izahatlarına əlavə olaraq göstərmişlər ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adıçəkilən şəxslərdən Fərəcova Zərnişan Qara qızı, Fərəcov Əlihüsen Köntö oğlu, Fərəcov Elşad Köntö oğlu və Fərəcov Fuad Köntö oğlu vəfat etmişlər. Ancaq onlar 0.27 ha mübahisəli torpaq sahəsindən özlərinə aid hissədə, habelə mərhum Fərəcov Fuad Köntö oğlunun miras olaraq torpaq payındakı əmlaklarına sahib olmaq istəyirlər. Hazırda mübahisəli torpaq üzərində yerləşən evdə qeydiyyatda olsalar da, Bakı şəhərində kirayədə yaşayırlar. Fərəcov Fuad Köntö oğlu vəfat etdikdən sonra İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci cil tarixli qətnaməsi ilə İddiaçı2 Fərəcov Fuad Köntö oğlundan qalmış JN 13000 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş, İmişli şəhərində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsinin 1/9 hissəsində ibarət olan mirası faktiki qəbul etmişdir. Həmin torpaq sahəsində 9 nəfər şəxs var. Onların paylarına heç bir iddiaları yoxdur. Əslində 1-2 nəfər istisna olmaqla bütün hər kəs əmlakın bölünməsinə razıdır. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (yaxud nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş JN 1300 A Kod 90701004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarına əsasən ailə başçısı Fərəcova Zərnişan Qara qızı olmaqla ailə üzvləri Fərəcov Əlihüseyn Köntö oğlu, Fərəcov Fuad Köntö oğlu, Cavabdeh1, Cavabdeh2 oğlu, Fərəcov Elşad Köntö oğlu, Cavabdeh3, Fərəcov Orxan Köntö oğlu, Fərəcov Fərəc Köntö oğluna İmişli şəhərində 0.27 ha ölçüdə həyətyanı torpaq sahəsi təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ərizəçilər İddiaçı3 və İddiaçı1 "hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-4385/2017 saylı 11 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, JN-1300A saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş İddiaçı3 Köntö oğlunun adının İddiaçı3 və İddiaçı1 Köntö oğlu adının İddiaçı1 aid edilməsi faktı müəyyən edilmişdir. İşdə olan AZ-İ 415327 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən Fərəcov Fuad Köntö oğlu 08 may 2010-cu ildə ölmüşdür. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hazırkı mülki işin faktiki hallarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında ehtiva olunan məcburi göstərişlərə uyğun olaraq hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (JN 1300 A Kod 90701004 saylı) ilə İmişli şəhərində 0.27 ha ölçüdə həyətyanı torpaq sahəsi təyinatlı torpaq sahəsi Fərəcova Zərnişan Qara qızı və onun ailə üzvləri Fərəcov Əlihüseyn Köntö oğlu, Fərəcov Fuad Köntö oğlu, Cavabdeh1, Cavabdeh2 oğlu, Fərəcov Elşad Köntö oğlu, Cavabdeh3, Fərəcov Orxan Köntö oğlu, Fərəcov Fərəc Köntö oğlunun ümumi mülkiyyətinə verilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi ümumi mülkiyyət hüququ əsasında yuxarıda adıçəkilən şəxslərə məxsusdur. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adıçəkilən şəxslərdən Fərəcova Zərnişan Qara qızı, Fərəcov Əlihüsen Köntö oğlu, Fərəcov Elşad Köntö oğlu və Fərəcov Fuad Köntö oğlu vəfat etmişlər. Mərhum Fərəcov Fuad Köntö oğlunun torpaq payını faktiki olaraq onun arvadı İddiaçı2 (digər iddiaçılar İddiaçı3 və İddiaçı1 anası) qəbul etmişdir. İddiaçılar öz izahatlarında özlərinə aid hissədə, eləcə də, Mərhum Fərəcov Fuad Köntö oğlunun miras olaraq torpaq payındakı əmlaklarına sahib olmaq istədiklərini bildirmişlər. Məhkəmə kollegiyası hazırkı halda hesab edir ki, iddiaçıların mübahisəli torpaq sahəsində payları müəyyən edilməlidir. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Fərəcova Zərnişan Qara qızı və onun ailə üzvləri Fərəcov Əlihüseyn Köntö oğlu, Fərəcov Fuad Köntö oğlu, Cavabdeh1, Cavabdeh2 oğlu, Fərəcov Elşad Köntö oğlu, Cavabdeh3, Fərəcov Orxan Köntö oğlu, Fərəcov Fərəc Köntö oğlunun ümumi mülkiyyətinə verilmiş və İmişli şəhərində 0.27 ha ölçüdə həyətyanı torpaq sahəsi təyinatlı torpaq sahəsindən 1/9 hissədə İddiaçı3 və 1/9 hissədə İddiaçı1 payları müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. MM-in 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. MM-in 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Habelə, işdən də göründüyü kimi, paylı mülkiyyətçi olan Fərəcov Fuad Köntö oğlu 18 may 2010-cu il tarixdə vəfat etmiş və ondan sonra onun ailə üzvü olaraq birinci növbə vərəsələri kimi arvadı İddiaçı2, oğlanları - İddiaçı3 və İddiaçı1dur ki, onların da mərhum Fərəcov Fuad Köntö oğlunun mübahisəli topraq sahəsində olan 1/ hissə paydan vərəsəlik qaydasında hər birinin bərabər payı vardır. Buna görə də, həmin miras qalmış hissə üzrə 1/27 hissədə İddiaçı3, 1/27 hissədə İddiaçı1 və 1/27 hissədə İddiaçı2 miras payı müəyyən edilməlidir. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyası payların naturada ayrılmasının mümkünlüyü məsələsi müzakirə edərkən qeyd edir ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1180 saylı 17 iyul 2020-ci il tarixli ekspert rəyinə əsasən mülki işin materiallarına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəsis rəyində yer alan məlumatlara əsasən qeyd olunur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-1300A Kod 90701004 saylı şəhadətnamə əsasında tərəflərin paylı mülkiyyətlərində olan İmişli şəhərində yerləşən fərdi yaşayış evi və həyətyanı sahə məqsədilə ayrılmış 0.27 ha torpaq sahəsinin mülkiyyətçilərinin paylarına mütənasib şəkildə situasiya planına uyğun olaraq naturada bölgüsünün mümkünlüyünü müəyyən etmək üçün ölçmə işləri aparılarkən, ərazidə 2 yaşayış evinin (462 kv.metr), köməkçi tikililərin (126 kv.metr) və yarımçıq tikilinin (50kv.metr) olduğu müəyyən olunmuşdur. Mülki iş materiallarında qeyd olunan tikililərə aid hər hansı bir texniki sənədin və həmin tikililərin tərəflər arasında hansı paylar üzrə bölünməsi ilə bağlı hər hansı bir məlumat olmadığına görə, adları çəkilən tikililərin naturada bölgüsünün mümkün olubolmaması ilə bağlı tədqiqat aparılıb nəticə verilməsi mümkün olmamışdır. Qeyd olunan tikililərin mülkiyyətçilər arasında bölünməməsi səbəbindən, həmin həyətyanı torpaq sahəsinin mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada bölünməsi mümkün deyildir. Göründüyü kimi, iddiaçılar izahatlarında göstərmişlər ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adıçəkilən şəxslərdən Fərəcova Zərnişan Qara qızı, Fərəcov Əlihüsen Köntö oğlu, Fərəcov Elşad Köntö oğlu və Fərəcov Fuad Köntö oğlu vəfat etmiş, ancaq onlar hazırkı halda 0.27 ha mübahisəli torpaq sahəsindən özlərinə aid hissədə, habelə mərhum Fərəcov Fuad Köntö oğlunun miras olaraq torpaq payındakı əmlaklarına sahib olmaq istəyirlər. Beləcə, iddiaçılar öz paylarını istədiklərindən və həmin payların faktiki olaraq naturada ayrılması mümkün olmadığından, eləcə də bu halın apellyasiya şikayəti verən cavabdehin üstün mənafeyini qoruduğundan qalan hissədə iddianın təmin edilməsi həm qanuni deyil, həm də dispozitivlik prinsipinin pozulması ilə nəticələnə bilər. Belə ki, ekspertiza rəyindən də göründüyü kimi, tikililər daxil olmaqla torpaq sahəsinin bölünməsinin tərəflərin hansının mənafeyinə uyğun olmasını müəyyən etmək mümkün deyildir. Habelə, kollegiya hazırkı halda, iddiaçıların vəfat etmiş digər şəxslərin miras əmlakından tələbləri aşkar edilmədiyi üçün həmin hissədə araşdırma aparılmasının da apellyasiya şikayəti verən şəxsin cavabdeh olması baxımından hər hansı cavabdehin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericinin müəyyən etdiyi (Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş) müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarını xatırlatmaqla tərəflərə izah edir ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (JN 1300 A Kod 90701004 saylı) ilə mülkiyyətində torpaq sahəsi olan və vəfat etmiş şəxslərin miras əmlaklarından gələcəkdə onlara çatası paylarının müəyyən edilməsi üçün tərəflərin qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qaydada müraciət hüququ saxlanılır. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın tam təmin edilməsi üzrə məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia tələbi əsaslı, əgər uzlaşmırsa iddia tələbi əsassız hesab edilir. Beləliklə, məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma apararaq işin faktiki hallarına düzgün qiymət verməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləcə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən barəsində şikayət verilən qətnamədə payların hansı qaydada bölünməsi barədə ətraflı və hərtərəfli araşdırma aparılmadan yekunda aydın olmayan nəticəyə gəlinmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli 2(036)-958/2018 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (JN 1300 A Kod 90701004 saylı) ilə Fərəcova Zərnişan Qara qızı və onun ailə üzvləri Fərəcov Əlihüseyn Köntö oğlu, Fərəcov Fuad Köntö oğlu, Cavabdeh1, Cavabdeh2 oğlu, Fərəcov Elşad Köntö oğlu, Cavabdeh3, Fərəcov Orxan Köntö oğlu, Fərəcov Fərəc Köntö oğlunun ümumi mülkiyyətinə verilmiş və İmişli şəhərində 0.27 ha ölçüdə həyətyanı torpaq sahəsindən 1/9 hissədə İddiaçı3 və 1/9 hissədə İddiaçı1 payları müəyyən edilməli, həmin torpaq sahəsindən 18 may 2010-cu il tarixdə vəfat etmiş Fərəcov Fuad Köntö oğlundan miras qalmış hissə üzrə 1/27 hissədə İddiaçı3, 1/27 hissədə İddiaçı1 və 1/27 hissədə İddiaçı2 miras payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1180 saylı 17 iyul 2020-ci il tarixli ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 20 manat və mütəxəsis rəyinin verilməsinə görə 82,20 manat məbləğlərdə pul vəsaiti Cavabdeh1 Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77, 89, 124, 217.2, 218.1, 372, 384, 385, 387, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli 2(036)-958/2018 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (JN 1300 A Kod 90701004 saylı) ilə Fərəcova Zərnişan Qara qızı və onun ailə üzvləri Fərəcov Əlihüseyn Köntö oğlu, Fərəcov Fuad Köntö oğlu, Cavabdeh1, Cavabdeh2 oğlu, Fərəcov Elşad Köntö oğlu, Cavabdeh3, Fərəcov Orxan Köntö oğlu, Fərəcov Fərəc Köntö oğlunun ümumi mülkiyyətinə verilmiş və İmişli şəhərində yerləşən 0.27 ha ölçüdə həyətyanı torpaq sahəsindən 1/9 hissədə İddiaçı3 və 1/9 hissədə İddiaçı1 payları müəyyən edilsin. İmişli şəhərində yerləşən həmin 0.27 ha ölçüdə həyətyanı torpaq sahəsindən 18 may 2010-cu il tarixdə vəfat etmiş Fərəcov Fuad Köntö oğlundan miras qalmış hissə üzrə 1/27 hissədə İddiaçı3, 1/27 hissədə İddiaçı1 və 1/27 hissədə İddiaçı2 miras payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1180 saylı 17 iyul 2020-ci il tarixli ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 20 (iyirmi) manat və mütəxəsis rəyinin verilməsinə görə 82 (səksən iki) manat 20 (iyirmi) qəpik məbləğlərdə pul vəsaiti Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar