Məhkəmə qərarları › İş №2(106)-170/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-170/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-170/2023 17.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı sığorta ASC-nin nümayəndəsi Alakhverdiev Araz və Cavabdeh iştirakları ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)2506/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini üzrə işə 17 yanvar 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Sığorta Şirkəti ASC cavabdeh subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 700 AZN məbləğində verilmiş sığorta ödənişinin və 30,4 AZN məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 730.40 AZN pulun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-ci il tarixində Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz C 240 ” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Babək prospekti ilə M.Əliyev küçəsinin kəsişməsində “Mercedes Benz” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olmağı Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 3(007)-67/2016 saylı qərarında öz əksini tapmışdır. xx.xx.2016-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 700 AZN zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq 700 AZN sığorta ödənişini həyata keçirmişdir. Hadisə zamanı Cavabdeh avtomobilə sürücülük hüququ olmadan idarə etiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. İddiaçının nümayəndəsi 28 iyul 2022-ci il tarixli, 845 nömrəli məktubla məhkəməyə müraciət edərək iddia ərizəsinə onun iştirakı olmadan baxılması və tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməməsininə görə heç bir üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)2506/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim M.Aslanov), iddia tələbinin təmin edilməsi, Cavabdeh 700 AZN məbləğində verilmiş sığorta ödənişi və 30,40 AZN məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 730.40 AZN pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Kərimov X4 Rayon Məhkəməsinin 2(049)2506/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətinin təmin edilməsi Lənkəran Rayon Məhkəməsinin 2(049)2506/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı sığorta ASC-nin nümayəndəsi Alakhverdiev Araz keçirilən məhkəmə iclasında iştirak edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, şikayətin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)2506/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)2506/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə uyğun olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun; 25.1-ci maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)2506/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Kərimov X4 rayonu, Biləsər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş AB N 918074 nömrəli nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz C240» minik markalı **- VT-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış ƏN-V№ 075050 Nəqliyyat vasitəsinin etibarnaməsinin surətindən görünür ki, X3 tərəfindən Cavabdeh «Mercedes Benz C240» minik markalı **-VT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 04 oktyabr 2016-cı il tarixinə qədər etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış KYP 188805 saylı X6 qərardan görünür ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinin tələbini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-67/2026 saylı qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 152.4-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, zərərçəkən «Mercedes Benz C240» markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəyən ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişi 700 manat məbləğində hesablanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış 07 iyun 2022-ci il tarixli prentenziya məktubun surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ümumillikdə həyata keçirilən 700 manat sığorta ödənişini 5 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış DİN Bakı Şəhəri Nizami RPİ-nin Texniki ekspertiza şöbəsi tərrəfindən tərtib edilmiş hesabatdan görünür ki, “Mercedes Benz C” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilə 700 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalıya sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh sürücülük vəsiqəsi yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı Sığorta Şirkəti ASC-nin iddiasının mahiyyətindən müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC ilə İlqar Balacayev arasında sığorta müqaviləsi bağlanılmışdır. X3 tərəfindən Cavabdeh «Mercedes Benz C240» minik markalı **-VT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzrə 04 oktyabr 2016-cı il tarixinə qədər etibarnamə verilmişdir. xx.xx.2016-ci il tarixində Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz C 240 ” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Babək prospekti ilə M.Əliyev küçəsinin kəsişməsində X5 idarə etdiyi “Mercedes Benz” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Nizami Rayon Məhkəməsinin 3(007)-67/2016 saylı X6 Qərarında öz əksini tapmışdır. xx.xx.2016-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq İ.Kazımova 700 manat zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq İ.Kazımova 700 manat sığorta ödənişini həyata keçirmişdir. Odur ki, İddiaçı Sığorta Şirkəti ASC subroqasiya qaydasında 700 manat pulun və ödənilmiş dövlət rüsumu olan 30.40 manat cəmi 730.40 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 21, 936.2, 1108 və “İcbari sığortalar haqqında” qanunun 25-ci maddələrinə istinad etmişdir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən idarə və istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Lakin hazırkı tələbdən görünür ki, cavabdeh avtomobilə qanuni əsaslarla sahiblik etsə də, onun sürücülük hüququ olmamış, o, avtomobili qanuni əsaslarla idarə etməmişdir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Belə ki, İ.Balacayev Cavabdeh «Mercedes Benz C240» minik markalı **-VT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzərində etibarnamə üzrə (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqları yerinə yetirməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər) səlahiyyətlər vermişdir. Cavabdeh isə ona verilən etibarnamədən sui-istifadə edərək sürücülük hüququ olmadan yuxarıda qeyd olunan avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Etibarnamə üzrə cavabdehə sürücülük hüququ olduqda avtomobili idarə etmək səlahiyyəti verilsə də, o, sürücülük hüququ olmadan avtomobili idarə etmişdir. Bu hal inzibati tənbeh haqqında Nizami Rayon Məhkəməsinin 3(007)-67/2016 saylı qərarında da ilə öz təsdiqini tapmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə iddiaçı tərəfindən sığorta ödənişi ödənilmişdir. Göründüyü kimi, hadisə cavabdehin təqsiri səbəbindən baş vermiş, İddiaçı Sığorta Şirkəti ASC ilə İlqar Balacayev arasında bağlanan müqavilə üzrə öhdəliyi yerinə yetirmişdir. Nəticədə hadisə zamanı Cavabdeh avtomobilə sürücülük hüququ olmadan idarə etdiyinə görə ona qarşı İddiaçı Sığorta Şirkəti ASC-nin subroqasiya hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının “İcbari sığorta haqqında” qanununun; 25.1-ci maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: • törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; • törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; • ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Göründüyü kimi Cavabdeh sürücülük hüququ olmadan avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törədərək, “Mercedes Benz” markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobilə 700 manat zərər vurmuş, nəticədə sığorta hadisəsinin baş verməsində təqsirli olmuşdur. İddiaçı Sığorta Şirkəti ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, sığorta ödənişi ilə dəymiş zərəri aradan qaldırmış və haqlı olaraq cavabdehdən ona keçmiş hüquq (Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir) əsasında subroqasiya qaydasında pul tələb etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “baş vermiş qəza hadisəsindən 6 il 6 ay sonra İddiaçı Sığorta Şirkəti ASC-nin iddia qaldıraraq ödənilmiş vəsaitin geri qaytarılması istəməsi və Lənkəran Rayon Məhkəməsinində iddiaçının lehinə qərar verməsi maddi hüquq normalarına ziddir”. Kollegiya cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə razılaşmır belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən “əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.”. Hazırkı tələb üzrə isə iddiaçı yuxarıda qeyd olunan müddəti ötürməmişdir. Odur ki, kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Lənkəran Rayon Məhkəməsinin 2(049)2506/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)2506/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar