Məhkəmə qərarları › İş №2(106)-1700/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1700/2024

05.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1700/2024 05.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi, fərdi yaşayış evindən çıxarılma Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5, (sədrlik edən, məruzəçi) X3 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(049)-683/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil (hakim Nicat Ağabəyov) tərəfindən apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu Osaküçə kəndində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh azyaşlı uşaqları ilə birlikdə istifadə hüququna 4000 manat miqdarında kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda Rusiya Federasiyasında qeydiyyatda olmaqla yaşasa da, Lənkəran rayonu Osaküçə kəndində mülkiyyətində fərdi yaşayış evi vardır. Həmin evdə onun arvadı və oğlu yaşayır. Oğlu Nümayəndə hazırki iş üzrə Cavabdeh (Gözəlova) ilə 2011-ci ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar və cavabdeh ona məxsus olan, Lənkəran rayonu Osaküçə kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evə gəlin köçmüşdür. Qeyd olunan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Oğlu Nümayəndəla cavabdeh arasında nikah xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə Əli adlı, xx.xx.2013-cü il tarixdə isə Ruqəyya və Zəhra adlı əkiz uşaqları doğulmuşdur. Sonradan onlar təsərrüfatdan ayrılaraq öz təsərrüfatlarını qurmuşlar. Daha sonra ailə münasibətləri zəmnində yaranmış mübahisələr səbəbindən cavabdeh 2019-cu ilin may ayında Nümayəndə ayrılıb valideynlərinin evinə getmişdir. Həmin vaxtdan da cavabdeh övladları ilə birlikdə Lənkəran rayonu Moloja kəndində öz valideynlərinə məxsus olan evdə yaşamışdır. Həmin müddət ərzində Nümayəndə cavabdehlə aralarında olan nikah qeydinin pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Bundan sonra cavabdeh ona, Nümayəndə və Nərminə Gözəlovaya qarşı evə köçürmə tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli yekun məhkəmə qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün icra qurumuna göndərilmiş və icra sənədi icra mərhələsində olarkən cavabdeh onun oğlu Nümayəndəla barışdığından onlar yenidən ona məxsus evdə ər-arvad kimi yaşamağa başlamışlar. Bu yaxınlarda yenidən onlar arasında münasibətlər pozulmuş və cavabdeh uşaqları ilə birlikdə ona məxsus evi tərk edərək çıxıb getmişdir. B undan sonra cavabdeh yenidən ərizə yazaraq əvvəlki icra sənədinin icra edilməsini tələb etdiyindən həmin icra sənədi təkrar icraya yönəldilmişdir. Hazırda cavabdehin onun evində yaşaması qeyrimümkündür. Çünki, onılar birgə yaşayarkən evdə tez-tez mübahisələr baş vermişdir. Əgər cavabdeh onlarla bir yerdə yaşasa bu gələcəkdə hər hansı bir xoşagəlməz hadisə ilə nəticələnə bilər. Bu səbəbdən də mülkiyyət hüququ əsasında ona məxsus olan evdən cavabdehin qanuni yolla çıxarılmasını tələb edir. İşin məhkəmə hazırlıq iclasının gedişində iddiaçının nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Lənkəran rayonu Osaküçə kəndində yerləşən yaşayış sahəsindən cavabdehin uşaqlarla birgə istifadə hüquqlarına ona 5000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin uşaqlarla birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, Nümayəndə valideynləri el adəti ilə toy edərək onu özlərinə məxsus olan, Lənkəran rayonu Osakücə kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə gəlin aparmışlar. Həmin evin hər iki otağında indiyədək onun cehiz əmlakları yerləşdirilmişdir. Gəlin köçdüyü evdə Nümayəndə ilə birgə nikahdan üç övladı dünyaya gəlmişdir. Uşaqlardan böyüyü xx.xx.2012-ci il tarixdə doğulmuş Əli anadangəlmə lal-kar və ruhi xəstədir. xx.xx.2013-cü il tarixdə isə əkiz övladları Ruqəyya və Zəhra dünyaya gəlmişlər. Gəlin köçdüyü zaman əri və evin digər sakinləri ona heç bir şərt qoymamış, onlar qeyd-şərtsiz onu ailə üzvlüyünə qəbul etmişlər. Qeyd etdiyi kimi, böyük övladı xəstə olduğundan, əri onun qarşısına ya həmin uşaqdan imtina edib həmişəlik xüsusi internat məktəbinə qoymaq, buna razı olmadığı təqdirdə isə ondan rəsmi ayrılmaq şərtini qoymuşdur. O isə öz övladından vaz keçməmiş, nəticədə xx.xx.2019-cu il tarixdə əri nikahlarının məhkəmə qaydasında pozulmasına nail olmuşdur. Daha sonra o, evə köçürülmə tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmiş və həmin məhkəmənin qətnaməsi ilə iddiası təmin edilmişdir. Ali Məhkəmə isə Şirvan Apellyasiya Məhkəməsinin həmin qətnaməsini qüvvədə saxlamışdır. Bir müddət sonra əri ilə barışaraq yenidən qayınatasına məxsus evdə yaşamışdır. İddiaçının göstərdiyi kompensasiya məbləği ilə razı deyil. Çünki, həmin pula heç bir yerdə yaşayış sahəsi əldə edə bilməz. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş, məhkəməyə ünvanladığı etirazın dəlillərinə uyğun izahat verərək iddiaçının tələbində göstərdiyi kompensasiyanın məbləğindən asılı olmayaraq məhkəmə qətnaməsi əsasında köçürüldüyü evdən çıxmaq istəmədiyini, iddiaçı tərəfindən təklif edilən heç bir kompensasiya məbləğini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 04 iyul 2024-cü i il tarixli, 2(049)-683/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Lənkəran rayonu Osakücə kəndində yerləşən, xx.xx.2015-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-648/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş istifadə hüququna ona 5000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X7, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 adlı uşaqları ilə birlikdə Lənkəran rayonu Osakücə kəndində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin İddiaçı özünə aid edilməsi, ekspertiza xərcinin məbləği olan 50 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hisəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Məhkəmə 5000 manat kompensasiya məbləğinin ona azyaşlı övladları ilə birlikdə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməməsinə dair məhkəmə lazımi araşdırma aparmadan, başqa sözlə cavabdehə ödəniləcək kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməməklə Mülki Məcəllənin 228.2-ci maddənin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 388-ci maddəsində qeyd olunur ki, apellyasiya instansiya məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Məhkəmə tələb etdiyimiz kimi kompensasiyanın bazar qiymətlərinə uyğun müəyyən edilməsini araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 389-cü maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Məhkəmə iddia tələbini təmin edərkən ekspertiza rəyinə, cavabdehin izahatlarına deyil öz mülahizələrinə əsaslanmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Osaküçə kəndində kirayə evləri çox bahadır. Ekspertiza ilə müəyyən olunan 200 manat kirayə haqqı çox aşağı müəyyən olunmuşdur. Xüsusən yay aylarında həmin kənddə evlərin kirayə haqqı kəskin artır. Hesab edirlər ki, onlara 10000 manat kompensasiya verilərsə onunla razılaşmaq olar. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavaabdehin nümayəndəsi xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayəti əsasında işə baxılmasını mümkün hesab etmişdir. d) Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. e) Mülki işə tətbiq edilən hüquq: "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarından da müəyyən edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007- ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli Texniki Pasportun və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki, Lənkəran rayonu Osaküçə kəndində yerləşən, ümumi sahəsi 87.2 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.12 hektar torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixdə hazırki iş üzrə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bununla bağlı onun adına Texniki Pasport tərtib edilmişdir. JN-474F KOD 80216018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayonu Osaküçə kəndində 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-648/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, hazırkı iş üzrə cavabdeh İddiaçı, Nümayəndə və Nərminə Gözəlovaya qarşı yaşayış evinə köçürülmə və evin bütün yardımçı sahələrindən istifadə hüququnun tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-2503/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)- 2503/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməklə Seyfullayeva (Gözəlova) Rufanə İslam qızının azyaşlı uşaqları - xx.xx.2012-ci il tarixdə doğulmuş X7, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 ilə birlikdə İddiaçı məxsus olan, Lənkəran rayonu Osaküçə kəndində yerləşən 2 mərtəbəli yaşayış evinin yardımçı sahələrindən (hamam, tualet və s.) də istifadələri mümkün hesab edilməklə həmin evin ikinci mərtəbəsindəki cehiz əşyalarının olduğu və gəlin köçdüyü otağa köçürülməsi qət edilmişdir. "Beynəlxalq Əmlak və Qiymətləndirmə Agentliyi” tərəfindən verilmiş arayışda Lənkəran rayonu Osaküçə kəndində yerləşən, ümumi sahəsi 87,2 kv.metr olan fərdi yaşayış evinin aylıq icarə haqqının 130 manat təşkil etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş arayışda Lənkəran rayonu Osaküçə kəndində yerləşən, ümumi sahəsi 87,2 kv.metr olan fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixə bazar dəyərinin 25.000 manat təşkil etdiyi qeyd edilmişdir. Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti tərəfindən verilmiş "Fərdi yaşayış evinin bazar qiymətlərinə dair” xx.xx.2024-cü il tarixli mütəxəssis arayışında Lənkəran rayonu Osaküçə kəndində 0.12 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87,2 kv.metr olan fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixə bazar dəyərinin ƏDV nəzərə alınmadan 24500, likvid dəyərinin 22050 manat təşkil etdiyi qeyd edilmişdir. Həmin rəyə əsasən Lənkəran rayonu Osaküçə kəndində 0.12 hektar torpaq sahəsində yerləşən, 1990-cı ildə inşa edilmiş və tam təmir olunmamış, ümumi sahəsi 87,2 kv.metr olan fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən, ümumi sahəsi 20,4 kv.metr olan bir otağın xx.xx.2024-cü il tarixə bazar dəyəti ƏDV nəzərə alınmadan 5161 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin xx.xx.2024-cü il tarixli 19/438 nömrəli rəyindən görünür ki, Lənkəran rayonu Osaküçə kəndində yerləşən zəif təmirli fərdi yaşayış evinin aylıq kirayə haqqının orta bazar qiyməti, təxminən, 200 manat müəyyən edilir. Sorğuda qeyd edilən, mülkiyyətçi ilə və mülkiyyətçisiz fərdi yaşayış evinin bir otağının aylıq kirayə haqqı barədə məlumat olmadığından həmin sualı cavablandırmaq mümkün olmamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təklif edilən 5000 manat məbləğində kompensasiya ağlabatan məbləğ deyildir. Kollegiya 5000 manat kompensasiya məbləğini cavabdehin mənafeyinə uyğun hesab etməməklə, həmin kompensasiya hesabına cavabdehin əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddət ərzində yaşamasını məqsədəuyğun hesab etmir. Qeyd edilən hal isə iddianın təmin edilməməsi üçün əsasdır. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən, onun təklif edilən məbləğin artırılıb-artırılmaması barədə fikrini aydınlaşdırmaq da mümkün olmamaışdır. Belə ki, MPM-in 218-ci maddəsinin tələblərinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Habelə məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Beləcə, məhkəmə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianın təmini zamanı mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalı, mülkiyyətçi isə öz növbəsində məhkəmə tərəfindən müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa da bilər, razılaşmaya da bilər. Yəni, belə olan halda, mülkiyyətçinin razılığının nəzərə alınmaması dispozitiv prinsipinə ziddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin xx.xx.2024-cü il tarixli 19/438 nömrəli rəyindən görünür ki, Lənkəran rayonu Osaküçə kəndində yerləşən zəif təmirli fərdi yaşayış evinin aylıq kirayə haqqının orta bazar qiyməti, təxminən, 200 manat müəyyən edilir. Göründüyü kimi mübahisəli ərazidə yerləşən fərdi yaşayış evlərində kirayə haqqı orta hesabla 200 manat təşkil edir. Belə olduqda iddiaçı tərəfindən təklif edilən 5000 manat pul məbləği cavabdehin oxşar şəraitdə cəmi 25 ay (2 il 1 ay) kirayədə yaşamasına kifayət edir ki, kollegiya da bunu əsaslı qəbul etmir. Buna görə də Kollegiya qeyd edir ki, iddiaçı kompensasiya məbləğini 5000 manat məbləğindən daha çox artırmaqla iddia tələbi ilə yenidən məhkəməyə müraciət edə bilər. Kollegiya hesab etmişdir ki, iddiaçı cavabdehə elə məbləğ təklif etməlidir ki, cavabdeh əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə ən azından 3 il (təxminən 7000 manat) yaşaya bilsin. İddiaçı hazırkı iddiada cavabdehə 5000 manat məbləği təklif etsə də cavabdehin əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddət ərzində yaşamasının ağlabatanlığı və məqsədəuyğunluğu haqqında hər hansı sübut təqdim etməmişdir. Habelə bu hazırkı mülki işin faktiki halları ilə də təsdiq edilmir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Habelə, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Beləliklə, məhkəmə koollegiyası birinci insitansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və diqqətə çatdırır ki, mübahisəli evdə iddiaçının mülkiyyət, cavabdehin isə istifadə hüquqları vardır. Cavabdehin yaşadığı evin şəraitinə uyğun bir şəraitli evdə yaşaması üçün cavabdehin deməsinə görə 10 000 manat kompensasiya tələb olunur. İddiaçı isə yalnız 5000 manat məbləğdə kompensasiya ödəməyə razıdır. Habelə cavabdehin (uşaqları ilə birlikdə) istifadəsində digər yaşayış sahəsi yoxdur və iddiaçının təklif etdiyi 5000 manat kompensasiya məbləği isə ona davamlı surətdə və müəyyən müddət daxilində mübahisəli yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamasına imkan vermir. Yuxarıda qeyd edilən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bundan əlavə, mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği evin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə olan halda həmin şəxsin məhrum olduğu hüquq qismində evin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca evin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar evdə yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamış və həmin müddətin hansı zaman kəsiyini əhatə etməsi də müəyyən edilməmişdir. Eyni zamanda, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə də heç bir norma mövcud deyildir. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 04 iyul 2024cü i il tarixli, 2(049)-683/2024 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 04 iyul 2024-cü i il tarixli, 2(049)-683/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar