Məhkəmə qərarları › İş №2(106)-1706/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1706/2023

19.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1706/2023 19.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh Ağayeva (Məmmədova) Həqiqət Qulu qızının iştirakı ilə, İddiaçı cavabdeh Ağayeva (Məmmədova) Həqiqət Qulu qızına qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2(018)-608/2023 saylı qətnaməsindən cavabdeh Ağayeva (Məmmədova) Həqiqət Qulu qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2(018)-608/2023 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia təmin edilərək cavabdeh X2 İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində 0,07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadratmetr ümumi sahədən ibarət fərdi yaşayış evinə istifadə hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə, xitam verilməsi və İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində olan dövlət rüsumu və mediasiyaya dair xərcinə görə 25 (iyirmi beş) manat məbləğində pulun cavabdeh X1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Ağayeva (Məmmədova) X7 Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2(018)-608/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X5 və X4 02 dekabr 2013-cü il tarixdə evlənmişlər. Evləndikdən sonra onun mülkiyyətində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evində 2021-ci ilin əvvəlinədək yaşamışlar. Bu müddətdə onların 14 aprel 2012-ci il təvəllüdlü X6 və 03 avqust 2013-cü il təvəllüdlü X8 adlı iki uşaqları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdeh ona mütəmadi olaraq hörmətsizlik etmişdir. Cavabdeh 2021-ci ilin fevral ayında evdən çıxıb getmişdir. Fərdi yaşayış evi 21 iyun 2021-ci il tarixdən onun mülkiyyətindədir. Cavabdeh onunla fərdi yaşayış evindən istifadəsinə dair hər hansı bir müqavilə bağlamamışdır. Buna baxmayaraq, Astara Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(018)-759/2021 saylı qətnaməsi ilə cavabdehin “yaşayış sahəsinə köçürmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbi qismən təmin edilmiş, X4, uşaqları - 14 aprel 2012-ci il təvəllüdlü X6 və 03 avqust 2013-cü il təvəllüdlü X8 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 iyun 2021-ci il olan çıxarışında qeyd edilən, Astara rayonu Ərçivan qəsəbəsində 0.07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadtar metr İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdehin həmin evdə onunla birlikdə yaşaması qeyri-mümkündür. Astara rayonu Ərçivan qəsəbəsində orta aylıq mənzil kirayə haqqın 60 (altmış) manat məbləğ təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Ağayeva (Məmmədova) Həqiqət Qulu qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə iddia tələbi ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli araşdırılmadan, sübutlarla təsdiq edilmədən, hüquqi əsası olmadan qətnamə qəbul edilmişdir. Məhkəmənin qətnamədə qeyd etdiyi, müəyyən etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, qətnamədə qeyd olunduğu kimi Astara Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(018)-759/2021 saylı qətnaməsi ilə onun, uşaqları - 14 aprel 2012-ci il təvəllüdlü X6 və 03 avqust 2013-cü il təvəllüdlü X8 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 iyun 2021-ci il olan çıxarışında qeyd edilən, Astara rayonu Ərçivan qəsəbəsində 0.07 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 115,5 kv.m İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Onun başqa yerdə yaşamağa imkanı yoxdur. Təyin edilən kompensasiya isə çox az miqdardadır. İddiaçının məqsədi onu və uşaqlarını incitmək, onlara əzab verməkdir. Məhkəmə onun fərdi yaşayış evindən istifadə hüququna xitam verdiyi qənaətinə gəldiyi zaman onun və uşaqlarının harada yaşayacaqlarını nəzərə almamışdır. Onların adı çəkilən yaşayış evində yaşamaq hüquqları vardır. Bu halın məhkəmə tərəfindən araşdırılmalı olması məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı tərəfindən göndərilmiş apellyasiya şikayətinə etiraz xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evinin bazar dəyəri 31000 manat məbləğ təşkil edir. İş materiallarına əlavə edilmiş arayışdan da müəyyən edilir ki, Astara rayonu Ərçivan qəsəbəsində aylıq kirayə haqqı 60 manat miqdarındadır. Aylıq 60 manat məbləğində pulu 4 il ərzində hesabladıqda 2880 manat təşkil edir. Hazırda isə cavabdehə 4000 manat məbləğində kompensasiya təklif edilir. Bu da cavabdehin davamlı olaraq uzun müddət başqa yerdə yaşamasına yetəcək məbləğdir. Cavabdeh hər ay iki uşağa görə 240 manat məbləğində aliment alır. Mübahisəli fərdi yaşayış evi resmi dövlət qeydiyyatına alınmış, sonradan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və cavabdehin oradan istifadə etməsi onun mülkiyyət hüquqlarının pozur. Cavabdeh iddiaçının ailə üzvü deyil və onların bir evdə yaşaması gələcəkdə bədbəxt hadisələrin törədilməsi ilə nəticələnə bilər. Kompensasiyanın təklif edilməsi isə iddiaçının hüququdur və onun təşəbbüsü ilə mümkündür. Təklif edilən kompensasiya məbləği ağlabatandır. Cavabdeh Ağayeva (Məmmədova) Həqiqət Qulu qızı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilən 4000 manat kompensasiya məbləği ilə razı deyildir. Həmin məbləğin 6000 manat olduğu təqdirdə, iddianın təmin edilməsinə etirazı yoxdur. Belə ki, hazırda Masllı rayonu Ərçivan qəsəbəsində yerləşən mübahisəli evdə yaşayır. Qəsəbədə 2 otaqlı fərdi yaşayış evi təqribən 60-70 manat məbləğ civarındadır. Birgə nikahdan iki uşaqları doğulmuş və onların hər ikisi xəstədir. Özü heç bir yerdə işləmir və qış aylarında evin kommunal xərcləri 120-130 manat məbləğ təşkil edir. Kommunal xərcləri ancaq qohumlarının və valideynlərinin köməkliyi ilə ödəyir. Uşaqların saxlanması üçün müəyyən edilmiş aliment də qəsdən vaxtında ödənilmir və kompensasiya məbləği yalnız 6000 manat olduqda onunla razılaşar. Belə ki, onun yaşamış olduğu, iddiaçıya məxsus evin şəraitinə uyğun şəraitli evdə yaşaması üçün cavabdehin deməsinə görə 6000 manat məbləğində kompensasiya tələb olunur. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəməyə yazılı etirazını göndərdiyini və apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, bunun nəzərə alınmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2(018)-608/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1955-ci il tarixdə Astara rayonu Ərçivan kəndində anadan olmaqla, Ərçivan QİƏD nümayəndəliyində qeydiyyatdadır. İşdə olan ƏMDK DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən 21 iyun 2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.07 hektar torpaq sahəsi və 115.5 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Astara RİHB-nin Ərçivan QİƏDN tərəfindən verilmiş arayışdan görünür ki, Ərçivan qəsəbəsində orta aylıq kirayə haqqın 60-70 manat miqdarındadır. Habelə işdə olan Astara Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(018)- 759/2021-ci il tarixli qətnaməsindən görünür ki, X4, uşaqları 14 aprel 2012-ci il təvəllüdlü X6 və 03 avqust 2013-cü il təvəllüdlü X8 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 iyun 2021-ci il olan çıxarışında qeyd edilən, Astara rayonu Ərçivan qəsəbəsində 0.07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadtar metr İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarından da müəyyən edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təklif edilən 4000 manat məbləğində kompensasiya ağlabatan məbləğ deyildir. Kollegiya 4000 manat kompensasiya məbləğini cavabdehin mənafeyinə uyğun hesab etməməklə, həmin kompensasiya hesabına cavabdehin əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddət ərzində yaşamasını məqsədəuyğun hesab etmir. Qeyd edilən hal isə iddianın təmin edilməməsi üçün əsasdır. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən, onun təklif edilən məbləğin artırılıb-artırılmaması barədə fikrini aydınlaşdırmaq da mümkün deyildir. Belə ki, MPM-in 218-ci maddəsinin tələblərinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Habelə məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Beləcə, məhkəmə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianın təmini zamanı mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalı, mülkiyyətçi isə öz növbəsində məhkəmə tərəfindən müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa da bilər, razılaşmaya da bilər. Yəni, belə halda, mülkiyyətçinin razılığının nəzərə alınmaması dispozitiv prinsipinə ziddir. Kollegiya, həmçinin qeyd edir ki, iddiaçı kompensasiya məbləğini 5000 manat miqdarında artıraraq hazırkı iddia tələbi ilə yenidən məhkəməyə müraciət edə bilər və həmin məbləğdə kompensasiya ağlabatan hesab edilə bilər. Belə ki, diqqətə çatdırılmalıdır ki, İddiaçı cavabdeh X2 14 aprel 2012-ci il təvəllüdlü X6 və 03 avqust 2013-cü il təvəllüdlü X8 ilə birlikdə mülkiyyətində olan Astara rayonu Ərçivan qəsəbəsində 0,07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kv metr olan fərdi yaşayış evindən 3000 (üç min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə tələb üzrə iddianın təmin edilməsinə dair Astara Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2(018)-364/2022 saylı qətnaməsi cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2(106)-1689/2022 saylı qətnaməsi ilə ləğv edilmiş və iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-143/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2(106)-1689/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı fərdi yaşayış evindən 3000 (üç min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə tələb üzrə əvvəllər məhkəməyə müraciət etmiş, lakin həmin iddia təmin edilmədikdə yenidən 4000 (dörd min) manat məbləğdə kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddiaçı əvvəlki iddiaya yalnız 1000 (min) manat məbləğ əlavə etsə də, həmin məbləğin cavabdehin əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddət ərzində yaşamasının ağlabatanlığı və məqsədəuyğunluğu haqqında hər hansı sübut təqdim etməmişdir. Habelə bu hazırkı mülki işin faktiki halları ilə də təsdiq edilmir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Habelə, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Beləliklə, məhkəmə koollegiyası birinci insitansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və diqqətə çatdırır ki, mübahisəli evdə iddiaçının mülkiyyət, cavabdehin isə istifadə hüquqları vardır. Cavabdehin yaşadığı evin şəraitinə uyğun bir şəraitli evdə yaşaması üçün cavabdehin deməsinə görə 6000 manat kompensasiya tələb olunur. İddiaçı isə yalnız 4000 manat məbləğdə kompensasiya ödəməyə razıdır. Habelə cavabdehin (uşaqları ilə birlikdə) istifadəsində digər yaşayış sahəsi yoxdur və iddiaçının təklif etdiyi 4000 manat kompensasiya məbləği isə ona davamlı surətdə və müəyyən müddət daxilində mübahisəli yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamasına imkan vermir. Yuxarıda qeyd edilən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bundan əlavə, mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği evin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində evin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca evin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamış və həmin müddətin hansı zaman kəsiyini əhatə etməsi də müəyyən edilməmişdir. Eyni zamanda, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə də heç bir norma mövcud deyildir. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh Ağayeva (Məmmədova) Həqiqət Qulu qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2(018)-608/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Ağayeva (Məmmədova) Həqiqət Qulu qızına qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Ağayeva (Məmmədova) Həqiqət Qulu qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2(018)-608/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Ağayeva (Məmmədova) Həqiqət Qulu qızına qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilmədikdə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar