Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-171/2023 12.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (“Azəriqaz” İB) qarşı 27 yanvar 2022ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 9072 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(050)-2182/2022 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(050)-2182/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Quliyev) İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı 27 yanvar 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 9072 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə hesablanmış borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilərək 27 yanvar 2022-ci il tarixli ******* saylı akta əsasən əlavə hesablanmış 8467,2 m3 qaz sərfiyyatının və həmin sərfiyyat görə hesablanmış 1016,06 manat borcun silinməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İB Masallı Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(050)-2182/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus fərdi yaşayış evinə verilən qaz xəttinə sayğacdan kənar istifadə edilməsi üçün ondan məlumatsız övladı əlavə xətt qoşmuşdur. Bunun nəticəsində 27 yanvar 2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş, akta əsasən 90 gün üçün əlavə 9072 m2 sərfiyyat və həmin sərfiyyata görə 1088,64 manat məbləğdə borc hesablanmışdır. Hesablanmış borc məbləği ödənilmiş və buna səbəb həmin borcun ödənilmədiyi təqdirdə qaz sərfiyyatının dayandırılacağı olmuşdur. Borc məbləği ilə razı deyildir. Belə ki, verilən qaz sərfiyyatını qeydə alan sayğaca akt yazılmamışdıan əvvəl sonuncu dəfə xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirilmişdir. Sayğacdan kənar, yəni qeyri-qanuni xətti olsaydı, o zaman bununla bağlı akt tərtib edilərdi. Hazırkı vəziyyətdə yalnız 6 gün üçün əlavə hesabat aparıla bilər. Ona görə də, İddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “Azəriqaz” İB apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeyri-qanuni şəkildə istifadə etməklə iddiaçıya ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktdan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta istinad etməmiş, hansı ki, abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına və sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, yəni iddiaçı tərəfindən sayğacdan kənar qaz borusuna özbaşına qoşulma faktı aşkar edilmiş və bu əsasla da, həmin akt tərtib edilmiş və iddiaçı həmin akta imza etmişdir. Həmçinin də dəymiş ziyanın bərpasına dair tələbnaməyə istinad etməmiş, hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində cavabdehə dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. Məhkəməsi hesab etmişdir ki, sayğacdankənar təbii qazdan istifadə etməsi öz təsdiqini tapmışdır. Habelə, sayğacdankənar istifadə günlərinin 90 gün olub-olmaması bağlı qeyd edilmişdir ki, videogörüntüyə əsasən “Azəriqaz” İB Lənkəran RQİİ-nin balansında və istismarında olan daşıyıcı qaz xəttinə sayğacın quraşdırıldığı yerdən deyil, həmin ərazidən aralı dəmir borularla qeyri-qanuni qoşularaq təhlükəsizlik qaydalarını kobud surətdə pozaraq həm özünün, həm də digərlərinin həyatlarını təhlükədə qoymuşdur. Videolentdən aydın görünür ki, 6 gün deyil, hətta 90 gündən də artıq bir vaxda iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edir. Həmçinin, birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldodakı məlumatları da araşdırmamışdır. Belə ki, saldoya nəzər saldıqda əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatının çox az olması aşkar olur. İddiaçı və cavabdeh “Azəriqaz” İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (yaxud nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin iş üzrə 29 sentyabr 2022-ci il tarixli 2(050)- 2182/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan 27 yanvar 2022-ci il tarixli ******* nömrəli akta göstərilir ki, “sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edilir. Qeyri-qanuni xətt ləğv edilsin, itirilmiş təbii qazın dəyəri hesablansın və ödənilsin.” İşdə olan “Azəriqaz” İB X4 İstismarı İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 27 yanvar 2022-ci il tarixli hesabatdan görünür ki, istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz işlədicilərindən PQ-3 maksimal saatlıq sərfi 0,8 m3/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, su qızdırıcı kombi maksimal saatlıq qaz sərfi 3,4 m3/saat üçün orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 9072 kub metr itirilmiş qaz hesablanmışdır. İşdə olan Abonentin saldosundan görünür ki, 27 yanvar 2022-ci il tarixli ******* nömrəli akta əsasən 1088 manat 64 qəpik məbləğdə borc hesablanmışdır. İşdə olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən abonentə təbii qazın dəyərinin ödənilməsi ilə bağlı təqdim edilmiş bildirişdən görünür ki, abonentə verilən təbii qaz sərfiyyatını qeydə alan sayğac sonuncu dəfə 21 yanvar 2022-ci il tarixdə oxunmuşdur. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, iddiaçının təbii qazdan qeyri-qanuni şəkildə, yəni sayğacdan kənar qaz xətti vasitəsi ilə istifadə edilməsi müddətinin 90 gün olması barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Mübahisələndirilən 27 yanvar 2022-ci il tarixli ******* nömrəli akt yazılmamışdan əvvəl abonentə verilən qaz sərfiyyatını qeydə alan sayğac sonuncu dəfə 21 yanvar 2022-ci il tarixdə oxunaraq göstəriciləri götürülərkən heç bir pozuntu nöqsan aşkarlanmamışdır. Məhkəmə iclasında baxış keçirilmiş “CD”-dən sayğacdan kənar qaz xətti aşkar görünür və 21 yanvar 2022-ci il tarixdə sayğac oxunarkən həmin xətt olmuş olsaydı, görünərdi. Buna görə də, məhkəmə iddiaçının təbii qazdan qeyri-qanuni istifadə edilməsi müddəti kimi 6 gün (sayğaca sonuncu baxışdan akt yazılan tarixədək olan dövr) üçün hesabat aparılmasını düzgün hesab etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən işin mübahisəsiz hallarına əsasən İddiaçı tərəfindən sayğacdankənar təbii qazdan istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. Bu hal iddiaçını izahatında da etiraf edilir. Vurulmuş zərərə görə isə cavabdeh “Azəriqaz” İB hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparmış və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarın 1 saylı əlavəsinə uyğun olaraq itirilmiş qaz hesablanmışdır. Bununla da, vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni zamanda, sayğacdankənar istifadə günlərinin 90 gün olubolmaması bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərarının 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Beləcə, normadan göründüyü kimi abonentə - İddiaçı verilən təbii qaz sərfiyyatını qeydə alan sayğac qaz paylayıcısı tərəfindən sonuncu dəfə 21 yanvar 2022-ci il tarixdə oxunmuşdur ki, istehlakçıya verilmiş qazın dəyəri yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Şəbəkəyə qanunsuz qoşulma hallarının qazın dəyərinin hesablanması zamanı aşkar edilməməsi heç də həmin faktın həmin vaxt mövcud olmaması demək deyildir. Bununla yanaşı, işdə olan videogörüntüyə baxdıqda, “Azəriqaz” İB Lənkəran RQİİ-nin balansında və istismarında olan daşıyıcı qaz xəttinə sayğacın quraşdırıldığı yerdən deyil, həmin ərazidən kənar yerdə - qaz paylayıcısının əməkdaşının görə bilməyəcəyi bir yerdə dəmir borularla təhlükəsizlik qaydalarına əməl etmədən qeyri-qanuni qoşulma faktı aşkar görünür. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, MPM-in qüvvədə olan 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə İddiaçı öz tələbinin əsasını sübut edə bilməmişdir. Habelə, şəbəkəyə qanunsuz qoşulma faktını məhkəmədə etiraf etmişdir. İşə əlavə edilmiş videogörüntüdən isə həmin qoşulmanın gizli deyil və evdə yaşayan hər kəsin görə biləcəyi açıq yerdə olması müəyyən edilir. MM-in 1097.1-ci maddəsinin tələbi baxımından cavabdehin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilməlidir ki, “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərarın 2.2.5-ci bəndinə görə istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək qaz paylayıcının hüququdur. Qərarın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Habelə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (MM) 21.2ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh “Azəriqaz” İB-yi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(050)-2182/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 27 yanvar 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 9072 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(050)-2182/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 27 yanvar 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 9072 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-171/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-171/2023
12.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver