Məhkəmə qərarları › İş №2(106)-1715/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1715/2023

13.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1715/2023 13.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Sofiyev Tural Sofu oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı5, iddiaçıların vəkili Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Beyləqan rayon 1 saylı Notariat ofisinə və Cavabdeh1 qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(020)- 1110/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Beyləqan rayon 1 saylı Notariat ofisinə və Cavabdeh1 qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 0,1310 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125,5 kv.m olan 1 mərtəbəli, 4 otaqlı, 100,8 kv.m yaşayış, 24,7 kv.m köməkçi sahədən, 13,3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin alğı-satqısına dair 11 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinin məhkəmə qaydasında təmin edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı2 və Beyləqan rayonunun Əlinəzərli kənd sakini X1 Cavabdeh1 birlikdə işlədikləri vaxt ümumilikdə 39000 manat borcları olmuşdur. Həmin borclar da qızılın alğı-satqısı zamanı yaranmışdır. İddiaçı1 oğlu İddiaçı2 görə bu işə qarışmış və özünə məxsus olan “Vita” markalı, **-RF-*** dövlət nömrə nişanlı maşını Cavabdeh1 göstərişi və tapşırığı əsasında onun dostu və tanışı 39000 manat borcun 13000 manatının aid olduğu X2 Füzuli rayon dövlət Notariat kontoru vasitəsilə 1 illik etibarnamə əsasında vermişdir. Həmin avtomaşının qiyməti aralarındakı razılaşmadan sonra 26000 manat qiymətləndirilmişdir. Hətta həmin danışıqlar zamanı belə qərara alınmışdır ki, avtomaşını qaytarıb İddiaçı1 özünə verəcək, iddiaçı tərəf də hər ay ona 1500 manat pul verəcək. Bundan başqa, aralarında olan razılığa əsasən evin satılması üçün sənədləşmə vaxtı banka köçürülən 26000 manat pulu Cavabdeh1 köçürmüşdür. Həmin məbləğdə olan pul bankdan çıxarılaraq bütövlükdə də Cavabdeh1 qaytarılıb verilmişdir. Bundan başqa, evin sənədləşdirilməsi zamanı 3000-4000 manat pul xərclənmişdir. Həmin xərc də iddiaçılar tərəfindən çəkilmişdir. Bundan sonra, İddiaçı1 qohumu Təşkilat və digər adamlarla Qazax rayonuna getmiş, cavabdehin ata evini tapmışlar. Həmin vaxt onlara məlum olmuşdur ki, Cavabdeh1 avtomaşını müxtəlif adamların adına etibarnamə əsasında keçirərək öz adına sənədləşdirmiş və satmışdır. Fərdi yaşayış evinin Cavabdeh1 adına keçirilməsindən sonra aralarında olan razılaşmaya əsasən ev satılmalı və cavabdehə olan borcları – 26000 manat pul ödənilməli idi. Lakin “Vita” markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh1 tərəfindən satıldığından sonra ona borcları qalmamışdır. Evin sənədləşdirilməsi avtomaşının satılmasından əvvəl həyata keçirilmişdir. Evin sənədləşdirilməsi zamanı 26000 manat pul cavabdeh tərəfindən həyata keçirilmiş və pul bankdan çıxarılaraq cavabdehin özünə qaytarılmışdır. Bir sözlə, fərdi yaşayış evindən bir manat da olsa pul iddiaçılara verilməmişdir. İddiaçı kimi İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********07- 10301 olan Texniki pasport 01 fevral 2021-ci il tarixində tərtib edilmişdir. ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 0,06 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 125,5 kv.m olan 1 mərtəbəli, 4 otaqlı, 100,8 kv.m yaşayış, 24,7 kv.m köməkçi sahədən, 13,3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin Cavabdeh1 adına olan daşınmaz əmlakın alğı-satqısına dair 11 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi formal xarakter daşımışdır. Aralarında olan borc pulun təminatı kimi Cavabdeh1 adına sənədləşdirilmişdir. Bu mənzildə 1 ildən artıq olan müddətdə ailəlikcə yaşamalarına imkan verilməsi, müqavilənin predmeti olan fərdi yaşayış evinin real dəyərinin müqavilədə göstəriləndən xeyli yüksək olması, yəni evin hazırkı bazar qiymətinin 80000 manat olması mübahisəli müqavilənin alğı-satqı məqsədilə bağlanılmadığını göstərən hallardır. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 mart 2022-ci il tarixli rəyinə əsasən bu yaşayış evi 56475 manat məbləğində qiymətləndirilmişdir. Bir sözlə, fərdi yaşayış evinin alğı-satqı müqaviləsi alğı-satqı niyyəti olmadan bağlanılmış əhəmiyyətsiz əqddir. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. İddiaçılar iddia ərizəsində tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad edərək, mübahisəli alğı-satqı müqaviləsinin yalan əqd olduğunu bildirmişlər. Beyləqan Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(020)-1110/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçılar birgə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(020)-1110/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətində Mülki Məcəllənin 324.1-ci, 337.1-ci, 340.2-ci, 404-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli, T.Qasımovanın şikayəti üzrə 1 dekabr 2020-ci il tarixli, N.Hacıyevanın şikayəti üzrə 10 mart 2020-ci il tarixli və B.Qasımovun şikayəti üzrə 9 dekabr 2019-cu il tarixli qərarlarına istinad etmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşin materiallarından da göründüyü kimi, iddiaçıların 11 fevral 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satılmış yaşayış evindən çıxarılmaları Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən həyata keçirilmişdir. 11 fevral 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia isə 2022-ci ilin iyun ayında qaldırılmış və iddiaları Beyləqan Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən təmin olunmamışdır. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Bu hala heç bir əhəmiyyət verilməmişdir. Qətnamənin qəbul edildiyi vaxt Mülki Prosessual Məcəllənin 8.1-ci, 9.1-ci və 9.3-cü maddələrinin tələblərinə ümumiyyətlə hansısa səbəbdən heç bir əhəmiyyət verilməmişdir. Çünki məhkəmə prosesi cavabdehlərin iştirakı olmadan keçirilmiş və nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. İş materiallarından göründüyü kimi, qətnamənin qəbul edildiyi vaxt iddia ərizəsində qeyd olunmuş halların heç birinə əhəmiyyət verilməmiş, iş üzrə tam və obyektiv araşdırma aparmadan qətnamə qəbul edilmişdir. İddiaçıların 11 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlanılması zamanı yaşayış evindən çıxmaları barədə hər hansı bir öhdəlik götürməmələri, Beyləqan rayonu, Əlinəzərli kənd sakini X2 Füzuli rayon dövlət Notariat kontoru vasitəsilə 1 illik etibarnamənin hansı səbəbdən verilməsi, İddiaçı1 mülkiyyətində olan “Vita” markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomaşının hansı səbəbdən Cavabdeh1 tərəfindən əldə olunması və öz adından satılması, bu səbəbdən də iddiaçıların qohumu olan Təşkilatla Qazax rayonunda Cavabdeh1 ata evində olmaları, onun atası, anası və yeznəsi ilə görüşmələri kimi, yaşayış evinin və 0,06 ha həyətyanı torpaq sahəsinin satılmasından sonra yaşayış evindən çıxmaları barədə qətnamənin qəbul edilməsi, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi və həmin vaxt müddətində də alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi kimi halların iddia ərizəsində qeyd olunmasına baxmayaraq, bu hallar məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Beyləqan Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsinin qəbul edildiyi vaxt bazar qiyməti 80000 manat olan yaşayış evinin şərtlə sənədləşdirilməsi halına məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Həmin qətnamənin qəbul edildiyi vaxt alğı-satqı müqaviləsinin başqa əqdi, o cümlədən 26000 manat borcun qaytarılmasının qarantı olaraq “Vita” markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomaşının və yaşayış evinin Cavabdeh1 adına alğı-satqı yolu ilə sənədləşdirilməsinə heç bir hüquqi qiymət verilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(106)-326/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1110/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125,5 kv.m olan bir mərtəbəli, dörd otaqlı, 100 kv.m yaşayış, 24,7 kv.m köməkçi sahədən, 13,3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin alğı-satqısına dair 11 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilənin hüquqi nəticəsi kimi Azərbaycan Respublikası Əmlak Komitəsi yanında DƏDRX tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(106)-326/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2(102)-3082/2023 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 326/2023 nömrəli iş üzrə 12 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 07 sentyabr 2023-cü il tarixli, 2(102)-3082/2023 saylı qərarında öz mövqeyini onunla izah etmişdir ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında faktiki olaraq borc münasibətləri mövcud olmuş, tərəflər həmin borcun təminatı olaraq ipoteka müqaviləsini pərdələmək məqsədi ilə mənzilin alğı-satqısına dair müqavilə bağlamışlar. Lakin apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü və 217.4-cü maddələrinin tələblərini pozaraq, mövqeyini təqdim olunmuş sübutlarla əlaqəli şəkildə əsaslandırmamış, təqdim olunmuş sübutların isə mötəbərliyinə hüquqi qiymət verməmişdir. Belə ki, tərəflər arasında borc münasibətlərinin olması iddiaçılar tərəfindən iddia olunmuşdur. Cavabdeh isə buna etiraz etmiş və həm aşağı instansiya məhkəmələrində, həm də hazırkı kassasiya şikayətində göstərmişdir ki, onun iradə ifadəsi məhz mənzilin alınmasına yönəlmiş, iddiaçıya hər hansı bir şərtlə borc verməmişdir. İddiaçı cavabdehdən həqiqətən borc almasını təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanılarkən notariusun depozit hesabı vasitəsilə cavabdeh tərəfindən iddiaçıya 26000 manat məbləğində vəsait ödənilmişdir. Lakin həmin ödənişin qaytarılma şərti ilə verildiyi iş materiallarından müəyyən olunmur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, əgər iddiaçılar evlərinin qaytarılmasını istəyirlərsə, 26000 manat pulu ona versinlər. Əgər iddiaçılar 26000 manatı ona versələr, o, evi onlara qaytarar. Lakin işin materiallarında, protokolunda və işə əlavə olunmuş diskdə həmin ifadə qeydə alınmamışdır. Daha sonra iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı mənzildən çıxarılma və mənzildən əşyalarının boşaldılması barədə iddiası Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(020)-64/2022 saylı qətnaməsi ilə təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, hazırda tam olaraq icra olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan həmin qətnamənin mövcudluğunu nəzərə almamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(020)-64/2022 saylı qətnaməsi ilə gəldiyi nəticəni əsaslandırmaq üçün bilavasitə istinad etməsə də göstərmişdir ki, iddiaçıların ötən müddət ərzində mübahisəli evdə yaşamağa davam etməsi, evdən çıxarılma barədə qətnamə icra olunduqdan sonra isə hələ də həmin evin yerləşdiyi torpaq sahəsində yerləşən yardımçı tikililərdə yaşamağa davam etməsidir. Beləliklə, məhkəmə nəzərə almamışdır ki, iddiaçılar hal-hazırda mübahisə olunan əmlakda yaşamırlar, həmin əmlakın ərazisində yerləşən yardımçı tikililərdə qalırlar. Nəhayət, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin borc və ipoteka münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanılması qənaətinə gəlsə də, iddiaçının notarial qaydada təsdiq olunmuş həmin müqavilənin bağlanmasına nə səbəbdən razılıq verməsi məsələsi aydınlaşdırılmamış və hər iki tərəfin müqavilə bağlayarkən və sonrakı mərhələlərdə Mülki Məcəllənin 425.1-ci maddəsinə uyğun hüquq və vəzifələrini vicdanlılığın tələb etdiyi tərzdə icra etmələrinə hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, əslində onların Cavabdeh1 borcları olmuşdur və hal-hazırda da borcları var. Mübahisəli fərdi yaşayış evinin qiyməti əslində 80000 manat təşkil etsə də, onlar məhz borc məbləğinə uyğun olaraq müqavilədə evin qiymətini 26000 manat göstərmişlər. Alğı-satqı müqaviləsi bağlanılarkən aralarında şərt olmuşdur ki, borc məbləği ödənildikdən sonra cavabdeh evi geri qaytaracaqdır. Cavabdeh1 evi qaytaracağı halda, onlar 26000 manat pulu dərhal ödəməyə hazırdırlar. Həmçinin, cavabdehlə aralarında borc münasibətlərinin olması faktını təsdiq edən sübutunun olub-olmaması ilə bağlı suala cavab olaraq bildirdi ki, Cavabdeh1lə aralarında borc münasibətlərinin olması səbəbindən həmin borca görə evini ipoteka qoymaq istəmişdir, lakin onda cavabdehlə aralarında borc münasibətlərinin olmasına dair hər hansı yazılı sübut yoxdur. Eyni zamanda, o, Cavabdeh1 tərəfindən evin alğı-satqısı zamanı notariusun depozit hesabı vasitəsilə ödənilmiş 26000 manatın sonradan Cavabdeh1 özünə geri qaytarılması ilə bağlı sübutunun olub-olmaması ilə əlaqədar verilmiş suala cavab olaraq bildirdi ki, evin alğı-satqısı üçün notariusun depozit hesabı vasitəsilə ödənilmiş 26000 manat onun tərəfindən qəbul edilsə də, sonradan razılaşmalarına uyğun olaraq Cavabdeh1 özünə qaytarılmışdır, lakin bu faktı təsdiq edə biləcək hər hansı sübutu yoxdur. O, notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinin bağlanmasına hansı səbəbdən razılıq verməsinə dair verilmiş suala cavab olaraq bildirdi ki, Cavabdeh1 ona borcun təminat altında olduğuna valideynlərini inandıra bilməsi üçün bu cür alğı-satqı müqaviləsinin bağlanmasının zəruri olduğunu bildirmiş, o da cavabdehin vədlərinə inanaraq bu cür müqavilənin bağlanmasına razılıq vermişdir. İddiaçı1 yekun olaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən İddiaçı5 digər İddiaçı1 izahatı ilə razılaşdığını bildirdi və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən iddiaçıların vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı6, cavabdehlər Cavabdeh1 və Beyləqan rayon 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçılar birgə verdikləri apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2(102)-3082/2023 saylı qərarında qeyd olunmuş hüquqi mövqeyi də nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçıları dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 fevral 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında İddiaçı2 (0,008571 ha), İddiaçı6 (0,008571 ha), İddiaçı5 Allahverdi qızının (0,008571 ha), İddiaçı3 (0,012856 ha), İddiaçı4 (0,008571 ha) və İddiaçı1 (0,012856 ha) adına, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 125,5 kv.m olan fərdi yaşayış evi isə ümumi paylı mülkiyyət hüququ əsasında İddiaçı3 (1/2 hissə) və İddiaçı1 (1/2 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdəki 10 fevral 2021-ci il tarixli, AR-İİ 243855 seriya nömrəli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı4 və İddiaçı2 tərəfindən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onların bütün əmlaklarını idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, özəlləşdirmək, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, qeydiyyata salmaq, qeydiyyatdan almaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, mirası qəbul etmək və yaxud ondan imtina etmək, vərəsəlik işini həyata keçirmək, bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, o cümlədən bütün notariat orqanlarında onları təmsil etmək, sənədləri rəsmiləşdirmək, adından bütün sənədləşdirmə işlərini aparmaq və digər səlahiyyətləri 30 il müddətinə 10 fevral 2051-ci ilədək İddiaçı1 etibar etmişlər. İşdəki Beyləqan rayon 1 saylı Notariat ofisində bağlanmış 11 fevral 2021-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar İddiaçı3 və İddiaçı1 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 125,5 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan hissəsindən öz paylarını alıcı Cavabdeh1 mülkiyyətinə vermişlər. Satıcılar İddiaçı2, İddiaçı6, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı1 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus olan hissəsindən öz paylarını alıcı Cavabdeh1 mülkiyyətinə vermişlər. Satıcılar daşınmaz əmlakı 26000 manat qiymətinə satmışlar, alıcı isə həmin qiymətə almışdır. Müqaviləni satıcı qismində İddiaçı1 (həmçinin İddiaçı2, İddiaçı6, İddiaçı5, İddiaçı3 və İddiaçı4 əvəzinə) və alıcı qismində Cavabdeh1 imzalamış, onlara hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmiş, onlar bunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarının 1-ci cildinin 195-ci vərəqində olan 11 fevral 2021-ci il tarixli qəbzin surətindən görünür ki, 26000 manat məbləğində pul Cavabdeh1 tərəfindən 11 fevral 2021ci il tarixli məktuba əsasən alğı-satqı üzrə hesaba mədaxil edilmişdir. İş materiallarının 1-ci cildinin 196-cı vərəqində olan ünvan 3 ünvanladığı 11 fevral 2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək alğı-satqı müqaviləsi üzrə 26000 manat məbləğində pulu müqavilə təsdiq edildikdən sonra İddiaçı1 bankda olan depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarının 1-ci cildinin 147-ci vərəqində olan və "xxxx" ASC-nin Beyləqan rayon filialının 1584 nömrəli, 07 mart 2023-cü il tarixli məktubu ilə təsdiq olunmuş surətinin göndərildiyi 11 fevral 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, 26000 manat məbləğində pul 11 fevral 2021-ci il tarixində İddiaçı1 ödənilmişdir. İşdəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 nömrəli, 28 mart 2022-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən faktiki 0,1310 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125,5 kv.m olan 1 mərtəbəli, 4 otaqlı, 100,8 kv.m yaşayış, 24,7 kv.m köməkçi sahədən, 13,3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin infrastrukturlarla birlikdə 28 mart 2022-ci il tarixə bazar qiyməti 56475 manat müəyyən edilmişdir. İşdə surəti olan Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(020)- 64/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 əmlakları ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışla iddiaçı Cavabdeh1 mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 125,50 kv.m olan fərdi yaşayış mənzilindən (evindən) çıxarılmaları qət edilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçıların tələbindən görünür ki, onlar ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 0,1310 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125,5 kv.m olan 1 mərtəbəli, 4 otaqlı, 100,8 kv.m yaşayış, 24,7 kv.m köməkçi sahədən, 13,3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin alğı-satqısına dair 11 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinin məhkəmə qaydasında təmin edilməsini xahiş etmişlər. İddiaçı tərəf öz tələbini əsaslandırarkən ona istinad edir ki, iddiaçılardan İddiaçı2 Cavabdeh1 26000 manat borcu olmuş, Cavabdeh1 isə həmin borcun təminat altında olmasına valideynlərini inandıra bilmək üçün onlara yalan vəd verərək 11 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinin bağlanmasına nail olmuşdur. Əslində həmin alğı-satqı müqaviləsi ipoteka münasibətlərini pərdələmiş, tərəflər borcun ödəniləcəyi təqdirdə cavabdehin həmin evi iddiaçılara qaytaracağına dair şərtləşmişlər. Həmçinin, alğı-satqı müqaviləsində göstərilmiş evin satış qiyməti olan 26000 manat məbləğində pul da Cavabdeh1 tərəfindən notariusun depozit hesabı vasitəsilə İddiaçı1 ödənilsə də, sonradan həmin pul məhz cavabdehin özünə qaytarılmışdır. Bundan başqa, evin bazar qiymətinin təxminən 80000 manat olmasına baxmayaraq, satış qiymətinin 26000 manat şəklində müəyyən edilməsi də əslində tərəflərin məqsədinin alğı-satqı olmadığını göstərir. Bütün bunlar isə alğı-satqı müqaviləsinin etibarsız olmasını təsdiq edir. İddiaçılar öz tələblərinin əsası kimi bu hallara istinad etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Əsədovanın şikayəti üzrə qəbul etdiyi 12 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. MM-in 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Hazırda etibarlılığı mübahisələndirilən 11 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən onun yuxarıda qeyd edilən 4 kateqoriyadan hər hansı birinin pozulması ilə bağlanılması müəyyən olunmur. Konstitusiya Məhkəməsinin Plenumu 12 aprel 2021-ci il tarixli Qərarında bildirmişdir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi yanaşmasını və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2(102)- 3082/2023 saylı qərarında ifadə etdiyi hüquqi mövqeyi nəzərə alan məhkəmə kollegiyası iddiaçı tərəfin mübahisələndirdikləri alğı-satqı müqaviləsinin etibarsızlığının əsası kimi istinad etdiyi halların araşdırılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İddiaçı tərəf cavabdehlə bağlanmış alğı-satqı müqaviləsinin əslində onlar arasında əvvəllər mövcud olmuş borcun təminatı kimi fərdi yaşayış evinin ipotekasını pərdələdiyini qeyd etmişdir. Təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsinin iclaslarında iştirak edən İddiaçı1 Cavabdeh1lə aralarında borc münasibətlərinin olması faktını təsdiq edən sübutunun olub-olmaması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, Cavabdeh1lə aralarında borc münasibətlərinin olması səbəbindən həmin borca görə evini ipoteka qoymaq istəmişdir, lakin onda Cavabdeh1lə aralarında borc münasibətlərinin olmasına dair hər hansı yazılı sübut yoxdur. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh1 də iddiaçı tərəflə aralarında əvvəllər borc münasibətinin mövcud olmasını qəbul etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəf Cavabdeh1lə əvvəllər aralarında borc münasibətinin olmasını təsdiq edə biləcək hər hansı yazılı sübut təqdim edə bilməmiş, MPM-in 77-ci maddəsində nəzərdə tutulmuş sübutetmə vəzifəsini icra edə bilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, hər hansı əqdə yalan əqd kimi yanaşa bilmək üçün onun başqa əqdi pərdələmək məqsədilə bağlanıldığı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında xüsusilə qeyd olunmuşdur ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Ümumiyyətlə, əqdin yalan əqd kimi qiymətləndirilməsi üçün onun tərəflərinin həmin müqavilə üzrə hüquq və öhdəliklər əmələ gətirmək niyyətinin olmaması müəyyən olunmalıdır. Əqd yalan olduqda, onun nəticələri iştirakçı tərəflərin iradələrinə uyğun olmur, tərəflərin niyyətləri başqa əqdin bağlanmasına yönəlir, bağlanılan əqd isə üçüncü şəxslərdə yanlış təsəvvür yaradır. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən 18 mart 2022-ci il tarixli Qərarında göstərmişdir ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Hazırda iddiaçı tərəfin izahatlarından göründüyü kimi, iddiaçılar niyyətlərinin əslində yalan əqdin bağlanılması yönündə olduğunu iddia etmişlər. Lakin Cavabdeh1 11 fevral 2021-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanılmasından sonra həyata keçirdiyi hərəkətlər onda həmin müqavilənin yalan əqd olaraq bağlanması niyyətinin olmadığını göstərir. Belə ki, iş materiallarının 1-ci cildinin 199-cu vərəqində olan Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında notariat qaydasında verilmiş ərizədən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün müvafiq orqana xx.xx.2021-ci ildə müraciət etmişdir. İşdə surəti olan Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(020)-64/2022 saylı qətnaməsinin məzmunundan isə görünür ki, mübahisəli daşınmaz əmlak xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bundan sonra isə Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna əsaslanaraq hazırkı iş üzrə iddiaçı olan şəxslərin mübahisəli evdən əşyaları ilə birlikdə çıxarılmasına dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmiş, Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(020)-64/2022 saylı qətnaməsi ilə İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 əmlakları ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 125,50 kv.m olan fərdi yaşayış mənzilindən (evindən) çıxarılmaları qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, hazırda tam olaraq icra olunmuşdur. Bu hallar onu göstərir ki, Cavabdeh1 iradə ifadəsi və niyyəti məhz fərdi yaşayış evinin alınmasına yönəlmiş, o, iddiaçı tərəfə hər hansı bir şərtlə borc verməmişdir. İddiaçılar isə Cavabdeh1 həqiqətən borc almasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. İddiaçı tərəf həm də Cavabdeh1 yalan əqd bağlamaq niyyətinin mövcudluğunu mötəbər sübutlar əsasında sübut edə bilməmişdir. İş materialları ilə işin mübahisəsiz halı olaraq müəyyən edilir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanılarkən notariusun depozit hesabı vasitəsilə Cavabdeh1 tərəfindən İddiaçı1 26000 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı tərəf öz tələbinin əsaslarından biri kimi həmin ödənişin sonradan aralarındakı razılaşmaya uyğun olaraq Cavabdeh1 özünə qaytarıldığını bildirmişdir. Lakin fərdi yaşayış evinin alınması üçün edilmiş 26000 manat məbləğində ödənişin qaytarılma şərti ilə verildiyi iş materiallarından müəyyən olunmur. Apellyasiya məhkəməsinin iclasında İddiaçı1 həmin ödənişin sonradan Cavabdeh1 geri qaytarılması halını təsdiq edən hər hansı sübutunun olub-olmaması ilə bağlı suala cavab olaraq bu faktı təsdiq edə biləcək sübutunun olmadığını bildirmişdir. Bundan başqa, İddiaçı1 notarial qaydada təsdiq olunmuş 11 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlanmasına nə səbəbdən razılıq verməsi məsələsi də təkrar apellyasiya baxışı zamanı araşdırılmış, bununla bağlı apellyasiya məhkəməsinin iclasında İddiaçı1 verilmiş suala o cavab olaraq bildirmişdir ki, Cavabdeh1 ona borcun təminat altında olduğuna valideynlərini inandıra bilməsi üçün bu cür alğı-satqı müqaviləsinin bağlanmasının zəruri olduğunu bildirmiş, o da cavabdehin vədlərinə inanaraq bu cür müqavilənin bağlanmasına razılıq vermişdir. Məhkəmə kollegiyası tərəflər arasında müqavilənin imzalanmasından əvvəl borc münasibətlərinin mövcud olması faktının təsdiq olunmadığını və müqavilə bağlandıqdan sonra Cavabdeh1 müqavilə üzrə götürülmüş öhdəliyin şərtlərinə uyğun, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməsini, eləcə də, qeyd edilənlərlə əlaqədar hər hansı sübutun təqdim edilmədiyini nəzərə alaraq, İddiaçı1 həmin məsələ ilə bağlı cavabını formal mülahizə hesab edir və işin halları baxımından inandırıcı hesab etmir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bundan başqa, iddiaçı tərəf öz tələbini əsaslandırarkən həmçinin bildirmişdir ki, fərdi yaşayış evinin faktiki qiymətinin 80000 manat olmasına baxmayaraq, onun 26000 manat qarşılığında satılması halı 11 fevral 2021-ci il tarixli müqavilənin tərəflərin həqiqi niyyətini əks etdirmədiyini göstərir. Məhkəmə kollegiyası bildirir ki, Mülki Məcəllənin 6.1.5ci maddəsinə əsasən, müqavilələr azadlığı prinsipi mülki qanunvericiliyin prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Hazırda etibarlılığı mübahisələndirilən 11 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanılarkən tərəflər məhz müqavilə azadlığı prinsipi çərçivəsində hərəkət edərək, müqavilənin şərtlərini müəyyənləşdirmiş, müqavilə üzrə fərdi yaşayış evinin satış qiymətini 26000 manat olaraq razılaşdırmışlar. Həmin müqavilədən göründüyü kimi, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılması nəticələri barədə xəbərdarlıq edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, satış qiymətinin 26000 manat olaraq müəyyən edilməsinə İddiaçı1 razılıq verərkən bunun nəticələri barəsində xəbərdar olunmuş, ona hüquq və vəzifələri izah edilmiş, Cavabdeh1 isə vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək, müqavilə üzrə öhdəliklərini icra edərək, həmin məbləği notariusun depozit hesabı vasitəsilə İddiaçı1 ödəmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisəli fərdi yaşayış evinin faktiki qiymətinin 80000 manat olmasının iddiaçılar tərəfindən iddia edilməsinə baxmayaraq, onun 26000 manata satılmasını müqavilə azadlığı prinsipinə uyğun hesab edir, bu halın da müqavilənin etibarsızlığına əsas vermədiyini bildirir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını hazırkı mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Beyləqan Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(020)-1110/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(020)-1110/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar