Məhkəmə qərarları › İş №2(106)-1719/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1719/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1719/2025 14.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı “Xalq Sığorta" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2(057)-844/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları TP ******* №-li “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. “Cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 327.2, 332.1 və 327.8ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Salyan RPŞ-nin DYPB-nə göndərilmişdir. PXA********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 məxsus “Vaz 21061” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil avtoqnəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. "xxxx" ASC tərəfindən tərtib olunmuş PXA172405, PXA172406, PXA172407 və PXA172408saylı sığorta aktlarından görünür ki, dəymiş zərərin aradan qaldırılması üçün “Kia Ceed” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5000,00 (beş min) manat, X2 750,00 (yeddi yüz əlli) manat, X9 750,00 (yeddi yüz əlli) manat, X5 isə 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. (Ümumilikdə 8000,00 (səkkiz min) manat). «Xalq Sığorta” ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 05/02-131 saylı bildiriş məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə «Xalq Sığorta” ASC tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə sığortalanmış “Vaz 21061” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Ceed” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Xalq Sığorta” ASC tərəfindən 8000 (səkkiz min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, ödənilmiş məbləğin subroqasiya qaydasında 7 (yeddi) iş günü ərzində «Xalq Sığorta” ASC-nin bank hesabına ödənilməsi xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 8000,00 (səkkiz min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 100,00 (yüz) manat dövlət rüsumunun müştərək qaydada alınaraq iddiaçı “Xalq Sığorta" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Salyan rayonu ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Vaz 21061” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Ceed” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Bundan əlavə hadisə nəticəsində sərnişinlər X6 və X10 “Yüngül” dərəcəli, X8 “Az Ağır” dərəcəli xəsarət almışlardır. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qüsur aktına əsasən “Kia Ceed” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər5000,00 (beş min ) manat təşkiledir. Hadisə nəticəsində X2 dəymiş maddi zərər 750,00( yeddi yüz əlli) manat, X9 dəymiş maddi zərər 750,00( yeddi yüzəlli) manat, X5 dəymiş maddizərər isə 1500,00(bir min beş yüz) manat təşkiledir. "xxxx" ASC tərəfindən hadisə üzrə PXA172405, PXA172406, PXA172407 və PXA172408 saylı sığorta aktları tərtib edilməklə dəymiş zərərin aradan qaldırılması üçün “Kia Ceed” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə5000,00 (beş min ) manat, X2 750,00 (yeddi yüz əlli) manat, X9 750,00 (yeddi yüz əlli) manat, X5 isə 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. (Ümumilikdə 8000,00 (səkkiz min) manat). Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 8000,00 (səkkiz min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 100,00 (yüz) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin Məhkəməsinin (Hakim: Vəsilə Əliyeva) e-2(057)-844/2025 saylı 06 may 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, sığortalanmış «Vaz 21061” markalı, **-LE- *** dövlət qeydiyyat nişanlı avtomobillə «Kia Ceed” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, zərərin Cavabdeh1 tutulması hissəsində iddia tələbi təmin edilməməsini xahiş etmiş, şikayətində göstərmişdir ki, mülkiyyətində olan “Vaz21061” markalı**-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili qəza zamanı idarə edən Cavabdeh2 heç zaman tanımamış və ona etibarnamə verməmişdir. Qeyd edilən avtomobili xx.xx.2008-ci il tarixində X4 baş etibarnamə vasitəsilə satmış, 17 il ərzində həmin avtomobilin növbəti taleyi barədə, yəni avtomobili kimin idarə etməsi, kimin alması, faktiki olaraq kimin sahibliyində olması barədə heç bir məlumatı olmamışdır. 17 il əvvəl avtomobili ondan satın alan X7 bu faktı təsdiq edə bilər. Avtomobilin faktiki olaraq mülkiyyətindən və sahibliyindən çıxmasına baxmayaraq sığorta müqavilələri onun xəbəri olmadan adından bağlanmışdır. Belə ki, müqavilə bağlanmasından heç zaman xəbəri olmamış avtomobili idarə edən tanımadığı şəxslər qanunsuz olaraq onun sürücülük vəsiqə məlumatlarını elektron sistemlə sığorta şirkəti olan "xxxx"ASC-nin sisteminə daxil etmiş və avtomatik müqavilə yaradılmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi bütün bu faktiki halları araşdırmadan qətnamə çıxarmışdır. Bundan başqa qeyd etmək istəyir ki, avtomobili idarə edən Cavabdeh2 hadisə zamanı nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati xəta törətməkdə təqsirli bilinmişdir. Hesab edir ki, onunla "xxxx" ASC-nin arasında bağlanmış müqavilə üzrə heç bir sığorta marağı yaranmadığından qeyd olunan sığorta ödənişinin ödənilməsi qanunsuz olmuş və bununla da onun hüquqlarını kobud surətdə pozulmuşdur. Göründüyü kimi, avtomobili idarə edən şəxs hadisə zamanı nəqliyyat vasitəsini idarəetmək üçün etibarnaməsi olmamışdır. Bu səbəbdən sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafe yaranmamışdır, "xxxx"ASC-nin qeyd olunan müqavilə üzrə sığorta ödənişini etməsinin heç bir hüquqi əsası olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdırılmamışdır. Göründüyü kimi, 17 il əvvəl Cavabdeh1 avtomobilin tam dəyərini Xəlilov Bəhruzdan alaraq faktiki olaraq satmışdır. Bundan sonra avtomobili nə istifadə etmiş, nə sahiblik etmiş, nə də onun barəsində sərəncam vermişdir. Məhkəmə qətnaməsində göstərdiyi nəticələr ilə işin faktiki halları uyğun gəlmir. Belə ki, tərəflər arasında heç bir müqavilə əsası mövcud olmamış, məhkəmə isə bu halları müəyyən etmədən, araşdırmadan nəticəyə uyğun olmayan qətnamə qəbul etmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı və digər cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə qəbul edilmiş qətnamənin ona münasibətdə ləğv olunaraq iddianın rədd olunmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya və digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməyən tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, zərərin Cavabdeh1 tutulması hissəsində iddia tələbi təmin edilməməsini xahiş etdiyindən qətnamə mübahisələndirilən hissədə, Cavabdeh1 münasibətdə iddianın təmin olunmuş hissəsində əsaslılığı yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 163.1-ci maddənin tələblərinə görə sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1-ci maddəsinin tələbinə görə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2(057)-844/2025 saylı qətnaməsi qismən ləğv edilməli, zərərin Cavabdeh1 tutulması hissəsində iddia rədd edilməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin materiallarından görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "VAZ 21061" markalı **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2005-ci il tarixdən Cavabdeh1 adında qeydiyyatdadır. Həmin nəqliyyat vasitəsinə dair Cavabdeh1 tərəfindən 20.02.208-ci il tarixdə X3 xx.xx.2018-ci ildək qüvvədə olan etibarnamə verilmiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Cavabdeh2 etibarnamə verilmiş, sözügedən etibarnamə xx.xx.2023-ci il tarixdə qüvvədən düşmüşdür. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 idarə etdiyi “Vaz 21061” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Ceed” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurulmuşdur. Həmin vaxt Cavabdeh2 sürücülük vəsiqəsi olmuşdur. İş materiallarından müəyyən olunur ki, Vaz 21061” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 sahibliyindən 2008-ci il tarixdən çıxmış, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş verdiyi vaxt Cavabdeh1 nə avtomobili idarə etmiş, nə də onun istismarına nəzarət etmək imkanı olmuşdur. Bu hallar, Cavabdeh1 hadisə zamanı avtomobilə faktiki nəzarət imkanının mövcud olmadığını və onun hərəkətlərində təqsir elementinin olmadığını təsdiq edir. “İcbari sığortalar haqqında” Qanunun 25.1 və 25.1.3-cü maddələrinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Hazırkı iş üzrə materiallardan isə aydın olur ki, Cavabdeh1 avtomobilin idarə edilməsinə nəzarət etmək imkanı olmamış və nəqliyyat vasitəsi müxtəlif şəxslərin qanuni istifadəsində olmuş, lakin xx.xx.2024-cü il tarixdə Cavabdeh2 istifadəsində olarkən artıq оna verilmiş etibarnamənin müddəti bitmişdir. Bu hallar göstərir ki, Cavabdeh1 nə qanunla nəzərdə tutulmuş “hüququ olmayan şəxsə” avtomobil vermiş, nə də belə şəxsin avtomobili idarə etməsinə şərait yaratmışdır. Bir sözlə, avtomobili idarə etmə hüququnun “qanunsuz” olması üçün onun sahiblikdən “iradəxaric” çıxması (yəni zorla, qanunsuz ələ keçirilməsi) zəruridir (Mülki Məcəllənin 1108.2-ci maddəsi). Bu səbəbdən, "xxxx" ASC tərəfindən sığorta hadisəsi üzrə ödənilmiş məbləğin subroqasiya qaydasında Cavabdeh1 tutulması üçün zəruri hüquqi və faktiki əsaslar mövcud deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin müvafiq hissədə ləğv edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2(057)-844/2025 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi zərərin Cavabdeh1 tutulması hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 apellasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2(057)-844/2025 saylı qətnaməsi iddia tələbinin Cavabdeh1 münasibətdə təmin olunan hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Xalq Sığorta" ASC-nin Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası Cavabdeh1 münasibətdə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar