Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1723/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Tərlan oğlunun sədrliyi, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh1, cavabdeh X3 və onun nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evin alqı-satqı müqaviləsinin və Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-2252/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Sumqayıt “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Cavabdeh3 qarşı alğı-satqı müqaviləsinin, həmin alğı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmşdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində yerləşən 0.32 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 172.2 kv.m ümumi sahəsi olan 4 otaqdan ibarət fərdi yaşayış evi, habelə köməkçi tikililər İddiaçı mülkiyyətində olmuşdur. Həmin əmlakların iddiaçının mülkiyyətində olmasına dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının adına xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarış verilmişdir. 18 noyabr 2014-cü ildə İddiaçı Cavabdeh1 Bakı şəhəri 19 saylı notariat kontorunda etibarnamə vermiş, sonradan məlum olmuşdur ki, Cavabdeh1 iddiaçıya məxsus əmlakı 07 dekabr 2015-ci il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzində notariat kontorunda notarius Cavabdeh3 ilə əlbir olub Cavabdeh2 satmışdır. Alğı-satqı müqaviləsini təsdiq edərkən notarius qanun pozuntusuna yol vermişdir. Belə ki, alğı-satqı müqaviləsi bağlanarkən mülkiyyətçiyə hər hansı şəkildə məlumat verilməmiş, mülkiyyətçinin sağ olub-olmadığı yoxlanılmamış və etibarnamənin bir ildən artıq müddətdən öncə verilməsi nəzərə alınmamışdır. Həmin tikililərin və torpaq sahəsinin faktiki bazar qiyməti 250-300 min manat olmasına baxmayaraq alğı-satqı müqaviləsində bu məbləğ 60000 manat göstərilmişdir. Müqavilədə 30000 manat beh verilməsi, bundan 16 dəqiqə sonra alğı-satqı müqaviləsinin bağlanması formaldır. Bu günə kimi hər hansı rəsmi ödəniş olmamışdır. İddiaçı müqavilənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmış, lakin iddia tələbi rədd olunmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı eyni tələb ilə hazırkı tərəflərə qarşı iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmələr tərəfindən iddiaçını iddia ərizəsinə baxılmış və iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Ümumiyyətlə, hazırkı iddia tələbinə Cəlilabad Rayon Məhkəməsində, Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin Mülki Kollegiyasında iki dəfə baxılmışdır. Hazırkı iddia tələbinin rədd edilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(106)- 3240/17 saylı xx.xx.2018-ci il tarixli 2(106)-2768/2018 saylı, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-4809/2018 saylı və xx.xx.2019-cu il tarixli 2(102)-3254/2019 saylı qətnamə və qərarlar qəbul edilmişdir. Həmin qətnamələr və qərarlar qanuni qüvvəsini almışdır. İddia predmeti məhkəmələr tərəfindən tam və hər tərəfli araşdırılmış və yekun qərarlar qəbul edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(050)-2252/2019 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin kürəkəni Bahadurun Cavabdeh1 borcu yaranmışdır. Cavabdeh1 bundan sonra İddiaçı Bahadurun ona borcunun olduğunu bildirmişdir. İddiaçı bundan sonra əlacsız qalaraq mübahisə predmeti olan evi Cavabdeh1 satması üçün vermişdir. Etibarnaməni Cavabdeh1 satmaq üçün vermişdir. Hesab edir ki, çıxarışın ləğvi üçün əsaslar mövcuddur. Cavabdeh1 ilk öncə saytlarda evin 300000 manat məbləğində satılması ilə bağlı elan versə də, sonra daha aşağı məbləğə satmışdır. Alğı-satqı prosesindən sonra beh verilmişdir. Bu da onu deməyə əsas verir ki, alğı-satqı formal xarakterli olmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxsin arvadının həmin torpaq sahəsinin satılması ilə bağlı heç bir razılığı olmamışdır. İddiaçı ona demişdir ki, əgər Bahadurun Cavabdeh1 60000 manat borcu var idisə həmin torpaq sahəsini onun özü də satıb Cavabdeh1 borcunu qaytara bilərdi. Cavabdeh2 alğı-satqı prosesində vicdanlı alıcı olmuşdur. Hətta Cavabdeh2 İddiaçı tanımadığını bildirmişdir. Cavabdeh2 hələ də həmin evdə yaşamır. Cavabdeh2 nümayəndəsi Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, oxşar iş üzrə Ali Məhkəmənin müvafiq qərarı vardır. Belə ki, həmin qərarda göstərilmişdir ki, Zeynalovun arvadı “fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin satılması razıdır”. Hesab etmişdir ki, apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Hətta o, hesab edir ki, iş üzrə eyni iddia tələbi, eyni predmet üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğu üçün hazırkı iş üzrə icraata xitam verilməlidir. Cavabdeh2 məkhəmə iclasında iddiaçının nümayəndəsinin “beh alğı-satqıdan sonra verilmişdir” fikrinə münasibət bildirərək, qeyd etmişdir ki, həmin dövr devalvasiya dövrü olduğundan heç kim o məbləğdə pulu hazır şəkildə tapa bilməzdi. O, həmin pulu çətinliklə əldə etdiyini bildirmişdir. 10 ildən artıqdır ki, evi alsa da, orada yaşaya bilmir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(050)-2252/2019 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tətbiq olunmalı prosessual hüquq normasını tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Habelə MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Qeyd edilməlidir ki, məhkəməyə müraciət etmək hüququ bəzi hallarda qanunla məhdudlaşdırılır. Onlardan biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə daha əvvəl məhkəmədə baxılmış olmasıdır. Bu halda həmin mübahisəyə yenidən baxılması mümkün sayılmır. Ona görə də, MPM-in 261.0.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi digər - əvvəlki mülki iş üzrə İddiaçı Cavabdeh1, Cavabdeh2, Sumqayıt “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı 07 dekabr 2015-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, həmin tələbin əsaslandırması (faktiki əsas) hazırkı iş üzrə əsaslandırma ilə eynilik təşkil edir. Cəlilabad Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli 2(073)-871/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul olunması və iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləcə, hazırkı mülki işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi hazırda irəli sürülmüş iddianı yuxarıda adıçəkilən məhkəmə aktları ilə həll olunmuş predmetlə eyni saymamış və fərqli tələb kimi qiymətləndirmişlər. Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın predmeti dedikdə, iddiaçının onun barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını isə irəli sürülən tələblərin əsaslandırıldığı faktlar (iddianın faktiki əsası), eləcə də istinad olunan hüquq normaları (iddianın hüquqi əsası) təşkil edir. İddiaçı ərizəsində tələbinin faktiki əsasını qeyd etməyə borcludur (MPMin 149.2.3-cü maddəsi), hüquqi əsasını isə göstərməkdə isə sərbəstdir. Çünki, tələbin qanuni əsasını yoxlamaq, onun haqlı bir hüquqi əsasa söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığı üçün tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. İş materiallarından görünür ki, eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmetə dair iddia yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə həll edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hazırkı iş üzrə icaata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verməli olduğu halda, iddiaya mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Kollegiya hazırkı iş üzrə bildirir ki, belə yanaşma hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə ziddir. Həmin prinsiplərə görə məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. MPM-in 2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apelyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də, qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Qeyd olunanları nəzərə alaraq, kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, MPM-in 261-ci maddəsində nəzərdə tutulmuş yuxarıda qeyd olunan əsasla Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(050)-2252/2019 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Habelə MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 261, 372, 384, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(050)-2252/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1723/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1723/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver