Məhkəmə qərarları › İş №2(106)-174/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-174/2023

17.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-174/2023 17.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Neftçala Rayon Məhkəməsinin 2(053)-549/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında Neftçala rayon Notariat kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2012-ci ildə oğlu X4 hərbi xidmətdə olarkən ağır xəstəlik tapmışdır. Onun müalicəsi üçün onlara təcili pul lazım olduğunu çox tanışlar bilirmiş. Oğlu evlərində xəstə olarkən baldızı X2 ilə oğluna dəyməyə gəlmiş baldızının ailə dostu mərhum X8 razılaşmışlar ki, ona borc pul versin. Namid Əhmədov 2012-ci ildən başlayaraq müxtəlif vaxtlarda ona ardıcıl olaraq 1000 manat, 500 manat, 2000 manat, 1000 manat, 1000 manat və son dəfə Neftçala rayon Polis şöbəsindən uşağını xəstəxanaya yola salarkən 500 manat borc pul vermişdir. Cəmi 6000 (altı min) manat borcu yaranmışdır. Borcunu qaytarmaq üçün aralarında razılığa gəlmişlər ki, notariusda 6000 manat göstərməklə onun mülkiyyətində olan mənzili alqı-satqı etsinlər, pulu qaytarandan sonra müqaviləni ləğv etdirərlər. xx.xx.2013-cü ildə X8 ounla notariusa getmiş və oğlu Cavabdeh dəvət etmiş və müqaviləni rəsmiləşdirmişlər. Əgər pulu qaytara bilməsə həmin evi kirayəyə verib borcunu siləcəkmiş. Həmin vaxtdan da mənzili kirayəyə vermişlər. Ayda 300 manat olmaqla həmin ev kirayədədir və Cavabdeh həmin pulu mənzilin qarşısında yerləşən mağazadan hər ay vaxtında götürür. xx.xx.2017-ci ildə oğlum X4 özünü yandıraraq öldürmüşdür. Daha sonra isə X8 rəhmətə getmişdir. Onun oğlu Cavabdeh mənzilinin artıq pulunun bitdiyini bildirmiş və ona bu işdən heç bir xəbəri olmadığını bildirmişdir. Onun müqavilə bağlamaqda niyyəti mənzilin alqısatqısı deyil, borcunun rəsmiləşdirilməsi olmuşdur ki, borcunun da yaranma səbəbi göründüyü kimi oğlunun ağır xəstəliyi olmuşdur. Həmçinin Neftçala rayon Prokurorluğuna sorğusu verilərək bildirilmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı oğlu X4 uzun müddət xəstəlikdən əziyyət çəkmiş və özünü yandırmışdır. Onun xx.xx.2017-ci ildə ölməsi ilə əlaqədar Neftçala rayon Prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarı olmuşdur. Müqavilə bağlanarkən həmin vaxtı Notariat konturunun notariusu Səadət xanım hətta onlara demişdir ki, 6000 manata həmin mənzilin qiyməti yoxdur. O bildirmişdir ki, alqısatqı etmirlər yalnız borcunun olmasını təsdiq edirlər. Daha sonra evin sənədlərini vermişlər və müqavilə yazılmışdır. Cavabdeh atası Namid orada onlara demişdir ki, pulunu istəyir, borca görə evin sənədlərini girov saxlayır və müqavilə bağlayır. Onlar da inanmışlar. Cavabdeh özü də təsdiq edir ki, evin pulunu mənə verməmişdir. Neftçala rayon Notariat kontorunun notarusu tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə əlaqədar bildirir ki, həmin müqavilə bağlanərkən ona heç bir pul verilməmişdir. Həmin müqavilə həqiqi niyyətin təsdiqi yox, mücərrəd niyyətin təsdiqidir. Mənzilin dəyəri heç də 6000 manat deyil, həmin evin faktiki bazar qiyməti 15-20 min arasındadır. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkil X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməmişdir. Məhkəmədə izahat verərək göstərmişdir ki, xx.xx.2013-cü ildə iddiaçı ilə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 2 ünvanında yerləşən bir otaqlı, 10 saylı mənzili ondan 6000 manata almışdır. İddiaçının dedikləri həqiqəti əks etdirmir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs Neftçala rayon Notariat ofisinə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda işə üçüncü şəxs Neftçala rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin 2(053)-549/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: Əli Tağıyev), İddiaçı Cavabdeh ilə aralarında Neftçala rayon Notariat kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin ona qaytarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4; 324.5; 337.1; 337.2; 337.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Neftçala Rayon Məhkəməsinin 2(053)-549/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh məhkəmə kollegiyasına İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz ünvanlayaraq etirazında, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyini və gəlinən nəticənin işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmasını qeyd etmişdir. Həmçinin iddiaçının apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrdən ibarət olması səbəbindən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəmə kollegiyasına teleqram ünvanlayaraq ağır xəstə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin səhhəti ilə bağlı bu halı təsdiq edən hər hansı bir sənəd məhkəmə kollegiyasına göndərməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Neftçala Rayon Məhkəməsinin 2(053)-549/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 324.5-ci maddəsinə əsasə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx.xx.2008-ci il tarixli qərarı). Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini tələbin sübut olunmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin mülkiyyətçisi olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin mülkiyyətçisi İddiaçı həmin mənzili Cavabdeh 6000 manata satmışdır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışın və mənzilin Texniki Pasportunun surətindən görünür ki, Cavabdeh hazırda ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin mülkiyyətçisidir. İş materiallarına əlavə olunmuş Neftçala RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarxli, AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli 5789 saylı arayışa əsasən ünvan 2 ünvanında yerləşən 10 saylı mənzil İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Neftçala şəhər İTİS-nın xx.xx.2013-cü il tarixli, 85 saylı arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 10 saylı mənzildə İddiaçı və oğlu X4 yaşamışlar. İş materiallarına əlavə olunmuş İddiaçı öz xətti ilə yazdığı 16 iyul 2013-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.1989-cu il tarixdə nikahı pozulmuşdur. Satdığı mənzili nikahdan qabaq almışdır. İş materiallarına əlavə olunmuş X1 öz xətti ilə yazdığı 16 iyul 2013-cü il tarixli ərizəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin satılmasına razılıq vermişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh 16 iyul 2013-cü il tarixli əizəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin 6000 manata alınması üçün İddiaçı ilə razılığa gəlmişlər. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş 13 iyul 2013-cü il tarixli mədaxil qəbzindən görünür ki, mənzil alqı satqısı üçün 6000 manat məbləğində pul Maraqlı şəxs hesabına köçürülmüşdür. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli qərarı) Kollegiya qeyd etməyi zəruri hesab edir ki, əqdin etibarsızlığı dedikdə, iddia qaldıran şəxs müqavilənin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlandığını, yəni müqavilənin bağlandığı andan qanunsuz olduğunu göstərir. İddiaçı əqdin etibarsızlığı əsası kimi xəstə oğlunun müalicəsi üçün pul lazım olduğunu, cavabdehdən aldığı borc pulun əvəzində evinin onun adına rəsmiləşdirilməli olmasını, pul qaytarılandan sonra cavabdeh evin geri qaytarıla biləcəyi ilə razılaşsalar da, sonradan oğlunun müalicələri nəticə vermədiyindən rəhmətə getdikdən sonra pulu geri qaytarıb evi tələb etsə də, cavabdehin razılaşmadığına görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, müqavilə, müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkət nəticəsində bağlanır. Hazırkı iş üzrə iddiaçı müqavilənin başqa bir əqdi pərdələmək niyyəti ilə bağlandığını, onların iradəsində evin özgəninkiləşdirilməsi deyil, cavabdehdən götürülmüş pulun təminatı kimi evin girov qoyulduğunu sübut etmə öhdəliyi daşıyır. Lakin iddiaçı öz tələbinin əsası kimi istinad edilən halları təsdiq edən əsaslı şübhə yaratmayan mötəbər sübut təqdim etməmişdir. İddiaçı həm iddia ərizəsində həm də, apellyasiya şikayətinin dəlillərində mübahisəli evin dəyərinin alqı-satqı müqaviləsi bağlanan zaman heç də, 6000 manat olmaması, faktiki bazar dəyərinin 15-20 min arasında olduğu, evin dəyərindən ucuz qiymətə alqı-satqı qaydasında satılmasını da müqavilənin etibarsızlığına dəlalət edən hal kimi qeyd edir. Kollegiya bununla bağlı qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsi ilə bağlandığından, onun şərtləri də tərəflərin iradə ifadəsi ilə müəyyən edilir. Müqavilənin qiymətini də müqavilə tərəfləri sərbəst şəkildə müəyyənləşdirirlər. Cavabdeh 16 iyul 2013-cü il tarixli ərizəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin 6000 manata alınması üçün İddiaçı ilə razılığa gəlmişlər. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir.Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Qeyd olunan bu hallar tərəflərin bağladıqları xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsində mövcud olmamışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas, əsaslı şübhə yaratmayan mötəbər sübutla təsdiq edilmədiyindən və müəyyən edilmədiyindən, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). İddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli və əsassız hesab edilməklə gəlinən nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli Neftçala Rayon Məhkəməsinin 2(053)-549/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-549/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı Əhməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar