Məhkəmə qərarları › İş №2(106)-1747/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1747/2023

15.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1747/2023 15.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əhmədov Pərviz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İmranov Orxan Fərman oğlunun katibliyi, iddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, İddiaçı3, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və qeyrilərinə qarşı qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin və s. hüquqi sənədlərin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-3146/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Lənkəran rayonu, Xarxatan kəndi ərazisində yerləşən 0,9274 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3, X1, Cavabdeh1 ümumi mülkiyyətində olmuş, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmşidir. 26 avqust 2022-ci il tarixdə Cavabdeh1 əvəzindən etibarnamə əsasında çıxış edən Hüseynov X7 rayonu, Xarxatan kəndində 0,9274 ha torpaq sahəsinin Cavabdeh1 məxsus hissəsini Cavabdeh2 bağışlamışdır. Onun torpaq sahəsinə mülkiyyət hüququ 02 sentyabr 2022-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Lənkəran rayonu 1 saylı Dövlət Notariat Ofisinə, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ilə müraciət edərək, 26 avqust 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və onun əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmış çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddiaçı Bünyaminlə Famil qardaşdır və onlar Lənkəran rayonu, Xarkatan kəndində yaşayırlar. Cavabdehlərdən Cavabdeh1 onların bacısı, Cavabdeh2 isə qardaşları Nümayəndə1 övladıdır. İddiaçı1 və İddiaçı2 iddiaçı qismində Lənkəran rayon məhkəməsində cavabdeh Nümayəndə1 qarşı torpaq münasibətləri üzrə mübahisə ilə bağlı iddia (həmin 2(049)-116/2022 saylı mülki iş hakim M.İsayevin icraatında) qaldırmışlar. xx.xx.2021-ci il tarixli çıxarışa əsasən onların, həmçinin bacıları X3 və Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olmaqla Lənkəran rayonun Xarxatan kəndində yerləşən 0,9274 ha torpaq sahəsi uzun müddətdir ki, Nümayəndə1 tərəfindən qanunsuz olaraq istifadə olunmaqdadır. Bununla bağlı mübahisə hazırda məhkəmənin icraatındadır və buna dair məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıların ümumi birgə mülkiyyətində olan mübahisəli torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında daşınmaz əmlakın bağışlanmasına dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən hədiyyə verən Cavabdeh1 qardaşının oğlu olan hədiyyə alan Cavabdeh2 0,9274 ha torpaq sahəsinin özünə məxsus hissəsini hədiyyə vermişdir. Qeyd olunan müqaviləni isə Cavabdeh1 əvəzinə digər cavabdehin atası, yəni məhkəmənin icraatında olmaqla müvafiq ekspertiza təyin edilərək icraatı dayandırılmış 2(049)-116/2022 saylı mülki iş üzrə cavabdeh olan Nümayəndə1 imza etmişdir. Bunun da məqsədi onların həmin iddia üzrə təyin edilmiş ekspertizanın nəticəsinə təsir etməkdir. Belə ki, qeyd olunan işdə olan daşınmaz əmlaka dair Çıxarışda Nümayəndə1 və Cavabdeh2 adları, yəni ümumi birgə mülkiyyətdə payları olmadığından onlar hazırki bağışlanma müqaviləsini formal olaraq imzalamaqla yeni çıxarış əldə edib öz niyyətlərinə çatmaq istəyirlər. Bununla yanaşı, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi cavabdehlər tərəfindən imzalanarkən onların digər mülkiyyətçilərin hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, müqavilədə hədiyyə verənin (Cavabdeh1) 0,9274 ha torpaq sahəsinin özünə məxsus hissəsini qardaşının oğlu olan hədiyyə alan-Cavabdeh2 hədiyyə verdiyi qeyd olunmuşdur. Lakin həmin bağışlama müqaviləsində göstərilmiş və qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021, reyestr nömrəsi: **********83 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda heç bir mülkiyyətçinin hansı ölçüdə paya malik olması göstərilməmişdir. Yəni, bağışlama müqaviləsinin predmeti olan daşınmaz əmlak paylı deyil, ümumi birgə mülkiyyətdir. Ümumi birgə mülkiyyətdə isə paylar ya mülkiyyətçilərin razılığı, ya da razılıq yoxdursa məhkəmənin qərarı əsasında müəyyənləşdirilə bilər. Hazırki halda isə belə bir razılıq və ya müvafiq məhkəmə qərarı olmadığından cavabdehlərin sözügedən bağışlama müqaviləsini imzalamaları qanunsuz və əsassızdır. Belə çıxır ki, Cavabdeh2 və eləcə də onun atası hazırki bağışlama müqaviləsini və buna dair də gələcəkdə çıxarış əldə olunarsa həmin sənədləri əsas gətirməklə 0,9274 ha torpaq sahəsinin istənilən hissəsini öz payı kimi qəbul edib oradan istifadə edə bilər. Bundan başqa xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi cavabdehlər tərəfindən imzalanarkən onların üstünlük hüququ da pozulmuşdur. Hesab edirlər ki, bununla bağlı onlara məlumat verilməli və razılıqları alınmalı idi. Müqavilə Maraqlı şəxsin xüsusi notariusu tərəfindən təsdiq edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur ki, bu da yolverilməzdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia tələbinin təmin edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz etmişlər. İddia tələbinə yazılı etirazda qeyd edilmişdir ki, Nümayəndə1 sözügedən bağışlama müqaviləsini imzalamaq səlahiyyəti olmuşdur. 30 iyul 2022-ci il tarixli etibarnamədən görünür ki, Lənkəran rayonunun Xarxatan kəndində qeydiyyatda olan Cavabdeh1 rayonunun Xarxatan kəndində qeydiyyatda olan Nümayəndə1 bir sıra səlahiyyətlər vermişdir ki, həmin səlahiyyətlərin içində istənilən torpaq sahəsinə dair sərəncam verilməsi və imza atmaq səlahiyyəti mövcuddur. Belə olan təqdirdə bağışlama müqaviləsinə münasibətdə saxtakarlığın olması istisna edilir. Bağışlama müqaviləsində göstərilmiş çıxarışda heç bir mülkiyyətçinin hansı ölçüdə paya sahib olmasının göstərilməməsi onun etibarsız hesab edilməsi üçün əsas deyil. Sözügedən ümumi birgə mülkiyyətin naturada bölgüsü tələbi ilə qısa müddət ərzində tərəflərindən iddia qaldırılacaqdır. Həmçinin, iddiaçılar alqı-satqı ilə bağlı qanunun analogiyasına istinad etməkdə haqlı deyillər ona görə ki, bağışlama müqaviləsi hüquqi təbiətinə görə digər müqavilələrdən, eləcə də alqısatqı müqaviləsindən tamamilə fərqlənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(049)-3146/2022 nömrəli qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddia rədd edilmişdir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Beləliklə hədiyyə verən öz pay hüququnu bağışlamaqda sərbəst iradə ifadə etdirmişdir. Həmçinin hədiyyə verənin bağışlama müqaviləsi üzrə ilkin olaraq digər mülkiyyətçilərə əmlakı təklif etməsi alğı-satqı ilə bağlı müddəalara tətbiq edildiyindən iddia tələbinin həmin dəlilləri də əsassızdır. Həmçinin hədiyyə verən öz payı üzrə sərəncam verdiyindən məhkəmə hesab edir ki, bağışlama müqaviləsi, əqd üzrə iddiaçılar tərəf olmadığından iddia üzrə iddiaçılar subyektiv hüquqa da malik deyildirlər. Həmçinin, hazırda mübahisələndirilən əqd üzə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlər pozulmadığından, Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmış çıxarışın etibarsızlığı üçün də hər hansı hüquqi əsas mövcud deyildir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 214.1, 324.1, 337.1, 359.1 və 666.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 107, 119.1 və 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat: İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məzmunu iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Mübahisəli əmlak, yəni bağışlama müqaviləsinin predmeti olmuş 0,9274 ha torpaq sahəsi yalnız və bütövlükdə Cavabdeh1 mənsub deyil və o, birgə mülkiyyətdə olan əmlak barəsində öz istədiyi kimi sərəncam vermək iqtidarında ola bilməzdi. Cavabdeh1 birgə mülkiyyətdə olan torpaq sahəsinə paylar naturada müəyyən edilmədən sərəncam verməklə digər birgə mülkiyyətçilərin hüquqlarını pozmuşdar. Hazırkı vəziyyətdə Cavabdeh1 hərəkətləri 0,9274 ha torpaq sahəsinin digər birgə mülkiyyətçilərinin qanunla qorunan hüquqlarını pozur. Şirvan Apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 552/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 26 avqust 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilə və həmin müqavilə əsasında Cavabdeh2 adına 02 sentyabr 2022-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 552/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2665/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X4 və X6 ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-552/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozulması ilə çıxarıldığına görə ləğv edilməklə, iş yeni apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı3, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(049)-3146/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(049)-3146/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri yalnız formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi hər hansı haldan asılı edilməmişdir. Eyni zamanda bağışlamadan imtinaya əsas verən hallar aşkar edilmir. Kolllegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, Cavabdeh1 və Cavabdeh2 bağışlama ilə bağlı öhdəliklərini icra etməmişdir. Göründüyü kimi, Lənkəran rayonu, Xarxatan kəndi ərazisində yerləşən 0,9274 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3, X1, Cavabdeh1 ümumi mülkiyyətində olmuşdur. 26 avqust 2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən, Cavabdeh1 sözügedən torpaq sahəsinin özünə məxsus hissəsini Cavabdeh2 bağışlamışdır. Bu zaman birgə mülkiyyətçilərin sayının, mülkiyyətdə olan əmlakın həcminin artıb-azalması, digər birgə mülkiyyətçilərin hüquqlarının pozulması halları baş verməmişdir. Bağışlama müqaviləsi əvəzsiz olduğuna görə digər birgə mülkiyytəçilərin torpaq sahəsinin birgə mülkiyyətçi Cavabdeh1 məxsus hissəsini satın almaqda üstünlük hüququ olmamışdır. Cavabdeh1 Cavabdeh2 ilə əvəz olunması birgə mülkiyyətdə olan torpaq sahəsinə mülkiyyətçilərdən hər hansı birinin payının artmasına və azalmasına, payların müəyyən edilməsinə, torpaq sahəsinin paylar üzrə fiziki bölgüsünə səbəb olmamış, birgə mülkiyyətçilərin Cavabdeh1 münasibətdə mövcud olmuş hüquq və vəzifələri hər hansı bir məhdudiyyət olmadan yeni birgə mülkiyyətçi Cavabdeh2 aid edilmişdir. Bundan əlavə, qanunvercilikdə birgə mülkiyyətdə olan əmlakdakı payın özgəninkiləşdirilməsinin həmin pay müəyyən edildikdən sonra həyata keçirilməsinin mümkünlüyü nəzərdə tutulsa da, Mülki Məcəllənin 666.2-ci maddəsinə görə, əmlak hüquqlarının bağışlanması nəzərdə tutulmuşdur ki, bu da mübahisələndirilən müqavilənin əsaslı olduğunu sübuta yetirir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(049)-3146/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar