Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-178/2024 23.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X5 ibarət tərkibdə, X16 oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Quliyeva (Kahveci) Günay Şirvan qızına qarşı miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(049)-2404/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(049)-2404/2023 saylı qətnaməsi ilə (hakim Murad Aslanov) iddia qismən təmin edilərək, reyestr nömrəsi **********205-10301 olan və Lənkəran rayonu Darquba kəndində yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72.6 kv m olan yaşayış sahəsi olan fərdi yaşayış evinin İddiaçı1, İddiaçı2, İddiaçı3 və X10 arasında hər birinə ¼ hissə olmaqla bölünməklə paylarının müəyyən edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Quliyeva (Kahveci) X7 Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(049)-2404/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mərhum atası X6 mülkiyyətində olmaqla ondan miras qalmış və Lənkəran rayonu Darquba kəndində 0,11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaq və zaldan ibarət evin, eləcə də həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı, 72,6 kv.metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin və torpaq sahəsinin vərəsələr arasında bərabər qaydada bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 və X2 övladları - xx.xx.1989-cu il təvəllüdlü İddiaçı1, xx.xx.1983-cü il təvəllüdlü Quliyeva (Kahveci) Günay Şirvan qızı, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı3 və xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2dır. İddiaçı3 və İddiaçı2 ailə qurmaqla başqa təsərrüfatda yaşayırlar. Cavabdeh Günay Quliyeva (Kahveci) əvvəl başqa bir şəxslə ailəli olmuşdur və həmin münasibətdən 1 qızı vardır. Boşandıqdan sonra cavabdeh Türkiyə Respublikası vətəndaşı Sərvət Kahveci ilə ailəli olmuş və həmin şəxs onun üçün Lənkəran rayonu Liman şəhərində 1 otaqlı ev almışdır. Tərəflərə valideynlərindən Lənkəran rayonu Darquba kəndində yerləşən 1 mərtəbəli 2 otaq və zalda ibarət ev qalmışdır. Bundan əlavə, İddiaçı1 atasının mülkiyyətində olan torpaq sahəsində öz zəhməti ilə 2 mərtəbəli 2 otaq və zaldan ibarət ev tikdirmişdir. Köhnə evin sənədi olmasa da, həmin təzə ev atasının adına sənədləşdirilmişdir. X1 05 noyabr 2022-ci il tarixdə, ataları X13 isə 05 fevral 2023-cü il tarixdə vəfat etmişlər. İş üzrə cavabdeh X14 rayonu Liman şəhərində 1 otaqlı evi olmaqla orada yaşasa da, dəfələrlə orada dava-dalaş etdiyinə görə qonşuların şikayətləri əsasında həmin evdən çıxaraq ata mülkünə gəlib həyətdə olan sənədsiz köhnə evə köçmüş və həmin vaxtdan sonra onların ailəsinin qara günləri başlamışdır. Belə ki, cavabdeh heç bir səbəb olmadan dava-dalaş salmış, doğma anasını belə vurmuş və ona xəsarətlər yetirmişdir. Bu barədə dəfələrlə polis şöbəsinə şikayət edilmiş, lakin anası hər dəfə qızıdır deyə şikayətləri geri götürmüşdür. Anası hətta gedib yaxınlıqda xadimə işlədiyi universitet binasında gecələməli olmuşdur. Nəhayət, anası çəkdiyi dərddən küçədə vəfat etmişdir. Bacılarıdır deyə iddiaçılar daha şikayət etməmişlər. Cavabdeh hətta anasının yas mərasimi normal keçirilməsinə də imkan verməmişdir. Yas mərasiminə gələnlərin bəziləri geri qayıtmalı olmuşdur. Nəticədə, iddiaçılar şəraitsiz yas mərasimini birtəhər keçirmişlər. Daha sonra cavabdeh evin qarşısındakı darvazanı bağlamış və evə keçməyə belə imkan verməmişdir. İddiaçılar yalnız kiçik bir cığırla həyətə girə bilmiş, anasının vəfat etməsinə kimi cavabdeh o evə girib paltarlarını götürərkən anasını söydüyündən İddiaçı1 dözə bilməyərək onun boğazını sıxmışdır. Bundan sonra cavabdeh ondan polisə şikayət etmiş, İddiaçı1 məhkəmənin hökmü ilə 1500 manat cərimə edilmişdir. Həmin vaxt ataları Şirvan Quliyev evə girib paltarları götürmək istədikdə də, cavabdeh ona da imkan verməmiş və polis çağırmışdır. Atası da məcbur qalıb Bakı şəhərinə qardaşının evinə gedərək orada yaşamağa başlamış və Bakı şəhərində vəfat etmişdir. Cavabdeh doğma atasının da yas mərasimi öz evində keçirməyə imkan verməmiş və qazı, işığı kəsmişdir. İddiaçılar atalarının da yas mərasimini təzə tikdirdiyi və şəraiti olmayan evdə keçirməyə məcbur qalmışlar. Cavabdeh həmin vaxtlar da dəfələrlə polisə əsassız şikayətlər etmişdir. Hazırda cavabdeh iddiaçıların böyüyüb boya-başa çatdığı evlərinə girməyə icazə vermir. Cavabdehdə psixi pozuntular var və o, mütəmadi olaraq özəl xəstəxanalarda müalicələrdə olmuşdur. İddiaçılar cavabdehin bu hərəkətlərinə görə böyüdükləri həyətə gedə bilmirlər. Belə ki, cavabdeh onları görər-görməz hücum çəkir və onları nalayiq söyüşlərlə söyüb təhqir edir. Cavabdeh valideynlərinin yas məclisləri üçün qonşulardan alınan qab-qacaqları belə həmin şəxslərə qaytarmır, iddiaçıları da həyətə qoymur ki, həmin əmlakları sahiblərinə qaytarsınlar. Ümumiyyətlə, onunla söhbət etmək belə mümkün deyil, çünki dərhal onlara hücum çəkib atılır və dalaşır. Tərəflərin atalarının mülkiyyətində olan 0,11 ha torpaq sahəsi üzərində tikilmiş köhnə evin, yəni hazırda cavabdehin yaşadığı evin sənədi olmasa da, İddiaçı1 tərəfindən atasının adına tikilmiş ümumi sahəsi 72,6 kv.metr olan 2 otaqlı və dəhlizdən ibarət fərdi yaşayış evi onların atası X6 adına olmaqla ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən bu barədə 77 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınaraq bu barədə 16 yanvar 2020-ci il tarixdə çıxarış verilmişdir. Yəni sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evləri miras kütləsinə aiddir. Cavabdehlə bir yerdə yaşamaq mümkün olmadığından və mirasdan iddiaçılara çatan paydan istifadə edə bilmədiklərindən, onlar hazırkı iddia ilə məhkəməyə müraciət edib miras əmlakın vərəsələr olaraq onların aralarında bölünməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Quliyeva (Kahveci) Günay Şirvan qızının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun valideynləri X12 xx.xx.2023-cü il tarixdə, X3 isə xx.xx.2022-ci il tarixdə vəfat etmiş və həmin vaxtdan da onlardan miras qalmış evi və torpaq sahəsini faktiki olaraq özü qəbul etmişdir. İddiaçılar həmin evdən və torpaq sahəsindən vərəsəlik açıldığı vaxtdan istifadə etməmiş, həmin miras əmlakın tam olaraq onun tərəfindən faktiki qəbuluna heç bir etiraz etməmişlər. Valideynlərinin yas mərasimləri də onun tərəfindən keçirilmiş və hazırda da onlardan miras qalmış fərdi yaşayış evi və torpaq sahəsi onun istifadəsində olmaqla fakt üzrə miras əmlak bütövlükdə tərəfindən qəbul edilmişdir. İddiaçılar isə həmin miras əmlakı miras açıldığı andan qəbul etməmiş, qanunvericiliklə müəyyən edilmiş müddətdə miras əmlakdan istifadə etməməklə həmin mirasdan imtina etmələrini iradə ifadələri ilə aşkar surətdə nümayiş etdirmişlər. İşə baxan məhkəmə isə işin bu faktiki hallarını araşdırmamış, əmlakın iddiaçılar tərəfindən qəbulu ilə bağlı sübut təqdim edilməməsinə baxmayaraq qanunvericiliyin müddəalarını hərfi mənada tətbiq etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli əmlak ata mülküdür. Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(049)-2404/2023 saylı qətnaməsi ilə həmin torpaq sahəsindəki çıxarışı olan evdə payları müəyyən edilmişdir. Cavabdehin keçmiş həyat yoldaşı onun üçün Liman şəhərində ev tikdirmiş, cavabdeh bir müddət orada yaşamışdır. Sonra isə oradakı söz-söhbətdən sonra ata mülkünə qayıtmışdır. Cavabdeh 1 ildir ki, atalarına məxsus mübahisəli torpaq sahəsindəki sənədsiz evdə yaşasa da, 2023-cü ilin noyabr ayından qardaşı İddiaçı1 tikdirdiyi çıxarışı olan evdə yaşayır. Cavabdeh evin açarlarını dəyişərək onların evə daxil olmasına maneçilik törədir. Onlar evə daxil olmağa çalışsalar da, cavabdeh söz-söhbət yaradaraq dava-dalaş salır. Valideynləri vəfat edib. Qardaşı İddiaçı1 hazırda Rusiya Federasiyasında yaşayır. İddiaçı3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, atalarından miras qalmış əmlakdakı payını istəyir. Cavabdeh onları evə daxil olmağa qoymur. Bu səbəbdən də, apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Digər İddiaçı1 və cavabdeh Quliyeva (Kahveci) Günay Şirvan qızı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən digər iddiaçının və cavabdeh Quliyeva (Kahveci) Günay Şirvan qızının iştirakları olmadan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçıların izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(049)-2404/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan JN-035 A nömrəli KOD 80212005 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Lənkəran rayonu Darquba kəndinə yerləşən 0,11 ha torpaq sahəsi X12, X3, X10, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Darquba kəndinə yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72.6 kv.m olan yaşayış sahəsi olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdən X12, X3, Cavabdeh, İddiaçı3, İddiaçı2, İddiaçı1 ümumi mülkiyyəti kimi dövlət qeydiyyatındadır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 11 may 1982-ci il tarixdə 67 sayla rəsmi nikaha daxil olmuşlar. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsində təqdim edilmiş mötəbər sübutlarla müəyyən edilmişdir ki, reyestr nömrəsi **********05-10301 olan və Lənkəran rayonu Darquba kəndində yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72.6 kv.m olan yaşayış sahəsi olan fərdi yaşayış evi hazırda faktiki olaraq İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 mülkiyyətindədir. Eyni zamanda, miras əmlaka dair miras (pay) sahibi, indiki halda X12 və X3 tərəfindən hər hansı bir şəxsin adına vəsiyyətnamə qoyulmamışdır. Belə olan halda da, mübahisə predmeti olan miras əmlak vərəsələr arasında qanun üzrə vərəsəlik qaydasında bərabər qaydada bölünməlidir. Həmin 0,11 ha torpaq sahəsində paylar bərabər olmaqla X12, X3, X10, İddiaçı3, İddiaçı2 və İddiaçı1 hər birinə 1/6 hissədə ümumi birgə mülkiyyətdə olmuş, X12 və X3 vəfat etdiklərindən hazırda İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 hər birinə ¼ hissədə pay müəyyən edilməlidir. İddia tələbində Lənkəran rayonu Darquba kəndində 0,11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaq və zaldan ibarət evin və eləcə də həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı, 72,6 kv.metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin və torpaq sahəsinin vərəsələr arasında bərabər qaydada bölünərək payların müəyyən edilməsi, yəni iki yaşayış evi və bir torpaq sahəsinə payların müəyyən edilməsi tələb edilsə də, məhkəmə iclasında yalnız bir yaşayış evinin və bir torpaq sahəsinin çıxarışı olması müəyyən edilmiş, digər iddia edilən yaşayış evinə dair hər hansı mülkiyyəti təsdiq edən sənəd müəyyən edilməmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası cavabdeh Quliyeva (Kahveci) Günay Şirvan qızının apellyasiya şikayətində miras qalmış evi və torpaq sahəsini faktiki olaraq onun qəbul etməsi, həmin əmlakın onun tərəfindən faktiki qəbuluna iddiaçılar tərəfindən etirazın edilməməsi və miras əmlakın vərəsəlik açıldıqdan sonra iddiaçılar tərəfindən faktiki olaraq qəbul edilməməsi barədə dəlili üzrə qeyd edir ki, həmin dəlillər hazırkı qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Beləcə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbə olmaqla vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu zaman qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericinin müəyyən etdiyi (Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş) müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Qeyd edilən qərarda eyni zamanda, göstərilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən, habelə hazırda qüvvədən düşmüş mülki hüquq normaları əsasında formalaşmış hüquqi mövqeyə istinadı özündə əks etdirən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdeh Quliyeva (Kahveci) Günay Şirvan qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(049)-2404/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh Quliyeva (Kahveci) Günay Şirvan qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(049)-2404/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnaməsindən həmin müddət ərzində şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-178/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-178/2024
23.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver