Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1783/2023 30.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və X4 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Masallı rayonu Masallı Bələdiyyəsinin Cavabdeh qarşı (üçüncü şəxs X6) qanunsuz tikilmiş fərdi yaşayış evinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(050)-29/2023 saylı qətnaməsindən iddiaçı Masallı rayonu Masallı Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, kollegiya müəyyənetdi: Masallı rayonu Masallı Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Masallı rayonu Masallı Bələdiyyəsinə məxsus Masallı rayonu, İsgəndərli massivində yerləşən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsində qanunsuz inşa etdiyi fərdi yaşayış evinin və dəmir tordan ibarət hasarın onun hesabına sökülərək, torpağın əvvəlki vəziyyətə gətirilməsi və zəbt olunmuş 2 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Masallı şəhəri, İsgəndərli massivində bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsini zəbt edərək orada qanunsuz olaraq fərdi yaşayış evi tikmiş və evin yaxınlığında olan örüş sahəsində əkin əkməsini müəyyən edildiyindən ona bələdiyyə tərəfindən 11 may 2022-ci il tarixdə məktub ünvanlanaraq torpağın əvvəlki vəziyyətə gətirilməsi, tikidiyi fərdi yaşayış evini söküb ərazidən kənarlaşdırılması tələb edilmişdir. Lakin 24 may 2022-ci il tarixdə əraziyə baxış keçirilərkən cavabdehin nəinki tələbə əməl etməməsi, əksinə əlavə 1 hektar da olmaqla cəmi 2 hektar torpaq sahəsini dəmir tordan ibarət çəpərlə hasara alaraq orada əkin əkməsi müəyyən edilmişdir. Odur ki, həmin tarixdə cavabdehə bir daha xəbərdarlıq məktubu yazılmışdır. İyun ayının 6-sı və 20-si tarixlərində də əraziyə baxış keçirilərkən eyni mənzərə aşkar edilmiş və müvafiq aktlar tərtib edilmiş, həmçinin cavabdehə bir daha xəbərdarlıq məktubu göndərilmişdir. Lakin bunların heç bir nəticəsi olmamış, cavabdeh bütün bunlara əhəmiyyət verməmişdir. Cavabdeh bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsini dəmir tordan ibarət çəpərlə hasara almaqla və həmin torpaq sahəsində özbaşına inşa etmiş olduğu tikilidən hazırda da istifadə etməklə bələdiyyənin həmin torpağa mülkiyyət hüquqlarını, sahiblik və istifadə hüquqlarını, eləcə də Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsini kobud şəkildə pozur. Belə ki, Torpaq Məcəlləsinin 110-cu maddəsinə sasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliynin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111 -ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh Masallı rayonu Masallı Bələdiyyəsinə məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsində çəkdiyi xərclər ona ödənilmədən torpaq əvvəlki vəziyyətinə gətirilməklə oradan çıxmalıdır. Lakin hazırda da cavabdeh qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam etdiyindən həmin torpaq sahəsi üzərində bələdiyyənin sahiblik, istifadə, sərəncam və mülkiyyət hüquqlarını pozur və bu pozuntu davam etməkdədir. Bu hərəkətlərini dayandırması, zəbt etdiyi torpaq sahəsini tərk etməsi barədə dəfələrlə ona edilmiş müraciətlər nəticəsiz qalmışdır. Hazırda da cavabdeh qanunsuz hərəkətlərini davam etdirməklə göstərilən torpaq sahəsini zəbt etdiyindən bələdiyyənin qanuni mülkiyyətindən istifadə etməsi mümkün deyildir. Halbuki, Konstitusiyada və qanunlarda mülkiyyət hüququnu pozan hərəkətlərin yolverilməz olduğu göstərilmişdir. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, 164.1 -ci, 164.2-ci, 165.1 -ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110cu, 111 -ci maddəsinin 2 və 3-cü bəndlərinə istinad edilmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Masallı rayonu Masallı Bələdiyyəsinə məxsus Masallı rayonu, İsgəndərli massivində yerləşən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsində qanunsuz tikilmiş fərdi yaşayış evinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmədə iddianı müdafiə edərək, bildirmişdir ki, Cavabdeh Masallı rayonu Masallı Bələdiyyəsinə məxsus Masallı rayonu, İsgəndərli massivində yerləşən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsində qanunsuz fərdi yaşayış evi tikmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra onun tərəfindən zəbt edilmiş 2 ha torpaq sahəsi zəbtdən azad edilmiş, lakin fərdi yaşayış evi sökülməmiş və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmamışdır. Yaranmış vəziyyətlə bağlı dəfələrlə ona müraciət edilsədə, məsələ həllini tapmamışdır. Mübahisəli fərdi yaşayış evi əvvəllər inşa edilmişdir. İddiaya cavab verməli olan şəxs Cavabdehdır. Sonda Nümayəndə Cavabdeh tərəfindən Masallı rayonu Masallı Bələdiyyəsinə məxsus Masallı rayonu, İsgəndərli massivində yerləşən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsində qanunsuz tikilmiş fərdi yaşayış evinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinin ona aidiyyəti yoxdur. Həmin ev qardaşı X3 məxsusdur. Sonda Cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs iddianı qəbul etməyərək, bildirmişdir ki, 1992-ci ildə "Nizami” adına sovxoza ərizə ilə müraciət edərək, evi, həyətyanı torpağı olmadığı üçün sovxozun fondundan torpaq sahəsi verilməsini xahiş etmişdir. "Nizami” adına sovxozun əmri ilə sovxozun tərtib etdiyi 1992-ci il tarixli akta və komissiyanın qərarına müvafiq olaraq boş qalmış istifadə edilməyən sahədən sərhədləri müəyyən edilməklə 0.06 ha torpaq sahəsi ev tikmək üçün ona verilmişdir. Mübahisəli ev ona məxsisdur, həmin evi 20 il əvvəl tikdirmişdir. Həmin vaxt bələdiyyə adlı qurum yox idi. Bacısı Cavabdeh ev sahibsiz ev kimi görünməsin deyə, arada-bir evə gedib baxır. Evin tikintisinə başlamazdan əvvəl rayonun baş arxitektorunun, yerquruluşu mühəndisinin razılıqları olmuşdur. Məhz buna görədir ki, həmin evə qaz, su və konalizasiya xətlərinin çəkilişinə icazə verilmişdir. Uzun müddət hərbiçi olmuş və indidə hərbidə xidmət edir. Doğulduğu rayonda qanuni yolla torpaq alıb, ev inşa etdirmişdir. Həmin evdə qaz, su və kanalizasiyadan istifadəyə görə pul ödəmiş, ödəniş qəbzləri vardır. Tikdirdiyi yaşayış evi heç bir təhlükə mənbəyi yaratmayan təhlükəsiz bir yerdədir. Sonda Ə.B.Qarayev iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1 və 54.2-ci maddələrinin tələbləri baxımından iddiaçıya iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilərkən cavabdehin əsl cavabdehlə əvəz edilə bilməsini ona izah etmiş, lakin iddiaçı buna razılıq verməmişdir. Bu səbəbdən məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmışdır. Masallı Rayon Məhkəməsinin (hakim C.Quliyev) 04 avqust 2023-cü il tarixli, 2(050)- 29/2023 saylı qətnaməsinə əsasən iddiaçı Masallı rayonu Masallı Bələdiyyəsinin Cavabdeh qarşı (üçüncü şəxs X6) Cavabdeh tərəfindən Masallı rayonu Masallı Bələdiyyəsinə məxsus Masallı rayonu, İsgəndərli massivində yerləşən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsində qanunsuz tikilmiş fərdi yaşayış evinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə iddiası təmin edilməmiş, mütəxəssis rəyinə görə ödənilmiş vəsaitin Masallı rayonu Masallı Bələdiyyəsinə aid edilməsi, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin Masallı rayonu Masallı Bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Masallı rayonu Masallı Bələdiyyəsi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kollegiyanın iclasında iştirak etmiş üçüncü şəxs X6 göstərmişdir ki, hərbçidir və hazırda da xidmətdədir. Bildirmişdir ki, qeyd edilən mübahisəli ev ona məxsusdur. Həmin evin qaz və su sayğacları onun adınadır. Kanalizasiya ilə bağlı kommunal ödənişlər də onun tərəfindən ödənilir. Özü hazırda Gəncə şəhərində xidmətdə olduğundan evə bacısı Şasənəm nəzarət edir. Apellyasiya şikayətini əsassız hesab etmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı Masallı rayonu Masallı Bələdiyyəsi və Cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Masallı Bələdiyyəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə məlumat verilmiş, lakin gəlməyən iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəni, üçüncü şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmçinin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya nstansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Müəyyən edilir ki, iddiaçı Masallı rayonu Masallı Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi Masallı rayonu Masallı Bələdiyyəsinin sədri Azər Baxışov tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Hazırkı halda iddiaçı Masallı rayonu Masallı Bələdiyyəsi tərəfindən verilmiş iddia ərizəsini Masallı rayonu Masallı Bələdiyyəsinin sədri Azər Baxışov imzalasa da, iddia ərizəsinə Bələdiyyənin sədrinə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinə dair Bələdiyyənin ümumi yığıncağının qərarı əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən də, belə nəticəyə gəlmək olar ki, iddia ərizəsi hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, işdə olan Masallı rayonu Masallı Bələdiyyəsinin nizamnaməsinin İİİ bəndində bələdiyyənin fəaliyyətinin təşkili və bələdiyyənin iclaslarından bəhs edilir. 1 və 2-ci yarımbənddə bələdiyyə iclaslarının bələdiyyə üzvlərinin ümumi yığıncağı olması və həmin iclaslarda həll edilən məsələlər sadalanmışdır. Məhz 2-ci yarımbəndin 6-cı abzasında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı olan məsələlərin bələdiyyə üzvlərinin ümumi yığıncağında həll olunmalı olan məsələlərdən biri olması göstərilmişdir. Göründüyü kimi Masallı Bələdiyyəsi hazırkı işdə cavabdehə qarşı məhkəməyə müraciət etməmişdən əvvəl bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələni bələdiyyə üzvlərinin ümumi yığıncağında müazkirə etməmiş və yığıncağın müvafiq qərarı qəbul edilmədən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Beləliklə, iddia ərizəsi hüququ olmayan şəxs tərəfindən imzalandığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Bununla yanaşı, kollegiya izah edir ki, hazırkı qətnamənin ləğv edilməsi iddiaçının ümumi əsaslarla iddia vermək hüququnu istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 365, 259.0.3 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı Masallı rayonu Masallı Bələdiyyəsi verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(050)-29/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Masallı rayonu Masallı Bələdiyyəsinin Cavabdeh qarşı (üçüncü şəxs X6) qanunsuz tikilmiş fərdi yaşayış evinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kasssasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1783/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1783/2023
30.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver