Məhkəmə qərarları › İş №e-2(3-6)-2877/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2877/2026

03.08.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2877/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı(cavabdeh) İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh(qarşılıqlı iddiaçı) İsmayılova Mətanət Musa qızının, nümayəndsi və vəkili İbrahimli Səid Şahniyar oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdeh İsmayılova Mətanət Musa qızına qarşı ilk iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evdən onun və övladlarının istifadə qaydalarının müəyyən edilməsi – mətbəx, hamam, ayaqyolu, koridor və digər köməkçi sahələrdən birlikdə istifadə etməklə, otaqlardan birinin açarının dəyişdirilərək yeni açarın yalnız ona verilməsi və cavabdehin evdən istifadə hüququna qanunsuz müdaxilə etməsinin qadağan edilməsi, məhkəməyə müraciət üçün ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 300 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı İsmayılova Mətanət Musa qızı cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə cavabdehin və övladlarının istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh İsmayılova Mətanət Musa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdən istifadə qaydasının müəyyən edilməsi- mətbəx, hamam, ayaqyolu, koridor və digər köməkçi sahələrdən birlikdə istifadə etməklə, otaqlardan birinin açarının dəyişdirilərək yeni açarın yalnız ona verilməsi və cavabdehin evdən istifadə hüquqlarına qanunsuz müdaxilə etməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) ilk və qarşılıqlı iddiaların, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayəti verərək ilkin iddianın rədd olunması hissəsində ləğv edilib ilk iddia tələbinin təmin edilməsini xahiş edib. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim etdilər. Barışıq sazişinin predmetinə görə:

1. Hər bir tərəf hazırda məhkəmənin icraatında olan iş üzrə öz iddiasından imtina edir, həmçinin iddiaçı cavabdehə qarşı mənzilə köçürülmə ilə bağlı və ya mənzillə bağlı hər hansı digər iddia tələbi irəli sürməyəcəyini öhdəsinə götürür;

2. Cavabdeh iddiaçının mənzildən istifadə hüququnu tanıyır;

3. Gələcəkdə mənzil söküntü planına düşəcəyi təqdirdə tərəflər müvafiq tikinti şirkəti və ya qurumlarla kompensasiyanın verilməsinə dair razılığın əldə olunmasında bərabər hüquqlar əsasında iştirak edəcək, yekunda hər bir tərəf mənzilə görə veriləcək kompensasiyanın (pul, mənzil, digər hüquqlar və imtiyazlar formasında) ½ hissəsinə hüquq əldə edəcəklər;

4. Kompensasiya formasından asılı olmayaraq tərəflərin birgə mülkiyyətinə yox, paylı mülkiyyətinə (paylar½ hissədə müəyyən edilməklə) veriləcək, həmçinin kompensasiya pul vəsaiti formasında müəyyən edilərsə, tərəflərin bərabər payı müəyyən edilərək ayrıca şəxsi bank hesablarına köçürüləcək;

5. Tərəflər məhkəmə xərcləri ilə bağlı tələblərindən qarşılıqlı olaraq imtina edirlər.

Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh İsmayılova Mətanət Musa qızı və nümayəndsi və vəkili İbrahimli Səid Şahniyar oğlu da ayrı-ayrılıqda barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən, ... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı İddiaçı və cavabdeh İsmayılova Mətanət Musa qızı arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Əvvəla, iddiadan imtina edilməsi ilə məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilmələri fərqli prosessual institutlardır. Düzdür, hər ikisi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Bu hallar olmadıqda isə hər ikisinin nəticəsində işin icratına xitam verilməklə məhkəmə qətnaməsi ləğv edilməlidir. Lakin hazırki iş üzrə tərəf xüsusi olaraq iddialarından imtina etmir, mübahisəni barışıq sazişi bağlamaqla qurtarmaq istəyirlər. Məhkəmə də iddiadan imtinanı deyil, tərəflərin barışıq sazişini təsdiq etməsi yaxud etməməsi barədə qərardad çıxarmalıdır. Çünki qeyd olunduğu kimi, tərəf xüsusi olaraq iddiadan imtina etmir. Mübahisə predmeti ilə bağlı mübahisəni məhz bu vasitə ilə yekunlaşdırmaq istəyirlər. İkincisi, hər hansı şəxsin məhkəmədə iddia qaldırmaq və məhkəmə müdafiəsindən istifadə etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz. Bununla yanaşı, bu şərtin barışıq sazişində göstərilməsinə də əsas və zərurət yoxdur. Çünki onsuzda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina ediləcək, əgər səhvən iş icraata qəbul edilsə belə hakim iş üzrə icraata xitam verəcəkdir (MPM. m. 153.2.2, 261.0.2). Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə r a r a a l d ı:

İddiaçı İddiaçı və cavabdeh İsmayılova Mətanət Musa qızının təqdim etdiyi barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. Hər bir tərəf hazırda məhkəmənin icraatında olan iş üzrə öz iddiasından imtina edir, həmçinin iddiaçı cavabdehə qarşı mənzilə köçürülmə ilə bağlı və ya mənzillə bağlı hər hansı digər iddia tələbi irəli sürməyəcəyini öhdəsinə götürür;

2. Cavabdeh iddiaçının mənzildən istifadə hüququnu tanıyır;

3. Gələcəkdə mənzil söküntü planına düşəcəyi təqdirdə tərəflər müvafiq tikinti şirkəti və ya qurumlarla kompensasiyanın verilməsinə dair razılığın əldə olunmasında bərabər hüquqlar əsasında iştirak edəcək, yekunda hər bir tərəf mənzilə görə veriləcək kompensasiyanın (pul, mənzil, digər hüquqlar və imtiyazlar formasında) ½ hissəsinə hüquq əldə edəcəklər;

4. Kompensasiya formasından asılı olmayaraq tərəflərin birgə mülkiyyətinə yox, paylı mülkiyyətinə (paylar½ hissədə müəyyən edilməklə) veriləcək, həmçinin kompensasiya pul vəsaiti formasında müəyyən edilərsə, tərəflərin bərabər payı müəyyən edilərək ayrıca şəxsi bank hesablarına köçürüləcək;

5. Tərəflər məhkəmə xərcləri ilə bağlı tələblərindən qarşılıqlı olaraq imtina edirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar