Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1786/2024 21.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi X4 tərəfindən verilmiş vəsiyyətnamə ilə ötürülmüş mirası qəbul etmə müddətinin uzadılması tələbinə dair mülki iş üzrə Açar sözlər: Vəsiyyətnamə üzrə miras əmlakı qəbul etmə müddətinin uzadılması. X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (atası) X9, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs2 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Ərizəçi X4 tərəfindən verilmiş vəsiyyətnamə ilə ötürülmüş mirası qəbul etmə müddətinin uzadılması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(073)-165/2024 saylı qətnaməsindən (hakim Elxan Əmirəliyev) Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 tərəfindən verilmiş vəsiyyətnamə ilə ötürülmüş mirası qəbul etmə müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2010-cu il tarixdə Cəlilabad rayonu Şiləvəngə kəndində yerləşən 0,50 ha torpaq sahəsini notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi həmin torpaq sahəsini X20 sağlığı dövründən istifadə edir. X4 xx.xx.2021-ci il tarixdə durğunluq ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. X20 vəfatından sonra Ərizəçi işi ilə əlaqədar məcburiyyət qarşısında ölkə ərazisindən çıxmış və uzun müddət ölkə ərazisində olmamışdır. xx.xx.2023-cü il tarixdə Ərizəçi vəsiyyətnamə ilə bağlı mirası qəbul etməsi barədə ərizə ilə Cəlilabad rayon 1 saylı Notariat ofisinə müraciət etmiş, lakin həmin Notariat ofisi tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və ona müvafiq məhkəməyə müraciət etməsi izah edilmişdir. Hesab edir ki, ərizəçi mirası qəbul etmə müddətini üzrlü səbəbdən ötürmüşdür. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində maraqlı şəxslər Maraqlı şəxs2 Qələş oğlu, X10 və Cəlilabad rayon 1 saylı Notariat ofisinin nümayəndəsi iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(073)-165/2024 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, X4 tərəfindən verilmiş 11 may 2010-cu il tarixli vəsiyyətnamə ilə mirası qəbul etmə müddəti uzadılmış, iş üzrə ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Ərizəçi aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, X4nın ölümündən sonra ondan qalmış mirasa Maraqlı şəxs2 faktiki olaraq sahiblik edir. Bu barədə hec bir şəxsin mübahisəsi olmamışdır. Bu fakt məhkəmə tərəfindən araşdırılmış olsaydı öz təsdiqini tapardı. Bu halda həmin mirasın onun tərəfindən tamamilə qəbul edilməsini təsdiq edir. İş materiallarından göründüyü kimi ərizəçi mirası mirasın açıldığı müddətdən təqribən bir ildən artıq vaxt keçdikdən sonra notariat ofisinə ərizə təqdim etmişdir. Hansı ki, ərizəçinin özünündə qeyd etməsinə görə ölkə ərazisini miras qoyan öldükdən sonra tərk etmişdir. Hansı ki, ərizəçi ölkə ərazisində olarkən artıq miras qoyanın ölməsi ona məlum olmuşdur. Məhkəmə ərizəçinin vəsiyyət edənin ölümündən nə qədər vaxt sonra ölkə ərazisini tərk etmişmi, ümumiyyətlə ölkə ərazisini tərk etməsini təsdiq edən hansı sübutun olması faktı araşdırılmamışdır. Vəsiyyətnamədən göründüyü kimi miras qoyan yalnız 0.50 ha torpaq sahəsini vəsiyyət etmişdir. Lakin iş materiallarından görünür ki, miras qoyanın mülkiyyətində ümumi sahəsi 66.2 kvm, 2 otaqlı fərdi yaşayış evi olmuşdur. Hətta həmin yaşayış evi də miras qoyanın ölümündən sonra yəni miras qoyan xx.xx.2021-ci il tarixdə ölsə də evin qeydiyyatı xx.xx.2023-cü il tarixdə aparılmışdır. Bu müddət ərzində yəni miras qoyanın ölümündən sonra həmin əmlaklara kimin faktiki sahiblik etməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Hansı ki, həmin əmlaklara Maraqlı şəxs2 sahiblik etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Maraqlı şəxs2 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasında iştirak edən Maraqlı şəxs2 əlavə olaraq göstərmişdir ki, digər maraqlı şəxs Samirə Qasımova onun arvadıdır. Onun məhkəmə iclasından xəbəri var. Qeyd etmişdir ki, vəsiyyətnamə qoyan şəxs X14 onun əmisi X12 arvadı olub. Onların birgə nikahlarından uşaqları olmayıb. Bildirmişdir ki, əmisi Xosu 1993-cü ildə, Tuti isə 2021-ci ildə vəfat edib. O, uşaqlıqdan əmisigildə olub və orada böyüyüb. Hətta onun toyu belə həmin mübahisəli torpaq sahəsində olub. Ərizəçi Tuti Bədirovanın bacısı nəvəsidir. Bildirmişdir ki, Tuti tərəfindən Ruslana vəsiyyətnamə verilməyib. O, vəsiyyətnamənin həqiqiliyinə inanmır. Həmin vəsiyyətnamə saxtadır. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçinin nümayəndəsi X15, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə şikayətin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Ərizəçinin nümayəndəsi X15 və ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə əlavə olaraq göstərmişlər ki, Ruslan onun doğma oğlu, Tuti Bədirova isə onun doğma xalasıdır. Yəni Tuti 50 sot torpaq sahəsini öz doğma bacısı nəvəsi Ərizəçi vəsiyyət etməklə ona vəsiyyətnamə vermişdir. Bildirmişdir ki, cavan vaxtlarında RF-ya getmiş və orada rus milliyyətindən olan qadınla ailə qurmuş və yaşamaq üçün Azərbaycana - Cəlilabad rayonunun Şiləvəngə kəndinə qayıtmışdır. Qeyrimillətdən qadın olduğu üçün ata evində onu qəbul etmirlər. Buna görə də xalası Tutinin razılığı ilə onun həyətində Tutinin evinə yaxın ev tikərək orada yaşamağa başlamışlar. Çox vaxt RF-na gedib işləyərək yenə geri qayıtmışdır. Xalası Tutinin uşaqları olmamışdır. Buna görə də xalası 11 may 2010-cu ildə notariat orqanına gedərək onun övladı – Ərizəçi 50 sot torpaq sahəsi ilə bağlı vəsiyyətnamə vermişdir. Maraqlı şəxs2 və X5 xalası Tutidən qalan evə və torpaq sahəsinə heç bir hüququ və aidiyyəti yoxdur. Belə ki, Maraqlı şəxs2 və X5 Tuti Bədirova ilə heç bir qohumluq əlaqələri yoxdur. Vəsiyyətnamə üzrə şəhadətnamənin övladı Ərizəçi tərəfindən indiyədək alınmamasının səbəbi Ruslanın son dövrlərədək ölkə hüdudlarından kənarda yaşaması olmuşdur. Buna görə də apellyasiya şikayətini əsassız hesab etmişdir. Digər maraqlı şəxslər və nümayəndələri apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, qeyd edilən tərəflər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin maraqlı şəxs münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılır. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1180.1-ci maddəsinə görə vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun, istərsə də vəsiyyət üzrə qəbul edilir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayış etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işdə olan Cəlilabad rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 11 may 2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, X1 rayonu Şiləvəngə kəndində yerləşən ona məxsus 0,50 ha torpaq sahəsini bacısı nəvəsi Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli, 3-21-3- 44/2-2783/2023 saylı məktubdan görünür ki, X4nın adına Cəlilabad rayonu Şiləvəngə kəndində yerləşən ü/s 66.2 kv.m, 2 otaqlı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir və hazırda adındadır. İşdə olan Cəlilabad rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 796/12 saylı ölüm haqqında arayışdan görünür ki, X14 26 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli, 09/12 saylı arayışdan görünür ki, 01 aprel 1938-ci il tarixdə Cəlilabad rayonu Şiləvəngə kəndində anadan olmuş X11 uşaqları haqqında məlumatın müəyyən edilməsi məqsədilə 08 yanvar 2024-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X11 uşaqları haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Ərizəçi X4ndan miras qalmış əmlaka vəsiyyət üzrə vərəsəlik hüquqi haqqında şəhadətnaməsi verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Müəyyən edilir ki, X4 xx.xx.2010-cu il tarixdə Cəlilabad rayonu Şiləvəngə kəndində yerləşən 0,50 ha torpaq sahəsini notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə ərizəçi (bacısının nəvəsi) Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi həmin torpaq sahəsini X20 sağlığı dövründən istifadə eetmişdir. X14 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Tuti Bədirovanın vəfatından sonra Ərizəçi işi ilə əlaqədar məcburiyyət qarşısında ölkə ərazisindən kənara çıxmış və uzun müddət ölkə ərazisində olmamışdır. Ərizəçi ölkəyə qayıtdıqdan sonra xx.xx.2023-cü il tarixdə o vəsiyyətnamə ilə bağlı mirası qəbul etməsi barədə ərizə ilə Cəlilabad rayon 1 saylı Notariat ofisinə müraciət etmiş, lakin Notariat ofisi tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və ona müvafiq məhkəməyə müraciət etməsi izah edilmişdir. Birinci instansiya məhkəməsində araşdırma aparılan zaman Maraqlı şəxs2 və onun arvadı X10 məhkəmə tərəfindən maraqlı şəxs kimi iş cəlb edilmiş və sonda ərizəni təmin etmişdir. Qətnamədən maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti vermişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, vəsiyyətnamə qoyan şəxs X2 Qasımovun əmisi X12 arvadı olmuşdur. Onların birgə nikahlarından uşaqları olmamışdır. Xosu 1993-cü ildə, Tuti isə 2021-ci ildə vəfat edib. Ərizəçi Tuti Bədirovanın bacısı nəvəsidir. X14 xx.xx.2010-cu il tarixdə Cəlilabad rayonu Şiləvəngə kəndində yerləşən 0,50 ha torpaq sahəsini notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə ərizəçi (bacısının nəvəsi) Ərizəçi vəsiyyət etmişdir. 2010-cu ildən sonra Ərizəçi müəyyən səbəblərə görə Notariusa müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Ərizəçi xx.xx.2023-cü il tarixdə vəsiyyətnamə ilə bağlı mirası qəbul etməsi barədə ərizə ilə Cəlilabad rayon 1 saylı Notariat ofisinə müraciət etmiş, lakin Notariat ofisi tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və ona müvafiq məhkəməyə müraciət etməsi izah edilmişdir. Buna görə də ərizəçi hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Apellyator Maraqlı şəxs2 kollegiyanın iclasında Tutinin onun əmisi arvadı olmasını bildirsə də bunları təsdiq edəcək hər hansı təkzib edilməz sübutlarını məhkəməyə təqdim etməmişdir. Əgər təqdim etmiş olsa idi belə onun MM-nin 1159-cu maddəsi üzrə Tuti Bədirovadan qalmış miras əmlakdan hər hansı pay almaq hüququnun olması müəyyən edilmir. Yəni, Üzeyir X8 üzrə vərəsəsi deyil və onun miras əmlakdan məcburi pay almaq hüququ yoxdur. Birinci instansiya məhkəməsində araşdırma zamanı Maraqlı şəxs2 və onun arvadı X10 iş üzrə üçüncü şəslər kimi cəlb edildiyindən Maraqlı şəxs2 apellyasiya şikayəti vermək hüququ yaransa da Kollegiya hesab edir ki, onun tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır. Buna görə də Maraqlı şəxs2 miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi, həmin torpaq sahəsində olan evdə yaşaması, həmin həyətdə hətta toyunun olması və. sdən ibarət olan apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi maraqlı şəxsə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(073)-165/2024 saylı qətnaməsi Maraqlı şəxs2 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1786/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1786/2024
21.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver