Məhkəmə qərarları › İş №2(106)-1803/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1803/2025

17.09.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1803/2025 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı5 iştirakıları ilə, İddiaçılar iddiaçı3, iddiaçı1, iddiaçı2, X2 və iddiaçı5 cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, mülkiyyətdə olan torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi və zərər” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar iddiaçı3, iddiaçı1, iddiaçı2, X2 və iddiaçı5 cavabdeh Cavabdeh qarşı onun və ailə üzvlərinin mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi 607013051368, qeydiyyat nömrəsi 1722023692 olan ##.##.2023-cü il tarixli Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 7.2855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.36 ha hissəsindən məcburi qaydada çıxarılması, 2.36 ha torpaq sahəsinin onlara təhvil verilməsi, cavabdehə həmin torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi və cavabdehdən 101 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Tələb onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli, ** saylı qərarı ilə Beyləqan rayonu Mayak qəsəbəsi adlanan ərazidə paylı mülkiyyətlərinə 7.29 ha torpaq sahəsi verilmişdir. Mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi 607013051368, qeydiyyat nömrəsi 1722023692 olan ##.##.2023-ci il tarixli, Seriya RX № ******* olan Çıxarışla qeydiyyata alınmışdır. Onların mülkiyyətlərində olan torpaq sahəsinin 2.36 ha hissəsi hal-hazırda başqa şəxs, yəni hal-hazırkı mülki iş üzrə cavabdeh X1 tərəfindən zəbt edilərək istifadə edilir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq o, qanunsuz hərəkətlərinə son qoymur. Belə olan halda onların mülkiyyətində olan torpaq sahəsini qanunsuz istifadədən çıxarmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, ona və ailə üzvlərinin mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi 607013051368, qeydiyyat nömrəsi 1722023692 olan ##.##.2023-cü il tarixli Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 7.2855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.36 ha hissəsindən məcburi qaydada çıxarılması, 2.36 ha torpaq sahəsinin bizə təhvil verilməsi, cavabdehə həmin torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi və cavabdehdən 101 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi 607013051368, qeydiyyat nömrəsi 1722023692 olan ##.##.2023-cü il tarixli, Seriya RX № ******* olan Çıxarışa əsasən iddiaçılar iddiaçı3, iddiaçı1 Manaf qızı, iddiaçı2, iddiaçı5 və iddiaçı4 xüsusi mülkiyyətində olan Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində yerləşən 7.2855 ha torpaq sahəsinin zəbt etdiyi 2.3488 ha hissəsindən (0.4464 ha) daxil olmaqla çıxarılması, torpaq sahəsinin iddiaçılara təhvil verilməsi və cavabdeh tərəfindən iddiaçılara törədilən maneənin aradan qaldırılması, iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 (bir yüz) manatın cavabdeh Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin dəyərini təşkil edən iddiaçı tərəfindən KADASTR və YERQURLUŞU LAYİHƏ TADQİQAT Mərkəzi MMC-nin hesabına ödənilmiş 115 (yüz on beş) manat və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manatın cavabdeh Cavabdeh alınıb iddiaçı iddiaçı3 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarına olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçı iddiaçı2 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi 607013051368 olan, qeydiyyat nömrəsi 1722023692 olan ##.##.2023-cü il tarixli Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 7.2855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, cavabdeh Cavabdeh xüsusi mülkiyyətinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi 607013051369 olan, qeydiyyat nömrəsi 1723016309 olan ##.##.2023-cü il tarixli Çıxarışla rəsmiləşdirilmiş 1.0475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan ekspert və mütəxəssis rəylərindən görünür ki, Beyləqan rayonunun Mayak qəsəbəsində yerləşən iddiaçı2 və ailə üzvlərinə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi 607013051368, qeydiyyat nömrəsi 1722023692, qeydiyyat tarixi ##.##.2023-cü il tarixli olan çıxarışa əsasən, 7.2855 ha torpaq sahəsinin 0.4464 ha hissəsi və eyni zamanda "Torpaq İslahatı" işləri aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planına əsasən, hazırlanmış 1 2000 miqyasında olan bölgü layihəsi əsasında ## ###### 1999-cu il tarixli, JN 0034 KOD ******** saylı Dövlət aktı ilə X3 və ailə üzvlərinə verilmiş 7.2855 ha torpaq sahəsinin 2.3488 ha hissəsinin ərazisi (0.4464 ha) daxil olmaqla, cavabdeh Cavabdeh tərəfindən istifadə olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçılar iddia ərizəsində cavabdehin onların xüsusi mülkiyyətində olan 7.2855 ha torpaq sahəsinin 2.36 ha hissəsindən çıxarılmasını göstərsə də, iddiaçıların xüsusi mülkiyyətlərində olan 7.2855 ha torpaq sahəsinin 2.3488 ha hissəsinin ərazisi (0.4464 ha) daxil olmaqla cavabdeh Cavabdeh tərəfindən istifadə olunması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə sübuta yetmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi 607013051368, qeydiyyat nömrəsi 1722023692, qeydiyyat tarixi ##.##.2023cü il tarixli olan çıxarışa əsasən, iddiaçıların xüsusi mülkiyyətində olan 7.2855 ha torpaq sahəsinin zəbt etdiyi 2.3488 ha hissəsindən (0.4464 ha) daxil olmaqla cavabdeh Cavabdeh çıxarılmalı, həmin torpaq sahəsi iddiaçılara təhvil verilməli və cavabdeh tərəfindən iddiaçılara törədilən maneə aradan qaldırılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu, Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı maddəsi, Torpaq Məcəlləsinin 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 139.1, 152.1,152.5, 157.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizasının təyin olunmasını və iddia tələbinin əsassız olduğundan rədd edilməsinə dair yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu, Mayak qəsəbəsində yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestrində ************ saylı reyestr nömrəsi ilə ##.##.2023-cü il tarixli çıxarış əsasında qeydiyyata alınmış 1.0475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsini iddiaçıların yaxın qohumlarından qanuni yol almışdır. Torpaq sahəsinin ölçülməsi və ona təhvil verilməsi zamanı Daşınmaz Əmlakın əməkdaşları ilə yanaşı iddiaçılar da həmin prosesi müşahidə etmişdirlər, hər hansı etiraz edilməmişdir. Torpaq sahəsinin hüquqi planı və sərhədləri çıxarışda aydın və dəqiq şəkildə göstərilmişdir, həmin sərhədlər iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə kəsişmir və ya üst-üstə düşmür. O, qanuni sənədlər əsasında mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. İddiaçılar tərəfindən irəli sürülən "torpaq sahəsinin zəbt olunması" iddiası əsassız və qeyri-obyektivdir. Ona aid olan torpaq sahəsi çıxarışla rəsmiləşdirilmiş və hüquqi cəhətdən tanınmış xüsusi mülkiyyət obyektidir. Bu halda, iddiaçıların istifadəsinə verilmiş torpaq sahəsinin guya onun tərəfindən zəbt olunması və həmin sahədən istifadə edilməyi həqiqətə uyğun deyildir. O, qanuni əsaslarla əldə etdiyi və xüsusi mülkiyyət hüququna malik olduğu torpaq sahəsindən istifadə edir. Hər hansı torpaq sahəsini qeyri-qanuni olaraq zəbt etməmiş, heç bir şəxsin mülkiyyət hüququna müdaxilə etməmiş, və ya başqasına məxsus torpaq sahəsindən qanunsuz istifadə etmir. Həmçinin onun mülkiyyətində olan torpaq sahəsi 2023-cü ildə müasir ölçmə vasitələri, xüsusilə GPS texnologiyası vasitəsilə dəqiqliklə müəyyən edilmiş, torpaq sahəsinə dair plan və ölçü sənədləri əsasında çıxarışla rəsmiləşdirilmişdir. Müasir dövrün texnoloji imkanları nəzərə alınmaqla, belə şəraitdə torpaq sahəsinin başqa bir mülkiyyət sahəsi ilə üst-üstə düşməsi və ya səhv ölçülməsi ehtimalı tamamilə əsassız və məntiqsizdir. Eyni zamanda məhkəmə iddia tələbinin qismən təmin olunmasına baxmayaraq, məhkəmə xərclərinin bölüşdürülməsində Kadastr və Yerqurluşu Layihə Tədqiqat Mərkəzinə ödənilmiş 115 manat və 100 manat dövlət rüsumunun ondan tutularaq iddiaçıya verilməsi, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 manatın ondan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qanunvericiliyə uyğun deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iş iştirakçılarına aid edilir. Buna görə, məhkəmə xərcləri təmin edilmiş tələbin məbləğinə uyğun cavabdehdən tutulmalı, qalan hissə isə iddiaçıya aid edilməli idi. Aellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı5 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Digər iddiaçılar iddiaçı1, X2 və cavabdeh Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, hazırkı mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hal-hazırda mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə məhkəmə tərkibi Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddianın təmin edilmiş cavabdeh Cavabdeh iddiaçıların xüsusi mülkiyyətində olan Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində yerləşən 7.2855 ha torpaq sahəsinin zəbt etdiyi 2.3488 ha hissəsindən (0.4464 ha) daxil olmaqla çıxarılması, torpaq sahəsinin iddiaçılara təhvil verilməsi və cavabdeh tərəfindən iddiaçılara törədilən maneənin aradan qaldırılması hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçılar cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələb edir. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152.1,152.5 və 157.2-ci maddələri və Torpaq məcəlləsinin 111-ci maddələri təşkil edir. Məhkəmə tərkibi işdə olan sübutlardan müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlməsini iş materiallarında olan ekspert rəyi və Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına istinad edilməsi ilə əsaslandırmışdır. Rəyə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi 607013051368, qeydiyyat nömrəsi 1722023692, qeydiyyat tarixi ##.##.2023-cü il tarixli olan çıxarışa əsasən, iddiaçıların xüsusi mülkiyyətində olan 7.2855 ha torpaq sahəsinin 2.3488 ha hissəsindən (0.4464 ha) cavabdeh Cavabdeh istifadə edir. İddiaçının müraciətlərinə baxmayaraq cavabdeh həmin torpaq sahəsindən çıxmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, iddiaçıların torpaq sahəsini zəbt etməmişdir. İlk növbədə qeyd edilməlidir ki, iş üzrə qanuni və obyektiv qətnamənin qəbul edilməsi üçün mübahisəli torpaq sahələrinin faktiki yerləşmə vəziyyətinin, sərhədlərinin və bir-biri ilə üst-üstə düşüb-düşməməsinin yeni elektron kadastr məlumatları əsasında müəyyən edilməsi məqsədəuyğundur. Lakin birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının yeni elektron kadastr məlumatları nəzərə alınmadan aparıldığı müəyyən edildiyindən, həmin tədqiqatın iş üzrə əhəmiyyət kəsb edən halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etdiyi qəbul edilə bilməz. Bu səbəbdən apellyasiya mərhələsində məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis cəlb edilmişdir. Əldə edilmiş mütəxəssis rəyində iddiaçı2 və ailə üzvlərinə məxsus 7.2855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə cavabdeh Cavabdeh mülkiyyətində olan 1.0475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir-biri ilə üst-üstə düşmədiyi, habelə cavabdehin özünə məxsus torpaq sahəsindən başqa torpaq sahəsindən istifadə etmədiyi müəyyən edilmişdir. İddiaçılar həmin mütəxəssis rəyinin əvvəlki ekspert və mütəxəssis rəylərinin nəticələri ilə ziddiyyət təşkil etdiyini, habelə rəyi vermiş şəxsin cavabdehlə yaxın tanışlıq münasibətində olduğunu bildirməklə rəyə etiraz etmişlər. Cavabdeh də iddiaçıların mütəxəssis rəyinə dair etirazlarını təkzib edən hər hansı sübut və ya əsaslandırma təqdim etməmiş, o cümlədən mütəxəssisin onunla yaxın münasibətdə olması barədə iddianı təkzib etməmişdir. Bununla yanaşı, cavabdeh yenidən mütəxəssis cəlb edilməsinə də etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, qeyd olunan hallar mütəxəssis rəyinin tərəflərin hər ikisi üçün mübahisəsiz qəbul edildiyini göstərməsə də, həmin rəyin nəticələrinin əvvəlki ekspertiza tədqiqatının nəticələrindən fərqli olması və iddiaçılar tərəfindən rəyə etiraz edilməsi iş üzrə əlavə araşdırmanın aparılmasını zəruri etmişdir. Belə ki, tərəflərin mütəxəssis rəyinin nəticələri ilə bağlı şübhələrinin aradan qaldırılması, əvvəlki tədqiqatlarla yeni mütəxəssis rəyindəki nəticələr arasındakı fərqin səbəblərinin müəyyən edilməsi və mübahisəli torpaq sahələrinin faktiki vəziyyətinin xüsusi biliklər əsasında obyektiv müəyyən olunması məqsədilə yenidən ekspertiza keçirilməsi zəruri hesab edilmişdir. Məhkəmə tərkibi tərəfindən tərəflərin hər hansı birinin təqdim etdiyi sübuta üstünlük verilməsi barədə şübhənin yaranmaması və iş üzrə mübahisənin həlli üçün əhəmiyyətli olan halların xüsusi biliklər əsasında tam və obyektiv müəyyən edilməsi məqsədilə məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertizanın aparılması “xxxx”nə həvalə edilmişdir. Əldə edilmiş 13 avqust tarixli mütəxəssis rəyindən görünür ki, iş üzrə iddiaçı iddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətində olan 7.2855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd kimi JN 0034 KOD ******** saylı Dövlət aktı əsas götürülmüş, həmin torpaq sahəsinin sonradan tərtib edilmiş planı və ölçüsü sənədi də məhz qeyd olunan ilkin torpaqayırma sənədindəki məlumatlar əsasında hazırlanmışdır.Müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin koordinatları iddiaçıların adına verilmiş hüquq müəyyənedici və texniki sənədlərə uyğundur. Bununla yanaşı, cavabdeh Cavabdeh xüsusi mülkiyyətində olan 1.0475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ilkin torpaqayırma sənədi olan JN 0035 KOD ******** saylı Dövlət aktı ilə ##.##.2023-cü il tarixli, B****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, Dövlət aktında həmin torpaq sahəsinin planda üçbucaq formasında və üç döngə nöqtəsindən ibarət olduğu göstərildiyi halda, sonradan tərtib edilmiş planı və ölçüsü sənədində torpaq sahəsi səkkiz döngə nöqtəsi ilə göstərilmişdir. Bu isə cavabdehin adına tərtib edilmiş sonrakı texniki sənəddə torpaq sahəsinin ilkin torpaqayırma sənədinə uyğun olmayan konfiqurasiyada müəyyən edildiyini göstərir. Eyni zamanda, alternativ ekspert rəyində ilkin torpaqayırma sənədləri olan JN 0034 və JN **** saylı Dövlət aktları əsasında tərəflərə məxsus torpaq sahələrinin qonşu sahələr olduğu, bir-biri ilə sərhəddə yerləşdiyi və həmin sənədlərə əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir. Bununla belə, rəyin tədqiqat nəticələrindən görünür ki, iddiaçı2 və ailə üzvlərinə məxsus 7.2855 ha torpaq sahəsinin 1.01 ha hissəsi faktiki olaraq cavabdeh Cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə tərkibi qeyd edir ki, iş üzrə aparılmış son ekspertiza tədqiqatının nəticələri iddiaçıların mülkiyyətində olan 7.2855 ha torpaq sahəsinin 1.01 ha hissəsinin cavabdeh Cavabdeh tərəfindən faktiki istifadə edildiyini müəyyən etməyə imkan verir. Odur ki, iddiaçıların mülkiyyət hüququnun həmin hissədə pozulması və həmin pozuntunun aradan qaldırılması üçün cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmasının zəruriliyi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, mülkiyyət hüququ qanunla qorunan mütləq hüquq olmaqla, mülkiyyətçiyə ona məxsus əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, habelə əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək imkanı verir. Bu səbəbdən, müəyyən edilmiş faktiki hallar nəzərə alınmaqla, iddiaçıların pozulmuş mülkiyyət hüququnun müdafiəsi təmin edilməli və cavabdeh tərəfindən qanunsuz istifadə edilən torpaq sahəsi boşaldılmalıdır. Məhkəmə tərkibi nəzərə alır ki, iş üzrə son ekspertiza rəyində cavabdehin iddiaçılara məxsus torpaq sahəsinin məhz 1.01 ha hissəsindən istifadə etdiyi müəyyən edildiyindən, cavabdehin həmin hissədən çıxarılması tələb olunan hüquqi müdafiənin hüdudlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, cavabdeh Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi 607013051368, qeydiyyat nömrəsi 1722023692 olan ##.##.2023-cü il tarixli, Seriya RX № ******* olan Çıxarışa əsasən iddiaçılar iddiaçı3, iddiaçı1 Manaf qızı, iddiaçı2, iddiaçı5 və iddiaçı4 xüsusi mülkiyyətində olan Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində yerləşən 7.2855 ha torpaq sahəsinin zəbt etdiyi 1.01 ha hissəsindən çıxarılmalı, cavabdeh tərəfindən iddiaçılara törədilən maneə aradan qaldırılmalıdır, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbi qismən təmin edildiyindən qiymətləndirilməyən iddia üçün ödənilmiş 100 manat dövlət rüsumunun yarısı cavabdehdən tutulmalıdır. “xxxx” MMC-nin məktubundan məlum olur ki, aparılmış xidmətin xərci 700 manatdır. İddia qismən təmin edildiyindən apellyasiya mərhələsində keçirilmiş ekspertiza xərcinin ödənilməsi də tərəflər arasında bölüşdürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Cavabdeh Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi 607013051368, qeydiyyat nömrəsi 1722023692 olan ##.##.2023-cü il tarixli, Seriya RX № ******* olan Çıxarışa əsasən iddiaçılar iddiaçı3, iddiaçı1 Manaf qızı, iddiaçı2, iddiaçı5 və iddiaçı4 xüsusi mülkiyyətində olan Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində yerləşən 7.2855 ha torpaq sahəsinin zəbt etdiyi 1.01 ha hissəsindən çıxarılsın və cavabdeh tərəfindən iddiaçılara törədilən maneə aradan qaldırılsın. Dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manatın-50 manatı cavabdeh Cavabdeh alınıb iddiaçı iddiaçı3 verilsin, 50 manatı isə iddiaçı iddiaçı3 özünə aid edilsin. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmənin xərci olaraq müəyyən edilmiş 700 manatın yarısı-350 manatı iddiaçı3, iddiaçı1, iddiaçı2, X2 və iddiaçı5 bərabər qaydada, digər yarısı 350 manat cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin (“xxxx” ASC, kod 513489, VÖEN **********, müxbir hesab AZ80NABZ01350100000000014944, SWİFT BRESAZ22, hesab AZ94BRES00380394402474602201) hesabına ödənilsin. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar