Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1085/2026 17.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN 60A, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy Rayon Aqrar İslahat Komissiyasının ## ##### 1998-ci il tarixli ** saylı qərarına əsasən 0,23 hektar torpaq sahəsi Goranboy rаyоnu, Baxçakürd kənd sakinləri X5 və Cavabdeh mülkiyyətinə verilmişdir.
2. Dаşınmаz Əmlаkın Dövlət Kadastrı və Rеyеstri publik hüquqi şəxsi tərəfindən verilmiş *-**-*-**/*-****/** nömrəli, ## ###### 2025-ci il tarixli bildirişdən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlaka müayinə baxış keçirilən zaman məlum olmuşdur ki, X5 məxsus fərdi yaşayış evinə dair texniki pasportda 1940-cı ildə tikilmiş fərdi yaşayış evi sökülmüşdür. Eyni zamanda vərəsələrarasında əmlak üzərində mübahisə vardır və mübahisə səbəbindən texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır.
3. Goranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ## ###### 2025-ci ildə “miokardın kəskin infaktı” səbəbindən ölmüşdür.
4. Goranboy rayonu Baxçakürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-II seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.2006cı ildə “miokardın kəskin infaktı” səbəbindən ölmüşdür.
5. Goranboy rayonu Düzqışlaq kənd icra nümayəndəli tərəfindən verilmiş AZ-II seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ##.##.1981-ci ildə “ürək çatışmamazlığı” səbəbindən ölmüşdür.
6. Goranboy Rayon İcra Hakimiyyəti Goranboy Rayon Dövlət Arxivi ## ####### 2025ci il tarixli *-**-**-RA-*Q-***-*/**** nömrəli arayışından görünür ki, X5 ailə başçısı olmaqla təsərrüfat üzvlərinin siyahısı, təsərrüfata məxsus torpaq sahəsi və tikililər X6-ailə başçısıqadın 1922; 2. Cavabdeh-oğlu-kişi 26.XII.1966; Təsərrüfatın xüsusi mülkiyyətində hesab olunan tikililər Yaşayış evi, mənzil: Tikildiyi il-1980; Ümumi (yararlı) sahə kv.metrlə -36; O cümlədən yaşayış sahəsi, kv.metrlə-24; Təsərrüfatın xüsusi mülkiyyətində, istifadəsində (sahibliyində), icarəsində olan torpaq Torpaq sahəsinin kadastır nömrəsi- 118; Cəmi torpaq (hektarın yüzdə biri ilə 0,01 dəqiqliklə) - 0,25.
7. Goranboy Rayon Baxşakürd kənd ivcra nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025- ci il tarixli 122 mnömrəli arayışından görünür ki, Baxçakürd sakini ##.##.1982-ci il təvəllüdlü İddiaçı mərhum anası X3, İddiaçı Orcangidze qızı və bacıları X10, X13, X12 ailə quranadək mərhum nənəsi X5 məxsus olan həyət evində yaşamışlar.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Baxçakürd kəndində yerləşən mülkdə qanunla müəyyən olunmuş qaydada fərdi yaşayış evi üzərində vərəsə olaraq onun hüquqlarının Daşınmaz Əmlakının olan Dövlət Reyestr Xidmətinin * saylı Bərdə Ərazi İdarəsinin reyestrində qeydiyyatı üçün zəruri olan invertarlaşdırma işlərinin aparılması üçün cavabdeh Cavabdeh tərəfində yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, nənəsi X5 ##.##.2006-cı ildə və babası X11 isə ##.##.1981-ci ildə vəfat etmişdir. Goranboy rayonu Baxçakürd kəndində yerləşən fərdi yaşayış evi mərhum nənəsi X5 adına olmuşdur. Həmin ünvan ümumumilikdə mərhum nənəsinin adına olmaqla orada iki ayrı-ayrılıqda ev olmuşdur. Onlardan birində nənəsi, hazırkı cavabdeh olan əmisi Cavabdeh ilə digər evdə isə mərhum atası X9 oglu öz ailəsilə birlikdə qalmışdır. X7 ##.##.2005-ci ildə, anası X4 isə ##.##.2024-cü ildə vəfat etmişdir. Onlar 4 qız övladı ailə həyatı quraraq ata evilərində köçdükdən sonra cavabdeh başladı onların yaşadıqları evə məxsus olan ara çəpəri sökməyə və qardaşları yoxdur deyə onlara məxsus olan evə yiyələnməyə, həmin vaxtadan onları öz evilərinə girməyə qoymur. Bu haqda polis orqanına da muraciət etmişlər, dəfələrlə polisə çağrılaraq onlara qarşı qanunsuz olaraq onları öz halal mülklərinə buraxmamağından əl çəkməsi haqqında tədbir görülmüşdür. Hansıkı hamısı həmin evdə böyüyüb-başa çatmış və qeydiyyatları da oradır. Eyni zamanda onuda qeyd edir ki, həmin mülk 0,23 ha torpaq sahəsi ilə birlikdə mərhum nənəsi X5 məxsusdur. Atası vəfat etdiyi üçün o da onun varisi olaraq öz mərhum nənəsindən miras qalmış Goranboy rayonu Baxçakürd kəndində olan fərdi yaşayış evlərini sənədləşdirmək istəyərkən cavabdeh hər vəclə ilə buna maneçilik törədərək hər dəfə dava-dalaş salmağa çalışaraq buna mane olur. Bu səbəbdəndə məhkəməyə muraciət etmək məcburiyyətində qalıb. Cavabdeh nənəsi X5 miras qalmış Goranboy rayonu Baxçakürd kəndində yerləşən ünvanda qeydiyyatda durmaları və yaşamaları ona miras qalmış fərdi yaşayış sahəsi üzərində qanunvericiliyin tələblərinə uyğun sərancam vermək hüququmu məhdudlaşdırır. Hesab edir ki, Goranboy Rayonu Baxçakürd kəndində nənəsi X5 miras qalmış və vərəsə olaraq onun hüquqları tanınmış, Goranboy rayonu Baxçakürd kəndində yerləşən mülkdə, cavabdeh Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılacaq və həmin mülkdə onun hüquqları qanunla müəyyən olunmuş qaydada dövlət reyestrində qeydiyyata alınacaqdır.
10. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Goranboy Rayonu Aqrar İslahat Komissiyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarı ilə JN-060A, KOD ******** nömrəli şəhadətnamə əsasında Goranboy rayonu Baxçakürd kəndində verilmiş 0,23 hektar torpaq səhəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müayinə baxışın keçirilməsinə, eyni zamanda torpaq sahəsinin ölçülməsinə və döngə nöqtələrinin koordinatlarının müəyyənlaşdirilməsinə cavabdeh Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalı, onun mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək hüquqlarına təminat verilməlidir. Ona görə də, iddiaçı İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 146, 152-157-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
13. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən hələ vərəsəlik məsələsi həll edilməmişdir. Vərəsə olaraq nənə X8mış əmlakda mirası qəbul edib-etməməsi, miras əmlakda payının olub-olmaması məsələsi həll edilmədən iddiaçı İddiaçı Orcanikidze qızı tərəfindən ölçmə işlərinin aparılmasını tələb etmək və hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olması müəyyən deyildir. İddiaçı hesab edir ki, onun və anası Zinyət Muradovanın ümumi birgə mülkiyyəti olan 0.23 ha torpaq sahəsində yerləşən evin miras əmlakdır. Ancaq torpaq sahəsində olan evin miras əmlak hesab edilibedilməməsi, mirasın qəbulu ilə iddiaçı tərəfindən hansı hərəkətlər etmələri barədə məhkəməyə sübut, o cümlədən vərəsəlik şəhadətnaməsi təqdim edilməmişdir. Ona görə hesab edir ki, işə baxan Goranboy Rayon Məhkəməsi ilk olaraq iddiaçının subyektiv hüququnun olub-olmamasını araşdırmadan, işdə iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas olmadan iddianın təmin ediməsi barədə qətnamə çıxarmaqda haqlı olmamışdır. İddiaçı nəinki mülkiyyətçi, hətta vərəsə olaraq hüquqlarının tanınmasını, qeydə alınmasını təmin etmədiyi halda, heç bir qanuni əsas olmadan onun və anasının ümumi paylı mülkiyyətində olan torpaq sahəsi və onun üzərində olan evə dair özünün əmlak hüququnun qeydə alınması üçün * saylı Bərdə Ərazi İdarəsinə müraciət etdiyini iddia edir. Hesab etmişdir ki, əvvəlcə iddiaçı vərəsə olması, miras əmlakda paya malik olması barədə sübutlar əldə etməlidir ki, vərəsə olaraq da o, həmin əmlakın onun adına qeydə alınması üçün ölçü ilərinin aparılması məqsədilə Reyestr xidmətinə müraciət etsin. Ona görə də hesab etmişdir ki, məhkəmənin qətnamədə istinad etdiyi maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməmişdir.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Arazinin həyatyoldaşıdır. O, orada yaşaya-yaşaya ona deyirlər ki, oranı ona versin. O, orada 11 ildir ki, yaşayır. Sevinc qaynının qızıdır. O, qaynanasının evində yaşayır. Ölçü işlərinin aparılması ilə razı deyildir. Ev hazırda Zinyətin adınadır. Vərəsəliyə müraciət etmişlər.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 0,23 ha torpaq sahəsi nənəsindən miras qalmışdır. Elnur Qarayev ilə 2010-cu ildə evlənmişdir. Qayınanasının evinə köçmüş və 9 il orada yaşamışdır. Həmin torpaq sahəsində iki ev vardır. Birini atası tikdirmişdir. Lakin onu orada yaşamağa qoymurlar. Atası 2005-də nənəsi isə 2006-cı ildə vəfat etmişdir. Anası 2024-cü ildə vəfat etmişdir. O vaxtdan onu orada yaşamağa qoymurlar. * saylı ASAN Xidmətdə notariusa müraciət etmişlər.
18. İddiaçı İddiaçı məhkəmə kollegiyasına elektron ərizə ünvanlayaraq göstərmişdir ki, “Bildirirəm ki, Goranboy rayon Baxçakürd kəndində yerləşən 0.23 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum nənəsi X5 məxsus olmuşdur. Həmin mülkdə iki fərdi yaşayış evi var, biri hazırda əmim Cavabdeh qalan fərdi yaşayış evi- 1940 –cı idə tikilmişdir , digəri isə mərhum atamın ayrıca öz ailəsi üçün 1980-ci ildə tikdiyi bizim boya-başa çatdığımız və hazırda bütün əşyalarımızın olduğu evdir. Həmin Goranboy rayon Baxçakürd kəndində yerləşən 0.23 ha torpaq sahəsində 1940-cı ildə ilk tikili işləri aparılmış və atam daxil olmaqla əmim və bibilərim həmin evdə doğulmuş və boya-başa çatmışdır. Lakin sonradan əmilərim və bibilərim ailə həyatı quraraq həmin evdən köçəndən və babamın vəfatından sonra orada atam X9, Cavabdeh və nənəm X5 yaşamışdır. Mərhum nənəm X5 əmim Cavabdeh ilə 1940cı ildə tikilmiş həmin evdə birgə yaşamışlar. Lakin 1980-ci ildə həmin Goranboy rayon Baxçakürd kəndində yerləşən 0.23 ha torpaq sahəsində mərhum atam ailə qurub öz ailəsi ilə birlikdə yaşaması üçün ayrıca öz vəsaiti hesabına fərdi yaşayış evi tikmiş və 4 övladı ilə birgə həmin yaşayış evində yaşayıbdır. Onu da qeyd edim ki. atamın tikdiyi bizim yaşadığımız ev ayrıca hasarlanaraq əmimin hazırda qaldığı evdən və həyatyanı toraq sahələrindən ayrılmışdır. Lakin atamın və anamın vəfatından sonra bizi yiyəsiz görərək, bizə ata əvəzi olaraq dəstək olmaqdansa əksinə əmim Cavabdeh başladı bizlə mubahisələrə ki, sizin qardaşınız yoxdur siz öz evinizdəndə çıxın burada ümumilikdə mənimdir.Biz isə heç bir halda onun bu ədalətsiz və tamahkar fikri ilə razlaşmadıq Bizdə təbiiki buna etiraz etdik çünki bizim qaldığımız fərdi yaşayış evi 0.23 ha torpaq sahəsinin cəmi 0,06 ha torpaq sahəsində yerləşirdi. Onsuz mülkün çox hissəsi və nənəmin evi ona qalmışdır. Əmimin atan vəfatından sonra bizi qardaşsız atasız görüb bizi öz evimizdən ,öz payımızdan mərhum etməsi əlbətdəki qəbul edilməzdir. Hətda özbaşına olaraq əmim Cavabdeh bizim evin yerləşdiyi ərazidə olan bizimlə onun arasında olan ara çəpərlərini sökmüş bizim evin yerləşdiryi torpaq sahəsini özbaşına olaraq öz torpağına qatmışdır. Bundan sonra, əmim Cavabdeh və onun həyat yoldaşı başladı al dil ilə evin açarını bizdən istəməyəki, orada bibim qızına aid olan əşya vardı guya onu götürürlər mən isə ona inanıb ata evimin açarını onlara verdim. Bundan sonra əmimin həyat yoldaşı həmin evədə girərək oradan çıxmamağa başladılar. Bu haqda polis orqanlarna muraciət etdik polis şöbəsi onu yanına çağıraraq evin açarlarını qaytarmasını tapşırsada Cavabdeh başladı bizlə dava- dalaş salıb şər və böhtan xarakterli hərəkətlər etməyə bu səbəbdən aramızda olan mübahisənin aradan qaldırılması üçün mərhum nənəm X5 vərəsəliyini * saylı Gəncə Regional “Asan xidmət” mərkəzinin notariat ofisində qəbul etmişəm. Bu haqda olan məktubu həm Goranboy rayon məhkəməsinə, eyni zamanda da Gəncə Apellyasiya Məhkəməsinə təqdim etmişəm. Vərəsəlik işlərinin rəsmiləşdirilməsi üçün mərhum nənəm X5 adına DƏDKR-PHŞ-nin * saylı Bərdə Ərazi idarəsinin mərhum nənəmin adına olan arayışı verməsi lazımdır. Bu arayışıda * saylı Bərdə Ərazi İdarəsi təqdim etməsi üçün onlar Goranboy arayon Baxçakürd kəndində 0.23 ha torpaq sahəsində yerləşən həmin fərdi yaşayış evlərinin hər ikisinədə mütəxəsislər tərəfindən ölçü işləri aparılması üçün müayinə baxışı keçirilməlidir. Lakin Bərdə Ərazi idarəsinin mütəxəsissləri Goranboy rayon Baxçakürd kəndinə yerləşən həmin fərdi yaşayış evimizə baxış keçirən zamanCavabdeh və onun həyat yoldaşı dava- dalaş salaraq onların işinə mane olurlar. Hansıkı Cavabdeh heç nənəmin vəfatından sonra belə onun vərəsəliyini qəbul etməmişdir. Bu baxımdan Azərbaycan Respublikasının və Mülkü Məcəlləsinin müvafiq maddəllərinə uyğun olaraq * saylı Bərdə Ərazi İdarəsi tərəfindən müayinə baxışının keçirilməsinə maneçilik törədən halların Cavabdeh qadağan edilməsini, mənim mülkiyyət hüququmun qorunmasını və Goranboy rayon məhkəməsinin qəbul etdiyi qərarın dəyişdirilmədən saxlanılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm.”
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:
19. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun:
23. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
24. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ata-nənəsi X5 ##.##.2006-cı ildə və babası X11 isə ##.##.1981-ci ildə vəfat etmişdir. Goranboy rayonu Baxçakürd kəndində yerləşən fərdi yaşayış evi mərhum nənəsi X5 adına olmuşdur. Həmin ünvan ümumumilikdə mərhum nənəsinin adına olmaqla iki ayrıayrılıqda ev olmuşdur. Onlardan birində nənəsi, hazırkı cavabdeh olan əmisi Cavabdeh ilə digər evdə isə mərhum atası X9 oglu öz ailəsilə birlikdə qalmışdır. X7 ##.##.2005-ci ildə, anası X4 isə ##.##.2024-cü ildə vəfat etmişdir. Hazırda iddiaçı sözügedən daşınmaz əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariusa müraciət etmiş, * saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi mərhum X5 adına miras qalmış Goranboy rayonu Baxçakürd kəndində yerləşən ümumi sahəsi 0.23 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayış və ya çıxarış verilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Dаşınmаz Əmlаkın Dövlət Kadastrı və Rеyеstri publik hüquqi şəxsi tərəfindən verilmiş *-**- *-**/*-****/** nömrəli, ## ###### 2025-ci il tarixli bildirişdən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlaka müayinə baxış keçirilən zaman məlum olmuşdur ki, X5 məxsus fərdi yaşayış evinə dair texniki pasportda 1940-cı ildə tikilmiş fərdi yaşayış evi sökülmüşdür. Eyni zamanda vərəsələrarasında əmlak üzərində mübahisə vardır və mübahisə səbəbindən texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır. Cavabdeh heç bir əsas olmadan tərəflərin hüquqlarını pozmaqla lazımi hərəkətlərin həyata keçirilməsinə maneçilik törətmişdir. İşə baxan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının gözlənilən mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə maneə olur.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh ölçmə işlərinin aparılmasına maneə olmasını (razı olmamasını) kollegiyanın iclasında qəbul etmişdir. İşin faktiki hallarından onun sözügedən torpaq sahəsində fərdi yaşayış evində yaşadığı və mübahisə predmeti olan fərdi yaşayış evi üzərində ölçmə işlərinin aparılmasına şərait yaratmadığı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəf izahatlarda göstərmişdir ki, sözügedən fərdi yaşayış evində uzun müddətdir onlar yaşayırlar. Aşkar edilmişdir ki, həmin torpaq sahəsində iki ev vardır.
39. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, əvvəlcə iddiaçı vərəsə olması, miras əmlakda paya malik olması barədə dəlillərini sübut etməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki iddianın predmetini iddiaçı İddiaçı vərəsəlik hüququnun tanınması və ya mirasdan payının müəyyən edilməsi təşkil etmir. İşdən görünür ki, ##.##.2006-cı ildə vəfat etmiş X5 Goranboy rayonu Baxçakürd kəndində yerləşən ümumi sahəsi 0.23 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi miras qalmışdır. Lakin həmin əmlak reyestrdə rəsmi qeydiyyata alınmadığından mirasın kütləsinə daxil edilməsi mümkün olmamışdır.
40. Halbuki, iş materiallarından görünür ki, Goranboy rayonu, Baxçakürd kəndində qeydiyyatda olan iddiaçı İddiaçı ##.##.2006-cı ildə vəfat etmiş X5 miras qalmış Goranboy rayonu Baxçakürd kəndində yerləşən ümumi sahəsi 0.23 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vərəsəlik işinin başlaması üçün * saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir.
41. Təqdim olunmuş sənədlərə əsasən, * saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin ##.##.2025-ci il tarixli, **** saylı məktubu (iş materialları səhifə 11) iddiaçı İddiaçı mərhum Zinyət Muradovanın təmsilçilik qaydasında qanun üzrə vərəsəsidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün miras əmlakla bağlı rəsmi sənədlərin olması zəruridir. Bununla əlaqədar notarius tərəfindən miras qalmış əmlaka dair müvafiq sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Notarius tərəfindən daşınmaz əmlakı dövlət reyestrində qeydə alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət etsə də, mütəxəssis tərəfindən işin icraatına uyğun olaraq, təqdim edilmiş sənədlərdə qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Bu zaman, sözügedən fərdi yaşayış evi üzərində mübahisəli hal aşkar edilmiş və nəticədə qeyd olunan fərdi yaşayış evi üzərində ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də, təqdim edilən sənədlərdə göstərilən torpaq sahəsi və inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə Qərarında göstərilmişdir ki, “mülkiyyət anlayışı“ mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə * saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qarrax Çexiyaya qarşı», «Miray Fransaya qarşı», «Burdov Rusiya Federasiyasına qarşı» və «Akimova Azərbaycana qarşı» iş üzrə digər qərarlarında da şərh etdiyi hüquqi mövqeyə görə real mövcud olan əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilmişdir.
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə ##.##.2004-cü il tarixli qərarında göstərmişdir ki, * saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər.
45. Göründüyü kimi, mübahisə predmeti barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi İdarəsi tərəfindən müəyyən ölçmə işlərinin aparılması zərurəti yaranmış, lakin, cavabdeh heç bir əsas olmadan tərəfin hüquqlarını pozmaqla lazımi hərəkətlərin həyata keçirilməsinə maneçilik törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, II və III hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
46. Məhkəmə kollegiyası cavabdehin sözügedən torpaq sahəsi və fərdi yaşayış evində payı olması, orada yaşaması ilə bağlı qeyd edir ki, həmin hal hazırki mübahisənin predmeti deyildir. Cavabdeh bununla bağlı hüquqlarının pozulmasını güman edirsə, onun müəyyən edilmiş qaydada iddia ərizəsi ilə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır.
47. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2017-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
48. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.