Məhkəmə qərarları › İş №e-2(3-9)-698/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-698/2026

15.09.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-698/2026 15.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi ilə, Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə iddia icraatı qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcabədi şəhəri ərazisində yerləşən həyətyanı torpaq sahəsi kateqoriyasına aid 1201,02 kv.metr torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı mərhum əri X1, X5, İddiaçı, X2, X3, X4 və cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 məxsusdur. Bu barədə onlara Ağcabədi rayon Aqrar İslahat Komissiyasının ##.##.2006-cı il tarixli * nömrəli qərarı əsasında X6 kitabında ##.##.2011-ci il tarixdə 1842 nömrə ilə qeydə alınmış A ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı həmin torpaq sahəsini sənədləşdirmək istəyir. Bu məqsədlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Beyləqan Ərazi idarəsinə müraciət olunmuş, həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdehlər tərəfindən həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə gəlmiş * saylı Beyləqan Ərazi idarəsinin nümayəndələrinə ölçmə işlərinin aparılmasına maneələr yaradılmışdır. Bu səbəbdən də, * saylı Beyləqan Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Ağcabədi şəhəri ərazisində yerləşən 1201,02 kv.metr həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması, həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qadağan edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının ##.##.2006-cı il tarixli * nömrəli qərarı əsasında X1 Ağcabədi şəhəri ərazisindən 1201,02 kv.metr həyətyanı torpaq sahəsi verilmiş, bu barədə X6 kitabında ##.##.2011-ci il tarixdə 1842 nömrə ilə qeydə alınmış A ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Adlı siyahıda 9 nəfərin adı qeyd olunmuşdur. Ağcabədi şəhəri ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair İddiaçı müraciətinə baxılmış, müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsində müvafiq inventarlaşdırma işlərinin aparılması zamanı mübahisə halı baş verdiyi üçün ölçmə işlərinin aparılması mümkün olmadığına görə müraciətin icrasından imtina edilmişdir. Cavabdehlərin maneə və müdaxiləsi nəticəsində mütəxəssislər tərəfindən torpaq sahəsinin müayinə (baxış) aktı tərtib edilə bilməmiş və buna şərait yaradılmamışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 139.1-ci, 139-1.1.5-ci, 140-cı, 146.1-ci, 146.2-ci, 152.1-ci, 152.2-ci, 152.3-cü, 152.5-ci, 157.2-ci, 157.4 və 158.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsaslandırma hissəsi yalnız bir cümlə ilə yekunlaşmış, formal olaraq məhkəmə qətnaməsi qəbul edilmişdir. Belə ki, qeyd edilən mülki işlə bağlı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış sahəsinin bir hissəsi onun tərəfindən inşa edilmişdir. Ona görə də, bu mülkdə onun da haqqı vardır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən birtərəfli mövqe göstərmişdir. Məhkəmə baxış iclasları zamanı iştirakları təmin edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının ##.##.2006-cı il tarixli * nömrəli qərarı əsasında X1 (soyadı səhvən “Əbiyev” kimi yazılmışdır) Ağcabədi şəhəri ərazisindən 1201,02 kv.metr həyətyanı torpaq sahəsi verilmiş, bu barədə X6 kitabında ##.##.2011-ci il tarixdə 1842 nömrə ilə qeydə alınmış A ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Adlı siyahıda 9 nəfərin adı qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Beyləqan Ərazi idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, Ağcabədi şəhəri ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair İddiaçı müraciətinə baxılmış, müraciət əsasında Ərazi idarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsində müvafiq inventarlaşdırma işlərinin aparılması zamanı mübahisə halı baş verdiyi üçün ölçmə işlərinin aparılması mümkün olmadığına görə müraciətin icrasından imtina edilmişdir. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvesiyanın * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il ## ### tarixli Qərar, §103). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. MM-in 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Normanın mahiyyətini və məqsədini nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə tərkibi iş materiallarını hazırda apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. İş materiallarından və cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərdən müəyyən olunur ki, sonuncu şikayətində mübahisəli fərdi yaşayış evinin tikintisində payının olduğunu bildirmişdir. Lakin həmin payın tanınması və ya bununla bağlı hər hansı hüququnun müəyyən edilməsi cavabdehin ayrıca tələb irəli sürməsini və qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməsini tələb edir. Bu baxımdan, cavabdehin qeyd olunan məsələ ilə bağlı müstəqil tələbi olduğu halda, həmin tələblə ayrıca iddia qaldırmaq hüququ vardır. Bundan başqa, məhkəmə tərkibi məhkəmə iclaslarının cavabdehlərin iştirakı olmadan keçirilməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan məhkəmə bildirişləri, SMS bildirişlər və digər prosessual sənədlərdən görünür ki, tərəflər məhkəmə prosesinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır. Onlara göndərilmiş bildirişdə prosessual hüquq və vəzifələr, o cümlədən etiraz vermək, sübut təqdim etmək, yazılı izahat və vəsatətlərlə çıxış etmək hüququ izah edilməklə onun müdafiə hüququnun və çəkişmə prinsipindən irəli gələn imkanlarının həyata keçirilməsi üçün kifayət qədər şərait yaradılmış, buna baxmayaraq, cavabdeh tərəf, həmin hüquqlardan istifadə etməmiş və prosessual fəallıq göstərməmişdir. Beləliklə, cavabdehlərə öz prosessual hüquqlarını həyata keçirməsi üçün zəruri imkanın yaradılması iş materialları ilə öz təsdiqini tapmışdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar