Məhkəmə qərarları › İş №2(106)-181/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-181/2024

14.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-181/2024 14.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-1194/2023 saylı, 07 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun barəsində tərtib olunmuş aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Sabirabad rayonunun Bulaqlı kəndində yerləşən ünvanda çoban evinə qeyd edilmiş sayğac onun adına qeydə alınmışdır. "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşları tərəfindən iddiaçıya məxsus olan sayğaca baxış keçirilərkən sayğaca iddiaçı tərəfindən guya müdaxilə olunması əsas gətirilərək bu barədə ona əsassız olaraq cərimələr yazılmışdır. Nə iddiaçı, nə də digər şəxslər sayğaca heç bir müdaxilə etməmişlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, barəsində əsassız olaraq artıq debitor borcu hesablanmışdır. Sabirabad Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(056)-1194/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) iddia təmin edilmiş, İddiaçı adına olan kod:**********00207 saylı abunə hesabı üzrə xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilə aid dövr üzrə aktlar tərtib edilmiş aktların etibarsız hesab edilməsi və xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilə aid dövr üzrə aktlar əsasında İddiaçı adına olan kod:**********00207 saylı abunə hesabına hesablanmış 1911,26 manat borcun adıçəkilən abunə hesabından silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(056)- 1194/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək enerjitəchizatı müəssisəsi olan "xxxx" ASC-yə məlum olmayan hansısa aktların ləğv edilməsi və akt üzrə hesablanmış məbləğin silinməsi qənaətinə gələrkən ümumiyyətlə heç bir araşdırma aparmamış, həqiqətən də abonentə akt tərtib olunub-olunmadığını müəyyən etməmiş, iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyi təqdirdə və yalnız abonent dövriyyəsində yazılmış rəqəmi əsas götürərək həmin abonentin elektrik enerjisinə dair istifadə etdiyi və buna əsasən hesablanmış məbləği qeyri-qanuni hesab edərək silinməsi barədə qətnamə qəbul etmişdir. Bütün bunlarla əlaqədar məhkəməyə xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış iclasında etiraz təqdim olunmuş, həmin etirazda iddiaçının iddia ərizəsinin səhv olaraq təqdim etdiyi, abonent barədə ümumiyyətlə “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması barədə akt tərtib olunmadığı, xx.xx.2019-cu il tarixdə 660,51 manat dəyərində istifadə edilmiş, lakin ödənilməmiş borcun tələb olunması barədə akt tərtib olunduğu qeyd edilmişdir. Bütün bu göstərilənlər barədə birinci instansiya məhkəməsinə izahat verilmiş, sübut təqdim olunmuş, lakin buna baxmayaraq cavabdeh tərəfindən təqdim olunmuş sübut və etiraza hər hansı bir hüquqi qiymət verilməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin "Dövlət Enerjinəzarət" İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Elektrik enerjisindən istifadə qaydalarının istehlakçı tərəfindən pozulmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri əsas götürülür və abonentin həqiqətən də bu pozuntunu etdiyi təqdirdə müvafiq akt tərtib olunur və həmin akt və buna dair hesablanmış məbləğ abonent dövriyyəsinə (saldosuna) yerləşdirilir. Bu abonent dövriyyəsində aktların nömrələri, tarixləri, məbləğləri və sırası mütləq qaydada həmin saldoda öz əksini tapır. Buna əsas olaraq cavabdeh bildirir ki, ümumiyyətlə abonent dövriyyəsində abonentin 1911 manat akt borcu yoxdur. Bu məbləğin birinci instansiya məhkəməsi tərəfindən haradan və necə götürülməsi və həmin məbləğin silinməsi hələ də təchizat müəssisəsinə aydın deyildir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci maddəsi də abonentin məsuliyyətini əhatə etməklə onun “elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə” əsaslanır. Həmçinin məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisinin istifadə Qaydaları”nın yalnız 8.33-cü bəndinə istinad edərək aktı ləğv etmişdir. Lakin məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməməklə, ya da ümumiyyətlə lazımi maddi hüquq normalarını tətbiq etməməklə əsassız qətnamə çıxarmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnaməsində “Elektrik enerjisinin istifadə Qaydaları”nın 8.33-cü bəndini (hal şahidinin iştirakı) rəhbər tutaraq bu halı əsaslandırmışdır. Halbuki, AR Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”na olunmuş 155 saylı dəyişiklik qərarına əsasən abonent barədə itirilmiş elektrik enerjisinin bərpası aktı tərtib olunarkən hal şahidinin dəvət olunmasına dair tələblər qaydalardan çıxarılmışdır. Həmçinin cavabdeh bildirir ki, birinci instansiya məhkəməsi sübut olaraq müəyyən etmədiyi və əldə etmədiyi hansısa aktlar üçün hal şahidi axtarmasını cavabdeh tərəfindən müəyyən etmək mümkün olmamışdır. Qətnamənin əsaslandırıcı hissəsində yalnız abonent dövriyyəsi çıxarışının sol qrafasında, aktlar bölməsində göstərilən 1911 manat rəqəmi əsas götürülmüş, bunun nə rəqəm olması barədə araşdırma aparılmamış və bu rəqəmə əsasən qətnamə qəbul olunmuşdur. Məhkəmənin gəldiyi nəticəyə dair cavabdeh tərəfindən mühüm əhəmiyyəti olan bütün sübutlar təqdim edilmiş, lakin ona hüquqi qiymət verilməmiş, faktiki hallar aydınlaşdırılmamışdır. Təqdim olunmuş abonent dövriyyəsindən də məlum olur ki, həqiqətən abonentin borcu yalnız istifadə etdiyi elektrik enerjisinin dəyəridir, həmin abonent barədə 2015-2019-cu il tarixlərində 1911 manat dəyərində aktlar tərtib olunmamış və bu fakt da öz təsdiqini tapır. Beləliklə də, mülki iş tam, hərtərəfli araşdırılmamış, bu aktların tərtibatına dair sübutlar düzgün tədqiq edilməmiş, maddi və prosessual normalar pozulmaqla qətnamə qəbul edilmişdir. Bütün faktlar sübutlar adlandırılır və iş üzrə qiymət verilən hallardan biri də sübutlardır ki, onlar rəsmən və digər təsdiqedici faktlarla əsaslandırılır. Həmçinin tərəfin verdiyi sübutun mənbəyi bəlli deyildirsə, o, sübut kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, iddiaçı yanlış olaraq iddia ərizəsində onun barəsində sayğaca müdaxilə etməsinə görə akt tərtib olunduğunu qeyd etmişdir. Lakin iddiaçı barəsində sayğaca müdaxilə olunmasına görə ümumiyyətlə hər hansı akt tərtib olunmamışdır. İddiaçının evindən kənarda yerləşən fermasında çoban evi mövcuddur və həmin evdə elektrik enerjisindən istifadə üçün quraşdırılmış transformatorda elektrik enerjisinin itkisinə yol verildiyindən sadəcə olaraq 2019-cu ilin aprel ayında 660,51 manat dəyərində istifadə edilmiş, lakin ödənilməmiş borcun tələb olunması barədə akt tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi isə işin bu faktiki hallarını araşdırmadan iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinə və cavabdehin nümayəndəsinin bildirdiklərinə etiraz edərək qeyd etdi ki, o, iddia ərizəsini hüquqşünasın xidmətindən istifadə etməklə tərtib etdirmişdir. Ola bilər ki, iddia ərizəsinin məzmununda bu zaman bir sıra qeyri-dəqiq məlumatlar qeyd edilmişdir. Lakin nəticə etibarilə onun abonent hesabına borc məbləği hesablanmışdır və hər bir halda həmin borcun silinməsini tələb edir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. X6 Enerji Təchizatı və Satışı İdarəsinin Sabirabad Rayon Məhkəməsinə ünvanladığı məktubda qeyd olunmuşdur ki, İddiaçı iddia etdiyi obyekt qeyri-əhali abonenti olaraq (çoban evi) X1 adına qeydiyyatdadır (kod: **********0207). xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin Sayğacquraşdırma sektorunun əməkdaşları tərəfindən elektrik enerjisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən iddiaçıya məxsus təsərrüfata quraşdırılmış sayğacın “overzero” rejimdə işlədiyi, yəni “Smart-kart” sayğacın borcdan açılma funksiyasının işləmədiyi, buna əsasən də sayğacın borc qeyd etdiyi və digər tərəfdən də həmin sayğacın 62,6 faiz xəta ilə işlədiyi aşkar olunmuşdur. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə sözügedən akt tərtib olunmuş və 660,51 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Lakin iddiaçı iddia ərizəsində səhv olaraq hansısa iddia ərizəsində də müəyyən olunmayan aktların ləğvini və həmin aktlar üzrə müəyyən olunmayan məbləğin silinməsini tələb etmişdir. Bundan əlavə, tərtib olunmuş akt itirilmiş sərfiyyatın bərpasını təşkil edir və bu halda abonent istifadə etdiyi və ödəməsi vacib olan sərfiyyatın müəyyən edilməsi əsası ilə tərtib olunmuşdur. Abonentin şəxsi təsərrüfatında (çoban evi) istifadə etdiyi və akt üzrə müəyyən olunmuş həmin məbləğ onun tərəfindən ödənilməlidir. Hazırda iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdeh "xxxx" ASC tərəfindən onun barəsində tərtib olunmuş aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, öz tələbini əsaslandırarkən "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşları tərəfindən ona məxsus olan sayğaca baxış keçirilərkən sayğaca iddiaçı tərəfindən guya müdaxilə olunmasının əsas gətirilərək bu barədə ona əsassız olaraq cərimələr yazılmasına və barəsində əsassız olaraq artıq debitor borcunun hesablanmasına istinad etmişdir. Sabirabad Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(056)-1194/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçının adına olan kod:**********00207 saylı abunə hesabı üzrə xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilə aid dövr üzrə tərtib edilmiş aktların etibarsız hesab edilməsi və xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilə aid dövr üzrə aktlar əsasında iddiaçının adına olan kod:**********00207 saylı abunə hesabına hesablanmış 1911,26 manat borcun adıçəkilən abunə hesabından silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq bildirir ki, məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə sübutetmə vəzifəsinin bölgüsünü düzgün aparmamış, iddiaçının tələbinin əsassız hesab edilməsinin əsasını təşkil edə biləcək hər hansı sübutun cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir. Bu zaman birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermişdir. Belə ki, MPM-in 217.2-ci maddəsinə uyğun olaraq qətnamə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Lakin birinci instansiya məhkəməsi bu tələbə riayət etməmiş, MPM-in 77.2-ci maddəsinə istinad etmişdir. Halbuki, həmin maddə 9 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir və hazırda qüvvədə deyil. Məhkəmə kollegiyası MPM-in 77.1-ci maddəsinə uyğun olaraq bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Həmin maddəyə uyğun olaraq iddiaçı etibarsızlığını tələb etdiyi aktların hansı səbəbdən etibarsız hesab edilməli olmasına dair arqumentlər irəli sürərək, onların etibarsızlığını əsaslandıran sübutlar təqdim etməli idi. Hazırkı halda isə iddiaçı sadəcə abunə haqqında cədvəl təqdim etmiş, konkret olaraq məhz hansı aktın etibarsız hesab edilməsini istədiyini göstərməmiş, həmin aktın etibarsızlığı üçün əsas olan halın nədən ibarət olmasına dair hər hansı arqument bildirməmişdir. İddiaçı yalnız sayğaca müdaxilə səbəbilə onun barəsində akt tərtib edildiyini qeyd etsə də, təqdim edilmiş abunə haqqında cədvəldən də göründüyü kimi, sayğaca müdaxilə olunmasına görə iddiaçı barəsində hər hansı akt tərtib edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsasını təşkil edən halları təsdiq edən sübutlar təqdim etmədiyindən, onun barəsində tərtib olunmuş hansı aktların məhz hansı səbəbdən etibarsız hesab edilməli olmasını əsaslandırmadığından, onun abonent hesabına hesablanmış borcun əsassız olmasını sübuta yetirə bilmədiyindən, birinci instansiya məhkəməsi isə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etdiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarında olan İddiaçı aid olan **********00207 nömrəli abunə haqqında məlumatda həmin məlumatın verildiyi tarixə İddiaçı 1403,26 manat borcunun olması qeyd edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin hansı hissədə mübahisələndirilməsindən asılı olmayaraq, iddiaçının silinməsini tələb etdiyi borc məbləği 5000 manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(056)-1194/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış borcun silinməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar